İşdən çıxarılan məktəb direktorunun sirri

İşdən çıxarılan məktəb direktorunun sirri
29 dekabr 2020
# 13:21

Dəyişən zaman, yenilənən dövr mütləq şəkildə öz tələblərini irəli sürür. Bu tələblərdən asılı olmayaraq cəmiyyətdə mövcud qurumlar, ailə modelləri də bununla ayaqlaşmağa, uyğunlaşmağa çalışır. Misal üçün, sovet dövrünün öz qayda qanunları, tələbləri vardı. Səhiyyə və təhsil mütləq şəkildə müəyyən çirkablardan qorunurdu.

O zaman xəstəyə səhv diaqnoz qoymaq, şagirdə səhv qiymət yazmaq indiki qədər asan deyildi. Biz məktəbə həqiqətən də isti yuva, ocaq kimi baxırdıq. Bəzən dərsdən sonrakı qruplarda qalırdıq. Sinif otağındakı istiliyi, müəllimlərmizin bizə davranışını bu günə qədər unutmamışam. Əlbəttə, indi də şagirdlərini sevən müəllimlər, müəllimlərinə doğma anası qədər bağlı olan şagirdlər var. Amma elə bil nəsə çatışmır.

1990-cı ildən bəri baş verənlər, cəmiyyətin və insanların sürətlə dəyişməsi, təfəkkürün kapitalizm yönündə inkişafı bizə heç bir xeyir gətirmədi. Görünür, zəmanə adamı sözü əbəs deyilməyib. Hər keçid dövründə insanlar buqələmun kimi dəyişməyə, zəmanə ilə ayaqlaşmağa başladı. Bəlkə, buna məcbur oldu.

İnsanın müəllimə və həkimə inanması təbii hisslərə dayanır. Həkimə biz canımızı götürüb gedirik. Ona inanırıq, güvənirik, etibar edirik. Müəllimə isə ömrümüzün müəyyən hissəsini. Və ömrümüzün sonrakı hissəsi də həmin müəllimlərin bizə öyrətdiklərindən asılıdır.

187 saylı məktəbin direktor Nailə Məmmədovanın müxtəlif səpkili videoları sosial şəbəkələri bir həftədən çox öz əsarətində saxladı. Hər şey müəllimənin karantin vaxtı özünə ad günü keçirməsindən, anasını, bacısını, yaxın rəfiqələrini ocaq başına dəvət etməsindən başladı. Kimsə həmin videonu tapıb çıxardı. Müharibə xəbərlərindən yorulmuş, qələbəni bütün iliyinə qədər yaşamış, hisləri dincə qoyulmuş vətəndaş üçün bu video göydəndüşmə oldu. Əslində, videoda qeyri-adi heç nə yox idi. Direktor bir balaca şənlənmək istəmişdi. Özümün tanıdığım, bildiyim xeyli ailələr var ki, sərt karantin rejimində yubiley də edib, xınayaxdı da, nişan da, yüngülvari toy da!

Adamınkı gətirməyəndə gətirmir. Nailə xanım kimi. Haradansa bu xanımın başqa videolarını da tapıb çıxardılar. Birində saçına sancaqladığı bayraqların dalğası ilə rəqs edir, digərində əlində balta qurban dediyi qoyunları şaqqalayır... Və bütün bunları edərkən qəti şəkildə özünü heç nədə təqsirkar hiss etmir, əksinə çox məmnundur, xeyirxahlıq etdyini, vətənpərvər olduğunu düşünür. Əslində, lap dərinə gedəndə görürük ki, elədir. Direktor sevinir, şeir yazır, torpaqlarn işğaldan azad olunmasına görə hər birimiz kimi xoşbəxtdir. Karantin qaydalarını pozsa da içindəki sevinc aydın hiss olunur. O, öz xoşbəxtliyini bu cür primitiv üsullarla, məzhəkəçiliklə təqdim edir.

Şəxsən mən direktorun hərəkətlərinin bu qədər dramatikləşdirilməsinin tərəfdarı deyildim.

Əslində, bizim hər birimizin içərisində, kobud şəkildə desək, bir idiot yatır. Bu mövzu ilə maraqlananlar Lars Von Trierin “İdiotlar” filminə baxa bilər. Film müxtəlif təbəqədən olan abırlı, hörmətli ailə insanlarının qapalı məkanda içlərindəki idiotu ortaya qoymaqla, həm də ondan azad olmağa çalışmalarından bəhs olunur. Bu adamlar etmək istəyib edə bilmədikləri idiotluqların çox cüzi hissəsini ailəsinin yanında, cəmiyyətdə edəndə hamı onlara əxlaqsız, dəli kimi yanaşır, anormal münasibət bəsləyir.

Ailəvi, yaxud dost məclislərində əyləndiyimiz məqamları, şaqqa-şaqqa kababı dişimizə çəkib yediyimiz anları videoya çəkib sosial şəbəkələrə yerləşdirsələr, haqqımızda da yəqin ki, eyni şeyləri düşünəcəklər. Sadəcə, bütün bunlar bizim intim, özümüzə, yaxın çevrəmizə aid məqamlardır. Cəmiyyətimizin ən böyük bəlası isə kimliyindən asılı olmayaraq insanların şəxsi həyatına yersiz müdaxiləsi, hörmət etməməsidir. Və ən dəhşətli məqam odur ki, bütün həyatları başdan-ayağa düşüklükdən ibarət bəzi sosial şəbəkə istifadəçiləri direktor kimi idarəçiliyinə, müəllimə kimi keyfiyyətinə yaxından bələd olmadığı, öyrənmədiyi, araşdırmadığı qadını bir ad günü videosuna görə elədən-eləyə, belədən-beləyə sürüyür.

Sosial şəbəkələr bütün günü ət məclislərindən, restoranlardan, gəzintilərdən paylaşılan şəkillərlə, yazılarla dolub-daşır.

Sizcə onların paylaşdıqları məktəb direktorunun hərəkətinə adekvat deyil?!

Elə isə bu imitasiya reaksiyalara nə hacət var?

Yadıma gəlir, aktrisa Mehriban Zəki Xalq artisti Fuad Poladovun Dövlət Dram Teatrdan getməsi ilə bağlı verilən suala təxminən belə cavab vermişdi: "Mən təəssüf hissi keçirirəm ki, tamaşaçı, hətta siz jurnalistlər belə sənət naminə deyil, aksiya naminə, nə isə bir hadisə baş verəndə teatra üz tutursunuz”.

Məncə bu sözlər yaralı cəmiyyətə qoyulan ən dəqiq diaqnoz idi.

Bizim cəmiyyətin ən ağıllı, sözü bilən adamları problemə məhz bu cür kütləvi şəkildə yayılanda reaksiya verirlər. Aksiya naminə ortaya mövqe qoyurlar. Guya heç kim bilmir ki, illərdir təhsilimizdə yaşı əllini ötmüş uzun şubalı, kök və səviyyəsiz qadınlar dominantlıq edir. Bütün qohum-əqrəba məhz onların diktəsi ilə idarə olunur. Qız alınır, qız verilir, uşaq abort etdirilir, sonra həmin uşaqların anası olacaq qadınlar boşatdırılır, məhkəmələrə salınır, aliment üstündə pəstahlar çıxarılır.

Guya bu cür uzun şubalı, kök və səviyyəsiz qadınlardan bizim heç birimizin ailəsində, qohumlarının arasında, nəslində yoxdur. Guya toy edəndə yaxşı pul yazdıracaqlar deyə birinci o qadınlara dəvətnamə yazmırıq.

Və guya heç kim bilmir ki, sorun fərdlərdə yox, başında bayraq qoyun şaqqalayan məktəb direktorlarına, şagirdini zorlayan, onu intihara vadar edən, ölüm anında öz karyerası üçün üstünə təcili yardım çağırmayan müəllimlərə geniş imkan yaradan təhsil sisteminin özündədir.

Məktəb direktorunun pəstahlarını on gün sosial şəbəkələrdə fırlatdıq, işdən çıxmasına nail olduq. Əla! Bəyənilsin! Bəs bildiyimiz-bilmədiyimiz onlarla, yüzlərlə məktəb direktoru ilə nə edək?

Təəssüf ki, Nailə Məmmədovaya qarşı etdiklərimiz ictimai qınaq yox, onun imitasiyasıdır. Elə ona görə də təhsilimiz düzəlmir ki, düzəlmir.

# 12824 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #