news-inner
clock09:01 calendar-gray 18 Dekabr 2020 view-gray6078 dəfə oxunub
view-gray6078 dəfə oxunub

Sənin evindən Quran yox, İncil çıxdı - Bircənin romanı

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Səməndərin üçü günü qardaşlarım anamın üzündəki, sinəsindəki yarğanları görüb sarsıldılar. Hakim biz bacıları az qaldı döyə:

- Siz harda ölmüşdünüz, - dedi, - niyə qoydunuz o arvad özünü qanına bələsin?

Yenə mən özümü həyasızlığa qoydum:

- Səməndər kimi oğul basdıran ana neyləməlidi?..

Yeddi gün bizə yeddi il qədər ağır, dəhşətli, uzun gəldi.

Atamı, Telli mamanı, Kamili, Rüfəti qardaşımızın qapısında boynubükük qoyub Bakıya qayıtdıq. Hakimin ağladığını görəndə Aqil maşını saxlayıb birimizi onun yanına göndərirdi. Maşınlarını lap yaxın sürən qardaşlarım bir-birinə baxıb ağlayanda indi də Hakim məni maşından düşürüb Aqilin maşınına mindirirdi.

Hərəmiz Səməndərdən bir qənimətlə geri qayıdırdıq. Qardaşım dəblə, gözəl geyinməyi çox xoşlayırdı, Bakıya yola düşən günü onun paltar dolabında bir-birindən yaraşıqlı otuz kostyum saydım. Kamil Səməndərin şahmat dəstini Aqilə, təsbehini Hakimə, saatını Rüfətə verdi. Mənə isə qolları qoynunda qalmış eynəyi düşdü.

***

Bürkü olsa da küləkli, üzü turşumuş bir havada şəhərə çatdıq. Aqil elə bil evinə tək getməyə qorxurdu:

- Bəlkə hamımız bu axşam bizə yığışaq, gecəni bir yerdə qalaq?

Hakim bizi onun əlindən aldı:

- Ay qardaş, qızlar da yorğundular, gör nə vaxtdı hamımız evimizdən çıxmışıq. Qoy indi hər kəs öz evinə getsin. Cümə axşamı qızları da götürüb gələcəm...

Gülü xala məni yenə həmişəki yerdə yaxaladı. Qucaqlaşdıq, ağlaşdıq. Qoynundan bir açar çıxarıb mənim qapımı açanda gözlərim böyüdü. Üzümə tənəylə baxıb məni qabağına qatdı. Otaqlarım tərtəmiziydi. Susuzluqdan yanmış sandığım güllərim pardaqlanmışdı. Cavidin nişan səbətləri bir yerə toplanıb üstünə qırmızı ipəklər salınmışdı.

- Soyun əl-üzünə sərin su vur, gəlirəm.

Çalxalama yerişli yanımcıl qonşum əlində bir qazan tez də geri qayıtdı.

- Niyə soruşmursan evin açarını hardan almışam?

Duruxdum, qızardım, kəkələdim. Birdən sanki ayılıb mətbəxə qaçdım – dolabdakı mis sərnicin içində qiymətli əşyalarım, xeyli də pulum vardı. Əlimlə yoxladım, hamısı yerindəydi. Qayıdıb qonşumla üz-üzə oturdum.

- Yaralısan, sənə dəymirəm. Qoy bir az keçsin, dərsini verəcəm.

- Ay Gülü xala, neyləsən haqqın çatır, qalx boynumu vur.

- Ay bala, bax sənin açarın o çöpəgüləndə nə gəzir?

Yerimdən atıldlm:

- Çoxdan vermişdim, bizim köhnə mebelləri aparanda. Elə o vaxtdan qalıb onda.

- Gör nolub – gəlib bizim qapını döydü, səni soruşdu, qızı da yanında. Mən də olanı dedim. Səhəri eşitdim sənin qapına açar salındı. Pürfələk çıxanda bu gəlini gördüm, yanında da bir cavan oğlan. Mən də özümü onlarla dabanqırma içəri dürtdüm. Bir müsibətlə açarı gəlinin əlindən alıb ikisini də çölə çıxartdım.

- Lap yaxşı eləmisən, - dedim.

- Ay Bircə, bax məni söysən də elədiyimi deyəcəm. Gəlinin çantasını, gədənin də ciblərini gəzdim, sonra onları eşiyə atdım.

Gülməyi yadırğamış üzümə xəfif bir təbəssüm qondu, sırmaşdım arvada:

- Ay sənə qurban olum, səndən həkim yox ey, yaxşı müstəntiq çıxarmış.

- Allah dədəmə ölüm versin, tezcənə qaçıb girdi qara yerə, yaşadı ki, oxuda məni?

Onun gözəl yanaqlarından öpdüm, xınalı saçlarını qoxuladım. Bu şəhərdə onu mənə yetirənə çoxlu şükür elədim.

- Ay Bircə, Allaha mən də qurban olum ey, amma hər şey sənin qapıya bağladığın qırmızı bantdan oldu.

- Bəlkə də.

- Sənə yalvarıram, bala, nolar bu şəhərdə bir az ehtiyatlı dolan. İndi adam tanımadığına açar verər? Balana o zülümlə bir yığın xonça düzəltmisən, evdə azdan-çoxdan ehtiyatın var. Dəli qudurmuşun biri gəlib yığıb aparar, əlini boşda qoyar. Nolar bir az sitallaş, bir az sırtıl.

- Sənə söz verirəm, Gülü xala, daha başqa Bircə olacam. Ürəyiyumşaq Bircəni qardaşımla basdırıb qayıtdım. Türkə üzüm-gözüm öyrəşdi, gedişi məni xəstə saldı. Nuşu xala bədəsil çıxdı. Qaldım Xədicənin umuduna. İnsanlardan uzaq olmaq dərddən-bəladan kənar durmaq deməkdi.

- O çöpəgülənə elə toy tutmuşam, bir də buralara gəlməz. Sənə bir söz də deyim: məndən olsa elə günü sabah o xonçaları yığ bir maşına, yolla qızın dədəsigilə.

- Ay Gülü xala, pis çıxar axı.

- Çıxmaz. Sən ən azı bir il qara geyinib yas saxlayacaqsan, eləmi?

- Məndən olsa ondan da çox.

- Bir ətək pul verib həvəslə şirniyyat almısan. Yığ hamısını göndər, sonra nə istəsən eləyərsən. Uşağın ilk xonçalarını söküb zibilə atacaqsan?

Gördüm dünyagörmüş qonşum doğru məsləhət verir.

- Qoy bir qardaşlarıma da genəşim, görüm onlar nə fikirləşir.

Söz ağzımdan çıxan kimi Hakim də razılaşdı:

- Ay bacı, Allah Gülü xalanın balasını saxlasın, düz deyir. Görək qız evi də razı olacaqmı?

Üç günün içində qardaşlarım gələcək qudalarımızla danışıb hər şeyi yoluna qoydular.

Hamımız bu şəhərdə havalı kimi dolanırdıq. Gündə neçə dəfə bir-birimizə zəng vurub ağlaşırdıq. Heç birimiz üstümüzü qəfil almış dumandan, çənçənədən ayazıyıb özümüzü toplaya bilmirdik.

***

Nuşu xalanın qəfil zənginə çox sevindim. Elə bildim göndərdiyim sovqata görə mənə təşəkkür eləyəcək, həmişə “dostum, dostum” deyib saatlarla söhbətləşdiyi qardaşımın ölümünə mənlə birgə ağlayacaq. Fəqət xisləti, qanı onun iradəsindən güclüydü, heç quruca başsağlığı da vermədən hücuma keçdi:

- Mənim əşyalarımı təzə təmirdən çıxan evinə yığıb kef eləyirsən?

Hər mətləbə yumorla bəzək vuran arvadın belə danışmağına məhəl qoymadım, mən də keçdim zarafata:

- Hə, Nikolaydan qalma istəkanlarında çay içirəm.

- Bilirdim siz eləsiz. Hanı mənim dolu evimin əşyaları?

Arvadın səsindəki təlaşdan allandım:

- Sən ciddisən? Qızın hər şeyini satdı-sovdu, qalanlarını da yükləyib sənə yolladı. Mən də içində sənə pay göndərdim.

- Əşşi, sənin payın başına dəysin! Mənim bahalı qablarımı neyləmisən? Quranımı evinin harasına qoymusan?

- Sənin evindən Quran yox, İncil çıxdı.

- Nə demək istəyirsən? Demək istəyirsən ki, mən erməniyəm, hə?

- Bax indi inandım ki, ermənisən. Gözündən gəlsin bu evdə kəsdiyin çörək, sənə elədiyimiz yaxşılıqlar. Mən qəbir yeri almasaydım ərinin meyidi iylənirdi ey, yadından çıxıb?

Bunu deyəndə illərlə qulluğunda durduğum, ocağımın başında yemlədiyim, dərmanlarını qazancımla aldığım, nəslimin başına and içdiyi arvad yırtıcıya döndü. Dəstəyi atıb ona qulaq asmaya bilərdim, eləmədim. İllər qabaq itirib bu şəhərdə axtarışına çıxdığım qadın o an sanki yerində qəfil bərqərar olmuşdu, saçlarımdan asılıb, qulaqlarımdan yapışıb mənə deyirdi: “Dinlə, hamısını eşit, gör daha nələr yatırmış çörəyini yeyən birinin tuluğunda”.

Başım ağrıyanda, burnumdan bir damcı qan düşəndə özünü doğmam kimi qəhr eləyən, əzizlərimin pişvazına çıxan, qulluğunda duran arvad gözünü yumub ağzını açmışdı, dünyanın ən çirkin söyüşlərini, qarğışlarını, nifrinlərini təpəm aşağı sovururdu. Ən sonda dediklərini isə sümüklərim də unutmayacaq:

- Sən Bakıda təmirli, rahat evdə yaşayırsan, amma mənim qızım Avropanın küçələrində status dalınca sürünür, əcnəbilərə tualet yuyur vətəndaşlıq üçün. Səni ağ gün üzünə həsrət qalasan, qalan qardaşların da hamısı bir gecədə ölsün.

Telefonu tullayıb Gülü xalanın üstünə qaçdım, üzümü onun iri döşlərinin altında gizlədib hönkür-hönkür ağladım. Arvad da mənə qoşuldu:

- Yanıxma, cavan balan var. Yenə qardaşın əlli səkkiz il yaşadı.

Arvadın gözlərinin içinə baxıb:

- Nuşu xala zəng eləmişdi. - dedim

- Bıy onun imanına tula bağlayım.

- Məni söydü, qarğıdı, mənə oğru dedi.

- Vallah səndə ağıl deyilən şey yoxuymuş. Hayıf sənin itən-batan əməyinə. Erməni dediyin nədi, mərhəmət umduğun nədi?

***

Oğlum əmək fəaliyyətinə başlayandan bir həftə sonra min bir həvəslə aldığım, bəzədiyim nişan səbətlərini sakitcə qız evinə yolladım.

Tək Hakim gəldi. Lalə yaxasını qırağa çəkdi. Bütün ağırlıq Gülü xalanın çiyninə düşdü – oğlunun, bir də üst qonşumuz İlhamın maşınını həyətdə bəzədi, ağır əndamıyla xonçaları, səbətləri daşıyıb maşınlara yığdı. Bir topa üzərliyi səbətlərin başına fırlayıb yandırdı. Oğlunun yanında Cavidi oturtdu, özü İlhamın maşınına mindi.

Hakimlə mən blokun ağzında boynuburuq durmuşduq. Gülü xala maşına oturmamış üzünü mənə tutub:

- Bircə, səni and verirəm o göyçadırlıya, uşağın bəzəkli səbətlərinin dalınca mələmə, - dedi. - Hamımız bilirik ki, Səməndər ölməsəydi o xonçalar qucaqlarda gedəcəkdi. Qardaşını da götür qalx yuxarı, bir süfrə aç, biz də gedib qayıdırıq.

Başını irəli uzadıb oğlunu təhnizlədi:

- Sən atanın goru küçənin ayağında yaxşı bir siqnal ver, qoy yetimin xonçaları həyətdən şad-şalayın çıxsın.

Bəzəkli maşınlar siqnallaya-siqnallaya gözdən itəndə bacı-qardaş qucaqlaşıb hönkürdük, təkərlərdən qopan toza baxa-baxa qaldıq...

Dördüncü bölümün sonu

news-inner-user
Bircə

184 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Anarın hekayəsi Monteneqronun populyar saytlarında
10:30 22 İyun 2021
Tanınmış şair vəfat etdi
09:56 22 İyun 2021
Azərbaycanlı yazıçıdan lezbiyan haqda hekayə: Mən səni həmişə sevəcəm
09:01 22 İyun 2021
Jan Pol Sartrın dahiyanə hekayəsi – Mətn
21:00 21 İyun 2021
Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək
18:56 21 İyun 2021
Mədəniyyə nazirliyi yeni müsabiqə elan etdi
18:22 21 İyun 2021
Məşhur aktyor dünyasını dəyişdi
17:43 21 İyun 2021
Kitab yandıran qonşu qadın – 13 yaşlı Selcanın hekayəsi
17:11 21 İyun 2021
Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda
15:39 21 İyun 2021
Şair, yazıçı, müğənni, bəstəkar…
14:49 21 İyun 2021
Fulya Öztürk: “Film təklifinə çox təəccübləndim” – Video
14:01 21 İyun 2021
Qarbaçovu üzünə söydü, özündən xeyli cavan xanımla evləndi, qızı ona görə intihar etmək istədi – Dövlət katibimizin faciəvi sonu
14:01 21 İyun 2021
“Dünyanın sülh kitabı”nda azərbaycanlı yazıçı da yer aldı
13:35 21 İyun 2021
Dədə Süleyman: "Ayıb olmasın deyə, atam adımı dəyişdi" - Müsahibə
12:52 21 İyun 2021
El Romanın imza günü keçiriləcək
12:49 21 İyun 2021
Fulyadan film çəkən rejissor: “Mənim belə bir öhdəliyim yoxdur” – Müsahibə
12:11 21 İyun 2021
Vahidin bu şeirinin bir misrasını başqa şair yazdı – İlginc fakt
11:30 21 İyun 2021
Aysel Əlizadə yazarlara çağırış etdi: “Bu təklifimə qoşulun”
11:01 21 İyun 2021
Fulya Öztürkdən film çəkilsinmi?
10:22 21 İyun 2021
“Cəfər Cabbarlı Səməd Vurğuna niyə “Mən yazıçı deyiləm” demişdi?” – Nəvəsi 90 illik sirləri açdı - Müsahibə
09:00 21 İyun 2021