news-inner
clock12:24 calendar-gray 16 Dekabr 2020 view-gray706 dəfə oxunub
view-gray706 dəfə oxunub

Ürəyimə damıb ki, oğlum sağdır - Yeni müharibə hekayəsi

Kulis.az yazıçı Azad Qaradərəlinin Vətən Müharibəsi itkinlərinə həsr etdiyi “İtkin” hekayəsini təqdim edir.

Bir səs çağırır məni neçə gündür. Yuxuda da olur, aşkarada da. Səs özü var, sahibi yoxdur. Var bəlkə, görünmür. Görünür bəlkə, mən görmürəm, ya da mənə görünmür. Səsi görürəm amma. Hə, hə, səsi görürəm. Eşitməkdən çox görürəm o səsi. Elə bil, bir daşın altından, ya quyudan gəlir. Yaxud, uca bir yerdən əks-səda kimi gəlir...

Yox, adımı çağırmır. Eləcə çağırır. Anadil quşları kimi, yaxud qeybdən gələn ilahi səs kimi. Çağırır, çağırır. İnsan səsindən çox, quş səsi, ya da elə bizim dağlarda olan keykidar səsi kimi...

Bu keykidar da bir əcaib quşdur. Dağlarda, yaylaqlarda olardı. Çox az adamın gözünə görünərdi. Təxminən hindüşka boyda olur. Hər ovçuya nəsib olmayıb onu ovlamaq. Bir dəfə qonşumuz Əmir dayı yaylaqda o quşdan birini vurmuşdu. Anası Səlminaz xala saçını yolub dedi ki, evimizə bəla gələcək. Axı niyə onu vurdun sən?! Keykidarı o qədər ovladılar ki, axırı qeybə çəkilib, səsə döndü.

“Affffff... uffffff... afffff... uffffff...”

Lap insan kimi ah çəkər, “uf” eləyib adamın qəlbini şişləyərdi.

Əmir dayının yeganə oğlu Birinci Qarabağ savaşında itkin düşəndə nənəsi Səlbinaz xala yenə saçını yolub oğluna baxır və ermənidən daha çox oğlunu qınayırdı...

O günlərdən 28 il keçib, Səlbinaz xala dünyasın dəyişib, Əmir dayının arvadı oğul deyə-deyə o qədər ağlayıb, keykidar kimi ah-uf elədi, gözləri tutulub. Elə indi də müstərdi... Oğluna şəhidlik statusu veriləndə “özümü öldürərəm!, mənim oğlum sağdır, erməni əlində əsirdi” deyib. Bir gün bir oğul tapılıb o torpaqları alsa, onda oğlum da azad olacaq. Bax, oğlum gəlib əlini sürtsə, gözüm onda açılacaq...

***

O, həyat yoldaşımın şagirdi olmuşdu. Ağıllı və diribaş uşaq idi. Əlifba bayramlarında, sinfin digər şənliklərində hərdən iştirak edər, radio üçün verilişlər hazırlayardım. İgid (adını yazmayacağam, anasının qaysaqsız yarasını qanatmayım), mənim də yaddaşımda yaxşı oğlan kimi iz buraxmışdı.

Vətən Müharibəsi başlayandan az sonra xəbər gəldi ki, İgid itkin düşüb. Yoldaşım onu yadına salıb qəhərlənir, ağlamsınır, ozalanırdı. Davanın şıdırğı gedən vaxtları idi. Dalbadal kəndlərimiz, şəhərlərimiz azad olunduqca şəhid cənazələri də gəlməkdə idi. Koronavirusun şüdd elədiyi vaxtlar idi, amma ağızlığımı ikiqat vurub şəhid təziyələrinə qatılırdım. Heç olmasa, bununla təskinlik tapırdım.

Bir gün yoldaşım dedi ki, gedək İgidgilə.

“Nə adla gedək? Gedək nə deyək? Atasının gözlərinə baxa bilmərəm mən...”

Biz bu ailəni yaxşı tanıyırdıq. Sözü özündə, gözü özündə ailələrdəndi. Kiçik ticarətlə məşğul olar, qəpiyi qəpiyin üstünə qoyar, ev tikər, məcburi köçkün kimi Qarabağda itirdiklərini Bakıda az da olsa bərpa etməyə çalışardılar. İnsafən, buna nail olurdular da. Artıq ikimərtəbəli evləri, maşınları vardı. Oğlanları ali məktəb bitirib hərəsi bir babat yerdə işləyir, ailəyə əl tuturdular. İgid hansısa xarici firmada işləyir, yaxşı maaş alırmış. Belə bir vaxtda müharibə başladı və İgid də çoxsaylı könüllülərdən biri kimi bir gün orduya yazılıb getdi Qarabağa...

“Sən heç bir şey də yazmadın? Bəlkə, yazasan kiçik bir yazı?.. Nə olar?..”

“Bilirsən ki, mən elə-belə yaza bilmirəm. Gərək nəsə tərpətsin, toxunsun mənə. Bir də başa düş, o hələ itkindir. Bilmək olmaz. Nə bilim axı?”

“Mən sənə yüz faiz söz verirəm ki, İgid başqa cür ola bilməz. O ölər, özünü öldürər, əsir düşməz. Yəni... İxtiyarı özündə olsa... Yaralanıb huşunu itirməsə...”

Sonuncu sözləri deyəndə görürəm, arvad da yasalayır. Yəni, itkinlik kopəyoğlu şeydir. Altından nə çıxacağı bəlli olmaz.

Əlacsız qalıb səhər internetdə kiçik, beş cümləlik status yazıram və İgidin şəklini də qoyuram: “Tanıyanlardan, döyüş yoldaşlarından rica olunur ki, bu oğlan haqqında məlumatları varsa, bura yazsınlar, yaxud, bu nömrələrə zəng vursunlar...” Və sair bu kimi sözlər.

Nənəm deyərdi ki, itik pis şeydir. Hə, o itkin yerinə itik deyərdi. Deyərdi, itiyi itənin gecəsi-gündüzünə qarışar. Sağı-solu bilinməz. Ağzının dadı qaçar. Gözü dalda qalar. Sonra da “Yaşıldır başın ördək...” misralı bayatını çağırardı. “Qələmdir qaşın ördək” – ikinci misrada əl atıb qoyun-qoltuğunu didərdi. Nənəm də bala itirmişdi. Cavan qızı, mənim sevgili xalam çayda qərq olmuşdu.

Şərh yazanlar çox olur. Hamısı təskinlik və arzu: “Sağ qayıtsın”, “İnşallah gəlib çıxar” və s.

...Müharibə bizim qalibiyyətimizlə bitir. Düzdür, Xankəndi, Xocalı, Xocavənd, Əsgəran ermınilərdədir, amma 30 ildir inləyib imdad diləyən torpaqlarımız azad edilib, əsas da Şuşa azad edilib. İtkinlər bir-bir DNT analizi ilə tapılır. (Tapılan əsgər nəşlərinin bir çoxu tanınmaz haldadır.) İgiddən isə hələ də xəbər yoxdur. Nəhayət, qərara gəldik ki, onun ailəsinə baş çəkək.

Yol boyu ikimiz də susuruq. İlk dəfədir belə bir situasiyayla qarşılaşırıq. Nə deyəcəyik. “Allah rəhmət eləsin”, “Başınız sağ olsun”, “Şəhadəti mübarək” kimi sözlər burda keçmir. Ağlamaq da qorxuludur – ana o saat fikirləşər ki, nəsə bilirik.

Danışırdılar ki, ana ağlamır. Ağlayanlara da deyir, mənim oğlumu ağlamayın, ürəyimə damıb ki, o ölməyib, sağdır. Ürəyim deyir, bu qapıya cənazə gəlməyəcək...

***

Həyətdə bir xeyli adam var: orta yaşlı kişilər, yeniyetmə oğlan və bir ağsaqqal astadan nə barədəsə danışır, hərdən də qısıq səslə gülüşürlər:

“İti qovan kimi... Yaman dedi haaaa!”

“Tülkü dərəsində, deyirlər neytral zonada nə qədər meyit qalıb, götürə bilmirmişlər. Əlbəyaxa vuruş olub, onların səngərində. Bizimkilər onları qırıb, bu vaxt top mərmisi düşüb, bizimkilər də ölüb. İndi müharibə bitənnən sonra gediblər götürməyə, görüblər, bizimkilərnən onlarınkilərin meyiti qarışıb bir-birinə... Deyir, gərək analiz versinnər ki, tanınsın...”

“Meyit demək olmaz dayı, şəhidə heylə demə, naş de...” – peləqulaq bir oğlan gəncin üzünə durur. O da oğlanın başına sığal çəkib susur. Və bizi görüb səslərini kəsirlər. İgidin qardaşı bizi içəri dəvət edir.

***

Ata yan otaqdan geyin-geyinə gəlir. Gözləri qızarıb şişib. Üzü tüklüdür. Beli əyilib, sinəsi batıb.

Ana yoldaşımı görüb çaşır. Bir müddət baxışıb qalırlar. Və qəfildən ikisi də ün çəkib ağlaşırlar. Evdəki digər qadınlar özlərini itiriblər. İçlərindən ən yaşlısı əlini üzünə aparıb salavat çevirir və astadan dodaqaltı deyir: “Əlhəmdüllah. Şükür allaha. Oğlu getmişdi getməyinə, anasına bi şey olmasın. Şükür allaha. Əğladı, əğlaya bildi. Dedim əxi, dedim ki, buni əğlədə bilən birin tapın, gətirin, bəlkə əğliyə, yanan ürəyinə gözünnən su səpilə. Yoxsa qəciyib qalıb. Ölərdi balam. Şükür, şükür... Gələn əyəxlərinizə mən qurban. Keçin əyləşin, keçin, sizi allah yetirib bizə. Əğliyin, hamuuz əğliyin, qoy ürəyiiz boşalsın.

Quşum, nəməmi gəti,
Oğlum, həməni gəti.
Bağrımı teyliyəcəm,
Qulum, qəməni gəti...

Heyyyyyyyyyyyyyyy....

Qadınlar qarının çəkdiyi ağıya “heyyyyyyyyy” deyib dəm tuturlar. Yoldaşımla ana hələ də bir-birinə sarılı ağlayırlar. Bu vaxt ata da hönkürüb ağlayır. Və mən də özümü saxlaya bilməyib hönkürürəm.

Az sonra məni, atanı və daha bir neçə qonağı yan otağa aparırlar. Və qəribədir ki, bu hay-hayda kimsə çay gətirir. Ürəyim yanır. Amma koronavirusun qorxusundan içmirəm. Bayaqkı qarı isə təzə ağı deyir:

Ağdamın yolu fərman,
Torpağı gözə dərmən.
Yardan bir nəmə gəlib,
Yarı dərd, yarı dərmən...

Heyyyyyyyy...

“Hə, indi aydın oldu: “Quşum nəməni gətir” deyəndə qarı namə demək istəyib. Bu birisində də naməyə nəmə dedi. Eh, bu kəlmələrin min yaşı var. Bu bayatılarla, ağılarla milyonlarla şəhid ağırlayıblar...” – Ürəyimdən keçənləri oxuyurmuş kimi ata dillənir:

- Uşaq şəhid olmağına şəhiddi, bilirəm... Bircə bir əzası ələ gəlseydi, dincələrdik. Bir aydan çoxdur yuxu yatmırıx. Mən heç, genə mən olannan ağzıma atıram, anası heş dözmür. Allah razı olsun, sizi görüb ağladı, ürəyini boşaltdı. Yoxsa qəhər öldürəcəkdi yazığı...”

Yolboyu fikirləşirəm: “Qarının əcəb ləhcəsi vardı. Ayaq - əyax, dərman – dərmən, namə - nəmə, ağlıya - əğliyə... Min ilin sözcükləridir. Bunlar da yaralanıblar, itkin düşüblər, şəhid olublar, sonra qəfil diriliblər. Belə bir qarının dilində həyata qayıdıblar. İtkinlər, itiklər də belədir. Bir də gördün...”

“Nə fikirləşirsən? Gəlməyimiz yaxşı oldu hə?!”

“Hə.”

“Anası deyir, mən yüz faiz əminəm, oğlum sağdır. Səncə...”

“Hə. O qarının bayatıları kimi sağdır. İtir... İtkin düşür... Şəhid olur... Yenidən dirilir...”

Xanım dinmir. Anlayır ki, mən ayrı yerdəyəm. Ona yad bir mühitdə.

Sağ olsun, belə olanda çalışır ki, mənə toxunmasın. Mən də belə yazığam. Mən də itkinəm.

***

Evdən çıxıb gedirəm. Məni çağıran o səsə doğru. İçim param-parçadır.

“Affffff... uffffff... afffff... uffffff...”

Qulağıma daha anlaşılmaz səslər gəlir. Bir saqqallı müdrik əbasının ətəyini əlinə dəstəkləyib tülyan keçir gözümün önündən. Ondan bir az aralıda əlində cürə sazı olan bir aşıq enir dağdan və eynən o quş kimi “affffff-ufffff” eləyib nalə təpir, ağzından od çıxıb dağları, dərələri yandırır. Baxıram ki, bu bizim dağlardı, bizim dərələrdi. İstəyirəm deyəm, səni tanıyıram, Sarı Aşıqsan, o saqqallı da sənin sözünü quş zəmidən dən əvdirən kimi ağızlardan əvdirib çap eləyən Bəhlul Behcət əfəndidir. Məni eşidərlərmi? Eynən o quş kimi dağlara ün salıb yox olurlar.

“Affffff... uffffff... afffff... uffffff...”

...Yadıma Bəhlul əfəndinin toplayıb nəşr etdirdiyi kitabdan oxuduğum bayatı düşür.

Qarşımızda bir dağlar,
Bir dügünlər, bir dağlar.
Keygidar evli aşiq,
Bir sən qaldın, bir dağlar.

Dağlar... Əmir dayının itkin oğlu... Yoldaşımın itkin şagirdi... Evi başına uçan Sarı Aşıq... Qəbri belə məlum olmayan Bəhlul əfəndi... Və o itkin quş... Keygidar...

“Affffff... uffffff... afffff... uffffff...”

11.12.2020.

Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ  (romandan parça) » Ədəbiyyat.AZ - Ədəbi yazılar, məqalələr, son xəbərlər,  kitablar, poeziya

news-inner-user

19114 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Mədəniyyət Nazirliyindən yeni kampaniya
18:44 23 İyun 2021
Dodaqların əriyən şamdır - Yeni şeirlər
18:03 23 İyun 2021
Bəsit forma oyunları – Gənc şairləri tənqid etdilər
17:15 23 İyun 2021
Filmimiz beynəlxalq mükafata layiq görülüb
16:28 23 İyun 2021
Ukraynanın yumor şousunda Bakı komandası da yer aldı
15:47 23 İyun 2021
Rəngkarlıq Muzeyində gənclər üçün ustad dərsləri davam edir
15:01 23 İyun 2021
Azyaşlı qızla evləndi, arvadı onu yatdığı yerdə tərk elədi, eyvandan yıxılıb öldü – “Arşın mal alan”ın talesiz Soltan bəyi
14:20 23 İyun 2021
Azərbaycan Beynəlxalq Film Festivalında təmsil olunub
13:41 23 İyun 2021
Nazirlik Qarabağdan film çəkmək istəyirsə... – Sevda Sultanova yazır
12:59 23 İyun 2021
"Fəlakət" boşandı
12:49 23 İyun 2021
Fərid Hüseynin kitabı Moldovada çap olunub
12:25 23 İyun 2021
Xanım şairimizin ən gözəl sevgi şeiri – Mətn
11:50 23 İyun 2021
Yaşı keçmiş subay kişilərin qorxuları - Günel Natiq yazır...
11:12 23 İyun 2021
Millət vəkilindən ilginc açıqlama: “Hüseyn Cavidi oxuya bilmədim”
10:38 23 İyun 2021
“Yaxından” adlı sərgi açılıb
10:04 23 İyun 2021
Qənirə Paşayeva: “Vaqif Səmədoğluna dedim, bir də məni belə məclislərə çağırmayın” – Müsahibə
09:01 23 İyun 2021
"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
21:00 22 İyun 2021
Bakı Musiqi Akademiyasının 100 illiyi qeyd edilib
19:30 22 İyun 2021
Şuşa ilə bağlı yeni qurum yaradıldı
18:47 22 İyun 2021
Dinlə, gör nə deyir bu dəli-dəli...
18:02 22 İyun 2021