Əri döyüşdə ola-ola başqası ilə evlənən Şəhriz - Roman müzakirəsi

Əri döyüşdə ola-ola başqası ilə evlənən Şəhriz - Roman müzakirəsi
8 dekabr 2020
# 17:13

Kulis.az Günel Əskərovanın Əlabbasın "Qiyamçı" romanı haqqında yazdığı "Oğul kimi itirdiyimiz Qarabağ..." yazısını təqdim edir.

Mətbuata “Kişilik” adlı hekayəsi ilə gələn Əlabbası daha çox məhşurlaşdıran “Qiyamçı” romanı ədəbi tənqidin diqqətini yetərincə özünə çəkə bildi. Dilinin sadəliyi, obrazların rəngarəngliyi, üslub tərzi ilə ədəbi mühitdə öz dəsti-xəttini yaratmış müəllif “Qiyamçı” romanında da yaradıcılıq manerasına sadiq qaldı.

“Qiyamçı” nın danışığı, mükalimələri, hadisələrə fərqli baxış tərzi, zaman və məkan, ictimai-siyasi mühitin xarakterin formalaşmasına təsiri və ən əsası Vətən sevgisi əsəri ədəbi hadisəyə çevirəcək qədər güclüdür. Bir tərəfdə Sovet hakimiyyətinin ilk rüşeymlərini qoyduğu mənfur köçürmə siyasəti, digər tərəfdə bu siyasətin başlatdığı Qarabağ hadisələri, didərginlik, qaçqınlıq taleyini yaşayan xalq və bu xalqın hadisələrin sonluğunu öncədən görən, faciələri, başına gələcək dəhşətləri duyan ziyalı, səlis məntiqi düşüncəyə malik övladlarının vətən sevgisi, mübarizəsi “Qiyamçı”nın əsas süjet xəttini əhatə edir.

Müəllif yaratdığı “Əyriqar” obrazı ilə “böyük qardaşın” əli ilə itirilmiş vətən torpaqlarının, burada yaşayan soydaşlarımızın acı taleyini canlandırır, onu narahat edən məsələlərə toxunur,dövrün reallıqlarını gündəmə gətirir. Niyə Əyriqara yol çəkmədilər, niyə körpü salmadılar, məktəb tikmədilər? Hamısı ona görədir ki, camaat bezib, cana doyub, baş götürüb getsin. Bütün bunlar onun başındadır ki, sərhəd kəndləri tədricən hiss etdirilmədən boşaldılsın.Gördülər ki, camaat ayağını möhkəm dirəyib, gah göl söhbətini atdılar ortaya, gah kəndi işıqsız qoydular, gah günlərlə dükanı bağlı saxlatdılar. Axırda puldan, paradan basıb bir neçə nəfəri zorla köçürdülər, bununla da köçhaköç başlandı.

Bunlar əslində müəllifin 60-cı illərdə köçürülən kəndin timsalında gördükləridir. Yazıçı kiçik bir kəndi - Əyriqarı elə böyük istək, sevgi, ürək yanğısı ilə təqdim edir, onun təbiətini-yazını, yayını, payızını, qışını elə rəngarəng lövhələrlə təsvir edir təkrarolunmaz peyzajlar yaradır ki, özü də fərqinə varmadan yaratdığı bu obrazın vurğununa çevrilir. Onunla yanaşı oxucu da bu sevginin təsirinə düşür, görmədiyi, bilmədiyi, heç zaman olmadığı Əyriqara məhəbbət bəsləyir.

Əsərin qəhrəmanı Bəbir ayaması ilə tanınanTəbriz vətəninə, göz açdığı, havasını udduğu, suyunu içdiyi torpağına sadiq biridir. O, doğulub boya-başa çatdığı kəndini, elini-obasını, körpəliyini, uşaqlığını, gəncliyini atıb getməyi şəxsiyyətinə, insanlığına, qüruruna sığışdıra bilmir. Sevdiklərini –dostlarını, tanışlarını, hətta həyat yoldaşını, övladlarını bu yolda qurban verərkən belə bir an da olsun tərəddüd etmir. Mənəviyyatı, düşüncəsi ilə cəmiyyətə, tariximizi saxtalaşdıraraq dədə-baba torpaqlarını düşmən tapdağına verməyə can atanlara qarşı Qiyam edir.

Əslində qiyam, üsyan Əlabbasın qəhramanlarının xarakterik xüsusiyyətləridir. “Köhnə kişi” də qisas almaq məqsədi ilə Səfinin bacısı Qaratellə münasibət quran Muradın qiyamı, “Qaraqovaq çölləri”ndə Əfsunun, ”Gəlin ayaqqabısı”nda Fərəcin üsyanı- bütövlükdə müəllifin daxili aləminin, duyğularının itirilən mənəvi sərvətlərin ağrısından doğan qiyamıdır. Təbrizin qiyamı isə daha fərqli, daha güclüdür. O, ata-baba yurdunu atıb gedən həmkəndlilərini, doğmalarını, yaxınlarını dayandırmağa çalışır. Yurdunu-yuvasını viran qoyan dövlət məmurlarını dostlarını, qohumlarını, hətta canından çox sevdiyi qadınını da torpaqlarını atıb getməkdə günahlandırır. İnadım inad deyərək onların yaşamaq istəmədikləri bu kənddə ömrünün ən mənalı, yaşanacaq 10 ilini qurban verir. Həyat onu sevdikləri ilə sınağa çəkir əvvəl ömür yoldaşının vəfasızlığı, sonra da ciyərparası övladının naxələfliyi yandırır onu.

Əsərə yazdığı ön sözdə müəllifin ağrıları, iç dünyası, mənəvi əzabları özünü göstərir.
“Qarabağı torpaq kimi yox oğul itirən kimi itirdik. Ad batdı, namus-qeyrət tapdandı, papağımızı yerə soxdular. Daha nəyimiz qaldı dava əl çəkməsin?”
Müəllif əsərdə müharibə və qaçqınlıq mövzusuna da toxunur. Ermənilərin törətdikləri insanlığa yaraşmayan cinayətləri hadisələrin bütövlükdə iştirakçısı olmuş soydaşlarımızın dili ilə qəlb ağrısı, can yanğısıyla qələmə alır.
- Onun iki oğlunu öldürüblər - müsahibi bunu lap astadan yoldaşının eşitməyəcəyi tərzdə dedi - özü də ağzımda sənə oğul deyirəm e, hər biri bir lay divar idi... Cavan yoldaşını gözünün qabağında yandırıb, anasının da gözünü çıxardılar.

Rayon mərkəzində rast gəldiyi evsiz-eşiksiz qalmış qaçqınları da, Əyriqara gətirməkdə məqsədi doğma kəndinə ikinci həyat bəxş etmək idi. Əgər bunu bacara bilsə, bəlkə, aldığı yaraların üstünü örtər.

Müəllif qəhrəmanı Təbrizlə oxucunu da məhz bu əsnada yolçularla söhbət zamanı tanış edir. Adı Təbriz olan öz gücü, qüvvəsi, fəndgirliyi ilə Bəbir ayaması qazanan bu qəhrəman mərddir, dözümlüdür, həm də inadkardır. İtirdikləri də elə bu inadın ucbatından əlindən gedir. Əhali Əyriqarı tərk etdikdən sonra - sən varsan süfrədə çörəyimiz var - deyən həyat yoldaşı Şəhrizi elə bu inadın ucbatından itirmişdi. Şəhrizin köçmək təklifinə qətiyyən yox deyərək onları yola salmış, özü isə soyuq, uzun, dəhşətli qış gecələrində dəfələrlə inadından vaz keçmiş, səhər açılan kimi yığışıb bu yerlərdən birdəfəlik gedəcəyini qət etmişdi. Lakin bu səhər açılana qədər idi. Səhər yenə də fikrindən dönmüş, getməkdən vaz keçmişdi. Əlabbas qəhrəmanın iç dünyasını, acılarını, iztirablarını, psixoloji sarsıntılarını, qışın soyuğu, gecənin uzunluğu, yalqızlığın acısı ilə qarşı qarşıya qoyur. Oxucu özünü qəhrəmanın yerində hiss edir, onun yaşadıqlarını yaşayır, düşündüklərini düşünür, acılarını, əzablarını hiss edir. Yazıçı qiyamçının hislərini inandırıcı boyalarla əks etdirir.İnsan qəlbinin anlaşılmaz sirləri, mürəkkəb həyat reallıqları, hadisələrin müfəssəl dinamikasını xüsusi sənətkarlıqla verir. Təbriz etiraz, üsyan üçün yaranmamışdı axı... Heç o bunu özü də özünə rəva görmürdü.Hamı kimi uşaqlığı, gənclik illəri, xoş xatirələri vardı. Onun sevgisi də həyatı kimi qəribə idi. Bakı eşqilə yaşayan bu gəncin qarşısını kəsən Şəhriz eşqi olmuşdu. Bütün kəndin dilinə düşən sevgisi ucbatından başına gəlməyən qalmadı. Bir qızdan ötrü məktəb atmasına görə çoxlarının qınağına tuş gəlsə də, heç nəyi vecinə almamış, əksinə Bakıdan Şəhrizə görə qayıtdığını gizlətməmiş, harda gəldi döşünə döyüb şellənmışdi. Şəhrizi qaçırdıb gətirəndən sonra qadaşının bircə kəlməsinə görə ondan imtina etmiş, “ o bacın, o da sən” deyərək ömrünün üç ən gözəl ilini həbsxana divarları arasında keçirməli olmuşdu. Lakin qismətdən qaça bilməmiş qayıtdıqdan sonra bu qara qızla evlənmiş, insafən onu çətinlik çəkməyə qoymamış, göz bəbyi kimi qorumuşdu. Şəhrizin belə dar macalda onu atıb getməsi, ayrılarkən “sən sağ, mən salamat” deyərək yad adamlar kimi vidalaşmaları yandırırdı onu.

Müəllifin bu ayrılıqda araya saldığı bir obraz da var. Qaynı Məbud. Həm Şəhrizi qaçırdarkən,həm də kənddən uzaqlaşdıqdan sonra onların birləşməsinə mane olan üçüncü xətt Təbrizin Məbudla olan münasibəti idi. Hər iki ayrılıq səhnəsində Məbud obrazının iştirakı diqqəti cəlb edir. Müəllif sanki bununla Şəhrizin günahını azaltmağa çalışır, olayların bir ucunu Təbrizlə Məbudun arasında gedən didişmələrə yönəldir. Buna baxmayaraq bütün bunlar oxucuya Şəhrizə haqq qazandırmaq üçün əsas vermir. Yazıçı əslində Şəhrizin etibarsızlığını başlanğıcdan göstərməyə çalışır, gələcəkdə baş verəcəklər üçün bir növ zəmin yaradır. Bərkdə ayağı olmayan bu gözəl heç də Təbriz kimi mətanətli, əzmli deyil. Bir qadının yeri ərinin yanı, isti ocağının başıdır. Heç bir korluq görməyən qadının ərini tərk edib, qardaşı tərəfə yönəlməsi də ailə dəyərləri baxımından qəbuledilməzdir. Təbriz Şəhrizin onu tərk etməycəyinə əmin olaraq kənd camaatı arasında Əyriqarı tərk eləyən ....... ifadəsini işlətmişdi, çünki o, baş harda ayaq da orda deyə düşünürdü. Yarının bu dönüklüyü yaman əsər eləmişdi ona.

No description available.

Elə təəssürat yaranır ki, müəllif əsər boyu Şəhrizi kiçiltməyə, alçaltmağa çalışır. Sanki onu öz qəhrəmanına layiq görmür və bunu Təbrizin dilindən səsləndirməyi də unutmur. Göz bəbəyi kimi qoruduğu Şəhrizi bazarda qoz satarkən görməsi, onun ərinin dəvə oğrusu olduğunu bilməsi və bu zaman daxilində bir sevinc duyması bu münasibətlərin kuliminasiya nöqtəsi adlandırıla bilər. Bu öz inadı ucbatından evini, yurd-yuvasını tərk edən Şəhrizin mənəvi məğlubiyyəti idi. Elə bil o, öz cəzasını alırdı. Müəllif bu obraz vasitəsilə sanki el-obasını, vətənini tərk edənləri cəzalandırır. Şəhrizin isə faciəsi daha dərindir. O, nəinki vəfalı həyat yoldaşı, heç yaxşı ana da ola bilməmişdi. Təbrizin əmanətlərinə-iki oğluna bir ana kimi yiyə çıxmağı da bacarmamışdı. Onları Təbrizsiz düzgün tərbiyə edə bilməmiş, tutduqları yoldan çəkindirməyə müvəffəq olmamışdı. Təbriz onların dalınca gələndə isə işlətdiyi yersiz acı kəlmələrlə onu qalmaqdan, oğul-uşağının, ailəsinin yanında olmaqdan vaz keçirmişdi.

Yazıçının yaratdığı dərin psixoloji böhran - uğrunda canını verən ərinin qarşısındakı məğrur qadınla bazarda rastlaşdığı dəvə oğrusunun heç bir dəyər vermədiyi hamilə vəziyyətdə qoz satmağa məcbur olan qadının biruzə vermədiyi daxili peşmanlıq. İndi isə bu qadın dəvə oğrusundan hamilə idi, nə o qürurdan, nə də o xanım-xatınlıqdan əsər-əlamət qalmışdı. Qara qızın qara taleyi onun ömürlük cəzası olmuşdu. Vətənə xəyanəti onu həm ərsiz, həm oğulsuz, həm də evsiz –eşiksiz qoydu.

İkinci taleyi çox baha başa gəldi ona. İstər zahiri görkəmi, istərsə də daxili aləminin çirkinliyi ilə ikrah doğuran ikinci əri Təbrizlə müqayisədə çox cılız, mənəvi deqradasiyaya uğramış birisidir. Ərinə, onu sevən həyat yoldaşına geri dönmək, tərk etdiyi ev-eşiyinə sahib çıxıb balalarını başına yığaraq dağılmış tifaqını yenidən qurmağa cəhd etmək əvəzinə belə birisinə yoldaş olmaq, ondan hamilə qalmaq və belə bir vəziyyətdə maddi və mənəvi cəhətdən üstün olan keçmiş əri ilə qarşılaşmaq Şəhrizin aldığı ən ağır zərbə idi. Burada müəllifin Şəhrizə olan münasibəti, Təbrizin ona olan hisslərindən daha kəskin, daha qətidir. Sanki Təbrizin başına gələnlərin, cavankən qadınsız qalmağın, təklik yarasının qəlbində yarğanlar açmasının bütün günahı Şəhrizdədir.

Yazıçı bir tendensiyalılıq göstərərək öz qəhrəmanının tərəfini saxlamaqla hər addımda Şəhrizi cəzalandırmaqdan vaz keçmir, özünün də qeyd etdiyi kimi qoyub gedən qadını bağışlamır. Eyni zamanda Şəhrizin də hisslərini, gənc qadın kimi ərsizliyin vurduğu mənəvi yaraları, uzun illər harda necə yaşadığını, nələrlə qarşılaşdığını, Xan kimi çətin xarakterə malik oğlan uşaqlarıyla necə başa çıxdığını, ehtiyacını, sızıltısını, hətta Təbrizə olan qəzəbini belə biruzə verməməyə çalışaraq onun “qiyamını”, qəlbinin harayını eşitmədən Təbrizi bu mübarizədə qalib çıxarmağa çalışır. Tək günahı gözəllik olan (müəllifdən), kimsənin ürək edib yaxınlaşa bilmədiyi bir qızın obrazı həyatda xoşbəxt olmağı baçarmayan, Allahın ona bəxş etdiyi əsl zənginliyin, ailə səadətinin, bir yerdə olmanın dəyərini bilməyən bədbəxt bir qadının obrazına çevrilir. Əlabbas Şəhrizi qoyub getdiyi üçün bağışlamadığını bildirir, əslində isə onun taleyini lap əvvəldən çıxılmaz yollara tuşlamışdı.Qaçırılıb gətirildikdən sonra qardaşının sözü ilə gəldiyi ocağı tərk etməsi, Bəbirin tutulması, bu illər ərzində kimsənin onun adını almaması, Təbriz həbsxanadan çıxdıqdan sonra atasının az qala yalvararaq onunla danışması, qızına sahib çıxmasına eyham vurması Şəhrizin həyat dramının başlanğıcına işarə idi.

Müəllifin özünün də qeyd etdiyi kimi əgər Saldaşda dilini bir azca şirin etməyi bacarsaydı, bəlkə, onda bir qadın qılığı ilə ərinin könlünü almağı bacarsaydı, ailəsini dağılmaqdan uşaqlarını kimsəsiz qalmaqdan qurtara biləcək, Təbrizlə əl-ələ verib geri qayıdacaqdı... Lakin onun inadı, bunun da yersiz təkəbbürü bir ailənin tamamilə dağılmasına gətirib çıxarır.Müəllif hiss elətdirməsə də əsər boyu Şəhrizin səssiz qiyamı da oxucunun nəzərindən yayınmır.

Bəs Təbrizin ailəsinin başında olmaq üçün bir kişi kimi öhdəlikləri? Əyriqar sevgisi bu qədər güclü idisə bəs niyə Müqəddəslə rastlaşandan sonra Təbrizin hər şeyi atıb Bakıya getmək həvəsi oyanır? Məgər o bunu illər öncə Şəhrizlə birgə edə bilməzdimi? Əgər bu yerlərdən əl çəkib başqa bir yerdə yaşaya bilərdisə niyə bunu ailəsinin dağılmaması naminə etmədi? Doğrudanmı özünün dediyi kimi basaratı bağlanmışdı? Yoxsa o necə ayrılmaq idi, ayrıldılar? “Sən sağ mən salamat”. Bəyəm belə asan və könülsüz qovuşmuşdular ki, rahat, tez və könüllü də vidalaşırdılar?!Ya deməyə sözləri yox idi?(səh 55).

Qarşılaşdığı çətinliklər nə qədər ağır olsa da qəhrəman onun öhdəsindən qətiyyətlə gəlməyi bacarır.Yaşamaq göründüyü qədər də asan deyil.Təbrizin gah elə, gah belə, gah da bir ayrı sayaq olması, bəzən iradə zəifliyi göstərməsi, ciddi ruh düşkünlüyünə uğraması, özünü öldürəcək qədər sarsılması və bu sarsıntılardan qurtula bilərək açılan sabahla yenidən yaşamağa davam etməsi onu güclü xarakterə malik bir insan kimi tanıdır oxucuya. Yalnızlığı,öz-özü ilə baş-başa qaldığı dəqiqələr, aylar, illər onun kim, əslində necə bir insan olduğunu, yol verdiyi səhvləri, nöqsanlarını üzə çıxarır. O, bu tənhalıqda öz kimliyini dərk edir, bu onun yolu, onun seçimi idi, bu yolu seçməyə kimsə vadar etməmişdi onu.Ruhən, qəlbən azaddır. Müəllif onun bu yaşam tərzinı ideallaşdırır, əbədi təmizliyə-mistikaya, zahid həyatına bənzədir və bunu Müqəddəsin vasitəsilə ifadə edir.

- Niyəsə mənə elə gəlir ki, sizin adınız Zahid olmalıdı - uzunsovluğuna rəğmən onun sifəti yaraşıqlı və cəzbedici idi. Güləndə ovurdlarının çökəlməyi də lap aləm olurdu.

-Yox, qız - kişi qımışıb başını buladı - sənə düz gəlmir dedi,- amma daha fərqinə varmadı ki, niyə başqa bir ad yox, məhz Zahid?(səh126).

Təbrizin ağlına belə gəlmir ki, ilk baxışdan qəlbini əfsunlayan bu qızın gözündə onun həyatı paklıq, təmizlik təlqin edən bir nağıla bənzəmişdi. Yazıçı sanki Təbrizin çəkdiyi cəfaların əvəzi olaraq ona adı Müqəddəs bu gözəli bəxşiş, tale hədiyyəsi göndərmişdi. Xanı yola salandan bir həftə sonra qəfil son zamanlar küləyin də döymədiyi qapının döyülməsi ilə yerindən sıçraması və qarşısında illər sonra gördüyü qadın gözəlliyi, bədənində hiss etdiyi o xoş gizilti də Təbrizin mərdliyini, əzəmətini qıra bilməmişdi. Evinə gələn bu füsünkar qonağa mərdanəliklə yanaşmış, vidalaşarkən arabir onu gizlincə süzdüyü üçün özü-özünü qınamışdı da. Demək istədiyi, lakin deyə bilmədiyi çox sözləri vardı qəlbində. Amma o, yalnızlığına rəğmən məğrur duruşunu, kişiliyini itirməmişdi. Bununla müəllif bir kişiyə veriləcək ən yuksək dəyərləri Təbriz obrazında cəmləmiş, ömrününün nə az, nə çox düz on ilini yalnız keçirən gözü-könlü tox bir insan xarakterini tamamalamışdır.

Xəyalən dostları, tanışları, hətta ailəsi ilə məktublaşan, öz yazdığı məktubları Mirzə Cəlil yadigarı olan köhnə poçt qutusundan çıxararaq böyük bir iştahla (elə bil özü yazmamışdı bunları) oxuyan qəhrəman zərflərin arasında ona tanış olmayan zərfi gördükdə də elə ilk ağlına gələn nədənsə bu şəhərli qız olmuşdu. Bu məktub onun həyatını dəyişmiş, düşüncələrində yeni umid qığılcımları yandırmışdı. Bu qığılcımlar onun yaşam səbəbi olmuş, düz doqquz il soyuq qış gecələrinin nağılına, tənha anlarının ümidinə çevrilmişdi. Şəhərə oğluna ev almaq məqsədilə gəldikdə onu çağıran səsin məhz “o” olmasını elə ürəkdən arzulamışdı ki, bəlkə də ömründə heç nəyi belə istəməmişdi.

Çox ciddi,ağır notlara köklənmiş əsəri oxuyarkən insan sanki düşüncələrində bir ağırlıq hiss edir, hadisələrin axarında gərginlik yaşayır. Təbrizin xarakterinin ağırlığı, başına gələnlər, Şəhrizin etdikləri, hətta canından, qanından olan oğlu Xanın onun üzünə durması, əslində bir ata kimi övladlarına verə bilmədiyi qayğı, şəfqət, günahsız körpələrin ata ilə ana inadı arasında qalaraq təhsildən, təlim-tərbiyədən uzaqlaşması, internata qədər sürüklənməsi - bir ailənin faciəsi oxucuya dərin psixoloji sarsıntılar yaşadır. Lakin müəllifin, görünür, bütün bunları nəzərə alaraq qəfildən ab-havanı dəyişməsi - Müqəddəsi Əyriqara gətirib əsərin sonunun tam fərqli notlarda bitirməsi ilə oxucunu ağır düşüncələrin məngənəsindən azad edir. Bir növ nağıl təəssüratı yaradır. Bununla da Təbriz obrazını sevgi-məhəbbətlə bəzəyərək özünün qeyd etdiyi kimi sxematizmdən,quru bəylikdən çıxarmağa çalışır. Elə bil bununla Təbrizin də özünü bilərəkdən dünya nemətlərindən məhrum etməsinə görə bir obraz kimi tənqid edilməsinin qarşısını alır.

Məhəbbət macaraları ilə bəzədiyi sonluqla oxucunu real həyata qaytarır, Təbrizin yüksəldiyi müqəddəsliyi Müqəddəsin gəlişi ilə onun əlindən alır.Əsərin bu cür gözlənilməz sonluqla bitməsi-bir tərəfdən Müqəddəsin şəhər həyatını buraxaraqTəbrizin heç gözləmədiyi anda bu sirli qəhrəmanla əl-ələ verib Əyriqara gəlməyi qəbul etməsi, ondan hamilə olması, digər tərəfdən də vətənindən didərgin düşmüş, elsiz-obasız qalmış qaçqın soydaşlarımızın bu kəndə gəlib yaşamağı qəbul etməsi qəhrəmanla yanaşı müəllifin də əslində öz qəlbində yaşatdığı arzuların nə vaxtsa gerçəkləşəcəyinə inamını və əsərin başlanğıcından qarşısına qoyduğu məramına çatmasını vurğulayır.

- Arabayla daş daşıyan bir nəfərdən soruşurlar ki, nə eləyir o? Acıqlı-acıqlı, nə eləyəcəm, deyir, görmürsüz, daş daşıyıram? O sualı onunla eyni işi görən yoldaşına da verirlər. Cavab bu olur ki, məscid tikirik.
Əyriqarın köçürülməsinə də yanaşma tərzi bu cür idi. Kimi adi hal kimi qarşılayaraq üzüyola köçüb-getməyə üstünlük verir, kimi də bir qədər mübarizə apardıqdan sonra öz gücsüzlüyünü dərk edər, uğraşmaqdan əl çəkərək məskunlaşmaq üçün yer axtarışına çıxardı. Bir qismi də Qəyyum müəllim, Təbriz kimi həyatını fəda edər və bundan əsla peşmanlıq duymaz, əksinə, ən müqəddəs, ən ali vəzifə olduğunu zənn edərdi. Qəyyum müəllimin mübarizələri heç də nəticəsiz qalmadı.O, özündən sonra Təbriz kimi fədakar bir davamçı yetişdirməyi bacarmışdı. Elə bir davamçı ki, müəllimi kimi nə yalnızlıqdan usandı, nə də sevdiklərini bu yolda qurban verməkdən çəkindi. Düz on il həm özü, həm də ətrafındakılarla təkbaşına mübarizə apardı. Taleyin bütün sınaqlarına rəğmən qalib gəlməyi də bacardı. Necə deyərlər, min bir oyundan çıxıb, bütün məşəqqətlərə sinə gərərək Əyriqara gətirməyə çalışdığı yol yoldaşının saqqızını oğurlamağı, onu burada məskunlaşmağa razı salmağı bacarmışdı. Zülfüqar müəllimin kəndə - Təbrizin evinə çatdıqda gördükləri – pəncərədəki işıq və məhəccərə söykənən dilli-dilavər, ucaboylu, gülərüz , gen-bol xələtli qadın bu qələbənin ən mükəmməl təcəssümü idi. Bu möhtəşəm sonluqda Təbrizin Əyriqar sevgisi, həyat eşqi və ən böyük mükafatı olan Müqəddəs süjetin ana xəttidir. Təbrizin həyatını bütünlüklə dəyişən, onu bu həyata yenidən bağlayan Müqəddəsin Əyriqara gəlməyə razılıq verməsi olur. Bir vaxtlar xarabalıqdan xəzinə taparkən fikirləşdikləri, sən demə, əbəs deyilmiş.

...Özünü inandır! Bunların heç biri olmayacaq! Aldatma özünü! Ömrü Şəhrizsiz başa vuracaqsan!...Bəyəm bunları üç ay, beş ay əvvəl tapa bilməzdi?...Lap nahaqdan düşünürmüş ki, bundan sonrakı həyatı yalnız keçmiş haqda xatirələrdən ibarətdir...İrəlidə hələ yaxşı günlər var, ömrün xoş anları, həyatın ləzzətli çağları heç də arxada qalmayıb. Bitib tükənməyən çox şey var hələ. Salavat gücə bağlıdı. (səh.219.)

Əsər boyu qəhrəmanın əzablarını, daxili iztirablarını onula birgə yaşayan yazıçı bu xəzinəni ona ilk mükafat kimi bütün yaşadıqlarının əvəzi olaraq təqdim edir. Lakin müəllifin qəhrəmanına olan sevgisi bununla məhdudlaşmır. Gözlənilmədən taleyin daha gözəl hədiyyəsini – Müqəddəsi onun qarşısına yenidən çıxarır, ömrünün bu təntiyib-toxtayan vaxtlarında dünyanın hər üzünü görüb, cikinə-bikinə bələd olan əyriqarlıya yeni həyat bəxş edir.

# 2832 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #