news-inner
clock16:37 calendar-gray 20 Noyabr 2020 view-gray1092 dəfə oxunub
view-gray1092 dəfə oxunub

“Öz leksikonumuzda desək, behimizi verib gözləyirdik” – Ağdamlı məşhurlar qələbədən danışır

Bu gün Ağdam işğaldan azad olundu. Tarixi qələbəni böyük coşqu ilə qarşılayan ağdamlı tanınmışlar sevinclərini Kulis.az -la bölüşdü.

Xalq artisti Mənsum İbrahimov:

“Bu gün sevincimin həddi-hüdudu yoxdur. Tarixi günlər yaşayırıq. Biz bu günü 28 il gözləmişik. O torpaqların hər qarışında şəhidlərimizin qanı tökülüb. Bilirsiniz ki, mənim də ailəm iki şəhid verdi. Vətən sağ olsun. Bu gün biz bu qələbəyə görə onların ruhlarına minnətdarıq. Ali Baş Komandan İlham Əliyevə çox minnətdarıq. Sınan qürurumuzu geri qaytardı. O torpaqlarda yenidən həyat olacaq. Mən əhd etmişdim ki, Ağdam işğaldan azad olunanda əyilib torpağı öpəcəm. Mənim üçün işğaldan azad olunan hər bir şəhərimiz, kəndimiz əzizdir, amma Ağdam mənim doğulduğum, böyüdüyüm torpaq olduğu üçün bir köynək daha doğmadır. Mənə sual verirlər, Ağdama köçüb orda yaşayacaqsanmı? Birmənalı olaraq bu belə olacaq. Biz orda konservatoriyanın filialını yaradacağıq, Muğam Mərkəzi tikəcəyik. Ağdam yenidən milli və beynəlxalq müsabiqələrə, festivallara ev sahibliyi edəcək. Bir daha xalqımızın gözü aydın olsun”.

Xalq artisti Nəzakət Teymurova:

“Elə hissləridir ki, sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Sadəcə şükür edirəm. Şükürlər olsun, biz o torpaqlara yenidən qayıdırıq. Biz enerjimizi, tükənən gücümüzü inanıram ki, o torpaqlardan alacağıq. 28 ildir çəkdiyimiz vətən həsrəti bizim varlığımızı məhv etdi. Mənim torpağım müqəddəsdir. Hər qarış torpağında şəhidlərimizin qanı var. Ona görə də biz o torpağın hər cığırını, daşını sevməliyik”.

Əməkdar artist Azad Şükürov:

“30 ildir mən o torpağa gedə bilmirəm, valideynlərimin qəbrini ziyarət edə bilmirəm. Bütün bunların hamısını mənə bəxş edən insanlar var. Ali Baş Komandan İlham Əliyevə və əsgərlərimizə minnətdaram. Şəhidlərimizin qarşısında baş əyirəm. Bu möhtəşəm hissləridir. Biz quran, yaradan millətik. Sabir Rüstəmxanlının bir şeirində də bu fikir var. Bizim atlarımızın dırnaqlarından mədəniyyət göyərib. Biz söküb dağıdan millət deyilik. Təzə ev tikdirən insanlar qapılarını açıq qoyub açarlarını götürüb getmişdilər. Qapını bağlamamışdılar ki, onsuz da çıxırıq da, gələndə qapıları qırmasınlar. Amma ermənilər nə edir, görün. Yandırır, dağıdır, ağacları doğrayır. Dünya etiraf etməsə də görür. Göydən Allah baxır. Haqq hər zaman öz yerini tapır. Bu gün də biz onu gördük. Haqqımıza qayıtdığımıza görə çox sevinirəm.”

“525-ci qəzet”in baş redaktoru, AYB-nin katibi Rəşad Məcid:

“Xəbəri eşidəndən göz yaşlarıma hakim ola bilmirəm. Şuşa işğaldan azad olunanda da üç gün ağladım. Ağdamın dağıdıldığını illərdir bilirdik, görürdük şəkillərdə. Amma yayılan məscidin videosuna görə dünəndən bəri çox kövrəlmişəm, danışa bilmirəm. Çünki mənim uşaqlıq illərim həmin məscidin yanında keçib. O məscidin yaxınlığında dörd mərtəbəli binada evimiz olub. On iki yaşıma kimi orda yaşamışam. Orta məktəbi də Sədrəddin Bayramov adına 1 nömrəli orta məktəbdə oxumuşam. O məktəbdə Ağdamın çox tanınmış simaları, ziyalıları məzun olub. Rafiq Əliyev həmişə deyir ki, biz hamımız bir məktəbi bitirmişik. Mən əvvəllər də demişəm, bu problemin həlli kimi Ağdam azad olunsun və orda 500 minlik, bir milyonluq bir şəhər salınsın. Ağdamın buna potensialı var. Çünki Ağdamdan hər sahədən düşüncəli, istedadlı, bacarıqlı insanlar olub. Hələ Sovet dövründə elə bir yer yox idi ki, oranın ticarətçiləri Ağdamla əlaqə saxlamasın. Ağdam həm Azərbaycan dövlətinin, həm ağdamlıların gücü sayəsində böyük bir şəhərə çevriləcək. Bununla da nə Xankəndində, nə də Qarabağın başqa bölgələrində erməni duruş gətirə bilməyəcək. Ağdamla bağlı ən yaxşı kitablardan birini Vahid Qazi yazıb. Vahid o yazıları yazanda ona deyirdim daha çox küçələri yaz.

Bir neçə il bundan əvvəl Kanadadan bir ağdamlı gəlmişdi. Dedi Ağdamdakı evlərin damlarının, darvazalarının rəngi mənim yadımdadır. Ağdam azad olunsun, mən Ağdamın necə var, elə də dizaynını verərəm. İndi Ağdamda hamı üçün iş var. Ora çox böyük və möhtəşəm şəhər olacaq ki, bizim bu günə qədər yaşadığımız ağrı-acılarımız keçib gedəcək”.

Tərcüməçi, jurnalist, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli :

“Ağdam işğal olunanda içi mən qarışıq bütün ağdamlıların dili tutuldu, söz tapmadılar deməyə. Bu gün bu sevinci necə yaşadığımı təxminən onunla müqayisə edərdim. Sevindiyimizdən karıxmışıq. Ağdam işğal olunanda mənim on yeddi yaşım var idi. Xatırlayıram, həmin gün depressiyaya düşmüşdüm. Ağdamın işğalı bizim üçün böyük əzab və qüssə idi. Bu gün yaşadığımız sevincin də orta həddi yoxdur. 1993-cü ildən sonra hamımızda kədərli, küskün əhval-ruhiyyə yaranmışdı. İndi Allaha çox şükürlər olsun, biz 28 illik kədərdən xilas olduq. Hətta deyim ki, bu sevinci doğru-dürüst ifadə etməyin janrını tapmaq çox çətindir. Səhərdən nə qədər təbrik edirlər məni, mən də tanıdıqlarımı təbrik edirəm, amma hiss edirəm ki, bunların heç biri insanın ürəyini soyutmur. Yığılmış emosiyaları ifadə etmək üçün çox ali bir istedadın olmalıdır. Allah insanı kədərə hazırlayan kimi sevincə də hazırlayır. Əvvəldən bir neçə videoya baxdıq, bir az hazırlıqlı olduq. Ağdamlı leksikonu ilə desək, behimizi verib gözləyirdik. Ruhu narahat olanların ruhları şad olsun. Şəhidlərimizə Allah rəhmət eləsin. Bu gün biz bu qələbəni onlara borcluyuq. Ağdam təkcə bizim yox oranı zəbt edən murdar düşmənin də gözündə Şuşadan sonra əhəmiyyətli bir simvol idi. Çünki onlar həmişə qorxduqları, ehtiyat etdikləri hünərli, ötkəm, imkanlı insanların yurdunu işğal etmişdilər. Təkcə tarixi mədəni baxımdan deyil, həm də iqtisadi, coğrafi mövqeyi baxımdan tutduğu yüksək yer baxımından Ağdamı almaq ermənilər üçün nə qədər böyük bir zəfər idisə, bizim üçün bir o qədər böyük məyusluq idi. Ağdam bizim Qarabağa qayıdışımızın açar hadisəsidir. Biz orda daha möhkəm yerləşməliyik. Dörd əlli yapışmalıyıq Ağdamdan. Mənim ata yurdum Ağdamın Mərzili kəndindədir. Hətta ailədə kimin evi harada tikiləcək, ata-baba yurdumuz kimə qalacaq deyə müzakirələr aparırıq. Yarızarafat olan bu müzakirələrin arxasında çox ciddi bir məram var. Bu onu göstərir ki, o torpaqlara qayıtmaq hamımızın ən böyük arzusudur”.

Yazıçı-publisist Musatafa Çəmənli:

“28 il bundan əvvəl, Şuşa alınanadan bir ay sonra mən “Bülübül küsər, Xan ağlar” adlı esse yazmışdım. Göndərmişdim, Vaqif Bəhmənli “Bərəkət” qəzetində çap eləmişdi. Yuxarıdan başlıq kimi fəryad sözünü yazmışdı. Orda yazmışdım ki, biz əgər Şuşaya qayıtmasaq, utanarıq Üzeyirin, Bülübülün heykəllərindən. Biz bu günə qədər utana-utana yaşadıq. İndi qəddimiz düzəlib. Bu gün ancaq fəxr, qürur hissi keçirirəm. Mən 28 ildə döymədiyim məcburi köçkün qapısı qalmayıb. Fred Asif haqqında kitabı yazanda bir-bir o insanlarla həmsöhbət olub ağrılarını canıma çəkmişəm. Mübariz haqqında kitab yazmışdım. Bu gün Mübarizin şəhid olduğu postun işğaldan azad olunduğunu görmək mənim üçün bilirsiniz nə deməkdir? Böyük sevinc hissi keçirirəm ki, bizim ərazilərimiz işğaldan azad olundu. Əsgərlərimiz sağ olsun, Ali Baş Komandanımız var olsun. Şəhidlərimizin ruhu şad olsun. Ən çox ona sevinirəm ki, tərbiyəsi, mədəniyyəti olmayan, bütün dünyada özünü yazıq xalq kimi göstərən ermənilərə heç bir status verilmədi. Onlar torpaqlarda Azərbaycan vətəndaşı kimi yaşayacaqlar”.

Tanınmış tənqidçi İradə Musayeva:

“Ağdam yaddaşım ağrı ilə oyanır. Manqurt yaddaşı necə oyanırsa, bax elə oyanır. Amma xoş bir ağrı ilə. Gözəl, yaraşıqlı, işıqlı bir şəhəri ermənilər xarabalığa, viranəliyə çevirdilər. Lakin siz bu şəhərin xarabalıqları üzərində sevinc göz yaşları axıdan ağdamlılara baxın. Bu qədər güclü, inamı, zəhmətkeş olmaq elə ağdamlı olmaq deməkdir. Məsələn, şuşalılar üçün o qədər də böyük çətinlik olmayacaq. Çünki onların əksəriyyətinin evləri salamatdır. Bizim üçün isə yeni bir çətinlik dövrü başlayır, amma xoş olan çətinlik dövrü. Bizim üçün doğma olan nə varsa - evimiz, məktəbimiz, bazarımız, İmarətimiz, teatrımız... Hər şeyi yenidən tikmək iradə, əzm tələb edir. Əsas odur bunların hamısının yerləşdiyi torpaq əlimizdədir. O müqəddəs torpağa, havaya, suya qovuşmaq yenidən dünyaya gəlməyə bərabərdir”.

Məşhur müharibə şeirlərinin müəllifi, şair Esmira Məhiqızı:

“Söz tapmıram yazmağa. Bəzən sözlər də çatmır kədərini, sevincini ifadə eləməyə. Müharibəyə oğul yola saldım və nənələrimin keçirdiyi hissləri yaşadım. Onlar da müharibəyə qardaş, ər yola salmışdılar. Və... müharibələr yaşadım, ağrılar, acılar, ölümlər yaşadım, dərk elədim ki, biz ən çox ölümləri yaşayırıq. İndi sevincləri yaşayan vaxtlara qədəm qoyuruq indi oğul qarşılayacam, vətən qarşılayacam, indi bir uşaqlıq da qarşılayacam. Ağdam adlı uşaqlığım boynuma sarılacaq, uşaqlığımın şəhəri, şeirimin şəhəri, əllərimin, gözlərimin şəhəri, marağımın, nağılımın şəhəri... Salam Ağdam!"

news-inner-user

17172 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı gənc şairin kitabı Təbrizdə çap olundu
18:59 02 Dekabr 2020
Gənc Tamaşaçılar Teatrı dekabr repertuarını təqdim etdi
18:17 02 Dekabr 2020
Bu gecə nəfəsini hiss etdim anidən… - Adilə Nəzərdən yeni şeirlər
17:34 02 Dekabr 2020
Beynəlxalq Muğam Mərkəzinin direktoru UNESCO-nun Baş katibinə müraciət ünvanladı
16:56 02 Dekabr 2020
Qardaşı oğlu məşhur müğənnini oğurluqda ittiham etdi
16:01 02 Dekabr 2020
Əsgər Fərhadinin dünyaca məşhur aktyoru vəfat etdi
15:47 02 Dekabr 2020
Övladını atan, Adil İsgəndərovla düşmən olan, tamaşaçılar tərəfindən söyülən Xalq artisti
15:10 02 Dekabr 2020
Qələbə sevincinə dözməyib ürəyi dayanan Umud kişi...
14:32 02 Dekabr 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fəxri adlara layiq görüldü
13:50 02 Dekabr 2020
"Əlləddin" tamaşası onlayn nümayiş olunacaq
13:10 02 Dekabr 2020
Qıyıq gözlü, batıq yanaqlı Xudayarın böyük sirri
12:37 02 Dekabr 2020
Laçınlı rəssam: “Torpağını öpəcəm, daşlarını qucaqlayacam” – Müsahibə
12:01 02 Dekabr 2020
Anamı o yazıçı boşandırdı
11:15 02 Dekabr 2020
Ehtiram Hüseynov Laçından danışdı: "Çətinlik çəkirəm"
10:37 02 Dekabr 2020
İti, qurdu qovmuşuq – Tanınmış şair Ağdama şeir həsr etdi
10:15 02 Dekabr 2020
Susdurulan “Qarabağ bülbülü”, Allahverdi Bağırovun yuxusunu qarışdıran döyüşçüsü, göy satan Gülbazə xalanın göz yaşları – Qaçqın yataqxanasından reportaj
09:00 02 Dekabr 2020
“Xəzər” jurnalının yeni nömrəsi işıq üzü görüb
18:55 01 Dekabr 2020
"DokuBaku" festivalında nümayiş olunacaq filmlərin sayı açıqlandı
18:12 01 Dekabr 2020
44 günlük Vətən müharibəsindən sənədli film çəkildi
17:30 01 Dekabr 2020
Sami Yusif Laçınla bağlı paylaşım etdi - Foto
17:07 01 Dekabr 2020