news-inner
clock11:02 calendar-gray 07 Noyabr 2020 view-gray484 dəfə oxunub
view-gray484 dəfə oxunub

Laçınsız ürəyi partlayan Xan - Elmin Nuru yazır...

Kulis.az Elmin Nurinin “Ruhköçürmə stansiyası" yazısını təqdim edir.

(Yurd-yuva həsrəti ilə yaşayıb, bu dünyadan nakam köçən insanların ruhlarına ithaf edilir)

Ürəyi partlayan qoca Xanın açıq qalan gözlərindəki sual işarəsinə bənzəyirdi Vətən...

***

İnsanlar qoca Xan ölən gün bunun fərqinə vardılar. Yalnız ölən gün. Elə mən özüm də məhz o gün buna diqqət etmişdim.

Əslində, bunun günahı həm də qoca Xanın özündə idi; gözlərini hər kəsdən gizləyir, gözlərinin dərinliyində gəzdirdiyi, sual işarəsi ilə əhatə olunan Vətəni heç kəsə göstərmirdi.

***

Əslən, Laçından idi. Amma Laçının işğalından sonra yaşadığı yerlərdə - məcburi köçkün sığınacaqlarında, daha sonrasa şəhərcikdə kimsə onu adı ilə çağırmazdı. Eləcə, hamı ona Xan deyərdi.

Məcburi köçkün taleyi yaşayan həmyerliləri üçün onun tam fərqli özəlliyi vardı: Qoca Xan el-obanın, aid olduğu məkanın tarixi yaddaşını, kökünü özünə köçürüb Laçınlaşan adam idi. Laçın bir məkan olaraq, öz ruhunu Xana köçürmüşdü. Bütün laçınlılar də hər dəfə onunla görüşəndə sanki vətənə baş çəkib qayıdardılar... Belə idi bizim Xan baba. Deyərdilər ki, kişi elə bil Laçının dağları, düzləri, yaylaqlarının özüdür. Söhbətindən doymaq olmur; elə bir oradakı bumbuz bulaqdan su içirsən. Amma mən Laçını görməmişdim.

Xan baba isə ölən gününə qədər Laçını hər kəsdən gizlədi. Onun əzəmətini, füsunkarlığını gözlərinin dərin qəfəsində ciddi-cəhdlə qoruyub saxladı... Bəlkə də, o göz dərinliyindəki əsl Laçın həndəvərindəki köçkün həyatı yaşayan laçınlılara yazığı gəldiyi üçün göstərmirdi.

Amma bir şeydən xəbəri yox idi: Laçın artıq onun gözlərindəki dərinlikdən çıxıb bütün vücuduna yayılmışdı. Ruhu kimi, bədəni də Laçına bürünmüşdü. Saçlarının ağından üzündəki sərt cizgilərə qədər laçınlaşmışdı qoca Xan. Bunları da mənə rəhmətlik babam deyərdi. Çünki yenə deyirəm, mən özüm Laçını görməmişəm. Xan babanı isə indi də yaxşı xatırlayıram. Düz demədim, Laçın babanı.

Deyirlər ki, o, həm də SƏS olaraq yaşamışdı: Laçın dağlarının şairənəliyindən, vüqarından yaranan bir saz səsi kimi.

Yurdun ruhu, yaddaşını həmişə bu səsdə oyaq saxlamışdı. Boşuna laçınlaşmamışdı ki, qoca Xan, Laçın babam!

Bəzən rəvan, buzdan soyuq çay şırıltısı kimi ötkəm nitqində, bəzənsə təmkinli və təmkinli olduğu qədər də sərtdən sərt, nisgildolu baxışlarında bir SƏS kimi dillənmişdi Xan baba...

Bəli, biz ona Xan baba deyərdik. Adını bilmirdik nədi... Deyilənə görə, Xan babanın Laçın işğal olunandan ta ölüm anına qədər ancaq bir halda üzü gülərmiş: Xanəndə Xan Şuşinskinin ifasını dinləyəndə. Özündən asılı olmayaraq uşaqlaşarmış, gözləri gülərmiş, siması işıqlaşar, nəfəsi daha dərindən eşidilərmiş.

Deyəsən, Xan baba elə ancaq Xan Şuşinski oxuyan zaman nəfəs aldığının fərqində olarmış. Deyəsən, nəfəs deyilən nəsnə Xan babaya yalnız elə Xan Şuşinski oxuyan zaman lazım olarmış.

Sığınacaqdakı laçınlılar da öz qoca həmyerlilərinə xoş gəlsin deyə, ona Xan baba deməyə başladılar. Amma bəlkə də laçınlılar Xan babaya yaşadığının fərqində olsun, nəfəsini yadlaşdırmasın deyə o adı vermişdilər.

Xan baba da bu yaxşılığı cavabsız qoymadı: istər söz-sovunda, istərsə də təmin və müdrikliyində hər zaman hər kəsə Laçın ruhu, ovqatı ötürdü.

***

“Vətən öz adamları ilə canlıdı. O adamlar kimə və hara öz ruhunu yazsalar, demək vətən də oradadı.

İnsanın keçmişi, taleyi, yaddaşıyla bağlı nə varsa, hamısını toplayıb, cəminə VƏTƏN deyirlər...” Bunu Xan babanın Laçın işğal olunan zaman hələ gənc olan bir yazıçı eloğlusu demişdi. Sonradan həmin gənc yazarın (indisə yaşı 45-i adlamış) Laçına həsr etdiyi bir yazısında bu cümlələri oxuyanda çox kövrəlsə də, sevinmişdi. Özünü sanki o sətirlərdə görmüşdü Xan baba.

O sətirləri oxuyanda anlamışdı ki, o, bu neçə illər ərzində doğma Laçını ruhuna yerləşdirib və onu bir qala kimi qoruyub.

Özü kiçik bir daxmada, təkə-tənha yaşayırdı. Amma di gəl ki, bu kiçik daxmaya bütün Laçını sığdıra bilmişdi. Bu kiçik daxma həm də qanköçürmə məntəqəsi idi bir növ.

Qan itirənə qan vurulduğu kimi, Laçını itirənlərə də Laçın ruhunu qoca Xan bu daxmada köçürürdü. Özünün söz-söhbəti, şeir-sovqatı, ağayana təmkini, mülayim siması ilə...

O, laçınsızlar üçün laçınsızlığın ən yaxşı donoru idi. Vətənsizlikdən əziyyət çəkənlərə öz ruhundan Laçın köçürürdü.

Ona görə də, qoca Xan ölən gün bu elin insanları sanki Laçını yenidən itirdilər. Öləndən sonra gözlərinin açıq olduğunu görüb sanki Laçına boylanmaq üçün tez qaçıb onun donuq gözlərinə baxmaq istədilər. Lakin... əzəmətli Laçının yerinə, nigaranlığın yaratdığı nəhəngdən də nəhəng bir sual işarəsinə bənzəyən Vətən gördülər.

***

Düzü, hamının müdrik insan kimi sevdiyi Xan babanın hansı işin, sənətin sahibi olduğunu heç zaman bilmədim. Bizim üçün o, ancaq və ancaq Xan baba idi. Bütün peşələr, vəzifələr, sənətlər bu adın qarşısında nə idi ki?! Amma indi düşünürəm ki, Xan baba son nəfəsinədək ancaq bir peşənin sahibi olub - müəllimlik! Görən, bu, o zaman niyə ağlıma gəlmirdi ki?!

Bəli, o, bir müəllim idi. Lakin hamının bildiyi müəllimlərdən yox. O, bildiyimiz fənlərdən heç birisini uşaqlara keçməyib. Qoca Xanın yeganə tədris predmeti Laçın olub. O, varlığı ilə, həyat tərzi ilə, sözü-sovu, baməzə və müdrik, şairanə nitqi ilə insanlara Laçını, daha doğrusu, bu yurdun mahiyyətini öyrədib.

Yəqin ki, laçınçılıq dərsini Xan müəllimdən yaxşı tədris edən çox az adam olub.

***

Xan babanın öldüyü günü bu gün də yaxşı xatırlayıram: Həmin gün o, ölümü ilə vacib bir işi görmüş oldu: İçindəki ruhu-mikrolaçını, didərgin salınan, illərlə görmədiyi-varmadığı doğma yurduna - Makrolaçının təbiətinə qaytardı. Kiçik zərrə öz Günəşinə qovuşdu.

Qoca Xan bu gün doğma Laçının kimsəsizləşmiş təbiətinə varıb, ruhi ömrünü yaşayır. Amma çox narahatdır; yurdsuzluq xəstəliyinin bir-bir tükətdiyi həmyerlilərinə yardım edə bilmir. Yəni onların ruhuna Laçın köçürmür.

***

Qoca Xan bayaq da dediyim ki, laçınsızlar üçün laçınsızlığın ən yaxşı donoru idi. Vətənsizlikdən əziyyət çəkənlərə öz ruhundan Laçın köçürürdü.

Amma bəlkə də onu əldən salan, tükəndirən elə bu donorluq missiyası idi. O, ruhundakı Laçını misqal-misqal hər kəsə ötürüb, özünü laçınsızlıqla tükətdi, sonunu hazırladı. Başqa cür ola da bilməzdi. Çünki ruhunu yenidən həmin enerji ilə doldurmaq üçün Xan babaya yalnız doğma Laçının özü lazım idi.

P.S. Laçın isə o gün ölmüş Xanın açıq qalmış gözlərindəki sual işarəsinə bənzəyirdi.

news-inner-user

18722 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tanınmış aktrisa vəfat etdi
17:44 13 May 2021
Amerikalı rəssamın əsəri 93 milyon dollara satıldı - Foto
15:46 13 May 2021
İnsanın təkbaşına xoşbəxt olması utanılası bir işdir - Kamyudan unudulmaz aforizmlər
14:28 13 May 2021
Nizamiyə həsr olunan beynəlxalq konfransa tezis qəbulu davam edir
13:46 13 May 2021
Yəhudi yazıçının kitabını yandırmaq üçün alanlar - Ayxan Ayvaz yazır...
12:30 13 May 2021
Rafiq Tağının üçcildliyi nəşr olundu - Foto
11:25 13 May 2021
"Xarıbülbül" festivalının qala konserti olacaq
10:31 13 May 2021
Bu da bu cür həyatdır – Elçinin hekayəsi
09:29 13 May 2021
“Azərbaycan–ispan danışıq kitabçası” çap olunub
18:18 12 May 2021
Azərbaycan bəstəkarlarının əsərlərinin toplusu Şuşada təqdim olundu - Foto
17:41 12 May 2021
Şuşada "Xarıbülbül" festivalı
15:00 12 May 2021
Mənim Tanrım gözəllikdir, sevgidir - Hüseyn Cavidin şeirləri
14:24 12 May 2021
Ağadadaş Ağayev əməliyyat öncəsi fotosunu yaydı
13:09 12 May 2021
30 ilin ən gözəl müjdəsi
12:04 12 May 2021
Tanınmış aktyor vəfat etdi
12:00 12 May 2021
Bu gün Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır
10:12 12 May 2021
İrəvandan yük maşınında qaçan, özündən 24 yaş böyük direktorla evlənən, İran şahının sevimlisi olan Xalq artisti
09:03 12 May 2021
Sonsuz - Şərif Ağayarın hekayəsi
17:00 11 May 2021
Filmimiz Braziliyada beynəlxalq festivalda sertifikata layiq görülüb
15:50 11 May 2021
Soljenitsının Nobel almasının gizlinləri
14:45 11 May 2021