Hər günü son gün kimi yaşayan sevdalılar var, cənab dalay-lama

Hər günü son gün kimi yaşayan sevdalılar var, cənab dalay-lama
15 dekabr 2012
# 08:45

Əlişirin Şükürlü

21 dekabr - son gün

tibet xalqının dalay – laması deyir:

21 dekabr gün tutulacaq,

ay batacaq,

enerji olmayacaq,

elektromaqnit dalğası itəcək.

nə yer fırlanacaq,

nə ay dövrə vuracaq;

planetlər

bir düz xətt boyunca düzüləcək.

yəni

adamlar bir-birini nə görəcək,

nə də eşidəcək.

hər günü

ilk gün kimi yaşayan ümidlilər

şam alsın, azuqə yığıb

şəhərdən uzaq

bir guşəyə çəkilsin;

4 gün

paradı olacaq planetlərin, -

şam yandırıb

oturub tamaşa etsin.

kim qorxmayıb

o gündən sağ çıxsa yaşayacaq,

yaşayacaq – sonrakı günlər eşqinə.

cəmi 4 gün itirəcək ömürdən,

əgər yaşadığı hər günü

ömür sayırsa.

hər günü

son gün kimi

yaşayan sevdalılar var,

cənab dalay-lama.

hər günü

son gün kimi yaşayanlar

bilirlər indi yoxdu, gələcək var -

hər an keçmişə dönür durmadan,

hər an keçmişə çevrilir yaranan

və zamanın çevrə boyunca

tərsinə dönüşünə inanırlar.

məsələn,

fərz edək iki nəfər;

mən və o, –

çox da ola bilər.

sabah tanış olmuşuq,

bu gün yoxuq,

dünən yenidən görüşəçəyik.

düz xətt boyunca yaşayanlar

yaxınlığından keçərkən

bəzən

adama oxşadıb diksinirəm.

üzünün donuq ifadəsindən,

soyuq baxışlarından

tanıyaram onları.

görən

beyni olsa

nə düşünər,

nə keçər ürəyindən

qəlbi döyünsə;

təzim eləyər həvəslə

mağazaya gəlib-gedənlərə,

ya baxıb pəncərədən gülümsəyər

küçədən keçənlərin üzünə.

yoxsa bezib

gözlərini daima eyni nöqtəyə zilləməkdən

baxışları uzanan düz xətt boyunca

çırpar özünü pəncərə şüşəsinə, -

əyilər düz xətt.

sərilər küçəyə. aparar özüylə

bir parça pəncərə şüşəsini – üzərində

soyuq baxışlarının izi.

partlamış ürəyi qucağında,

üzündə qan-qarışıq təbəssüm

zilləyər gözünü laqeyd baxışlara,

təəccüb dolu gözlərə.

düz xətt boyunca yaşayar manekenlər

real həyatın

gerçək üzü - manekenlər.

xəyallar

özgə dünyanın gerçək hadisəsi,

eynən yuxu kimi. yuxularsa

çin olmur bu dünyada həmişə.

təəssüf, çox təəssüf,

real həyatın o biri –

astar üzü görünmür.

düz xətt boyunca yaşayan manekenlər –

adama oxşadıb diksinirəm

metro

dayanıb metronun qarşısında.

seyr edir;

adamlar

tələsir, ləngiyir,

nə tələsir, nə də ləngiyir

canlı mənzərədə.

metroya girir. ekskolator boyu üzü aşağı – yox olur.

çıxır metrodan üzü yuxarı – dəf edir yoxluğu.

yeraltı keçidə doğru – tədricən gözdən itir.

çıxır yeraltı keçiddən – hissə-hissə bərpa olunur.

gözəl bir qız yeriyir asta-asta, - üzündə məmnunluq.

yanında bir gənc - başı əyilmiş qıza sarı.

sevgi var ləngimədə.

qoca – zorla yeriyir. diqqətlə baxır

yanından keçənlərə. üzündə ümidsizlik.

ölüm yağır ləngimədən.

yeyin addımlarla

üz alıb metroya

zövqlə geyinmiş gözəl qadın.

üz-gözündən həyat yağır.

həyat yağır tələsmədən.

metrodan çıxıb harasa tələsir.

qalstuk taxıb, orta yaşlı. gecikməkdən qorxur.

yaşamaq gizlənib tələsmədə.

qaçıb sürətlə keçir

metronun qarşısından

kimsəyə fikir vermədən.

nə qocadı, nə cavan, amma

ölüm boylanır tələsmədən.

bəs o kimdi (nədi) –

obyektiv varolma gözəgörünməz.

nə həyata tələsir, nə də ölümə.

nə ölümə ləngiyir, nə də həyata.

paralel talelərin

kəsişmə nöqtəsidi metro, -

maraqlı, həm kədərli

əsrarəngiz mənzərə,

dayanıb seyr edəsən

vaxtı vecinə almadan.

bilirəm

bilirsən,

bilir,

bilirlər:

yaşanan hər an gecikməsidi ölümün.

# 1202 dəfə oxunub

Oxşar xəbərlər

# # #