Qarabağa gedən ailə

Qarabağa gedən ailə
30 sentyabr 2020
# 11:08

Bir neçə il əvvəl yazıçı dostlarımızla Qarabağ mövzusu ətrafında söhbət edirdik. Dostlardan biri məndən soruşdu:

"Qarabağdan nəsə yazacaqsanmı?"

Mən, açığı, o vaxt bu mövzunun yalnız Qarabağ bölgəsindən olan yazıçılarda yaxşı alındığını demişdim. Tutaq ki, Seymur Baycan, Şərif Ağayar, Elçin Hüseynbəyli və başqaları.

Qarabağı yaxından görmüş və o ağrı-acıyla tanış kəslər mənə elə gəlirdi, daha yaxşı mətnlər ortaya qoya bilər. Fikrimi əsaslandırmaq üçün yuxarıda adını çəkdiyim imzaların bir neçə əsərindən danışdım.

Sonra ağlıma bir fikir gəldi və bu fikri dostlardan gizlədim.

Biz həmişə Qarabağın yaralı tərəfindən, ağrı-acısından, arxa cəbhədə baş verənlərdən, qaçqınçılıqdan yazmışdıq.

Bəs yaxşı, Qarabağ qayıtsa, biz ora getsək? Onda necə olacaqdı? Bu, ədəbiyyatımız üçün də qələbə deyildimi?

Öz düşüncəm özümün də xoşuna gəldi və bu haqda nə yazmaq olar deyə düşündüm. Açığı, ədəbiyyatda məğlubiyyətin həllini vermək asandır, qələbənin həlli isə çətindir. Bir yandan da deyirdim ki, gərək Qarabağ gerçəkdən işğaldan azad olunsun. Biz bu hisləri yaşayaq və elə yazaq.

Ancaq mövzu beynimdə fır-fır fırlanırdı. Və içimi yeyən mövzu axırda partladı: Qarabağın işğaldan azad olunması və insanların öz doğma yurdlarına qayıtması.

Bu yaxınlarda o hekayəni yazdım. Hekayədə bir ailə işğaldan azad olunmuş kəndlərinə gedir. Və maşındakılar salamat qalan, yaxud dağılmış evlərə baxıb xatirələrini danışır. Kəndə başqaları da qayıdıb, maşındakılar adamlara baxıb onların talelərini yada salırlar.

Bu hekayəni bir neçə ay əvvəl yazdım və qaralama kimi bir tərəfə atdım. Dedim ki, nə vaxtsa təzədən üstünə qayıdaram və redaktə ilə daha da gözəlləşdirərəm.

Son günlər baş verən hadisələr, itirilən torpaqlarımızın qayıdışı xəbəri mənə qələbə haqda yazdığım o hekayəni xatırlatdı.

Dua etdim. Dedim ki, kaş torpaqlar qayıda və o hekayə də tamamlana. Həm torpaqların qayıdışına, həm də yaxşı bir mətnin yazılışına sevinək.

Bu dəfə isə Qarabağ bizdə ola-ola Qarabağ haqda hekayə oxuyaq.

Tanrı bizə o günü çox görməsin!

# 2318 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #