Müğənni Ayaz: “Qonşumuzun evinə mərmi düşdü” – Müsahibə

Müğənni Ayaz: “Qonşumuzun evinə mərmi düşdü” – Müsahibə
30 sentyabr 2020
# 08:58

Kulis.az “Ulduzlu çərşənbə” layihəsindən müğənni Ayaz Qasımovla müsahibəni təqdim edir.

- Karantin sosial həyata alışan bir çox insanlar kimi sənətçilər üçün də çətin proses oldu. Sən bu dövrü necə keçirtdin?

- Karantin dövründə öz işimlə məşğul oldum. Yaradcılığıma daha çox zaman ayıra bilmək üçün bir fürsət düşmüşdü əlimə. Mən də bu fürsətdən necə lazımdır istifadə etdim. Tətbiq olunan qaydalara riayət etməyə çalışırdım. Bu müddət ərzində həm özümün, həm ailəmin sağlamlığı üçün əlimdən gələni etmişəm.

Gallery

- Toylarin qadağan olunması bir çox sənət adamlarını dilə gətirdi. Gəliri əsasən toy məcilislərindən olan bir sənətçi olaraq bu qadağa sənə maddi, mənəvi necə təsir göstərdi?

- Belə bir el məsəli var “El ilə gələn toy-bayramdır”. Bu bəlanı miqyasını, çox şükür, dərk etdiyim üçün mən bunu faciə kimi qarşılamadım. Səhnə üçün, normal həyat üçün hamı kimi mən də darıxırdım. Maddi itkilərim də oldu, təbii. Çünki bizim, şəxsən mənim yeganə gəlir yerim, qeyd etdiyin kimi, toy məcilisləridir. Ancaq xərclər əvvəlki qədər olmadığı üçün o qədər də dəhşətli bir çətinlik yaşamadım. Əlbəttə, belə bir bəlanın baş verəcəyi haqqında heç birimiz əvvəlcədən məlumatlı deyildik. Mən də gözləmirdim, amma bizim tərəflərdə “yamangünlük” deyilən bir şey var. Ümumiyyətlə, həmişə ehtiyatlı insan olmuşam. Bu, həm də xarakter məsələsidir. Vacib əhəmiyyətli tədbirlər ləğv olundusa, sərhədlər bağlandısa, diplomatik səfərlər belə təxirə salındısa deməli çox ciddi problemdən söhbət gedir. Belə məqamda bizim toyların ləğvinə narazılıq etməyimiz çox yersizdir. Elə mövqe tutmaq lazımdır ki, həmişə o mövqedə qala biləsən. Əgər biz sənətçilər altı ay bundan əvvəl “Biz birlikdə güclüyük” deyirdiksə, bu gün də o birliyimizi, gücümüzü göstərməyə davam etməliyik. Külək kimi o tərəfə, bu tərəfə əsmək yaxşı iş deyil. Hər kəs öz postunda bu gücü göstərməlidir. Kimlərsə kiməsə dəstək oldu, bunu aşırı dərəcədə nümayiş etdirdi. Sonra qəfil yoxa çıxdılar. İnsanlar o adamlardan kömək istəyəndə artıq aqressiv cavab verməyə başladılar. Bu köməyi edirsənsə axıra qədər et. Davamını gətirə bilməyəcəksənsə, heç qol qoyma. Cəmiyyətdə bu, artıq qıcıq yaratmağa başladı. Belə şeylərdə ifrata varmağın lazımsız olduğunu düşünürəm.

Mənim üçün bu vəziyyət həm də ona görə çox böyük faciə kimi görünmədi ki, bu mərhələnin ən çətinini müharibə dövründə görmüşəm.

- Müharibədən söz düşmüşkən... O dövrü necə xatırlayırsan?

- Xatırlamaq istəmirəm, əslində. Müharibə mənim həyatımda çox böyük bir travma yaradıb. Ağdamda birinci sinifdə oxuyurdum. Məktəb sevincim yarımçıq qaldı. Heç vaxt yadımdan çıxmaz, qonşumuzun evinə mərmi düşdü. Bacım anamın qucağında on günlük idi. O qışqırıq, ah-nalə hələ də qulaqlarımdadır. Həmin an yaşadığım qorxunu mən heç nə ilə müqayisə edə bilmirəm. Mənim travmama çevrilib. Amma mən bu həyatda hər zaman güclü görünmək istədim. Çünki mənə həyatım boyu bunu öyrətdilər.

Bir milyon nəfər məcburi köçkündən biri kimi mən də çətin illər yaşamışam. Yoxluğun nə olduğunu çox yaxşı bilirəm. Ona görə, bugünkü günümün qədrini bilirəm. Heç vaxt keçmişimdən utanmamamışam. Amma həyatımın kədərli xatirələrini bölüşməyi də sevmirəm. Bu, mənim özəlimdir. Keçmiş keçmişdə qaldı, irəli baxmaq lazımdır. Təkcə onu deyə bilərəm ki, çətinliklərlə dolu keçmişi olan insanların çox yaxşı gələcəyi olur. Mən də o insanlardanam. Yetər ki, əzm göstərib o çətinlikləri geridə qoya biləsən.

- Son illər sənətçilər tez-tez dillərinin bəlasına düşürlər. Sən ehtiyatla davranan sənətçilərdənsən...

- Mən səhnədən, efirdən kənarda normal həyatda hədsiz dərəcədə şən, deyib-gülən insanam. Amma səhnəyə, efirə çıxanda özümü dost məcilisindəki kimi apara bilmərəm. İnsan gərək özünü idarə etməyi bacarsın. Bu insanın kimliyindən asılı olmayaraq belədir. Ağzından çıxan sözə fikir verməyi bacarmaq lazımdır. Deyir, ho var dağa qaldırar, ho var dağdan endirər. Elə bir ifadə işlədərsən ki, o, səni zirvəyə ucaldar, elə söz deyərsən zirvədən yerə çırpar. Dil insanı yox, insan dilini idarə etməlidir. Mən sadəcə olaraq dilimi və özümü idarə etməyi bacaran insanam.

Gallery

- Geyimlərinə də eyni həssaslıqla yanaşırsan

- Belə olmalıdır. Mən gündəlikdə geyindiyim geyimlə heç vaxt səhnəyə çıxmaram. İdman geyimində efirə çıxıb mahnı ifa etsəm, bu, tamaşçıya hörmətsizlik olar. Bu, mənim həm özümə, həm də tamaşaçıya olan hörmətimdən irəli gəlir.

- Geyimbazsan?

- Geyimə hədsiz diqqət edən insanam. Ümumiyyətlə, yaxşı geyinməyi sevirəm. Təbii ki, həddində. Kişi gərək kişiyə, adına, xarakterinə uyğun geyimlər geyinsin. Elə sənətçilər var, xarakteri ilə geyimi uyğun gəlmir. Çünki kənardan baxan insan o insanın nə qədər ciddi xarakterə malik olduğunu bilmir. Geyim insan haqqında çox şey deyir. Bir xatirə danışım. İlk dəfə 14 yaşımda pul qazanmışdım. Pulu əlimə alan kimi qaçmışdım geyim mağazasına, özümə paltar almışdım (gülür).

- Səmimi sənətçilərin az olduğu bir dövrdə indi verəcəyim suala səmimi bir cavab istəyəcəm. Tovuz döyüşləri baş verdi bu yaxınlarda. Şəhid verdik. Sən də bu vəziyyətə laqeyd qalmayan sənətçilərdən oldun. Bunu icitimai qınaqdan çəkindiyin üçün edirdin, yoxsa başqa səbəb vardı?

- Mən nə edirəmsə, içimdən gəldiyi üçün edirəm. Hər mənada özümə güvənən insanam. Kiminsə, nəyinsə təsiri altına düşərək, etmirəm heç nəyi. Mənim bir mövqeyim var. Etdiyim bir işə görə kimsə məni qınayacaqsa, qoy qınasın. Onsuz da nə edirsən et, hər kəs hər şeyi öz arşını ilə ölçəcək.

Gallery

- Özünü güclü insan hesab edirsən, yoxsa büdrədiyin zamanlar olur?

- Həyata sıfırdan başlayan bir insan olaraq özümü çox güclü hesab edirəm. Heç kimin dəstəyi olmadan sırf istedadımla çıxmışam bu yola. “Azəri Star” yarışmasının da həyatımdakı rolu danılmazdır. Çox sonralar mənə dəstək olan insanlar çıxdı qarşıma. Mən də təbii ki, bunu doğru dəyərləndirmişəm. Unutqan insan deyiləm. Nə yaxşılğı, nə psiliyi unuduram. İllərlə yaxşılıq etdiyim insanlar olub bu gün mənə düşmən mövqeyindədir. Ona görə də sənət aləmində özüm üçün bir bariyer yaratdım. Hazırda gündəmdə olan sosial məsafə anlayışını illərdir özüm üçün tətbiq edirəm. Davranışımda, münasibətlərimdə hər zaman məsafə saxlayıram.

- Həmkarlarından fərqli olaraq ailəni, şəxsi həyatını gizli saxlamağa çalışırsan. Mühafizəkarlığından irəli gəlir bu?

- Mühafizəkarlıqdan da əlavə çalışıram, hər şeyə individual yanaşım. Mənim üçün ailə mövzusu çox müqəddəsdir. Bu mənim özəlimdir. Həyat yoldaşımı hamının görməsi vacib deyil. Gərəkli hesab etmirəm. Ailəsi ilə gündəmə gələnlərə də pis baxıram. İnsanlar gördüyü şeylər haqqında daima danışmağı sevirlər. Görməsələr, danışmayacaqlar. Özümüzə aid olanı nümayiş etdirməklə insanlara danışmaq üçün fürsət vermiş oluruq. Göstəririksə, haqqımızda deyilən fikirlərə ağız büzməyə ixtiyarımız yoxdur. Mən ailəmi sənətimdən uzaq tutmağa çalışıram.

- Amma bu yaxınlarda dəbdəbəli evini göstərdin, şou xəbərlərində manşet oldun.

- O artıq başqa şeydi (gülür). Ümumiyyətlə, işimlə bağlı olan nə varsa özümü o yerdə hər zaman güclü göstərmək istəmişəm. Çəkliş üçün gəldilər, qapıdan qaytarmaq etik deyildi. Mən heç vaxt efirdə, hardasa durub ağlamamışam. Çətinliklərimi dönə-dönə vurğulamağı sevmirəm. Belə deyək də, pis günümdən, çətin anlarımdan PR üçün istifadə etməmişəm. Bu gün mənim yaxşı şəraitim varsa, özümü zəif göstərə bilmərəm. Dostla yanaşı, düşmən də var.

- 20 ilə yaxındır bu sənətdəsən. Bu illər ərzində insanlarla münasibətdə özün üçün nəyin doğru, nəyin yanlış olduğunu dəqiqləşdirdin?

- Doğurdan da az zaman deyil (gülür). Bu illər ərzində çox insan tanıdım, gördüm. Hələ görməyə də davam edirəm. Etiraf edim ki, hələ də məni təəccübləndirən insanlar çıxır qarşıma. Elə insanlar olub, onları tanıdığım üçün sevinmişəm, elələri olub məni məyus edib. Amma istənilən halda ruhdan düşməmişəm. Dayımın bir sözü var, həmişə deyir, oğlum, çalış hər pisdən də bir yaxşı şey götür. Pisin də bir yaxşı tərəfi olduğuna inanıram. Bunu dəqiqləşdirmişəm ki, heç kim ideal deyil, nə də son dərəcədə pis deyil.

Gallery

- Ayazın bu gün kasıb təbəqədən olan dostu var?

- Niyə yoxdur? Dostluğun kasıb, yaxud da varlı olmaqla ciddi bir əlaqəsi olmadığını düşünürəm. Dostluqda vacib olan keyfiyyət mərdlikdir. Mən insanlar tanıyıram, heç bir maddi gücü yoxdur, amma cəmiyyət arasında çox böyük hörməti var. Hər zaman elə insanların əhatəsində olmağa can atmışam. Düşünürəm ki, məhz o cür insanlardan görüb-götürəcəyim çox şey var. Pul bu gün var, sabah yoxdur. Bu gün elə imkanlı insanlar tanıyıram, şəxsiyyət olaraq çox bəsitdirlər.

- Şöhrət səni nə qədər dəyişib?

- Zəlimxan Yaqubun bir şeiri var, deyir:

Şöhrət gözlərini qamaşdırmasın
Başında günəşdən tac olanda da

Yəni şöhrət, pul - bunlar hamısı imtahandır. Şöhrətin məni dəyişdiyini düşünmürəm. Heç kim bu həyatda əbədi deyil. Nə də ki, kəfənin cibi olur. Gərək elə yaşayasan, ətrafında olan, səni tanıyan insanların sən haqda fikri müsbət olsun. Ən azından arxanca ürəkdən “Allah rəhmət eləsin” desinlər. Mən bunu qazanmaq istəyirəm.

- Sənətə gələn gündən sanballı mahnılar ifa etmisən. Yüngül, ritmik mahnılar oxuyanda qəbul olunmamaq kimi narahatlığın olurmu?

- Mən bu sənətin akademik təhsilini almışam. Teymur Əmrahdan vokalın, Mənsum İbrahimovdan muğamın incəliklərini öyrənmişəm. Əsasən peşəkar bəstəkarlarla işləyirəm. Amma bu da bir reallıqdır ki, müğənni də sosial insandır. Mən ömür boyu klassik mahnılar, sənət əsərləri ifa edərək dolanışığımı təmin edə bilmərəm. Bu gün internetdə trend olan mahnılara fikir ver. Oxuduğum “Almalarınla”, “Gözlərinin əsiri” yenicə təqdim etdiyim “İki bilet” mahnılarım kommersiya mahnılarıdır. Bunlar sənət əsərləri deyil. Mən altı saat toy məclisi aparıram. Toyda bu qədər vaxtı sənət əsəri oxuya bilmərəm. Səmimi danışaq, heç kim də dinləməz, yorular müəyyən müddətdən sonra. Bizim gəlir yerimiz toydur. Ona görə də bu auditoriyanın istəklərini də nəzərə almağa məcburuq.

Gallery

- Bu sahədə peşəkar olmaq üçün istedad yetərlidirmi?

- Deyil. İstedad şərtdir, amma yetərli deyil. Bu gün ulduz olan sənətçilər var ki, ifalarında kifayət qədər qüsur tapmaq olar. Təhsil şərtdir. İfaçının bilməli olduğu qaydalar var. Düzgün nəfəs almaq qaydaları, ritmi duymaq, oxuduğun mahnının ruhunu hiss etmək. Bunlar çox əhəmiyyətli faktorlardır.

- Bəlkə də şablon sual olacaq, amma düşünürəm, bu suala hər kəsin fərqli yanaşması var. Sənin üçün musiqi nədir?

- Musiqinin insan həyatında inanılmaz təsiri olduğuna inananlardanam. Bu baxımdan da musiqi mənim üçün hər şeydir. Musiqi mənim istirahətimdir. Mən mahnı ifa etdiyim zaman bu dünya ilə bütün əlaqəm kəsilir. Musiqi sevincli, kədərli anlarımın dostudur. Bu gün narkotik maddələrdən istifadə edən gənclərin sayı artmaqdadır. Təəssüf ki, gənc insanlar özlərini narkotikanın aldadıcı həzzi ilə məhv edirlər. Elə hesab edirlər ki, ondan istifadə edərkən həyatdan daha çox zövq almaq mümkündür. Amma inanıram ki, musiqi hər şeydən çox zövq verir insana.

Gallery

- Bilirəm, sevib ailə qurmusan. Bu sevginin sənin sənətinə ən böyük qatqısı nə olub?

- Həyatında əsl sevgi yaşamayan sənətçi lirikanı dinləyiciyə doğru çatdıra bilmir. Bu, heç cür mümkün deyil. Bu baxımdan elə hesab edirəm ki, həyatımda bu boyda böyük sevgi yaşamasaydım mahnıları bu qədər səmimi, duyaraq ifa edə bilməzdim.

- Sənə görə, qadını gözəl göstərən nədir?

- Ağlı. Ağlı olmayan qadın nə qədər gözəl olsa da, çirkin görünür və elə qadınlar heç bir kişini cəlb etmir.

- Həyatda buraxdığın səhvlərin yaratdığı peşmançılıq hissləri ilə necə baş edirsən?

- Məni mən edən səhvlərim və düzlərimdir. Savabımla günahımla bu mənəm. Dietoloqumun hər zaman mənə verdiyi bir məsləhət var: özünü sev! Hər gün güzgü qarşısına keç və de ki, “İlahi məni nə gözəl yaratmısan, nə yaxşı mən varam”. Bu, özünə vurğunluq deyil, Allaha təşəkkürdür. Təbii ki, etdiyim səhvlər olub və bundan sonra da olmayacağından sığortalanmamışam. Günahlarım varsa hesabını yuxarıda verəcəm (gülür). Amma hər şeyə rəğmən xoşbəxt və rahatam. Gördüyüm işi adıma layiq şəkildə etməyə, atama-anama yaxşı övlad, övladlarıma yaxşı ata olmağa çalışıram.

- İllərdir şou-biznes aləmindəsən. Şou yaratmadan gündəmdə qalmağın, tələbatlı müğənni olmağın bir düsturu varmı?

- Məni heç vaxt şou-biznesdə baş verənlər maraqlandırmayıb. Sənət adına baş verən nə varsa maraqlıdır, amma sənətdən uzaq şeylərin içində olmaq xarakterimə yaddır. İllərdir bu mövqeyimi qoruyub saxlamışam. Bunun düsturu sanıram sənətlə məşğul olmaqdır. Sənət varsa hər zaman tələbat olacaq və ucuz şoulara gərək qalmayacaq.

Gallery

- Necə düşünürsən, son illər musiqi sektorunda sənət anlamında ciddi nəsə baş verir?

- Hal-hazırda heç nə baş vermir. Amma elə düşünürəm ki, bundan sonra ciddi dəyişikliklər olacaq. Bugünə qədər hamı bütün işini toy biznesi üzərində qurmuşdu, toya köklənmişdi. Bundan sonra hesab edirəm ki, sırf səhnə sənət üçün yeniliklər olacaq. Biri mən özüm. Mənim son dörd ildə yaradıcılıqla məşğul olmağa zamanım olmurdu. Pandemiya vaxtı mən yeni mahnılar yazdırdım aranjimanlar etdirdim.

- Sənətdə istədiyin yerdəsən?

- Hələ yox. Qarşımda çox məqsədlərim var. Onlardan biri də artıq kilolarımdan xilas olmaqdır (gülür). Sırf səhnə üçün görəcəyim işlərə start vermişəm. Planda konsert də var. Pandemiyadan tezliklə qurtulaq, istədiyimiz kimi işlərimizi həyata keçirək. Normal həyat üçün, səhnələr üçün çox darıxmışam.

- Həyatda ən çox nədən qorxursan?

- Doğmalarımı itirməkdən. O itki qorxusu, allah qorxusu və sevgisi olmasa insan çox cığırından çıxar. Mən həmişə qəlbimdə Allah sevgisi və qorxusu daşımışam. Bir də insanların hörmətini itirməkdən qorxuram.

# 4252 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #