Qıratın eşşəyə çevrilməsi

Qıratın eşşəyə çevrilməsi
17 sentyabr 2020
# 09:00

Kulis.az Rahid Uluselin “Koroğlunun – Məhəmmədhəsən əmiyə, Qıratın – Eşşəyə, Çənlibelin – Danabaş kəndinə çevrilməsi” essesini təqdim edir.

Mən desəm, rəhmətlik Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” əsərində ömürlüyünü xırdaladığı, “dünya işlərindən” əl çəkibən, “ziyarət şövqü” ilə alışıb-yanan Məhəmmədhəsən əmi kafirdir, müsəlman qardaşların xətrinə dəymərəm ki?!

Mən desəm, dünya möminlərinin hisslərinə bərk toxunacaq dərəcədə küfrlü sözlər deyərək, bəşəriyyətin həyatından dini qazıyıb atmağa divanə cəhdlər göstərən, sonda – Allahı danmasının ən şiddət çağında dəli olub ömrünün son on ilini dəlilikdə keçirən Nitsşe elə Tanrının sevdiyi bəndədir, günah etmərəm ki?!

Məhəmmədhəsən əmi qartımış etiqadına bükülərək dinin xurafat qınına girib. Yüz illər boyunca qalınlaşan o xurafat qını Məhəmmədhəsən əminin Allahla birbaşa bağlantısını kəsib.

O, Özündən yuxarı, Allahdan aşağı bütün nəsnələrə – müqəddəslərdən tutmuş qır qazanına, şeytanın hoqqalarınadək – elə uyub ki, az qala Allah yadından çıxıb. İnsanın Allahla bağlılığının ehyası, ləzzəti, diriliyi Məhəmmədhəsən əmiyə yaddır!

Allah dünyanı Məhəmmədhəsən əminin qandığı kimi “fani” yox, əbədiyyətində dəyişən, dəyişməsində əbədi yaradıb. Yaranışın ilahi məqsədlərini vücudu və ruhu ilə duyan İnsan – şəxsiyyətini, evini, ailəsini, ulusunu, dövlətini həmin məqsədlərə uyarca yaratmalıdır – “Allahın Əmri” budur!

Məhəmmədhəsən əmi isə bu məqsədlərdən Allahdan uzaq olduğu qədər uzaqdır. O, nəinki doğma Danabaşını, həmkəndlisi biçarə Zeynəbi, hətta Xudayar bəydən şillə yeyən balaca oğlunu, eşşəyini qorumaqda acizdir...

Zaman və Soy dəyişib: Koroğlu – Məhəmmədhəsən əmi, Keçəl Həmzə – Xudayar bəy, Qırat – Eşşək olub, bəlkə Nigar da – Zeynəb, Çənlibelsə – Danabaş kəndi!..

Məhəmmədhəsən əminin çıxdığı dünya – çəpərinin qırağı, ən əzəmətli insan pozası – çömbəlib oturmağıdır. Dünyanı “fani” sayan həmkəndliləri Məhəmmədhəsən əminin qapalı taylarıdır. Bu “fani” dünya insanları da çömbəlib oturur, çubuq çəkir, ayağa qalxanda qabaqlarında “bir zorba koma kül” qalır, – bu “fani” dünyanın özü kimi. Günlərini tum tək çırtlayıban, səhərdən-axşamacan kül istehsal edən, indisə “Çayxana vətəndaşlarına” çevrilibən güzəran və siyasət saqqızı çeynəyən bu “fani” dünyanın puç müsəlmanları kafir deyil, bəs nədir?!

Bu gün Azərbaycanı yenidən tikmək “Allahın Əmri” deyilmi?!

Nitsşesə Avropa qafasında təlatüm yaratmaqla böyük cihadın əsasını qoydu. Sosial inqilablar yapmaqda, dövlətlərini modernləşdirməkdə, aramsız texnologiyalar tətbiq etməkdə diribaş olan avropalıların üzünə qapıları taybatay açdı. Daim buxovlanan “həyat instinktlərinin” bütün sədlərini dağıtdı. Fanatizmin, mühafizəkarlığın, yıpranmış etiketlərin qonduğu bütün nəsnələrin tozunu silib parıldatdı. İnsanı cızıqda, əsarətdə saxlayan, onun həyat enerjisini azdıran, sümürən elə bir şey qalmadı ki, Nitsşe ona üsyan etməsin.

Nitsşe – “Avropanın Buddası” korşalmış insanlığı “həyat fəlsəfəsi” ilə itilədi.

Əlbəttə, bataqlıqları qurudub çökəyinə dumduru su axıdan hər bir kəs kimi Nitsşe İlahi Ölçüyə görə müqəddəs kişidir. Ancaq Məhəmmədhəsən əmi müsəlmanlığında ifrata vardığı kimi, Nitsşe də fəlsəfə inqilabında ifrata vardı. Sırın-sırın eşələnməyin deyil, həyat enerjisini tam canlandırma, maddi təməlyaratma və mənəvi kamilləşmə ilə Yer üzündə Azadlığı bərqərar etməyin, Cənnəti yaşadığımız planetdə yaratmağın elə Tanrı Məqsədi olduğu fikrindən yan keçdi.

Nitsşe həm də anti-enerjini kükrətdi. “Həyat instinktlərinin” xıltı, bulantısı, yavası da püskürdü.

Bu gün “insan azadlıqlarına” rəvac verən bütün ölkələrdə qadağalı müsəlmansayaq ölkələrdən az olmayan əskikliklər var. Bu gün dünyamız məhəmmədhəsən əmilər və nitsşelərlə, həm də onların astarı ilə doludur. Müasir məhəmmədhəsən əmilər ziyarətə eşşəklə deyil, təyyarə ilə getsələr də, içlərində mənəvi inqilab baş verməyib. Yekəqarın şəhərlərin reklam işığında məmələri, göbəyi, budlarıyla göz qamaşdıran hetera ibtidai cəmiyyətin məsum lütündən çoxmu qabağa gedib?!

Hansı yaxşıdır: “örtüklü” Şərq, yoxsa “çılpaq” Qərb?! Düşünürsən, müdriklər “Qızıl Orta”nı əbəs yerə meyar götürməyiblərmiş...

İqlimindən siyasətinəcən qızan panetin həya pərdəsi – ozon qatıdır, o da bir az deşilib. Gərək insan yer üzündəki oturuşunda-duruşunda, bütün çevrimlərində həyasını qorusun.

Məhəmmədhəsən əmi eşşəyini qoruya bilmədiyi kimi yox...

# 3793 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #