14 yaşda ərə verilən türk qızın Fransa faciəsi – Çağdaş hekayə

14 yaşda ərə verilən türk qızın Fransa faciəsi – Çağdaş hekayə
7 sentyabr 2020
# 15:48

Kulis.az Fransada yaşayan türk yazar Rahime Sarıçelikin “İdxal gəlin”* hekayəsini təqdim edir.

“Ça va[1] Zərrin abla? Bu nə haldır belə?”

Ça va[2], Arzu qızım! Təyyarədə gedirdim, bir qadın huşunu itirib qucağıma düşdü, o qədər ağladım, gözlərim çıxır. Göz-görəti öləcəkdi. Kimi-kimsəsi də yoxdu zavallının. Allah bilir necə qorxmuşdu.”

Zərrinin Arzuya söylədiklərinin arasından xatirələr boy verib Fransaya ilk gəlişinə qədər uzandı. Nə vaxt hava limanına getsə, içinə sıxıntı çökərdi. Hər dəfə qaynı ilə birlikdə ilk dəfə yol getməsi yadına düşürdü. Necə də utanmışdı ondan. Əlini-qolunu hara qoymalı idi? Gəlinlər belə yerdə necə davranmalıydı? Bilmirdi. Hələ də bir idxal gəlin ola... O vaxtlar adının idxal gəlin olduğunu da bilmirdi. Hələ on dörd yaşındaydı. Atasının istəyi ilə tanımadığı birinə ərə getmişdi. Ailə qurduğu adam haqda bircə Fransada yaşadığını öyrənə bilmişdi. O aralar “Görəsən, kimə bənzəyir? Aman-aman, kimə bənzəyir bənzəsin... Hər halda Məhmətdən yaxşıdır. Çünki bu dünyada hər kəs Məhmətdən yaxşıdır.” – diyə söylənib dururdu. Fransadakı qisməti qarşısına çıxmasa atası gözünü qırpmadan Məhmətə verəcəkdi. Üstəlik, Zərrin Məhmətin qızıyla rəfiqəydi.

Nə oldusa, bir gün atası Zərrini Məhmətə verməkdən vaz keçdi. O da anındaca gedib sevincini Qəriblə paylaşdı. Onsuz da bircə Qəriblə dərdləşə bilirdi.

Qəribə yemək apararkən bircə cümlə çıxırdı ağzından:

“Sən mənə dua et, Fransaya gedim! Səncə, necədir oralar? Məhmətin yanından yaxşıdır, elə deyilmi? O qoca axmağı sən də sevmirsən, bilirəm. Hürmə! Al! Bu sənin son ətindir, haaa! Mənə dua edəcəksən, eləmi? Dua et, buradan qurtulum.”

“Zərrin! Gəl, qız!”

“Yaxşı, ata.”

Atası nə vaxt ona səslənsə, içindən bir parça qopurdu sanki. Sadəcə atası deyil, böyük qardaşları da qorxudurdu onu.

“Sabah qaynatan gələcək. Hazırlaş. Toy edəcəyik. Sonra da onunla gedəcəksən.”

Zərrin qaçaraq Qəribə “Sağ ol, Qərib, duan başa vardı!” demişdi. İki günün içində toy da olmuşdu. Bəysiz toy... Ona görə hər şey bir oyun idi. Bəysiz də toy ola bilərdi. Heç kim bunu problem hesab etmirdi.

“Necə gəldiniz, Zərrin abla?”

“Heç nə yemədim. Nə bilim yeməyin içinə nə qoyurlar? Tu vois.[3] Halaldırmı, haramdırmı? Yanımda bir türk qızla bir gavur oturmuşdu. Qızın da nə olduğu bilinmirdi. Yata bilmədim. Yaman da susamışdım”

Mais oui [4]… Zərrin abla! Məhəllədəki qonşular toplaşdı, düşbərə bişirdik. Evə gedincə yeyərik.”

Zərrin qaynatasının evinə ilk gəlişində də düşbərə yemişdi. Yol boyu bir kəlmə danışmayan qayınatasına acdığını deməmişdi. Təyyarədən enər-enməz aclıqdan huşunu itirmişdi. Çox utanmışdı ayılanda. Gəlin də heç huşunu itirərmi? Həm də evləndiyi ilk gün! Yola çıxanda anası dönə-dönə tapşırmışdı. “Sən gəlinsən. Çox danışma!” Qaynata və qaynana yanında yemək də yemək olmazdı. Bunu bilirdi. Anasında görmüşdü. O qədər bu qaydalar haqda dşünürdü ki, ərinin kimliyi haqda düşünməyə vaxtı qalmırdı. O, sadəcə Fransanı görməyə tələsirdi. Əcəba, fərq nə idi? Təyyarədə sarışın bir qadın diqqətini cəlb eləmişdi. Necə də gözəl idi! Qaynatasının qorxusundan çox baxmamışdı. Onsuz da nə danışdığını anlamırdı. Birdən içində Qərib üçün darıxdığını hiss etdi. Qərib xeyli qaçmışdı onu gətirən maşının dalınca. Zərrin bircə onun üçün ağlamışdı.

“İllər necə keçdi?”

Zərrin bu məmləkətdə illərini geçirmişdi. Üç oğlu, bir qızı vardı indi. Yad bir ölkədə uşaqları öz bildiyi kimi yetişdirmək çətin idi. Zərrin özünü şanslı sayırdı. Uşaqları onu heç çətinə salmadı.

Qu'est-ce que tu as dit? [5] Zərrin abla?”

“Heç nə...”

Voilà[6], gəldik Zərrin abla. Bax, Cövdət ağabəy!”

Zərrin ərini süzdü astaca. İlk gələndə də elə etmişdi. Hərçənd ərini gələndən iki gün sonra görmüşdü. Tikintidə işlədiyi yerdən çətinliklə icazə alıb gəlmişdi. Üstü-başı əhəng idi. Üzünə heç baxmamışdı. Zərrin bu evdə nə iş görəcəyini heç soruşmurdu. Qaynanası anasına bənzəyirdi. Evdə heç nə ona yad gəlməmişdi. Hər şey öz evlərindıkilərə bənzəyirdi. Demək, Fransa fərqli bir yer deyildi. Yol gələrkən heç kimin onlara bənzəmədiyini fərq edər kimi olmuşdu, amma bu məhəllədə hamı bir-birinə bənzəyirdi. Bura Türk məhəlləsi deyirdilər. Vacib olan evin içiydi. Qəriblik çəkməmişdi heç vaxt. Gecə qaynanası bir otaq göstərmişdi. Artıq Cövdətlə birlikdə yatacaqdılar.

Diksindi birdən. Bu gün əriylə ilk dəfə yatmasının qırx ili tamam olurdu. Dörd divar arasında keçən qırx il!

Bu qədər zamanın keçdiyini necə hiss etməmişdi? Kayseridən Fransaya… Onun üçün ha Kayseri, ha Fransa…

Həyatı ağaca bağlanmış bir köpəyin duası idi sadəcə.



* - Xaricdə yaşayan türklərin evlənmək üçün Türkiyədən alıb gətirdiyi qızlar

[1] Necəsən?

[2] Yaxşıyam!

[3] Özün bilirsən

[4] Doğrudur.

[5] Nə dedin?

[6] Budur!

# 3753 dəfə oxunub

Oxşar xəbərlər

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 25 aprel 2024
Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
#
#
# # #