Yorucu, banal, keyfiyyətsiz işlərə son qoyaq - Kinotənqidçidən nazirliyə təklif

Yorucu, banal, keyfiyyətsiz işlərə son qoyaq - Kinotənqidçidən nazirliyə təklif
22 avqust 2020
# 08:59

Bir halda ki, Mədəniyyət Nazirliyi bu sahədə görüləcək işlərin keyfiyyətli olması üçün təkliflər gözləyir, bəzi təklifləri səsləndirim.

2011-ci ildən başlayaraq indiyədək Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaddaş” və “Salnamə” studiyalarında Milli Qəhrəmanlar haqda 80-ə yaxın sənədli film istehsal olunub. Bu mövzuda sənədli filmlərin çəkilməsi "Salnamə" kinostudiyasının keçmiş direktoru Böyükağa Məmmədovla rejissor Tahir Tahiroviçin ideyası olub və ildə yalnız 3-4 film çəkmək nəzərdə tutulub. Ki, keyfiyyət aşağı düşməsin.

Milli Qəhrəmanlarla bağlı ayrı-ayrı telekanallar da öz təşəbbüsləri ilə film çəkirlər. Lakin məhsulların çoxu yararsızdır. Bir neçə dəfə Kulis-də bu haqda yazsam da, reallıq mövzuya yenidən qayıtmağa vadar edir. Üstəlik, Qarabağ mövzusunun kinoda da strateji məsələ olduğunu unutmayaq.

Milli Qəhrəmanlarla bağlı filmlərin əsas problemi nədir? Keyfiyyətsiz, banal təbliğata söykənən psevdofilmlərin sayəsində “vətən”, “vətənpərvərlik”, “torpaq” kimi anlayışlar vətəndaş üçün emosional əhəmiyyətini itirib. İllüstirativ təsvir, didaktika, plakat estetikası, ənənəvi yanaşma kimi təsirsiz vasitələr bu filmlərin əsas cəhətləridir. Əksər filmlərin televiziya estetikasında çəkilməsi bir yana, səslənən mətnlər beşinci sinif şagirdinin inşası səviyyəsindədir. Nazirliyin istehsalı olan Pəhləvan Fərzəliyev haqda “Şərəfli ömrün manifesti” (rejissor İltifat Hacıxanoğlu, 2017-ci il) sənədli filmi belə başlayır: “Vətən. Beş hərfdən ibarət söz”. Mövzuya giriş və yanaşmadan hiss olunur ki, müəlliflərin qəhrəman haqda danışılacaq sözü yoxdur, bu, onlardan ötrü yalnız “işdir”. Halbuki, həyatını düşünmədən itirməyə hazır insanlar haqda film ilk növbədə ruh məsələsi, yaradıcılıq aktı olmalı və ümumiyyətlə, sənətin meyarlarına cavab verməlidir. Və keyfiyyətli bədii-estetik yanaşma, “vətənpərvərlik” kimi anlayışları saxta poetik intonasiyadan, klişe baxışlardan arındırmalıdır.

Bunun üçün peşəkar rejissorlar, ssenaristlər işə cəlb olunmalı, qonorar xətrinə, nazirlikdən növbəti film almaq üçün Milli Qəhrəmanlardan film çəkməklə tramplin kimi istifadə edənlər bu sahəyə buraxılmamalıdır. Müharibə mövzusunda hekayə necə nəql olunmalıdır və digər vacib suallara aydınlıq gətirən master klassların keçirilməsi vacibdir. Misalçün, əgər rejissorun əlində qəhrəman haqda videomaterial azdırsa və ya yoxdursa, o, bu master klasslardan əhvalatını maraqlı danışması üçün müxtəlif forma, fənd və estetikaları, bioqrafiya, portret janrında ssenarinin necə yazılması, işlənməsi haqda bilgilər əldə edəcək.

Yeri gəlmişkən, iyul döyüşlərində həlak olan general Polad Həşimovun insanların qəhrəmanına çevrilməsinin başlıca səbəblərindən biri də onunla bağlı təsirli, vurucu, duyğulara toxunaqlı əhvalatların yayılmasıydı. Çünki insan situasiyalarla tanınır və dəyər qazanır. Hazırkı filmlərdə isə bu vacib məqam gözardı edilir adətən.

Misalçün, Mədəniyyət Nazirliyinin sifarişi ilə Vəli Səyyadinin rejissoru olduğu “Bir elin Şahları” (2019, Milli Qəhrəman Şahlar Şükürova haqqındadır) filminin ekspozisiyası ekrana statik daxil olur: qəhrəmanın fotoları, fonda musiqi. Ardınca sıralanmış ümumi müharibə kadrları ilə isə statikliyi poza bilmir. Güman ki, rejissor kəskin kontrastla nəqlində gərginlik, dramatizm effektini əldə etmək istəyib. Alınmayıb ona görə ki, doğru kadrlar və doğru vurğulardan yararlanmayıb. Əhvalatın gedişatında saz musiqisinin sədalarının müşayiəti ilə qəhrəmanın bioqrafiyası dastan intonasiyasında, yorucu diktor mətni ilə danışılır. Halbuki, ilk kadrlar tamaşaçını baxmağa vadar etməlidir.

Milli Qəhrəmanlar haqda keyfiyyətli film çəkən rejissorlardan biri Nizami Abbasdır. Müharibə həm də onun şəxsi təcrübəsi olduğundan o, iztirablarını nəqlinin enerjisinə çevirir. Vətənpərvərlikdən sözlə danışmır, onu təmkinli nəqlinin fonunda aşılayır, kadrarxası mətndən yararlanmır, süjeti elə qurur ki, buna ehtiyac qalmır.

“İlk komandir” filmində Elman Hüseynovun hekayəsi sırf onun döyüş fəaliyyəti əsasında qurulub. İlk kadrlarda onun müharibədən öncə Tərtərdə yüksək vəzifələrdə işləməsi haqda məlumat alırıq. Yəni müəllif qəhrəmanın bütün bioqrafiyasını danışmaq ehtiyacı duymur. O, minimalist işləyir, bir effektiv təsvir həlli və sözlə onun bütün protretini açır.

Azərbaycan kino məkanında portret sənədli filmlər adətən bir neçə klişe üzərində qurulur: qəhrəmanın yaxın adamlarının, dostlarının müsahibəsi, başqa sözlə desək, müsahibə - yəni danışan başlar, anfasdan görüntü, xüsusi informasiya yükü olmayan kadrarxası poetik-pafoslu mətn, bir neçə foto, sənədli kadr və bol, lirik musiqi.

Emin Əfəndiyevin Salnamə kinostudiyasında istehsal olunan Yelmar Ədilov haqda çəkdiyi “Vətən qeyrəti” filmini əlindəki məhdud materiallarla lakonik, mumkun qədər kinematoqrafliyə yaxın işləyib. Danışan başlardan – ənənəvi formalı musahibələrdən çox istifadə olunmayıb . Y. Ədilov haqqında danışan yaxınları, dostları ekranda görünənə kimi müəllif əvvəlcə onlar haqda hərəkətli, natura planları ilə vizual informasiya verir. Məhz bu sadə, realist kadrlar filmə təbiilik gətirir, onu sənədli kinonun mahiyyətinə və qəhrəmana yaxınlaşdırır. Rejissor qəhrəmanın döyüş yoldaşları ilə müsahibə metodundan imtina edib. Onların Y. Ədilov haqda xatirələrini çay süfrəsi arxasında bir növ debat formasında təsvir edib. Kamera da sanki orda təsadüfən peyda olaraq müşahidə edir.
Başqa bir problem odur ki, eyni Milli Qəhrəman haqda iki film çəkilir. Nizami Abbasın Əliyar Əliyev haqda çəkdiyi “Pəhləvan komandir” adlı sənədli filmi olduğu halda, İTV-in onun haqda yenidən film çəkməyinə ehtiyac yoxuydu. Elmar Əli Orucun “Bir qəhrəman vardı” Nizami Abbasın “Pəhləvan komandir” filminə xüsusən dramaturgiya baxımından uduzur.

“Pəhləvan komandir” Əliyar Əliyevin xatirəsinə keçirilən yarışla başlayır. Müəllif əvvəldə onun xatirəsinə həsr olunmuş idman yarışından səsləri müharibə xronikasına proyeksiya etməklə iki fərqli zamanı eyni kadrda paralelləşdirir. Kamera idman yarışını izləyən insanların həyəcanını xüsusi vurğulayır və bu həyəcan seyrçini danışılacaq əhvalatın ritminə kökləyir. Süjetin mərkəzi xətti kimi yarış götürülür. Bütün film boyu yarışdan fraqmentlər görüntülənir ki, Əliyarın güləşdəki təlim metodikasının hərbi fəaliyyətinə tətbiqini qabartmaq üçündür.

Elmar Əli Orucun filmi isə Aztv sayağı yanaşma ilə - nağıl stilsikasındakı mətnlə başlayır: “Biri vardı, biri yox idi. İllər əvvəl gözəl məmləkət vardı. Birdən bu məmləkətin üzərini qara buludular aldı.” Üstəlik, film Əliyar Əliyev haqda yeni nəsə demir. Yəni bunun əvəzində digər qəhrəmanlardan film çəkilə bilərdi.

Amma istisnalar da olur. Yefim Abramovun “Salnamə” studiyasında 2010-cu ildə istehsal olunan, Albert Aqarunova həsr etdiyi “Dostuma məktub” filmi məktub forması üzərində qurulub. Bu poetik filmdə müharibədən çox sülh dövründən danışılır, kadrarxası səs birbaşa Albertə müraciət edərək – keçmişi xatırladır və indidə olanları anladır. İTV-də isə Nəsimi Məmmədoğlu Albert Aqarunov haqda “Cəsur tankçı” filmini çəkib. Nəsimi özü də müharibə iştirakçısı olub, maraqlı işləri var. O, filmində faktoloji tərəflərə önəm verir. Tank obrazını xüsusən önə çəkərək onu obrazlaşdırır. Dinc dövrdə sanki dekorlaşan tanklarla müharibə xronikasındakı hərəkətli tankları paralleləşdirərək məkan, obraz və fəaliyyət kontrastı yaradır.

İTV-də eyni zamanda Vəzir Orucov, Şikar Şikarov haqda filmlər çəkilib. İTV-in təşəbbüsü əladır. Sadəcə, bu işdə maksimum yaradıcılıq olmalı, konveyer üsulu işləməməlidir.

Şikar Şikarov və Vəzir Orucov haqda materiallar var, amma ortada onlara layiq olan film yoxdur.

Hər iki filmin rejissoru Elmar Əli Oruc və ssenaristi Ramil Ələkbərovdur.

Stilistika, nəql texnikası, xaraktersiz diktor səsi (Səməd Hətəmov ), intonasiyasının eyniliyi, təsvirə mane olan musiqi, bioqrafik məlumatların mütləq xronoloji ardıcıllığı bu filmləri bir-birindən fərqləndirmir. Doğru təsvir, pauza, montaj, emosional vurğular sayəsində “danışan başlarla” da qəhrəmanın təsirli hekayəsini danışmaq mümkündür.

Şikarov haqda “Ordunun dayağı” filmindəki final səhnələrindən birində uşaqların pafoslu şeirinə isə ehtiyac yoxuydu. Biz nəhayət ki, uşaqlarımızı Hökumə Qurbanova intonasiyasında, mübaliğəli emosionallıq və artistizmə köklənmiş şeirlər dedirtməkdən çəkindirməliyik.

Yeri gəlmişkən, Şikar Şikarov haqda maraqlı, təsirli bir sənədli epizod filmdə yer almayıb. 1992-ci ildir. Briqada komandiri Nəcməddin Sadıqov (indi Müdafiə nazirinin birinci müavini-S.S.) Ağdərə uğrunda gedən döyüşlərdə həlak olan Şikar Şikarovun ölüm xəbərini belə qarşılayır: “Mən ən əzizi adamımı itirdim. O, qərargah rəisinin müavini kimi ən çətin anda yanımda idi. Bu podpolkovnik Şikar Şikarov idi. Bütün ömrüm boyu onun ölümü mənim çiyinlərimdə olacaq”.

Yəni qəhrəman haqda film hazırlayarkən, onun bütün biqorafiyasının detallarının yer alması əlbəttə ki, lüzumsuzdur. Müəlliflər sadəcə, doğru kadrı, sözü seçə bilməlidirlər.

Qısacası, Milli Qəhrəmanlarla bağlı filmlərin istehsalı eyni mərkəzdə cəmlənməli və peşəkarların rəhbərliyi altında fəaliyyət göstərməlidir. Bu istehsalat mərkəzi lap nazirlik yox, İTV də ola bilər.

1990 cı illərin Qarabağ müharibəsi ilə bağlı materiallar, video, foto, səs yazısı və s. eyni arxivdə mərkəzləşdirilməlidir ki, rejissorlar üçün əlçatan olsun. Müharibə materiallarının əsas qismi Müdafiə Nazirliyinin arxivindədir. Yəni nazirliyin məqbul saydığı, hərbi sirr daşımayan (yəqin ki, belə arxiv Daxili İşlər Nazirliyində də olmamış deyil), ayrı-ayrı şəxslərdə olan, həmçinin AzTv-in arixivində saxlanılan müharibə materiallarının misalşçün, Film Fondunda mərkəzləşsə, rejissorların da işinin keyfiyyətinə də təsir göstərəcək. Çünki rejissorların çoxu üçün bu materiallar əlçatan deyil. Tahir Tahiroviçin sözlərinə görə, təkcə Müdafiə Nazirliyi yox, ümumən digər dövlət təşkilatlarında nəinki material, söz belə almaq çətindir: “Yadımdadır ki, 2010-cu ildə Maestro Niyazi haqqında film çəkirdik. AzTV -dən xronika istədik. Dedilər Arif Alışanov icazə vermir. Biz Kamil Məmmədovla Moskvaya getdik və ORT -nin arxivindən daha keyfiyyətli material tapdıq və bizim pulla 50 manat ödəyib götürdük. Dünyanın ən böyük foto-kino arxivi olan Krasnaqorsk arxivindən çox sadə yolla və ödəniş etməklə istənilən xronikal kadrları əldə etmək olur”.

Nəhayət, Milli Qəhrəmanlar mövzusuna əhəmiyyətli maliyyə ayrılmalıdır. Öyrəndiyimə görə, ayrı-ayrı filmlərə 7-8, 10 min, bəzən də 1800 manat ayrılıb. Milli Qəhrəmanın həyatına həsr olunacaq filmə 1800 manat, lap 7 min manat ayırmaq nə deməkdir?! Əlbəttə, hansısa keyfiyyətdən söhbət gedə bilməz.

Hər halda ümid edirəm ki, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi məsələni diqqətdə saxlayacaq.

# 3388 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
#
#
# # #