writer1

Qan Turalı

Məqalə sayı

228
clock17:09 calendar-gray 26 Noyabr 2012 view-gray2679 dəfə oxunub
view-gray2679 dəfə oxunub

Dünyanı ədəbiyyat xilas edəcək? Heyhat...

Ədəbiyyatın maarifçilik funksiyası varmı? Yoxsa o bütövlükdə estetik hadisədir? Ədəbiyyat əlbəttə ki, incəsənət növü kimi estetikanın tərkibində öyrənilir. Cəmiyyətimizdə ədəbiyyata münasibətə nəzər salaq. Əksər hallarda ədəbiyyat sözünün tərkibindəki “ədəb” sözü önə çəkilir. Əlbəttə, ədəbiyyat sözündə sözün kökünün, ədəbin xüsusi vurğulanmasının öz səbəbi var. Məsələ bundadır ki, ədəbiyyat ərəb sözüdür və ədəbiyyata ədəbiyyat adlandırıldığı zamanlarda ədəbiyyatın əsas funksiyası insanlara ədəb öyrətmək, nəsihət vermək idi. Açın baxın, Nizaminin yazdıqlarına, padşaha verilən öyüdlərdir. Ya da Sədinin “Gülüstan”ına. O dövrün ədəbiyyatı didaktik ruhlu idi, öyüd-nəsihət üzərində qurulmuşdu və ədəbiyyat sözü də o zamanlardan yadigardır.

Gəlin, az qala hər gün işlətdiyimiz bir sözü yada salaq: Şofer sözünü. Şofer sözü fransızcadan dilimizə keçib. Mənası isə ocaqçı deməkdi. İlk maşınlar buxarla işlədiyinə görə maşını hərəkətə salmaq üçün ocaq qalayıb buxar hazırlamaq lazım idi. Yəni, şofer sözü avtomobili idarə edən mənasına gəlmir, burda daha çox avtomobili işə salmaq üçün ocaq qalayan adamdan söhbət gedir. İndi biz bu sözü dilimizə ocaqçı kimi tərcümə etməliyik? Əlbəttə ki, yox. İndi biz hər hansı sürücüyə “sən niyə ocaq qalamırsan?” deyə bilərikmi? Bu çox gülməli olardı.

Eyni konteksdə düşünsək indi ədəbiyyatdan danışarkən ədəb sözünü vurğulamaq da gülməlidir. O dövrün ədəbiyyatçıları ədəbdən çox danışdıqları üçün peşələrini ədəbiyyat adlandırıblar, o dövrün sürücüləri də avtomobili idarə edəni ocaqçı adlandırdıqları üçün peşələri şofer (ocaqçı) adlanıb. Ədəbiyyatın etika yox, estetikaya aid olduğunu başa düşmək üçün məncə bu qədər kifayətdir.

Ədəbiyyatın maarifçilik funksiyası olduğu haqda söhbətlər bu günün məsələsi deyil. Sovetlər 70 il ərzində “incəsənət xalqa məxsusdur” deyərək digər incəsənət növləri ilə birlikdə ədəbiyyatı da siyasi hakimiyyətin ifadəçisinə və təbliğatına çevirmişdilər. Amma məsələ heç də 70 illik məsələ də deyil. Sovetlərdən qabaq fəaliyyət göstərən “Molla Nəsrəddin” ədəbi məktəbi də ədəbiyyatdan xalqı maarifləndirmək, onda təhsilə maraq oyatmaq, dini cəhalətə qarşı mübarizə aparmaq üçün istifadə edirdilər. Bu mənada Sovet sisteminin sonralar onları təbliğ etməsi tamamilə başadüşülən idi. Zira, həm maarifçilərdə, həm də kommunistlərdə ədəbiyyat estetik yox, ictimai məzmun daşıyırdı və hər iki ideyanın ictimai məzmunu eyni olmasa da çox yaxın idi.

Mirzə Cəlil xalqda maarifə qarşı həvəs oyatmaq istəyirdi, buna görə də durmadan yazırdı, məqalələrində xalqı təhsilə çağırırdı, amma Sovet hökuməti bunu faktiki olaraq silah gücünə etdi. Bir dostum danışırdı ki, onların kəndlərində savadsızlığın ləğvi illərində evlərdən adamları silah gücünə savad kurslarına aparırdılar, hətta yolda bir kişi qaçmış, əsgərlər komandirin əmri ilə onun arxasınca atəş açmaq məcburiyyətində qalmışdılar. Bəli, Mirzə Cəlilin duzlu, ironik bəzən isə bıçaq kimi sərt məqalələri xalqa təsir göstərmirdi, təkcə ona görə yox ki, xalq əlifba bilmirdi və “Molla Nəsrəddin”i oxumaqdan məhrum idi (redaktor məcbur olub jurnalda karikaturalar verirdi ki, savadsız əhali də ordan nəsə götürə bilsin, karikaturaları çəkmək üçün azərbaycanlı rəssam da tapa bilməmişdilər, Oskar Şmerlinq adlı alman rəssamı tapmışdılar, tərslikdən o da rusca pis bilirdi, Mirzə Cəlil çəkiləcək karikaturanın məzmununu ona əl-qol hərəkətləri ilə başa salmalı olurdu).

Yox, bu yeganə səbəb deyildi, əsas səbəb o idi ki, ədəbiyyat götürə bilməyəcəyi yükün altına girmişdi və bu yükün altında əzilirdi. Bəlkə bu mənada yazıçılığı bir kənara qoyub fəal inqilabi fəaliyyətlə məşğul olan Nərimanov daha düzgün yol tutmuşdu, xalqın qarşısına bir həkim kimi, bir jurnalist kimi, bir yazıçı kimi çıxanda ona qulaq asmırdılar, amma Xalq Komissarları Sovetinin Sədri kimi xalqın gözündə çox daha ciddi, çox daha sanballı idi. Maarifçilərin bəziləri xalqı yox kralın maariflənməsini daha düzgün hesab edirdilər, onların fikrincə kral maariflənmiş olardısa ölkə də sürətlə dəyişər, cəmiyyətdəki problemlər də ildırım sürəti ilə həll olunardı. Bu mənada dünya tarixində ən maariflənmiş rəhbər bəlkə də Nəriman Nərimanov idi. Onu da zəhərləyib öldürdülər.

İndinin özündə də ədəbiyyat haqqında maarifçi təyinat qeyd etdiyim bu iki səbəbə arxalanır. Lakin indiki situasiyada maarifçilik funksiyasından danışmaq gülünc görünür. Ədəbiyyatla öz ideyasını kütlələrə yayacağını düşünən marksizm iflas etdi. Amma gəlin etiraf edək ki, kommunizm ideallarına inam nəinki aşağı kütlələrə, heç intellektual elitaya da sirayət etməmişdi, bu xülyalar intellektuallarda gülüş doğururdu, sadə xalq isə sadəcə olaraq bu ideyanı anlamırdı. İndi gəlin, məsələni açmaq üçün bir sual verək. SSRİ ədəbiyyatın kommunizm barədə maarifçilik xülyalarını yetəri qədər təbliğ edə bilməməsi ucbatından süqut etdi? Əlbəttə ki, yox. Sosializm quruculuğunu təbliğ edən əsərlərin aşağı keyfiyyəti buna əyani sübutdur, zira bu əsərlərdə ədəbiyyatdan başqa hər şey vardı, ədəbiyyat tarixində bu əsərlər olsa-olsa sosialist realizmi adlandırılan sovet istehsalı olan ədəbi cərəyana misal kimi qalacaqlar. Fakt budur ki, ədəbiyyat öz maarifçilik funksiyasını yerinə yetirə bilmədi, Sovet dövrünün parlaq yazıçıları da kommunizm ideyasına öz əsərlərində xəyanət edən yazıçılar oldular. Bura hətta partiyanın fəal dəstəkçisi Şoloxovu da aid etmək olar.

Maarifçilik Avropada da əslində məğlubiyyətlə nəticələndi. Qədim Romada sərkərdələr döyüşdən qalib qayıdanda onların şərəfinə triumf təşkil edilirdi. Maarifçilik hərəkatı üçün də triumf iki dünya müharibəsi, atom silahı, ölüm düşərgələri oldu. Cəmiyyəti insan zəkasının tələblərinə uyğun olaraq qurmaq cəhdləri son nəticədə fiasko ilə nəticələndi. Elm atom silahı yaratdı, Hegel fəlsəfəsi Stalinin, Nitsşe fəlsəfəsi Hitlerin əlində vasitəyə çevrildi. Fəlsəfədə zəkanın gücünə inam birmənalı şəkildə yoxa çıxdı. Ekzistensializm, intuitivizm aktuallaşdı, bu cərəyanlar zəkanın gücünə, maarifçilərin pərəstiş etdikləri zəkanın gücünə inanmırdılar. Avropada maarifçilik hərəkatının banisi Russo doğulandan düz yüz il sonra Axundov bu dünyaya göz açmışdı, bu mənada biz Avropadan geridə idik, Avropa zəkanın gücünə inamını itirəndə bizim tənqid, ictimai fikir Mərkəzi Komitənin və Moskvanın diqtəsi ilə bu zəkaya inamsızlığı “kiçik burjua fəlsəfəsi” kimi qələmə verdi, amma çifayda... İndi biz müstəqilik, yenə də yüz il gözləməliyikmi?

Azərbaycan maarifçiləri Axundov başda olmaqla tarixdə xalqın gözünü açdıqlarına görə qalmadılar, güclü bədii əsərlər yazdıqları üçün qaldılar, “Molla Nəsrəddin” olmasaydı belə Mirzə Cəlil olacaqdı, bu onun böyüklüyündən bir şey aparmayacaqdı. İndi biz onun “Molla Nəsrəddin” jurnalında xalqa xidməti ilə öyünə bilərik, ancaq həmin o jurnalda yazılan guya kiminsə gözünü açmaq üçün yazılan cari məzmunlu ictimai məqalələr Mirzə Cəlilin bir yazıçı kimi vaxtını alırdı. 28 yaşında “Danabaş kəndinin əhvalatları” kimi Azərbaycan ədəbiyyatında özündən sonra heç kimi çıxa bilməyəcəyi yüksək estetik səviyyədə əsər yaratmış bir yazıçının bu məqalələri xalqa xidmətdən başqa bir şey deyildi və mən ağrı ilə hiss edirəm ki, səmərəsiz xidmət idi, həmin o xalq bu məqalələrdən sonra adam olmadı, yenə də xoruz döyüşdürdülər, fala baxdırdılar, onları maarifləndirmək funksiyasını isə nəhəng dövlət aparatı və zorakı metodları ilə SSRİ yerinə yetirdi.

Ədəbiyyat necə maarifçiliklə məşğul olur. Deyirlər ki, ədəbiyyat insanı gözəl hisslərə səsləməlidir. Amma yüz illərlə ən dahi şairlər ən gözəl sözlərlə insanları xeyirxahlığa, padşahları ədalətə səslədilər? Faydası oldumu?

Deyirlər ki, ədəbiyyat insanları cəhalətdən uzaqlaşdırmalıdır. Amma kitab oxuyan adamın cəhaləti olarmı? Bu cəhalət çox kitab oxumayanlara aid deyilmi?

Müasir dövrdə yazıçılar öz eqolarını şişirtmək üçün ədəbiyyatın ən böyük siyasət olduğunu vurğulayırlar. Ədəbiyyatdan danışmaq, ədəbiyyatın ictimai funksiyasını böyütmək nəyə xidmət edir? Ancaq öz eqosunu şişirtməyə. Yəni, baxın, mən yazıçıyam, yazıçılıq da ən böyük siyasətdir, deməli mən də ən böyük siyasətçiyəm. Bu riyakarlıq deyilmi? Əslində isə ədəbiyyatın heç bir maarifçi funksiyası yoxdur. Bu qədim bir yalandır.

Ədəbiyyatın cəmi bir məqsədi var. O da ədəbiyyatın özüdür. Ədəbiyyat özündən başqa heç kimə xidmət etməməlidir. O cəmiyyətə xidmət edəndə artıq ədəbiyyat olmur, əzəli funksiyasını-ədəbiyyatlılığını itirərək başqa bir şeyə çevrilir. Cəmiyyətə xilası naminə yaradılan ədəbiyyat ədəbiyyatın süqutudur.

Mən bunları yazanda ədəbiyyatın güclü mənəvi-emosional təsir gücünü inkar etmək fikrində də deyiləm. Tamamilə əksinə olaraq mən ədəbiyyatın ictimai funksiyasını inkar edərək diqqəti daha çox ədəbiyyatın fərd üzərində mənəvi-psixoloji təsirinə işıq salmaq istəyirəm. Bəli, ədəbiyyat fərdlərə təsir edir, onlara həyata baxış üçün yeni materiallar verir. Bütün bunları inkar etmək doğru olmazdı, lakin onu cəmiyyətin dəyişməsi, maarifləndirilməsi üçün bir rupora çevirmək cəhdləri hər şeydən qabaq ədəbiyyata, onu yaradan yazıçıya, oxuyan oxucuya ziyandır. Biz sovet ənənəsində ictimailəşdikcə oxucuya yadlaşan, onu iyrəndirən bədii ədəbiyyat nümunələri görmüşük. Cəmiyyətə uzanan, onu nələrəsə məcbur edən ədəbiyyat insanı itirir, insanlığını itirir.

Mən ədəbiyyatın avtoritarizminə inanıram.

İnanıram ki, ədəbiyyat ədəbiyyatla məşğul olanda güclü olur.

İnanıram ki, yazıçı gözəl əsər yaratmaqdan başqa bir niyyəti gerçəkləşdirmək üçün yazanda cılızlaşır.

İnanıram ki, ədəbiyyat cəmiyyət üçün yox, fərdlər üçündür.

Onu istehsal edən də fərdlərdir, istehlak edən də.

Son cümləni Brodskiyə verirəm: “Bəşəriyyəti xilas etmək mümkün deyil, fərdləri isə həmişə xilas etmək olar”.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
19:00 28 İyul 2021
Qobustanda Hindistan qalereyası açıldı
18:20 28 İyul 2021
“Ev dustağıyam” kitabının təqdimatı olub
17:25 28 İyul 2021
Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
16:40 28 İyul 2021
Bakıda yeni fotosərgi açılacaq
16:00 28 İyul 2021
“Nimdaş” müxbirin dönər sifarişi - Ulucay Akif yazır...
15:29 28 İyul 2021
Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi
15:01 28 İyul 2021
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021
Taleh Yüzbəyovdan yeni film gəlir - Fotolar
16:13 27 İyul 2021