news-inner
clock17:52 calendar-gray 15 İyul 2020 view-gray1521 dəfə oxunub
view-gray1521 dəfə oxunub

Karantində başı xarab olan ər-arvad - Cavid Təvəkkül yazır...

Kulis.az rejissor-yazar Cavid Təvəkküloğlunun “Başdanxarablar” hekayəsini təqdim edir.

- Deyəsən, mən sənə yenidən vurulmağa başlayıram axı...

- Nə...?

***

Karantinin on birinci günü idi. O, iki ildir birgə yaşadığı, qanuni xanımına bu sözləri dedi və susdu. Qadın “Nə..?” sualını azı dörd dəfə verdi, amma başını aşağı salıb dayanan həyat yoldaşından, iki illik ərindən cavab ala bilmədi. O elə susurdu…

- Yəni, bu iki ildə sevgi tükənmişdi? Yəni, bu iki ildə sən məni daha sevmirdin? Birgə yaşasaq da, məni sevmirdin, demək... Qadının içində qəzəb olmasa da, səs tonuna bilərəkdən əsəbilik verirdi, amma ürəyində bu etirafa sevinirdi...

O, üzgün halda şam yeməyindən qalan çirkli qabları yığışdırıb, mətbəxə keçdi. Qadın onun arxasınca gəldi və özünü hikkəli göstərərək qarşısına keçdi.

- Xahiş edirəm, izah edəsən... Nə demək idi bu?...

Qadın məğrurcasına düz onun üzünə baxırdı. Nəhayət, o da başını qaldırıb ona baxdı.

Bizə elə karantin lazımmış, deyib, qadının dodaqlarından vəhşicəsinə öpməyə başladı.

Qadın ilk saniyələrdə özünü müqavimət göstərirmiş kimi aparsa da, sonra uzun qolları ilə ərinin boynuna sarıldı. Bu vaxt mətbəxin pəncərəsindən görünən qonşu binalardakı evlərin işıqları yanıb-sönürdü. Bununla insanlar fədakar Azərbaycan həkimlərini alqışlayırdılar. Sevgililər yanıb-sönən bu işıq şousunu görmürdülər.

Onlar qol-boyun birgə yatağa gedəndə səhər altının yarısı idi...

***

İki il idi ki, evlənmişdilər. Bu iki ildə hər ikisi işdən evə gec gəlir, gələn kimi ya telefonla məşğul olur, ya da işdə çatdıra bilmədikləri tapşırıqları evdə işləyirdilər. Demək olar ki, evliliklərinin ilk üç ayını bir yerdə keçiriblər. Sonra isə elə bil heç evli, sevgili deyildilər. Yalnız yatanda bir-birlərini görürdülər. Son iki ildə 20 dəfə dalaşmışdılar və üst-üstə 24 ayın 10 ayını küsülü olaraq yaşamışdılar. Təsəvvür edirsiniz? Bir yerdə yaşayırlar, amma danışmırlar, heç yataqda da ər-arvad kimi deyildilər. Sanki evlilikləri qısa zamanda bitmişdi, yadlaşıb, bir-birlərindən uzaqlaşmışdılar. Günlər onlar üçün darıxdırıcı və mənasız keçirdi...

Belə günlərin birində COVİD-19 təşrif buyurur. Hamı təşviş içində, hər kəs öz sağlamlığını düşünür. Evdən çıxmaq qadağan olunur, bütün idarə və müəssisələrdə iş dayanır. Onlar da məcburən evdə oturmalı olurlar. İstəmədən hər gün, səhərdən axşama kimi, bir-birini görməyə məcbur idilər. Tərs kimi də həmin günlərdə yenə küsülü idilər, yenə danışmırdılar...

Ər qonaq otağındakı divanda, xanım isə yataq otağında yatırdı. Səhər yeməyini, nahar, şamı da ayrı-ayrı yeyirdilər. Ər bütün gününü kompüter qarşısında oturur, qadın isə gah telefonda qurdalanır, gah da güzgünün qarşısında özünə sığal verirdi. Qadının ara-sıra “çörək yoxdu”, “zibili atmaq lazımdı” göstərişlərinə sakitcə tabe olurdu.

Bir-birlərini çox sevsələr də, hər ikisi qürurları qarşısında aciz idi.

Niyə? Dərinə getsək, heç özləri də bu suala cavab verə bilməyəcəklər.

O, xanımından ötrü ölürdü, heç vaxt onun xətrinə dəymək istəmirdi. Mübahisə zamanı nə desə susur, onu kobudlamırdı. Xanımının əsəbiləşdiyini görüb evdən çıxar, yatmaq vaxtı evə qayıdardı. Amma bu da vəziyyətin düzəlməsinə kömək etmirdi. Çünki o evə çatan kimi gənc xanım yenə yüz ilin evdar qadını kimi deyinirdi. O isə yastığını götürüb qonaq otağına keçər, qapını bağlayıb, susardı. Onun bu susqunluğu, hər şeyə təmkinlə yanaşması, qadını daha coşdururdu, amma zilə də qalxmırdı... Ərini sevirdi, onu itirmək istəmirdi.

Əslində qadının əsəbiləşməsinə haqq qazandırmaq olardı. Sevdiyi kişinin evlilikdən sonra belə arxayınlaşmasına məəttəl qalmışdı. Onun sevib-seçdiyi, həmin o “vurub-tutan” oğlanın belə dəyişməsi ilə barışa bilmirdi. Elə davalarının əksəriyyətinə də səbəb bu idi: əri bu iki ildə fağırlaşmışdı, onun hər sözü ilə razılaşırdı, qarın buraxırdı, tənbəlləşirdi, heç bir ideya ilə çıxış etmirdi, daha bazar günləri birgə gəzməyə getmirdilər. Ərinin bütün günü televizorda futbola, “Nat Geo Wild”-ə baxması qadını əsəbləşdirirdi. Axı, o, bu adamı sevməmişdi. Onun sevdiyi oğlan inadkar, fərasətli, “daşdan pul çıxaran” idi. Bəs, indi o oğlan hardadı?!

Onlar bu iki ili deyinərək, susaraq yaşayırdılar. Bir yerdə olanda dalaşsalar da, ayrılmaq istəmirdilər. Belələrinə çox vaxt “başdan xarablar!” deyilir.

Birgə yaşanan on bir günlük karantinin ilk günü uşaq kimi televizora baxmaq üstündə mübahisə etdilər. Qadın filmə, ər isə xəbərlərə baxmaq üçün qadından on dəqiqə gözləməsini istəyirdi. O isə həmişəki kimi yenə aləmi bir-birinə vurdu. Kişi digər otağa çəkilib kompüterin qarşısına keçdi. Qadın heç bir filmə baxmadan televizor qarşısında telefonunu əlinə aldı...

Kişi karantinin ikinci gününü birtəhər yola verməyə çalışırdı ki axşam hamamda lampanın qəfil yanması qadını yenidən “coşdurdu”. Ər yenə də sakitcə otağa keçib qapını arxadan bağladı. Səhər qadın yuxudan oyanmamış gedib yeni lampa aldı.

Karantinin üçüncü günü təəccüblü olsa da, sakit keçdi. O, bütün günü kitab oxudu. Qadın isə deyinməyə bəhanə axtarırdı: “Bu su niyə belə gec isinir”, “Mənim adapterim yenə hara yoxa çıxıb”, “İnternet xaraba yenə işləmir”, “Hamı bizim vayfaydan istifadə edir, heç maraqlanan yoxdur” kimi atmacalarla araya pəlxərclik salmaq istəsə də alınmadı. Əslində, gənc qadının məqsədi dava deyildi. O, darıxır, həyat yoldaşından diqqət istəyirdi...

Karantinin dördüncü günü möcüzə baş verdi. Adətən, o, yuxudan tez oyanardı, amma bu gün nədənsə gec qalxdı. Bu dəfə qadın mətbəxdə ikinəfərlik səhər yeməyi hazırlamışdı. Kişi təəccübünü büruzə verməməyə çalışırdı. Onlar səhər yeməyini birgə yedilər. Axşam da səssiz-səmirsiz televizorda virusla bağlı xəbərlərə, verilişlərə baxdıqdan sonra xanımın seçdiyi əcnəbi filmə baxdılar. Pult xanımda idi deyə, gün sakit keçdi.

Karantinin beşinci günü qadın günortaya kimi yatmışdı. Oyananda burnuna ləzzətli yemək iyi gəldi. Mətbəxə gələn qadın ərinin onun üçün pendirli, toyuq döşü, müxtəlif rəngli tərəvəzlərlə birgə nəsə bişirdiyini gördü. Gözlərində təbəssüm göründü, yaxınlaşıb həyat yoldaşının üzündən öpdü. Naharda çaxır içdilər, dedilər-güldülər, amma “dərinə” getmədilər.

Qadın tez yatdı. Ər də televizorda şirlərin cütləşməsinə baxa-baxa yuxuladı.

Karantinin altıncı günü o qapının səsinə oyandı. Xanımının anası gəlmişdi. Adamın üstündə allah var, musiqi müəlliməsi olan qayınanası çox yaxşı qadın idi. Otağa keçib xanımını oyatdı. Birlikdə nahar elədilər. Virusdan, İtaliyadan üç gün əvvəl qayıtmış xalaoğlunun karantindən yayınıb evə gəlməsindən, Çindən, vaksinlə bağlı dedi-qodulardan tutmuş, 5G-yə kimi hər şeydən danışdılar. Qayınana gedəndə artıq gec idi. Bu günü də belə keçirdilər...

Karantinin yeddinci günü getsin gəlməsin. Havasızlıq problemindən başlayan dava sonda koronavirusun məhz onun fərsizliyi ucbatından gəlməsi ilə bitdi. Bu dəfə o susmadı. İki il ərzindəki susqunluğunu pozdu. Qışqırdı, bağırdı! Bir-birinə söz verdilər ki, karantindən sonra ayrılacaqlar!

Karantinin səkkizinci günü demək olar ki, bir-birini görmədilər. Hərə bir otağa çəkilib tənha qaldı.

Karantinin doqquzuncu günü də təxminən eyni keçdi. Bircə axşamtərəfi dönər gətirən kuryer onları qapıda görüşdürdü. Məlum oldu ki, kuryer səhv gəlib.

Karantinin onuncu gününün səhərini sakit keçirtdilər.

Xanımının əynindəki yasəmən rəngli don diqqətindən yayınmadı. Bu donu özü seçib almışdı xanımına. Qadın günortaya yemək hazırladı. Birlikdə nahar etdilər. Axşam da qanqaraçılıq olmadı. Hətta televizora baxanda eyni zamanda hər ikisi də pultu götürmək istəyəndə əlləri toqquşdu. Qəfil təmasdan ikisi də duruxdu, baxışları toqquşdu. İkisi də əlini çəkib bir-birlərinə güzəşt etdilər. Amma gecə hər kəs öz otağına çəkilib yatdı.

Karantinin on birinci günü o, səhər tezdən oyanıb SMS vasitəsiylə iki saatlıq izn alıb evdən çıxdı. Açıq gül dükanı tapmayıb tanımadığı bir restoranın qarşısında əkilmiş yaz güllərini dərdi. Mağazadan meyvə, ərzaq, çaxır aldı. Qapını açanda xanımını qarşısında gördü. Əvvəl çaşdı, bilmədi neyləsin. Taxdığı maskadan üz cizgiləri görünməsə də, sevgi dolu gözləri onu ələ verirdi. O, çiçəkləri sevdiyi xanıma uzatdı. Xoşbəxtlikdən xanımın üzü güldü. Gənc qadın işvə ilə gülləri alıb, məhəbbətlə ərinə baxdı.

- Görəsən, bu güllərdə virus yoxdu? – xanımının zarafatla verdiyi bu suala ikisi də güldü.

– Hamama, tez hamama. Əllərini yu, sonra da spirtlə! - xanım bu sözləri sevgi, şəfqət dolu baxışlarla dediyi üçün sözlərdəki amiranəlik hiss olunmurdu.

Onlar bütün günü deyib güldülər. Kişi axşama şam yeməyi hazırladı, qadın isə masanı bayramsayağı bəzədi. Şam bitdikdə birgə masanı yığışdırmağa başlayanda xanımına baxdı...

***

Karantinin on ikinci günü. Ev telefonu zəng çalanda artıq günorta idi. O, yuxulu-yuxulu gəlib qonaq otağındakı telefonu götürdü. Eşitdiklərindən duruxub qaldı. Sakitcə dəstəyi asıb, yataq otağına keçdi. Saçları dağınıq halda, dünyadan xəbərsiz uşaq məsumluğu ilə yatmış xanımını oyatdı:

- Həkimə getməliyik... Təcili...

Səsi elə bil dərin quyudan gəlirdi. Qayğılı baxışlarla xanımına baxdı.

- Anangili də aparıblar, deyirlər, siz də gəlməlisiniz. Anan da bizdə olub. İtaliyadan gələn xalan oğlu yoluxdurub...

20.04.2020

news-inner-user

16034 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020
“Qarabağ şikəstəsi”nin şikəst Qarabağıyıq - Qardaşxan Əzizxanlının şeiri
15:09 01 Avqust 2020