news-inner
clock17:29 calendar-gray 10 İyul 2020 view-gray1696 dəfə oxunub
view-gray1696 dəfə oxunub

Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...

Kulis.az İlham Əzizin saytımızda yayımlanan “Xəsil adam” hekayəsi haqda yazıçıların fikirlərini təqdim edir.

Əkrəm Əylisli

Əkrəm Əylisli “Kulis”dən nə xahiş etdi?

İlham Əzizin hekayəsi haqda qısaca bunu deyə bilərəm ki, hekayənin sanki əti, sümüyü var, ancaq qanı yoxdur. Mənə görə, yazıçının hər yazısında onun yazıçı ürəyinin heç olmasa bir zərrə qan ləkəsi olmalıdır. Məndən ötrü burası yazıçı istedadının əsas göstəricisidir. Ana dilimizdə ürəyin istəyincə yazmağı bacarmağın şərti işarəsidir. Dostumuz İlhamın hekayəsində də məhz bunu axtardım, ancaq tapa bilmədim. Hekayə məni tutmadı, sevindirmədi. İlhamın bundan sonrakı hekayələrinin bundan uğurlu olacağına ümidim var.

Azər Abdulla

Azər Abdullanın kitabı çap olundu

İlham bəyin "Xəsil adam" hekayəsini maraqla oxudum. Hekayədəki detallar təbii və inandırıcı idi. Sonluğu da gözəl. İki yazar dostuma bu hekayəni oxumasını demişəm. İlham bəyə uğurlar!

Alpay Azər

Oğlunu itirən atanın sərgüzəştləri – Alpay Azərdən yeni hekayə

İlham Əzizin özünün də dəqiq dediyi kimi, bu hekayə onun nəsrdə pasportudur, hərçənd, ona qədər də bir neçə hekayə yazıb. Bu mətn bəlkə də müstəqillik dövrü Azərbaycan hekayəçiliyində ən orijinal "şəhid atası" obrazının yaradıldığı ən güclü mətndir. Boyca balaca Malikin bircə oğlunun "boylu-buxunlu, yaraşıqlı" olmasına sevinməsi, ona ümidlər bəsləməsinin fonunda, hekayənin o cür kədərli, faciəli sonluqla bitməsi ilə də ("Malik də çiynini vermək istədi tabutun altına, boyu çatmadı, əllərini qaldırdı, tabutu başı üstündə çələng kimi tutdu" - A.A.) hekayənin uğurlu bədii həlli tapılır. Bir sözlə, bu hekayə kədərin və faciənin qısa şəkildə olan söz simfoniyasıdır.

Şərif Ağayar

İçərisindəki “Microsoft”u təzələməlidir - Yazıçılar Cavid ...

Özünü mətnindən əvvəl tanıdığım nadir adamlardandır ki, məni təəccübləndirib. Bəziləri deyir, dostlarınızı yayımlayırsınız. Biz dostları yayımlamırıq, mətni bizi razı salan adamlarla dostluq edirik. İlham Əziz bu mənada istisnalardandır. Yəni münasibətimiz yazılarından qabağa təsadüf edib. Lakin onun oxucu kimi çox həssas olduğunu bilirdim. Onunku adi oxuculuq deyil. Detalları yazıçı kimi görür, tutur və ən başlıcası bunu yazılarında, söhbətlərində obrazlı dillə, çox uğurlu ifadə edir. Buna dilimizdə yarasa həssaslığı deyirlər. Yəni bədəniylə hiss eləmək... “Xəsil adam” hekayəsi düşündüklərimin sübutu oldu. Hekayəni əvvəl özüm üçün, bir müddət sonra yazı yazmaq üçün oxudum. Hər ikisində elə bil nəğmə dinlədim. Kimsə bu fəndlərin, hadisələrə bu tərzdə poetik yanaşmanın yeni olmadığını iddia edə bilər. Amma unutmayaq, məhz ciddi ənənəsi olan üslubda seçilmək, fərqlənmək, bu dərəcədə xoşa gəlmək asan deyil. İlhamda mətləbin mabədi var: ədəbiyyata çevriləcək materialı yüz addımdan tanıyır. İfadə etməkdə isə, nə danaq, mahir yazıçılar kimi davranır. Uğurlar arzu edirəm və yeni-yeni hekayələr gözləyirəm.

İlqar Kamil

Vaxt getdi, ardını siz yazın... - İlqar Kamil yazır

İlham Əzizovun "Xəsil adam" adlı hekayəsini ən xəstə günlərimdən birində, sistem altında oxudum, əsər mənə necə təsir elədisə qəfil kefim duruldu, uşaqları çağırıb "dondurma istəyirsiz? - soruşdum, çevrilib mat-mat analarına baxdılar - ana, sən ataya nə iynəsi vurmusan?”

Sözün belə gücü var, bəli, söz insanı dəli də edər, ağıllı da, hətta öldürər də. Məsələn, İmam Əlinin Nəhcül-bəlağə kitabında "Həmmam" adlı bir xütbəsi var, mən ona "öldürən xütbə" deyirəm. Həmmam adlı səhabə gəlib imamdan Allah adamlarının əlamətlərini soruşur, imam onu qısa cavablarla nə qədər yola verməyə çalışırsa, adam əl çəkmir. Xütbəylə, onun məzmunu, gücüylə işim yoxdur, bununla da işim yoxdur ki, adamın (Həmmamın) xütbənin sonunda ürəyi partlayır, mənim diqqətimi çəkən imamın bu qeyri-adi ölümə münasibətidir: "Təbiidir, söz öz əhlini bu hala qoyar". Söz sözdürsə, əlbəttə, adamı güldürər də, hallandırar da, küçələrə də salar. İlham bəyin "Xəsil adam"ını belə güclü sözlərdən hesab edirəm, həm də ona görə ki, hekayə başdan-başa psixologiyadı, şəxsən mən o hekayəni ikinci dəfə oxuyanda Amerikalı psixoloq Leon Festingerin "Sosial müqayisə" nəzəriyyəsini xatırladım. Sitat: "Arada yatağın aşağı tərəfinə sürüşürdü, ayaqlarını cütləyib dabanını Minayənin dabanına tən qoyurdu, bu vaxt görürdü ki, başı Minayənin başından bir dirsək aşağı düşdü. Minayənin başı yastıqda qaldı, öz başı döşəkdə. Tez sürünüb başını Minayənin başıyla yanaşı qoyurdu. Otaqda başqası olmasa da, bu vəziyyəti heç Allahın da görməsini istəmirdi. Həmin həngamə hər gecə davam edirdi".

Özüylə didişən adamları (buna psixologiyada introspeksiya deyirlər – İ.K.) sevirəm, Maliki də məhz ona görə sevdim.

Alik Əlioğlu

Gənc şairdən gözəl bir ata şeiri

İlhamın “Xəsil adam” hekayəsi ilahi nəfəslə yazılıb. İndi İlhamdan Malik haqqında danışmağını istəsən, yazdığından başqa yeni heç nə deyə bilməyəcək, çünki rasional düşüncəsini işə salacaq. Hekayəni isə vəhy kimi yazıb. Dəfələrlə çay içdiyimiz yerdə, İlhamın duruxduğunun, daha sonra telefonu çıxardaraq hekayənin ortasına və ya əvvəlinə nəsə əlavə elədiyinin şahidi olmuşam. Malikin xarakteri, keçirdiyi hisslər, içindəki sıxıntı İlhama diktə olunub. Ona pıçıldayıblar ki, burasını da yaz, filan yerini də yaz. Sözsüz ki, istedadlı mətnlər məhz belə yaranır. Hekayəni yazdığı ərəfədə İlham təsvir elədiyi xəsil adamın ağrısını kürəyində daşıyırdı, oturub-durub onu düşünürdü, hekayənin yaratdığı ağır auradan çıxa bilmirdi, Malik onun doğmasına çevrilmişdi.

Bu hekayə, bədii mətn kimi, çox gözəldir. Təsvirlər, deyərdim ki, möhtəşəmdir. Boyunun balacalığına görə Malikin uşaqlarla yanbayan getməkdən utanması, özünü kola oxşatması, xəsil zəmilərlə dərdləşməsi, yallı oynayanda uşaqların əli boşa getməsin deyə barmaqlarının ucuna qalxması çox gözəldir, tapıntıdır. Minayənin donundakı güllərin situasiyaya uyğun təsviri hekayənin iki yerində çox gözəl işlənib və təsirli atmosfer yaradıb. "Malik ta evlənənəcən nə toya çağırılmışdı, nə də toyda oynamışdı, elə mağarın yırtıq yerindən baxmışdı toyxanaya. Dünya Malikə elə o mağar yırtığı qədər sevinc bəxş eləmişdi. İçində yanıb-yaxılsa da, dərdini deməyə kimi kimsəsi olmamışdı." - adamın özünə inamsızlığını, təkliyini, gücsüzlüyünü çox gözəl təsvir edib. Malikin xarakterini peşəkarcasına açıb. Sonda baş qəhrəmanın kölgəsinin uzanması, canının rahatlaması oxucuya da bir dinclik verir. Boyunun balacalığını dərd edən Malik, əslində faciənin nə olduğunu oğlu öləndən sonra başa düşür. Sonda baş qəhrəmanın kölgəsinin böyüklüyünü təsvir edən yazıçı, zənnimcə, insanın fiziki deyil, mənəvi ucalığının daha vacib olduğuna işarə edir.

Sərdar Amin

Elzanın başındakı qıjıkimilər - Sərdar Amin yazır

Məni nəsrdə əsas üç şey cəlb edir; atmosfer, poetika, dramaturgiya... Yazıçı maestro kimi prozanın bu vacib üç simindən birinə toxunmasa, düşünürəm, nəticə lazımi effekt vermir. Bundan əlavə özünə iz qoyan qələm adamları, təbii ki, gəzilməyən yerlərdə dolaşmaq istəyir. Yeni süjet xətti, yeni obrazlar, yeni situasiyalar, yeni təşbehlər və metaforalar yazıçının söz meydanında olmasını və davam gətirməsini təmin edən səbəblərdir.

Bəllidir ki, bu gün ənənəvi tərzdə yazmağın danılmaz çətinlikləri var bu janrlarda seçilmək hər qələm adamının bacarığı çərçivəsinə yerləşmir. Çünki səhnə nə qədər geniş olsa da, hər tərəfi ustadlar gül çiçəklə doldurub. İndi gəl, bu rəngarəngliyin içində öz xrizantemalarını bitir.

Son zamanlar həmin gülüstanda öz mütəvazi çiçəklərini bitirməyi bacaranlardan biri İlham Əzizdir. Onun bir neçə hekayəsinin redaktoru olduğumdan təkcə yeni mətni olan “Xəsil adam” bardə deyil, ümumilikdə onun tərzi haqqında qısa fikirlərimi bildirməyə çalışacam.

İlham Əziz eyni mətndə yuxarıda qeyd etdiyim üç əsas simdən ən azından ikisinə hakim olmağı bacarır. Nəinki simləri dınqıldadır, bəzən uzun illərin sənətkarı kimi sarı simdən nalə qoparır.

“Xəsil adam” hekayəsində Malik arvadına ömür xətkeşi kimi baxır. Arvadı ilə yanaşı uzananda aralarındakı boy fərqinə kimsə şahid olmasa da, bu mənzərəni Allahın belə görməsini istəmir. O, pis adam deyil, amma əksər balacaboylar kimi hikkəsi yerə-göyə sığmır. Hər nə qədər boyunun qısalığına haqq qazandırsa da, içində Allaha qarşı üsyanı var. Təklikdə özü kimi qısa kölgəsinə qeyzlənən, ona təpik atan xəsil adam sonradan şəhid olan oğlunun yerinə keçərək ömrünə “ayrı görkəmdə” davam edir. Oğlu Həmzənin dostları ilə yallı gedəndə, onların sevgi söhbətlərinə qulaq asanda bəlli olur ki, əslində Maliki yandıran təkcə boyunun qısalığı deyilmiş, daha çox balacaboy olduğuna görə uşaqlıqdan təklənməsi, sıraya alınmamasıdır. O, heç kimin siyahısında yox idi. Hətta düşünürdü ki, Allah da onu unudub. Lakin Həmzə atasının boyu qədər qısa ömründə elə işığa sahib olur ki, onun şəfəqləri altında uzun illər məktəbdən çıxan uşaq selində boğulan atası cəmiyyətə qarışır, həmin işığın şəfqətiylə xəsillik zəmiyə çevrilir. Və belə sabahların birində o kölgəsinin uzanıb kəndin başındakı yola çatdığını görür. Günəşlə kölgəsinin arasına girməkdən utanan Malik qalxdığı dikdirdən enərək evə - Minayənin yanına qayıdır. Kim bilir, bəlkə də, Malikin kölgəsini uzadan təkcə Günəş yox, elə həmin işıqdır.

İlham Əzizin ədəbi mühitdə maraq doğuran cəhətlərindən biri onun mətnə xeyli gec başlamasıdır. Əksər tanışların ona dəfələrlə, “a kişi, belə yazmağı bacarırdınsa, bu günə qədər niyə yazmırdın?” sualını verdiyini eşitmişəm. Bunun səbəbini ona daha yaxın bir adam kimi mən yaxşı bilirəm. Bu təvazökarlıq və ədəbiyyata olan fetiş rəğbətdən doğur. İlham üçün mətn çox müqəddəsdir. O, şeirlə, mətnlə ən çox ağlatdığım adamdır. Üç gözəl sözü ardıcıl düzə bilsən, gözləri dolacaq.

Təvazökarlıq insanın dolub-daşmasına vəsilə olan ən təbii hissdir. Bəlkə də yeganə nemətdir ki, onu insana Allah yox, özü qazandırır. Allah deyir, təvazökar ol. Yəni istəmirsən, olmaya da bilərsən. Təvazökarlıq vergi deyil, davranışdır. Düzdür, bu davranışı formalaşdıran səbəblər vergi ola bilər, amma aydın bir davranış tərzi olduğu üçün məntiqlə hər kəs bunu bacara bilər, lakin potensialı çatsa. Orta əsrlər Fransız yazıçısı Laroşfuko deyir, düşmən istəsəniz, dostlarınızı keçməyə çalışın. Dost istəsəniz , buraxın, dostlarınız sizi keçsin. İlham Əziz mətni istisna, hər şeyini dostlarına keçən və iddialarını sinəsində bəsləyən adamdır. Bədii mətnə gec başlamasının hər nə qədər dezavantajları varsa, burda əvəzsiz bir qazanc da mövcuddur; yetərincə təcrübə, mütaliə və həyat hekayəti. İlham Əziz ədəbiyyata dodaqyeri qoymadan gəlib, çayını körpüdən aşıraraq.

Rəvan Cavid

Rəvan Caviddən yeni kitab

Mən "Xəsil adam"ı ilkin variantda da oxumuşam, dərc olunan variantda da. Məni təəccübləndirən İlham Əzizin özünü bu qədər ciddi redaktə etməsidir. Çox vaxt bu təhkiyədəki hekayələri bəyənmirəm. İstisna hallar da olur. Hekayəni təhlil etməyə gərək duymuram. Dəyərli tənqidçimiz Cavanşir müəllim yazı yazmışdı. Gözəl hekayədi. Uğurlar.

news-inner-user

16143 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020