writer1

Sərdar Amin

Məqalə sayı

55
clock13:02 calendar-gray 06 İyul 2020 view-gray24254 dəfə oxunub
view-gray24254 dəfə oxunub

Mahmudun dəfnindən gecikmiş reportaj

O səhər səbəbsiz ağlamaq istəyirdim. Heç tanış olmayan bir əhval! Bu əlvida nidası hardan gəlmişdi ürəyimə, bilmirdim. Hönkürmək üçün bəhanə gəzirdim.

Səhər saat 10-da oyanmışdım. Gözümü açan kimi ürəyim bayquş yuvasına dönmüşdü.

Bir neçə mahnını yoxladım, ağlada bilmədi, ardınca “Haydar, Haydar”! Ağlamaq tutdu...

Ağladıqca arabir telefonumun ekranındakı əksimi görür, özümə yazığım gəlirdi. Yəqin havalanırdım...

Xeyli, xeyli ağladım!

Ömər Xəyyam yazdı... Yazdığına baxmadan bildirişi telefonun ekranından sağa sürüşdürdüm. Oxusaydım, özümə gələcəkdim. Gül kimi ağlayıram, kimsə mane ola bilməz! Heç Ömər də! Mahnıya bir az da səs verdim: “Ondörtbin yıl gezdim, pervanelikte...”

Gördüm əl çəkmir. Burnumu çəkə-çəkə mesajı açdım.

“Mahmud ölüb”.

Əhvalımı pozmadan mahnıya davam elədim. Yenə yazdı... Başqalarından mesajlar gəldi:

“Sərdar, xəbərin var? Doğrudur?”

Mən də bəhanə axtaran adam, qulp tapıb ikisindən də küsdüm. Biz belə oyunları tez-tez qururduq: “Mahmud itib”, “Ömər evdən çıxıb, geri qayıtmayıb”... Amma bu qələti bir yerdə eləyirdik. Bəs, bunlar məni ofsaydda qoyub ikisi niyə belə oyun qurublar? Mən xamam? Gedib hoppansınlar!

“Sıtkı ismini buldum, divanelikde... Kırkların ceminde – Haydar, Haydar - dara düş oldum”.

Bir az da ağladım.

Əziz adamlar zəng eləməyə başladı... Səbəbini bilirəm, götürsəm, gərək düzünü deyəm. Deməliyəm ki, oynayırlar. Götürməsəm də, hörmətsizlik olar.

Ömərə yazdım: “Birincisi, mənsiz qələt eləyirsiz, belə iş görürsüz. İkincisi, oynayırsız, cəhənnəmə oynayın, mənə deyin, telefonu söndürüm, camaat zəng eləyir. Yoxsa düzünü deyəcəm.”

Cavab həmən gəldi: “Atamın goru haqqı, Mahmud ölüb”.

Ömərin bəlkə də yeganə dürüst and yeri atasının gorudur. Bəs niyə belə desin?

Bu andın üstündən artıq sual da verə bilmirəm. Amma əminəm ki, yalan deyirlər. Görəsən, Ömər bu andın altından necə çıxacaq?

Maşını birbaşa Mahmudun evinə sürdüm. Həyətdə uşaqlar topla oynayır. Böyüklər yoxdu. Şükür! Demək, salamatçılıqdır. Liftdə 16 nömrəli düyməni sıxıram, qalxır… Blokda sakitlikdi. Son mərtəbəyə piyada çıxıram. Mahmudun qapısının yanında telefonla danışan kişinin səsi gəlir:

“İsmayılın böyük oğlu rəhmətə gedib... Mahmud...”

Bəsdi!

Oldu!

İnandım!

Məni tanımayan bir adam niyə belə zarafat eləsin? Qışqıra-qışqıra geri qaçıram. Arxamca kimsə deyir, yəqin dostlarındandı, yazıq. 34 qat pilləkəni inildəyə-inildəyə düşürəm. Bayaqdan o qədər ağlamışam ki, gözümdən yaş gəlmir.

Ömərin yazdığı ünvana sürürəm.

Düşünürəm, yəqin kliniki ölüm keçirib. Axı dünən gecə saat 11-ə qədər bir yerdə idik. “Sabah saat 5-də yaxşı yeyib içəcəyik” - deyib ayrılmışıq.

Ölə bilməz!

Ömər morqun həyətindədi. Onsuz da yetimdi, indi əsl yetimə oxşayır. Tozun içində oturub, ağlayır, əlində də tüstüləyən siqaret. Onu görəndə ağlamaq tutur məni, qucaqlaşırıq... Mahmud, Mahmud…

Həkimin yanına qaçıram.

- İçəri olmaz!

Sonra halımdan anlayır:

- Gəl.

Mahmudun yanına keçirik. Hələ üzünü açmağa ürək eləmirəm. Sağ qoluna baxıram. “Nakolka”sından tanıyıram, odu. Amma hər gün tutduğum, qucaqladığım, itələdiyim qol deyil. Yavaş-yavaş soyuyur, bərkiyir. Bu qol heç vaxt belə olmayıb. Deyəsən, nəsə başqa bir şey baş verir.

Ölmək istəmirdi. Üç-beş gündən bir deyirdi, cavan ölməkdən qorxuram. Atam da cavan ölüb. Mən də tez öləcəm. Amma istəmirəm. İstəyirəm, yazım, film çəkim.

Mən deyirdim, əmin ol, ürəkdən gedən deyilsən. Qara adamlar ürəkdən ölmür.

İlham Əziz də bu vaxt deyirdi ki, sən keçmişdə yaşasaydın, cüzamdan, vərəmdən ölərdin. Ürək nədi?

Morqda xeyli gözləyəndən sonra Mahmudu bir qara maşına qoyub yol alırıq Muğanlıya...

Gallery

Gedə-gedə bir yandan olanları başa düşüb xısın-xısın ağlayırdım, bir yandan da gözləyirdim ki, indicə qarşıdakı maşın saxlayıb deyəcək ki, Mahmud ayıldı. Yalandan belə eləyirmiş.

Yolboyu gah ağlayır, gah da Mahmudun bizi ələ salmasını, lətiflərini xatırlayıb dəli kimi gülürdük. Belə şey olar? Gecə ayrıldıq, "ağıllı olun" - dedi, işə getdi... İndi avqusta dəvət elədiyi kəndlərinə aparırıq Mahmudu. Üstünə qoyduğumuz buz parçaları da əriyib axır üstünə.

Barı intihar etsəydi, əsəbiləşərdik, bir az söyərdik, sonra da “öz qərarıdır”, deyib bəlkə də toxtayardıq. Belə yazıq-yazıq ölmək olar?

Axı, bir adam daha neçə dəfə deməli idi ki, ölmək istəmirəm!

Daha neçə dəfə xatırlatmalı idi ki, fələk səsini eşidə?

Bir yandan da düşünürdüm: kişi kimi ürəyi partladı, böyük kişilərdən olduğunu sübut elədi. Hələ tam soyumayan təninə də and içdim, dedim, onu öldürən səbəblərin axırına çıxmadan ölməyəcəyik!

Yolda telefonu açıb qrupdakı son söhbətlərimizi təkrar oxuyuram, atdığı mahnını açıram: “Əbədi ağrılar” – Kamil Hacıyev, Vüqar Həsəni... “Qaçdıqca boğuldu dərimin üstü tərimdən, bezdim şəhərin saxta əmək tüstülərindən...” Nə qədər gözəl ifadə edir Mahmudu! Bizimlə paylaşdığı bu mahnıya heç reaksiyada da verməmişik... Yenə ağlamaq tutur məni...

Kəndə yaxınlaşdıqca hava dəyişir, göy üzü qap-qara qaralır. Muğanlının səmasında yupyumru qızartı peyda olur. Sonra qızartı partlayıb üfüq boyu dağılır... İnanmazsız! Amma həmin şəkli saxlamışam.

Gallery

Leysan başlayır, anidən də bitir. Mahmudun bizə qazandırdığı yadigar adam – qrup yoldaşı Faiq maşını saxladır.

- Uşaqlar. Qoy, Mahmud çatsın kəndə, biz sonra gedək. Rəna xalanın səsinə ürəyim dözməz.

Təbii, bu dəhşəti görməyə heç birimizin taqəti yoxdur.

Biz Mahmudun, demək olar ki, hər gün tarif etdiyi – getməsəm də, hər daşına bələd olduğum kəndinə çatırıq.

Həyətlərində əsl qiyamətdir…

Qadınların naləsi ürək qoparır.

Kənarda çökürük. Qadınların hərəsi bir cür ağlayır. Bir səs onlardan xeyli asta, amma durmadan “Ay Mahmud, ay Mahmud…” deyir. Bu nalə deyil, bu adam inamla səsləyir. Bu səslə sağ adamı çağırarlar. Bəlkə də hamımız gözümüzü yumsaydıq, Mahmud səsə bir anlıq qalxıb anasını qucaqlayar, yenidən ölərdi.

Gallery

Sonra hamımız yoldaşı Könülün səsinə hönkürürük. Bu, nənələrin köhnə kişilər üçün etdiyi vay-şivən deyil. Həmin dildə ağı bizə yaddır. Biz bu sözlərlə hələ sevgililərimizi əzizləyirik. Mesajla yolladığımız oxşamaları indi ağıda eşidirdik. “Sevgilim, canım, həyatım, dur daha, bəsdi…”

Mahmud, sonra yavaş-yavaş qadınlar başından çəkildi. Bircə anan qalmışdı, onu da gecə yarısı zorla çəkib apardılar evə. Amma səhərə qədər eyni inamla səni səslədi.

Faiqin ayaqları şişdi. Ömər yoxa çıxdı, bilirsən onu. Ortancıl qardaşın sənə oxşayan üzünü bizə qısqanırdı elə bil, ovcuna alıb səhərə qədər oturdu yanında. Bəlkə də öldüyünə tam əmin olsaydım, mən səhərə qədər durmazdım yanında. İnan, hər an tərpənəcəyini düşünürdüm. Heç kəsə deməmişəm, əlin bumbuz idi, amma iki dəfə tərpəndi. Desəydim də, inanan deyildilər.

Səhər səni yuyub aldıq çiynimizə. Elə tələsirdik ki… Malayağı vaxtının tozanağından qoparmışdıq. Arzuladığın kənd qoxusu yayılmışdı səni apardığımız yollara.

Gallery

İndi səni torpağa dən kimi basdırdığımız andan 1 il keçdi - xatirələri yazıya gətirən, qanı mürəkkəbə çevirən 1 il. Mən bilirəm, sənin kimi adamların qəbirləri dəfinədir, basdırdığımız ziynətin fərqindəyik.

Səndən sonra xeyli yad adam yazdı mənə, dostlaşdıq. Çoxları sağlığında bu qədər adam qazandırmır dostuna.

Məni tez-tez məcbur edirdin: bu danışdıqlarını yaz. Mən də mızıldanırdım… Mızıldanırdım ki, bu travmalarım hələ diridir, ədəbiyyat nəyinsə əksidir, özü deyil, nə bilim nə… Deyirdim, bu şeylər nə vaxtsa şirin xatirələrə çevriləcək, sonra yazacağam.

Əl çəkmirdin. Xırda söhbətlərin sonunda da, indi sənin ən yaddaqalan deyiminə çevrilmiş sözləri təkrarlayırdın: “Burdan bir esse çıxar”. Deyirdim, gəl, mənim travmalarımı sən yaz, səninkiləri mən. Yoxsa öz dastanlarımızla oynamağa vicdanımız yol verməyəcək.

Xatirə deyirdim, faciə yox, Mahmud!

Bizim qələmlər belə mürəkkəblərə hesablanmayıb - bu da sevmədiyin söz oyunu.

Əzizlərin baş daşındakı şəklinin sənə oxşamadığından narahat idi, dəyişdilər. Amma inan, o qara mərmərdəki təzə şəkil də sənə oxşamır. Əngəl nə şəkildədi, nə baş daşında, əngəl ölümdədi, sənə yaraşmayan ölümdə. Baş daşından baxacaqların növbəsində sən yox idin, ilk dəfə oyunu pozdun. Oxşamırsan, sənin Allahın haqqı, yaraşmırsan mərmərə.

Gallery

Sən cild-cild kitabların ön səhifəsindən boylanacaqdın, şəklin jurnallardan, posterlərdən baxacaqdı. Boğçandakılardan azdı bu rəngsiz dünyada. Qara mərmərsə, rəng götürmür.

Səni göndərdiyimiz hər yerdən sinəsi dolu qayıdırdın. Bir ildir ordasan – bizə bəlli olmayan bir sonsuzluqda.

Hə…

Ölüm necədi, Mahmud?

Ordan bir esse çıxarmı?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020