Azərbaycanın Prustu

Azərbaycanın Prustu
6 iyul 2020
# 12:01

Kulis.az Şərif Ağayarın gənc yazıçı Şamxal Həsənovun yeni çap edilən “Səs və ya Qırmızı” romanı haqda yazdığı “Azərbaycanın Prustu” yazısını təqdim edir. Xatırladaq ki, Ş.Ağayar həm də kitabın redaktorudur.

Baxanda, görürsən, yüksək mədəniyyəti, güldən zərif təbiəti var, di gəl, hansısa cümləsinə toxunsan, dünyanı dağıdar. Haqlı, haqsız olması önəmli deyil, əsas odu dediyinə inansın. Səmimi qəlbdən inanmadığı heç nədən ötrü mübahisə eləməz, gülümsünüb razılaşar. Onun içindəki zərif tellər poladdandır. Əyilmir. Üstünə çox getsən sınar. Ona görə, redaktə işimizin bir ortasında bu allahın bəlası gənclə höcətləşməyin əhəmiyyətsiz olduğunu anladım. Bizim işimiz duelə bənzəyirdi. Hansısa bir cümlənin, bir sözün, hətta bağlayıcı və ya ədatın üstündə az qala kürək-kürəyə dayanıb bir-birimizdən beş addım aralanır, qəfil çevrilib atəş açırdıq. Kim vurula-vurula! Mən də diribaş adamam. Qalib-məğlub təsnifatı aparsaq, bəlkə, vəziyyət altmışın-qırxa mənim xeyrimədir. Amma hər ehtimala qarşı, əlli-əlliyə deyək, lap inandırıcı olsun!

Çox əsərlər redaktə etmişəm, bu, qarşılaşdığım ən ağır mətn idi. Qorxduğum vəziyyətlə üz-üzə qalmışdım: mətn hansısa daha zəngin dildən tərcüməyə bənzəyirdi. Zəhləm gedən bu faktı onda asanlıqla qəbul etdim. Çünki, magistr təhsilini fransızca alıb, altı ildən çoxdur çalışdığı beynəlxalq şirkətlərdə əsas iş dili ingiliscədir, mütaliəsi xarici dildə daha çoxdur, ikincisi və ən vacibi onun yazmaq istədikləri o qədər möhtəşəm şeylərdir ki, dilin narahatlığı normaldır. O, istədiyini mən deyən səviyyədə yazıb başa gətirsə, qeydsiz-şərtsiz dahi olar. Bunu nədən bilirəm? Deyim. Bir neçə maraqlı yaşantı uzun, naqolay cümləyə çevrilib. Elə bil, maşın narahat yolla səs sala-sala gəlir. Səs başıma düşür. Dərhal bir udum su içib özümü ələ alıram. Gənc müəllifin xoş simasını xəyal etmək də köməyimə çatır. Axı cümlədəki hissləri anlamışam. Onlar çox dəyərlidir. Narahat yolla səs sala-sala gələn maşının yükü qızıldandır. Mənim də işim bu yolu mümkün qədər təmizləməkdir ki, bədii-estetik ecaza nail ola bilək.

İndiyədək duymadığım rəngarəng hissləri mənə yaşadan, bunu bacaran bəzi cümlələri sintaktik quruluşuna görə qəbul edə bilmirəm. Ən azı ona görə ki, beş-altı yerdə “olmaq” feili işlədib. Deyirəm, cavan oğlan, romandakı “olmaq” feillərini əlahəzrət kompüterin “Cntrl F” düymələri ilə yoxladım, elə bil bir kisə noxudu mətn boyu səpələmisən! Gülməkdən uğunur. Məni az qala mühafizəkarlıqda günahlandırıb, Marsel Prustun türkcə tərcüməsini misal çəkir. Ömrümdə ilk dəfə redaktə üçün kitab oxuyuram: gedib “Svana doğru” bölümünə təkrar baxıram. Orda da “olmaq” feili çoxdur. Öz-özümə yəqin edirəm: fransızcada “olmaq” məsələsi necədirsə, cümlənin öz quruluşunda tənzimlənir. Yoxsa, belə yazmaq olmaz. Bir iş də var. Türkcədə cümlələr elə qurulub, təkrar feillər qulağı cırmaqlamır. Dilin belə heç nə ilə izah olunmayan oyunları da olur.

Nadir hallarda mətn məni diksindirir. Bu romanda dəfələrlə baş verdi. Keçmişin xatirələri və bu günün rəngləri ilə oynayıb özünü ovutmağa çalışan iflic ata, yatağında kişisiz qalan, ayna qarşısında büstqalterini çıxarıb bədən cizgilərində qorxa-qorxa qocalığın izlərini axtaran ana, anasının seçdiyi qızla evlənmək istəməyən, bu “tərbiyəsizlik” azmış kimi üstəlik yazıçı olmaq istəyən oğul elə yaşantılarla qarşıma çıxdı ki, “Yuh bə!” deyib yumruğumu stola vurmaqdan özümü saxlaya bilmədim.

Bəzən, hisslərin ağılalmaz dərinliyinə enən və ucalığına qalxan müəllif adekvat söz tapmaqda çətinlik çəkir, vurnuxur, sağa-sola əl atır, su üzündə saman çöpü axtarır. Samansa yoxdur.

O, etiraf edir:

- Başqa dillərdə tapdığım sözün, ifadənin daşıdığı yükü öz dilimizə gətirmək üçün çapaladığım çox olub!

Mən düşünürəm:

- Bəlkə, doğrudan da bizim dil bu vəziyyətlərin tam ifadəsinə qadir deyil.

Amma qadir olmayan dil yoxdur ki!

Qadir olmayan yazıçı var!

Müəllifə yazığım gəlir bir az da. Dərin yaşantılarla yerinə oturmayan sırtıq sözlərin qeyri-mütənasibliyinə baxıb Tanrının onunla zarafatlaşdığını düşünürəm. Sonra həmin hissi özüm yazmağa çalışıram. Tanrı mənimlə də məzələnir. Asan deyil. Lakin mümkündür. Hətta vacibdir. Bu kitabın müəllifi adekvat dil formalaşdırmağa məhkumdur. Yoxsa daima ayaqqabısında xırda daş qalan uşaq kimi narahat hərlənəcək, heç vaxt mənəvi dinclik tapmayacaq. Bunun yanı sıra, Azərbaycan romançılığını bir addım da irəli aparmaq, bir addım da dünyaya yaxınlaşdırmaq üçün bu fədakarlığı etməyə dəyər.

Saday Budaqlının yığcam hekayələrini istisna etsək, bizim ədəbiyyatda duyğuların bu müstəvisinə enən, yaxud qalxan, ən başlıcası, orda o qədər qalan yazıçı görməmişəm. 400 səhifəlik romanda başdan-ayağacan öz içində eşələnib, ətrafda gördüyü hər əşyanı, hər hadisəni gah atanın, gah ananın, gah oğulun gözüylə görüb, onun hissiylə yaşayıb və yazıb.

Romanın strukturunu da yaşına uyğun gəlməyəcək dərəcədə yaxşı qurub. Gah ata, gah ana, gah oğul (gah da müxtəlif heyvanlar, hətta mücərrəd anlayışlar, misal üçün, vicdan) növbə ilə müəllifin əlindən mikrofonu alırlar və bizə həm özlərinin, həm də ətrafın hekayəsini anladırlar. Folknerlə gələn, Pamukla yayğınlaşan bu forma yeni xarakterdə qarşımıza çıxır. Lakin kitabda, müəllifin də etiraf etdiyi kimi, daha çox Prustun izləri görünür. Ona görə, müəllif haqqında danışanda asanlıqla “Azərbaycanın Prustu” ifadəsini işlədə bilərik.

Yazı qəhrəmanımızın Prustun məzarı üstündə bir fotosu var, sinə daşına elə söykənib, elə sarılıb, deyirsən ilan xəzinə üstündə qıvrılıb. Bu foto həm də haqqında danışdığımız romana epiqrafdır.

Məni bir redaktor kimi əsir-yesir edən gənc dostum ən böyük qələbəsini Prustu ənənəvi Azərbaycan nəsri ilə “toqquşduranda” əldə edəcək. O qarışıqdan yerdə qalanlar ən adekvat dilin və üslubun tam formalaşmasına yardımçı olacaq. Ənənədən kənar heç nə yaranmır. Göylərdə gəzən xəyalımız mütləq bir ayağını yerli ədəbiyyatın çiyninə qoymalıdır. Çünki istinad etdiyimiz baza budur. Başqa dildə yazarsa, əlbəttə, başqa qaydalara əməl etməlidir.

Onun böyük istedadı təkcə müəllif üçün deyil, həm də Azərbaycan ədəbiyyatı üçün xəzinədir. Və bu xəzinənin ilk meyvəsi, nə yaxşı, əlimizdədir.

# 11017 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #