news-inner
clock12:19 calendar-gray 13 Fevral 2014 view-gray7196 dəfə oxunub
view-gray7196 dəfə oxunub

Sovet realizminin “QƏTL GÜNÜ”

Kulis.az "Ən yaxşı Azərbaycan romanı" sorğusunda birinci yeri tutmuş Yusif Səmədoğlunun "Qətl günü" romanı haqqında "Ajiotaj" layihəsi çərçivəsində hazırlanmış araşdırmanı yenidən təqdim edir.

“Yaşamaq haqqından başlayır İnsan haqqı. Qatillik irsi durur ona qarşı.Qatillik irsi haqqında zəruri, yetkin sözdür Yusif Səmədoğlunun «Qətl günü» romanı”


Asif Ata “Qətl günü” haqqında belə yazırdı.

Xalq Yazıçısı Yusif Səmədoğlunun “Qətl günü” 1987-ci ildə çap olunub.

“Qətl günü” Azərbaycan ədəbiyyatında Şərin bədii obrazını yaratmış ən qüvvətli əsərlərdən biridir. Roman üç süjet xəttinə malikdir, əsərdə üç ayrı-ayrı dövrün ictimai-siyasi mühiti və bu dövrlərdə insanın faciəsi magik realizm üslubunda qələmə alınıb. Qacar işğalıyla 37-ci il repressiyası arasında paralellər aparan yazıçı çox maraqlı nəticələrə gəlib çıxır.

Əsər çap olunandan sonra mətbuat bu fikri xüsusilə vurğulayıb ki, “Qətl günü” Azərbaycan romançılığında yeni mərhələdir.

Millət vəkili Nizami Cəfərov deyir ki, “Qətl günü” işıq üzü görəndən sonra ziyalılar əsər haqqında müsbət rəy yazıblar: “ Tofiq Hacıyev, Aydın Məmmədov və başqaları “Qətl günü”nü müsbət dəyərləndirmişdilər, yazmışdılar ki, bu, Azərbaycan nəsrində yeni mərhələdir. Əsər haqqında mənfi rəy olmadı”.

Sonrakı illərdə əsər haqqında bəzi tənqidi məqalələr yazıldı. Tənqid fikir səsləndirənlər deyirdilər ki, bu əsərdə Bulqakovdan, Markesdən, Kafkadan açıq təsirlənmələr, faydalanmalar dərhal nəzərə çarpır. Yusif Səmədoğlunu plagiatlıqda ittiham edir, hətta bu təsirlənmələrin cümlə səviyyəsinə qədər endiyini bildirirdilər. “Qətl günü”nündəki Kirlikir M. Bulqakovun “Master və Marqarita”sındakı Begemotla müqayisə olunur. Əsərin başqa bir yerində isə xəstənin qarnına siçovul kimi tük çıxması açıq-aşkar Kafkanın Qreqor Zamzasını xatırladır. Və ya əsərin sonunda dünyanın dəhşətli tufanla dağılması Markesin “Yüz ilin tənhalığı” ilə oxşarlıq təşkil edir.

”Qətl günü” əsəri haqqında danışan yazıçı Yaşarın sözlərinə görə, “Qətl günü” Azərbaycan romançılığına yeni nəfəs gətirib: ”Bu əsəri Azərbaycan nəsrində yeni roman da adlandırmaq olar. Roman haqqında birmənalı olmayan fikirlər də var. Ancaq bütün bunlarla bərabər “Qətl günü” dünya ədəbiyyatı cərgəsində dura bilər”.

Yaşar deyir ki, struktur baxımından “Master və Marqarita”, “Yüz ilin tənhalığı” və “Qətl günü” eynidir: ”Ancaq bir dəfə Bulqakov haqqında yazımda qeyd etmişdim və bir daha deyirəm ki, roman içində romançılığa Bulqakovdan sonra dünya ədəbiyyatı nəsrində bir xeyli yazıçı müraciət etdisə, deməli, bu, artıq plagiatlıq yox, klassik strukturdur. Buna görə də Yusif Səmədoğlunu plagiatlıqda ittiham etmək doğru deyil. Bu roman ədəbiyyatdan gələn ədəbiyyatın şah əsəridir. Yusif Səmədoğlu ədəbiyyatdan gələn ədəbiyyat yaratmağın ustası idi”.

Yazıçı deyir ki, bu əsərdə Azərbaycan dilinin geniş imkanları üzə çıxır: ”Bu əsər müəyyən mənalarda ikinci olmasaydı, daha böyük uğur qazanacaqdı. Onu da deyim ki, bu əsəri rus dilinə Qreta Qəhrəmanova tərcümə etmişdi. Uğursuz tərcümə idi, gördüm ki, bir çox məqamları yaxşı tuta bilməyib. Əkrəm Əylislini rus dilinə çevirən Tatyana Kalyakinadan çox aşağı səviyyədə tərcümə etmişdi. Bu əsər SSRİ-də müəyyən əks-səda yarada bildi, ancaq “Ustad və Marqarita” artıq var idi, “Qətl günü” məhz bu səbəbdən gözlənilən o böyük əks-sədanı yarada bilmədi. Söhbət Azərbaycan yox, SSRİ və dünya miqyasından gedir. “Qətl günü” birinci olsaydı, dünya ədəbiyyatının inciləri ilə bir cərgədə dayana bilərdi. Ancaq bəlkə də “Qətl günü” ilə “Master və Marqarita”, “Yüz ilin tənhalığı” arasındakı bu oxşarlıqlar olmasaydı, Yusif Səmədoğlunun əsəri bu qədər maraqlı alınmazdı. O, dünya ədəbiyyatını, mədəniyyətini mükəmməl bilirdi. Dünya ədəbiyyatına, mədəniyyətinə istinad edirdi. Ancaq Yusifin böyüklüyü onda idi ki, istinad etdiklərini milliləşdirməyi bacarırdı. “Qətl günü”nü Vaqif Mustafazadənin muğam-cazı ilə, Alim Qasımovun muğamdakı improvizələri ilə müqayisə edərdim. “Qətl günü” azərbaycanlı varlığını, Azərbaycan hekayətini dünyaya onun bildiyi dillə danışır”.

Yazıçı Seyran Səxavətin sözlərinə görə, “Qətl günü” çap olunanda çox böyük ajiotaja səbəb oldu: “Akademiyada bu əsərin müzakirəsi keçirildi, orda mərhum Aydın Məmmədov çox gözəl çıxış etdi, sonda qeyd etdi ki, bu əsərin necə güclü əsər olmağını Yusif hamıdan daha yaxşı bilir. Sonra əsər Moskvada çap olundu. Rus mətbuatında bu əsərə çox yüksək qiymət verildi. Bu əsər Azərbaycan nəsrində yeni bir hadisə idi. “Qətl günü”nü çox möhtəşəm nəsr abidəsi hesab edirəm. Azərbaycanda bənzəri olmayan əsər idi”.

Seyran Səxavət deyir ki, Yusif Səmədoğlu bu əsərin üzərində xeyli işləyib: “Yusif Səmədoğlu ləng işləyən adam idi, “Qətl günü”nü bir neçə ilə yazdı. Hamı da bilirdi ki, o, belə bir əsər yazır. Az qala ömür boyu bu əsər üzərində işləyib. Başqa bir roman üzərində də işləyirdi: “Deyilənlər gəldi başa”, ancaq bu əsəri başa çatdıra bilmədi”.

Qeyd edək ki, Yusif Səmədoğlunun “Deyilənlər gəldi başa” romanı yarımçıq şəkildə çap edilib.

Yazıçı bir maraqlı hadisə də danışıb: ”Qətl günü” çıxandan sonra Yusif Səmədoğlu deyirdi ki, dostlarıma əsər yazan Yusif yox, əsər yazmayan Yusif sərf edir. Bu, dostların faciəsi, Yusifin böyük qələbəsi idi. Yusif möhtəşəm yazıçı idi, həm də çox oxuyan adamdı. Özü də mənim üçün dünyanın ən rahat adamı idi. Başqaları üçün çətin adamdı. Amma bu, onun yox, başqalarının problemi idi.

Yazıçı-publisist Tofiq Abdin bildirir ki, “Qətl günü”ndə başqa əsərlərin təsirinin hiss edilməsi təbiidir: ”Dünyada elə bir yazıçı yoxdur ki, kimdənsə təsirlənməsin. Təsirlənməmək üçün gərək heç bir ədəbiyyat oxumayasan. Oxuyanda mütləq nəsə ilişib beynində qalacaq. Və uzun illər keçəndən sonra hansısa söz adamın yaxasından yapışır, yadına da düşmür ki, bu sözü harada oxumusan. Ümumiyyətlə, təsirlənmədə elə böyük bir bəla yoxdur”.

Tofiq Abdin deyir ki, Yusif Səmədoğlu başdan-ayağa Azərbaycan mühitindən qıraqda bir yazıçıdır: ” Yusif Səmədoğlu öyrəniləsi bir adam idi. Azərbaycanda ən yaxşı roman, hekayə yazan 2-3 nəfərdən biri Yusif Səmədoğludur. “Qətl günü” isə əvəzsiz romandır. Azərbaycan nəsrində 50-100 ildən sonra da mütləq Yusif Səmədoğlunun adı çəkiləcək. Bunun o yan, bu yanı yoxdur”.

Gənc şair Qismət deyir ki, Yusif Səmədoğlunun "Qətl günü" romanı mənim üçün XX əsr Azərbaycan nəsrinin ən fərqli romanıdır: , "Qətl günü"ündə Yusif Səmədoğlu bizim yazıçıların hələ indi-indi mənimsəməyə çalışdığı postmodern nəsr maneralarından, fəndlərindən, təhkiyənin vəziyyətə uyğun dəyişməsindən, mətn içində mətn texnikasından, bədii mətnin bütün atributları ilə özünün yazılma (qurulma da) olmasını bildirməsindən, qroteskdən, ironiyadan, mistikadan, paralel zamanlar yaratmaqdan çox məharətlə istifadə edib. Bu mənada mənim üçün "Qətl günü" romanı bizim nəsrimizdə üslub baxımından yeni mərhələdir. Bədii mətn, xüsusilə roman, yalnız öz başına gələnlərlə əlləşib, avtobioqrafik, bir qatlı realizmin arxasına sığınanda, adına nə qədər "səmimi", "həyatdangəlmə" deyilsə də, o mətn yalnız öz yazıldığı zamanın və bəlkə də bəlli bir ədəbi düşüncənin tərəfdarı olan adamların malına çevrilir. Vaxtilə həmin roman haqqında "literaturşina" deyilsə də, ( yeri gəlmişkən indi də bu fikir olanlar var ), “Bulqakovun " Master və Marqarita" əsərindən təsirlənmədir” etiketi yapışdırılsa da, zaman keçəndən sonra məlum oldu ki, bədii mətn təkcə, aristotelçi dillə desək, həyat reallıqlarının təqlidi yox, həm də müəllifin öyrəndiyi, bəhrələndiyi başqa mətnləri nişan verməlidir. Valerinin dediyi kimi: " Bir şey heç nəyə bənzəmirsə, o ümumiyyətlə yoxdur." Yusif Səmədoğlunun "Qətl günü" romanı mənim üçün həm də çox alicənab, aristokrat stixiyası ilə doğmadır”.

Yusif Səmədoğlunun qardaşı, Xalq Şairi Vaqif Səmədoğlu ilə “Qətl günü” mövzusunda ətraflı söhbət etmək istəyirdik. Şair isə yalnız bunları dedi: “Roman öz sözünü hamıdan yaxşı deyir. Şərhçilərdən də, tənqidçilərdən də, qohum-əqrəbadan da. Nə deyim, qardaşımın əsərini əlyazması şəklində oxudum. O bu əsəri cəmi bir yaya yazmışdı. Bəyəndim. Romanla bağlı hisslərim zərrə qədər də soyumayıb, dəyişməyib. Yusifin özü ilə bu haqda uzun-uzadı danışmamışıq. O da ədəbiyyatdan dəm vurmağı sevmirdi, mən də”.

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? - Günel Natiq yazır...
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020
İlğım - Şəhla Nihanın yeni hekayəsi
17:59 10 Avqust 2020
Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
17:14 10 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri və şöbə müdirləri vəzifəsindən azad edildi
16:24 10 Avqust 2020
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
16:02 10 Avqust 2020
Yazıçı Səfər Alışarlının yeni kitabı çap olundu
15:45 10 Avqust 2020