İstəyirdim kimsə məni itələyib küçənin ortasına yıxsın - Bircənin romanı

İstəyirdim kimsə məni itələyib küçənin ortasına yıxsın - Bircənin romanı
3 iyul 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Üç gün keçmiş onların evində baş verənlərdən yerli-yataqlı xəbər tutduq.

İlk həmlədə Solmaz atasından qorxub telefona yaxın getməyib, anasının yalvarışlarından, çoxlu hədiyyə boyun olmasından sonra hər şeyi öz adına çıxıb. Həmid bir az arxayınlaşıb hamama girəndə Şəfa bütün mesajları silib. Mesajlar silinəndən sonra Şəfanın sakitləşdiyini görən Həmid yenə ondan quşqulanmağa başlayıb. Bu səfər Solmazın telefonunu qurdalayıb, ancaq orda şübhə doğurası heç nə tapmayıb. Sonra ağlına yerləşib ki, zənglər gəldiyi, mesajlar yazıldığı saatlarda qızı müəllim yanında hazırlıqda olub.

Bundan sonra Həmid qızını divara qısnayıb qorxutmaqla onu doğru danışmağa məcbur eləyib. Qızı hər şeyi boynuna alanda Şəfanı möhkəm döyüb, qarşısına qələm-kağız qoyub arvadına boşanma ərizəsi yazdırıb. Şəfa ərizə yaza-yaza Solmaza söz atıb:

- Qoy ailəmiz dağılsın, sən də get kefini sür.

Solmaz evdə əlinə keçən bütün dərmanları udub. Gömgöy göyərmiş, səs-səmiri gəlməyən qızı gecəylə xəstəxanaya çatdırıblar. İki gün komada qalan Solmazı həkimlər ölümdən güc-bəlayla qurtarıblar. Həmid polisi, bacılarını, qonum-qonşunu yalan-palanla birtəhər yola verib...

Bütün bunları Şəfa mənə telefonla ərindən gizli xəbərlədi. Solmaz sağalandan sonra ata-anasına qoşulub bizə gələndə Firəngiz Həmidin ətli başını görcək ona meydan oxuyan bir tövrlə soruşdu:

- Necəsiz, Lenin baba?

Elə bilərdin Həmidin canına bir daraq güllə boşaltdılar. Qızını, arvadını, məni növbəylə şübhəli-şübhəli süzdü, çeynəyib diddiyi barmaqlarını əvvəl yastı bığına, sonra da boş qalmış papağının yerini yoxlayırmış kimi başına çəkdi, üzündən silinməyən bic təbəssümlə əlləri belində dayanıb ondan cavab gözləyən bacım qızına özünü toxtaq göstərməyə çalışdı:

- Əlayam, bomba kimiyəm.

- Əla olun, amma bomba olmayın.

- Niyə, bomba olanda nolur ki?

Bəd xəbər eşidəcəyini duymuş adamlar kimi onun ürəyi boğazında vururdu.

- Həmid əmi, siz heç bomba görmüsüz?

- Kinolarda hə.

- Amma biz bombanı əlimizə də almışıq.

- Goplama.

- Yaxşı, qumbara olsun. Atam zabit kimi beş il səngərdə yatıb, bizə bombanın da, minanın da nə fəsadlar törətdiyini başa salıb. Bombadan çox qorxuram, partlayanda ətrafındakı bütün canlıları məhv eləyir, doğmaya-yada baxmır. Ona görə də siz çalışın bomba olmayın.

Bostanına daşın hardan atıldığını Həmid dərhal anladı, çönüb nifrət qarışıq ikrahla arvadının üzünə baxdı. Baxışı deyirdi: “Boyunu yerə soxum, hər şeyi açıb bunlara danışmısan, hə?” Şəfa başını ehmalca bulayıb tez süfrə arxasında özünə yer tutdu.

Qızlar bir-birinə baxıb qımışdıqca Doneş ölüb ölümdən qayıdırdı. Arvadı nə qədər and-aman eləsə də anlamışdı ki, artıq iş işdən keçib, bu qızların əlində ona qarşı təkzibolunmaz dosye var...

***

Böyük çillə çıxmamış Həmid ağır qəzaya düşdü. Maşını yoldan sapıb neçə kərə aşıb əzik-üzük olmuşdusa da özü salamat qurtarmışdı, bədəninə bir az şüşə qırıntıları batmışdı, vəssalam.

Mən özümü haya çatdıranda Həmid tir-tir əsirdi, uşaq kimi hönkürüb ağlayırdı. O, fəryad qopardıqca bacıları sağdan-soldan onu qucaqlayıb çığırışırdılar. Bu mənzərə qarşısında şaqqanaq çəkib gülməkdən özümü güclə saxlayırdım. Ağladıqca Həmidin burnunun suyu gözünün yaşına qarışıb ağzına dolurdu.

Handan-hana bacıların böyüyü əlini belinə vurub qardaşına meydan oxuyurmuş kimi hökmlə dedi:

- Məni başa sal görüm niyə ağlayırsan? Bəlkə bir yerin ağrıyır? Axı mən səni təpədən-dırnağa yoxlatdım, həkim dedi heç nəyin yoxdu.

Həmid soyuqdan titrəyən küçük kimi zingildədi:

- Maşınıma yanıram, məni qonşuların gözü bu günə qoydu.

Bacısı yenə onu təhnizlədi:

- Ayıbdı, hamı baxır, uşaq deyilsən ağlayırsan. Təki canın sağ olsun, o maşından birini də alarsan.

- Nəylə alacam, papanın birotaqlı evini satıb almışdım onu.

- Sən maşın xəstəsisən də. Bir də qoyalar ər-arvad əl-ələ verib İranı-Turanı gəzəsiz. Ay balam, bir evinizin gününə baxın, - pəncərələrə tutulmuş pərdələri, süfrəsiz masanı göstərdi, - bu şəhərdə qışın günü heç kim neylon pərdə asmır, heç kimin stolu süfrəsiz, döşəməsi xalçasız olmur. Bu nə həyatdı yaşayırsız! Barı Bircəyə baxın evinizi qurun. Sənin arvadın əlinə düşəni salonlarda havaya sovurur.

Şəfa baldızını qanlı-qanlı süzüb dabanları üstə hikkəylə dönüb mətbəxə keçdi. Həmid bacısının ağzını yummaq üçün zarıya-zarıya dilləndi:

- Özümüzə söz vermişdik ki, Novruza qədər evə əl gəzdirək, qismət olmadı.

Ardınca da:

- Ağlamayın, mən bilirəm bu iş mənim başıma niyə gəldi, - deyib pırtlaq gözlərini qoşalülə tüfəng kimi üzümə zillədi.

Həmidin baxışları sevincimi boğazımda qurutdu, stula yapışıb nəfəsimi uddum. Onun nə demək istədiyini cümləsi yarılanmamış anlamışdım. Zöhrə xalanın səsi qulağımda cingildədi: “Andın iki başı olar...”

Telefonumun zəngi çalınanda səksənib yerimdən sıçradım: Sabir idi. Dostumdan çoxdandı xəbər-ətər yoxuydu. Cavab vermədim. Telefonu açmadığımı görəndə Həmid halını unudub mənə tərəf qolaylandı:

- Nə fırıldağın var, niyə açmırsan?

Bayırı kaşı-çini, içərisi toyuq hini olan adam düşdüyü quyunun dərinliyinə baxmaz, yoldaşını ayaq altına qoyar. Onun sözünə bənd olmayıb özümü verdim mətbəxə. Şəfa alabəzək dolçalara çay süzürdü. Dolçalardan bəzisinin qulpu qırıq, bəzisinin ağzı çatlaq idi.

- Baldızların bu fincanları görəndə səni yağlayacaqlar, - dedim.

- Pox yeyəcəklər, guya özləri çox evə baxandılar.

Sonra mənim üzümdən narahatlığımı sezib:

- İstəyirsən get evinə dincəl, - dedi, - iş adamısan.

- Yaxşı məsləhətdi, qoy onlarla sağollaşım aradan çıxım.

Çantamı, paltomu qoltuğuma vurub qapının ağzından hamıya əl elədim:

- Sağlıqla qalın.

Həmid divanda dikəlib gözlərini bərəltdi:

- Qızlar da burdadılar, otur onlarla gedərsən.

- Yox, tələsirəm, işim-gücüm var.

- Sabah da iş günü deyil, hara tələsirsən?

Bilirdim cavab vermədiyim zəngin kimdən gəldiyini düşünmək onun yuxusunu ərşə çəkəcək. Həm ondan, həm bacılarından yaxamı güclə qoparıb pilləkəni qaçaraq düşdüm.

***

Quran Həmidə görk eləmişdi, qalırdım mən.

Yolu necə yeridiyimi, ayaqlarımın yerə dəyib-dəymədiyini bilmirdim. Tarana gedən döyüş təyyarəsi kimi yanımdan ötən adamların gah çiyninə, gah qoluna toxunurdum, istəyirdim kimsə dönüb boynumun dalına bir qapaz vursun, ya məni itələyib küçənin ortasına yıxsın.

Saata baxdım: Cavid olduğu şəhərdə indi gecəydi. Zəng vurub onu yuxudan oyatdım, səsini eşidəndə sevincimdən ağladım.

Taksi saxladıb kilsəyə sürdürdüm. Yol boyu qardaşlarımın hamısına bir-bir zəng vurdum, hənirlərini alıb toxtadım. Səməndər həmişəki kimi məni şeirlə salamladı:

- Bir gülsən dərmişəm cənnət bağından...

Kövrəlsəm də ağlamadım:

- Gülünü-çiçəyini özünə saxla, - dedim, - danış səsini eşidim. Yaxşısan?

- Dəf kimiyəm, - dedi, - xeyirdimi bu vədə zəng eləmisən?

Səməndərlə hər axşam saat on tamamda danışırdıq. Əlinin poçt müdiri işləyən qardaşı, mənim sinif yoldaşım, Səməndərin yetirməsi bizə ayrıca xətt ayırmışdı, bacı-qardaş öz xəttimizlə bəzən bir saat, bəzən də saatlarla dərdləşirdik.

- Səndən ötrü burnumun ucu göynədi, ona görə zəng vurdum.

- Mənim bacım bal dadır, - deyib həmişə dilinin altında saxladığı dadlı sözləri toy konfeti kimi başımdan yağdırdı.

***

Eşikdə soyuq olsa da isti, rahat məbəddə xeyli adam vardı, necə deyərlər, içərinin çöldən xəbəri yoxuydu. Küncdəki masaların üstünə görkəmiylə gəl-gəl deyən şirniyyatlar, növbənöv şirələr düzülmüşdü. Lap küncdə, şamların az işıqlandırdığı yerdə bir neçə adam xalçanın üstündə yatmışdı. Yaşlı xanımlar əli-başı əsən nimdaş geyimli qocalara isti şorba içirirdilər; hiss olunurdu ki, bu adamların hamısı küçədə qalan evsiz-eşiksizlərdi, soyuqdan ölməsinlər deyə hamısını bir yerə toplayıb qulluq eləyirdilər.

Həmişə keşişlə dərdləşdiyim yerdə bir kişi oturmuşdu, danışdıqca yanaqları aşağı yaş süzülürdü. İsa Məsihin divara bitişik heykəlinin qarşısında şam yandıran tanışım qadın sırayla düzülmüş skamyaları göstərib dedi:

- Orda əyləşin, atanın qonağı var, sizinlə bir azdan söhbətləşəcək.

Qadına təşəkkür eləyib kilsə boyu gəzinməyə başladım. Tolstoya arxayın olub adını buxur qoyduğumun tüstüsü məbədin hər tərəfinə yayılmışdı. Bir az ayaq saxlayıb küncdə yatanlara tamaşa elədim, sonra yemək yeyən kimsəsizlərə yanaşdım – gecəni isti yerdə qalacaqları xəbəriylə bir-birilərini müjdələyib sevinirdilər.

Üstü dolu masaya yaxınlaşanda rahibələrdən biri mənə Allahın nemətlərindən dadmağı təklif elədi. Ac idim, ancaq qorxudan boğazım tikilmişdi. Rahibənin uzatdığı çayı alıb gəzinə-gəzinə içməyə başladım.

Çayın qəribə dadı vardı, nə vaxtsa bu çaydan bir dəfə də içmişdim. Harda, haçan – ha fikirləşirdim yadıma salammırdım. Çay istəkanı əlimdə yerə döşənib yatanlara baxa-baxa bulanıq xəyallara qərq olmuşdum. Sonuncu qurtumu udanda xatırladım: bir dəfə qaynım Akifin arvadı, rus eltim eynən bu çaydan dəmləmişdi.

Damağımın dad yaddaşı məni azı iyirmi il əvvələ atdı. Mahmud əmi o çayın dadını bəyənməmişdisə də gəlinin xətrinə dəyməsin deyə içmişdi. Sonra girəvələyib qulağıma pıçıldamışdı:

- Dovşan, mənə kəklikotu, gilas saplağı, quzğunqılıncı – əlinə nə düşsə ayrıca onlardan dəmlə.

Ruzigarın yel atı bir anda məni götürüb əziz qovağımın altına atdı. O qovağın kölgəsində Maralın körpə balalarıyla gizlənpaç, evcik-evcik oynayırdım. Yenicə dil açan oğlum qurduğumuz evcikləri dağıdırdı. Zöhrə xala darvazadan ütələk çıxıb baldızıma sarı şütüyürdü. Bir gözüm işdən gələsi Eminin yolunda, bir gözüm məni əziyyətə salmamaq üçün gizləndikləri yeri nişan verən uşaqlarda.

Maral təndirdən çıxardığı günəş kimi qaynar, dəyirmi çörəyin yanına qoyduğu sərmə qaymaqla evciyimizə qonaq gəlir. Səsimiz günün altında bişən kəndin üstünə çadır kimi çəkilir. Eminin mənim başmaqlarıma dadanmış itini doğum sancısı tutub. Uşaqlar itin başına fırlandıqca içimdəki ilan yenə quyruğunun üstə qalxır, qancığın ölməyini arzulayıram.

Cırcıramalar ondakı kimi cırıldayır, qurbağalar qurbağa dilində quruldayır. O həyətin hələ bir ağacı da qurumayıb, o həyatın xəzanı hələ başlamayıb. O bağın-bağçanın bir yarpağı belə güdaza getməyib, bir qarışqası belə tələf olmayıb. Hələ hamımız bir dünyadayıq, ayrı dünya tanımırıq.

Körpəm qollarımın arasında bağımızın başındakı qoca palıdın kahaya oxşayan koğuşunda gizlənib dostlarımın məni tapmasını gözləyirəm. Elə bu dəm qəfil cingiltidən səksənirəm, mənə elə gəlir əlimdən nəsə düşüb şüşə kimi çilikləndi.

Öləziyən şamın güclə işıqlandırdığı küncdə yatanlardan biri çini ikonanı yerə salmışdı...

Harda olduğumu anışdırmaq üçün sağa-sola, aşağı-yuxarı baxıb gözlərimi döyürdüm. Hündür tavandan sallanan iri çilçıraq, arı pətəyinin vızıltısına bənzəyən səs kələfi, Tanrıya gedən yolu işıqlandırmaq üçün həvəslə yanan şamlar gözümü, qulağımı yavaş-yavaş indiyə – bu günə, bu dəqiqəyə açırdı.

Mən bura, bu məbədə nədən ötrü, nə niyyətə gəlmişdim? Bəs koğuşunda gizləndiyim palıd, kölgəsində evcik qurduğum qovaq, qucağımdakı uşaq necoldu? O əlimdən düşüb sınan nəydi bəs? Hansı günün hansı saatıydı əlimdən saldığım?

İstəkanı ehmalca ikonalardan birinin qənşərinə qoyub qapıya doğru addımladım. Kürəyimdən tər açılmışdı, həyəcandan buğlanırdım, elə bil kimsə məni güllə qabağına qatıb atdöşü eləmişdi.

Qapıya çatmamış yenə burnumdan qan açıldı. Geri qayıtmağa məcbur oldum, Tanrı nemətiylə dolu süfrədən bir topa kağız dəsmal götürüb burnuma tutdum. Özümü skamyalardan birinin üstünə yıxıb başımı geri atdım. Ortalıqda gəzən xanımlar qanlı dəsmalı görcək məni dövrəyə aldılar.

İncəvara qanım tez kəsdi. Əlimi-üzümü yuyub ikinci səfər qapıya sarı yönələndə cansız-cələfsiz rahibə arxadan məni səslədi:

- Qonaq, müqəddəs ata sizi gözləyir...

# 10557 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #