Şuşaya gedən avtobus

Şuşaya gedən avtobus
20 noyabr 2012
# 11:11

“Bakıdan-Şuşaya gedən sərnişin avtobusu, 2-ci platformadan yola düşür. Yaxşı yol hörmətli sərnişinlər!”

Qəribə gəldi eləmi? Amma mümkündür. O yolun Şuşaya qədər olan 404 km-nin hamısını demirəm. Tanklarımız girməyib ora hələ ki, sərnişin avtobusu gedə bilmir. Amma ora yol var. Ən azı Quzanlıya qədər. Bu 404 km-in 380 km-ni tanksız-topsuz da gedə bilirik. Amma bu boyda yolda xüsusən də, Hacıqabulu keçib Kürdəmir rayonu ərazisinə girdin ha, “Şuşa”, “Cıdır düzü”, kölgələnməyə bir ağacın olmadığı yerdə “Topxana” adlı kafe və restoranlara, onların yol nişanlarına rast gəlmək olur, bircə Şuşaya, Ağdama, Xankəndinə neçə kilometr qalıb yazılan nişanlardan başqa.

Dostlardan kimsə danışırdı ki, Yunanıstanın paytaxtı Afinadan çıxan kimi iri bir yol nişanına rast gəlirsən: “Konstantinopol-1205 km”. Və yol uzandıqca, hər dəfə irili-xırdalı şəhərlərin yanından keçəndə yol nişanlarında sadəcə rəqəmlər dəyişir. Üstündən əsrlər keçib, amma yunanlar hələ də Konstantinopol yanğısı ilə yaşayırlar. Bunu hətta adi yol nişanlarında belə büruzə verə bilirlər.

Türkiyənin, elə Yunanıstanın da siyasi xəritəsinin nə vaxtsa dəyişəcəyi normal ağla sığmır. Afina Afinalığında qalacaq, İstanbul da İstanbulluğundan çıxıb Konstantinopola çevrilməyəcək. Amma 20 il qabaq itirdiyimiz torpaqların geri alınacağına kiminsə şübhəsi yoxsa, bəs nədən bəlkə də sizlərə adidən də adi görünə biləcək bu tip yol nişanları yola vurulmur? Axı, bu ölkə qapalı deyil, hər gün nə qədər turist Azərbaycan ərazisində elədən-elə, belədən-beləyə hərəkət edir.

Bir qədər əvvəl millət vəkili Qənirə Paşayeva Milli Məclisdəcə Ermənistanın işğalı altında olan torpaqlarımıza gedən yolların üzərində məlumatverici-göstərici nişanların qoyulmamasından danışdı. O, Bakıdan Qarabağa gedən yolda işğal altındakı ərazilərimizə nə qədər məsafə qaldığı barədə işarələrin olmadığını təəssüflə qeyd etdi:

“Çətindir yollarda işarə qoyulsun ki, bu yol Xankəndinə, Xocalıya, Laçına, Şuşaya gedir? Çətindir yollarda işarə qoyulsun ki, Xankəndinə, Xocalıya, Şuşaya, Kəlbəcərə bu qədər yol qalıb? Bu məsələ məni narahat edir və düşünürəm ki, hamımızı narahat etməlidir”.

Xanım millət vəkili onu da qeyd etdi ki, nə Bakıdan regionlara ayrılan mərkəzi yollarda, nə beynəlxalq yollarımızda, nə də Qarabağ istiqamətinə gedən yollarımızda Xankəndi, Şuşa, Xocalı, Laçın, bir sözlə Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonların Bakıdan hansı məsafədə yerləşdiyini göstərən bir dənə məlumatverici-göstərici nişanlar qoyulmayıb.

Bəs onda yol nişanlarında Bakı-Qazax, Bakı-Astara yazılırsa, Bakı-Şuşa, Bakı-Xankəndi, Bakı-Xocalı niyə yazılmasın?

Təbii ki çətin deyil. Bakı-Gəncə, Bakı-Astara yazıldığı kimi, Bakı-Şuşa, Bakı-Xankəndi, Bakı-Xocalı da yazıla bilər. Hətta Bakı-Naxçıvan da. Nə vaxtsa bu yolla gedəcəyik. Buna heç kim şübhə etməsin. Elə Beynəlxalq Avtovağzaldaca, Bakıdan Horadizə gedən 5 avtobusdan birin adını dəyişib Bakı-Fizuli və ya Bakı-Cəbrayıl qoymaq nə qədər vəsait istəyir axı? Gəncəyə, Quzanlıya və ya Bərdəyə işləyən onlarla avtobusun bir-ikisini simvolik Bakı-Kəlbəcər, Bakı-Xankəndi adlandırmaq beləmi çətindir? Qoy, həmin avtobusların reysə çıxan vaxtı adətən mürgüləyən, reyslər barədə kefi nə vaxt istədi məlumat verən avtovağzal diktoru həm Azərbaycan, həm də ingilis dilində elanlar versin. Yol nişanlarını başa düşürük, bir qədər xərc aparacaq. Elan vermək, avtobusda məlumat lövhəsini dəyişmək nə para tələb edir ki?

***
Dünən “Google”da axtarış verəndə Bakıdan işğal altında olan rayonlarımızadək olan məsafə barədə o qədər az məlumat çıxdı ki… Ancaq bu rayonları dəqiqləşdirə bildik.

...Ağdam 378 km, Cəbrayıl 336 km, Kəlbəcər 439 km, Qubadlı 514 km, Laçın 454 km, Şuşa 404, Zəngilan 540 km.

Sonra da gecə-gündüz oxuyuruq ki... yaddan çıxmaz Qarabağ.

# 3936 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #