writer1

Kənan Hacı

Məqalə sayı

193
clock14:00 calendar-gray 19 Noyabr 2012 view-gray1722 dəfə oxunub
view-gray1722 dəfə oxunub

Xəlvətcə... öpdüm üzündən

Ədəbi mühitdə Rauf Soltan adlı bir şair vardı... Onun haqqında yazmaq istəyirdim, amma heç cür yaza bilmirdim. Yazıçı dostlarımızın bir neçəsindən soruşdum ki, belə bir imza eşidiblərmi? “Tanıdım” deyən olmadı...

O, 90-cı illərin ortalarında dünyasını dəyişib. Hələ ondan da çox-çox əvvəllər bizim evə “Ulduz”, “Azərbaycan” jurnalları gəlirdi, həmin jurnallara abunə yazılmışdıq. O jurnallarda tez-tez Rauf Soltanın şeirlərinə rast gəlirdim. Bir müddət sonra qəzetdə işləməyə başladım və bir dəfə şəhərdə saçlarını geriyə darayan, qalın bığlı, orta boylu adamı mənə göstərib bu, Rauf Soltandır, dedilər. Ara-sıra “Torqovı”da, Sahil bağında onunla rastlaşırdım. Amma tanış deyildik, sonralar da heç vaxt ünsiyyətimiz yaranmadı...

Aradan illər keçdi, mən onu unutdum... Bu yaxınlarda vaxtilə “Mosfilm”də yaddaqalan obrazlar yaratmış aktyor Fəxrəddin İsayevlə söhbət əsnasında Rauf Soltan xatırlandı. Mən onda bildim ki, o şair artıq dünyasını dəyişib... Cəmi 42 il ömür yaşayıb. Fəxrəddin müəllimin dediyinə görə Raufdan təkcə əl boyda balaca bir şeir kitabçası yadigar qalıb...

Deyilənə görə, möhkəm içən imiş. Amma çox yaxşı şeirlər yazıb. Fəxrəddin müəllimlə hər dəfə görüşəndə ondan xahiş edirəm ki, Raufdan bir şeir desin. Onun araq şüşəsi haqda məzəli bir şeiri var:

Dəmir papağını cırırıq hər gün,
Nəzərə almırıq sabahımızı.
Qorxuram ki, bir gün araq hirslənib
Yerə soxsun bizim papağımızı.

Və yaxud:

Xəlvətcə bir gülün öpdüm üzündən,
Bülbüllər eşitsə, qırğın düşəcək.

Rauf Soltanın vəfat tarixini heç kəs dəqiq deyə bilmədi. Təxminən 1996-1997-ci illərdə dünyasını dəyişib. Onu doğulduğu torpaqda – Saatlıda dəfn ediblər. Amma aradan 15 il keçsə də şairin qəbrinin üstü götürülməyib...

Fəxrəddin müəllim deyir ki, onun məzarının başına bir taxta parçası sancılıb və o taxta parçasının üstünə tabaşirlə Rauf Soltan yazılıb. Çox güman ki, yaxın vaxtlarda başdaşı qoyulmasa, bu qəbir itib-batacaq. Nə qədər kədərli bir tale...

Rauf Soltan ailə qurmayıb, ondan yadigar qalan dost xatirəsi, bir də beş-üç şeirdi... Deyilənə görə, Rauf Soltan o dövrün çox tanınmış şairləri ilə dostluq edib, onlarla badə toqquşdurub, yəqin ki, bir-birlərinin şəninə çox tostlar deyiblər. Onların böyük əksəriyyəti indi də sağdır, amma nədənsə Raufun kimsəsiz məzarına güzarını salan yoxdur... O qəbrə aparan cığırı ot basıb.

Fəxrəddin müəllim Raufun şeirlərini əzbər bilir və hər dəfə də hansısa şeirini deyəndə gözləri yol çəkir...

Eşitdim gəlirsən,
gəlişin su olub axdı
qəlbimin həsrətdən cadar-cadar olmuş
damarlarına...

Nisgilli baxışlarını məchul nöqtəyə zilləyir: “Bu şeirin ünvanı bilmədim kim idi, heç vaxt da demədi... Hər dəfə soruşurdum ki, ay Rauf, bu şeiri kimə yazmısan? Üzünə təbəssüm yayılırdı, əlini bığlarına çəkirdi və sualdan ustalıqla yayınırdı...”

Rauf haqqında daha çox şey bilmək istəyirəm. “O, nədən öldü?” deyirəm. Fəxrəddin müəllim fikirli-fikirli “çox içirdi də” deyə cavab verir. “Axırda onun bədənini yara basdı, üz-gözündə ləkələr əmələ gəldi, qəribə bir xəstəlik idi... Son vaxtlar həyatdan küskün görünürdü, hətta bığlarından da ölüm tökülürdü... Rauf biganəliyin qurbanı oldu”-deyir və susur. Bu biganəlik indi də davam edir. Raufun məzarı itmək üzrədir. Tale ona qarşı niyə bu qədər amansız oldu görəsən?!

Mənim onun haqqında bildiklərim bu qədərdi. Bu yazını yazanda köhnə jurnalları vərəqlədim və “Azərbaycan” jurnalının 1990-cı il 9-cu sayında Rauf Soltanın şeirləriylə rastlaşdım. Onun “İşıq pulu” şeiri diqqətimi çəkdi. Şeirin sonuncu bəndi belədir:

Tamam çəkilərdi qorxu adlı çən,
Gözdə od sönməzdi, ürəkdə atəş.
Məni qınamayın, Yer kürəsindən
Gərək işıq pulu alaydı Günəş.

Bu yazını yazdım ki, Rauf Soltanı tanıyaq. Onun gözü yollarda qalan məzarına da bir Gün doğsun... “Bu ağlı-qaralı başdaşlarından ona da bir boyu bəstəsi” düşsün...

Dünyada Rauf Soltan adlı bir şair olub. Ondan bir-iki dost xatirəsi, bir də Söz qalıb... O Sözün xatirinə, Rauf Soltanı unutmayaq!...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021
Taleh Yüzbəyovdan yeni film gəlir - Fotolar
16:13 27 İyul 2021
7 il nişanlı qaldı, tələbəsi ona aşiq oldu, rus qızına görə oğlunu evdən qovdu – Xalq yazıçısından 10 maraqlı fakt
15:30 27 İyul 2021
Seyran Səxavət “Nizami Gəncəvi” mükafatına layiq görülüb
15:27 27 İyul 2021
Ermənilər yazıçımızın ailəvi fotosunu oğurladılar – Nadir fakt - Foto
14:45 27 İyul 2021
Əməkdar mədəniyyət işçisi vəfat etdi
13:52 27 İyul 2021
Nərimanovun 5 yaşlı oğluna yazdığı o məktubdan sonra… – Çingiz Hüseynov yazır
13:30 27 İyul 2021
Buker mükafatının uzun siyahısı açıqlanıb
12:29 27 İyul 2021
Anar: “Əkrəm Əylislini qəbul edərəm, ancaq bir şərtlə...” – Müsahibə
12:01 27 İyul 2021
El Romandan hekayə: Pomada dadı
11:30 27 İyul 2021
Yazıçımız beynəlxalq ədəbiyyat müsabiqəsində - İlk dəfə
10:51 27 İyul 2021
Xalq artistinin ölüm xəbəri yayıldı
10:20 27 İyul 2021
Tanınmış yazıçı vəfat etdi
10:06 27 İyul 2021
Əllərində göyüzü – Həmid Piriyevin hekayəsi
09:01 27 İyul 2021
Oğlunun ölümünü ondan 40 gün gizlədilər – Xalq artisti haqqında maraqlı faktlar
21:00 26 İyul 2021
“Oyaq gözəl” onlayn nümayiş ediləcək
19:00 26 İyul 2021
Ayrılıq qıvrılır canımda - Ələddin Əzimlidən şeirlər
18:22 26 İyul 2021