news-inner
clock16:18 calendar-gray 08 İyun 2020 view-gray62698 dəfə oxunub
view-gray62698 dəfə oxunub

Ərinin dostu ilə yatağa girən Göyçək - Şəfaqət Cavanşir yazır...

Kulis.az Şəfaqət Cavanşirin "Gecikmiş namus" hekayəsini təqdim edir.

Şəhvətinin ağlına güc gəldiyi vaxtda ailəli ola-ola, ailəli adamla münasibətlərinin ortaya çıxacağını düşünmürdü. Əri Dilqəm həyətdə tikdikləri bir otaqlı evdə yaşayan, Bakıdan gəlmiş mühəndis Cəfərin tikintisində fəhlə işləyirdi.

Aylarca kişi üzünə həsrət qalan qadının bədənini ehtirası yandıranda onun üçün aşnasının ərinə hansı gözlə baxmağı qəti maraqlı olmur. Yaşadığı yerdə “gözəllik” yarışması keçirilsə, Göyçək birinci yerə çıxmasa, axırıncı yeri də tutmazdı. Bədəninin formasına neçə il onunla qonşu olan qadınlar da fikir vermirdilər, elə bilirdilər “fiqura”sı yoxdu.

Geydiyi enli paltarların hamısı demək olar ki, qara rəngdə olurdu, bədənini gizlədirdi. Saçları qız vaxtından yaylığın altında gün üzü görməzdi, çiməndən-çimənə nəfəs alardı.

Dilqəm üçün Göyçək dörd qız balasının anası, qanını daşıyan, onu gözü götürməyənlərə göz dağı vermək üçün oğlan doğa bilməyən qadın idi. Axırıncı qızları Zeynəb dünyaya gələndən sonra Dilqəm demək olar Göyçəkdən tamamilə soyumuşdu. Tanımayan olsa, münasibətlərindən onları ər-arvaddan çox, bacı-qardaşa oxşadardılar.

İlk günlər Cəfərin də nəzərində Göyçək “dünyada bir o qala, bir mən, dönüb baxmaram ” dediyi qadın idi.

İki kişi tərəfindən bəxti gətirməyən bu qadın öz nəzərlərində isə, uşaqlarına baxan, evini, həyət-bacasını səliqəyə salan, gecələr əri ona kürəyini çevirib xoruldayanda , barmaqlarıyla ərinin kişilik vəzifəsini yerinə yetirən qadından başqa heç kim idi.

Yalnız ər üçün böyüdülən qızlar ikinci kişinin nəfəsini üzlərində hiss edənəcən xəyanəti ağıllarına da gətirmirlər. Onlar üçün həmişə bir qayda olub; bir kişiylə yaşamalısan, bir kişiylə də ölməlisən. Döysə də, söysə də onunla qocalmalısan.

Göyçək hamısından fərqli idi. İkinci kişinin nəfəsi dəyənəcən eyni həyətdə iki kişi görürdü, iki kişiyə yemək bişirirdi, iki kişinin evini təmizləyirdi. Güman olduğu kişi Allahın “ çox sağ ol ”unu deməyəndə içindəki şeytan onu ikinci kişini yola gətirə bilsə, nəvazişlərinə doğru itələyirdi. Və itələdi…

Günahları körpə addımlarını bu gecədən atdı.

Dilqəm yenə kürəyini çevirib xoruldayırdı. Qızı Zeynəb beşiyində sakit yatmışdı, elə bil, atasının xorultusuna öyrəşmişdi. Göyçək yataq otağından çıxıb mətbəxə gəldi, ürəyi sıxılırdı. “Dilqəm nə vaxtacan mənə toxunmayacaq?” sualı qadın kimi qürurunu alt-üst etmişdi. Döyülməmək , söyülməmək üçün səsini çıxarda bilmirdi, bədən isə, kişi tələb edirdi.

Cəfərin qaldığı bir otaqlı evi mətbəxin pəncərəsindən baxanda görmək olurdu. Baxmaq deyəndə ki, əvvəllər mümkün idi. Mühəndis gələndən sonra Dilqəm poçtdan aldığı köhnə qəzetlərlə pəncərələrin ikisini də bağlamışdı. Həyətdən nə mətbəxin içini görmək olurdu, nə də mətbəxdən həyətə baxmaq mümkündür.

Yenə həyətdən ayaq səsləri eşidildi. Göyçək qulaqlarını heyvan kimi şəkləmirdi, lakin bütün diqqəti qulaqlarında idi. Cəfər idi, ayaq səslərindən tanımışdı. Altı aydı gecələr ondan başqa heç kimin ayaqları həyətdə dolaşmırdı. Gecələr ikisi üçün də alınsaydı, əsl mükafat idi. Göyçək həyətə çıxmağa can atırdı, qorxurdu. Qapının xoşagəlməz cırıltısı ərini yuxudan oyada bilərdi. Bıçağı götürüb qəzetin kənarına yapışdırılmış “izolent”i ehmalca qopardı, qəzeti ehtiyatla aralayıb, hələ də işığı yanılı qalmış Cəfərin otağına bir gözüylə baxdı. Göyçək bilirdi ki, Cəfər hər gün çimir. Dilqəm həyətdə də ayrıca hamam-tualet tikmişdi.

Cəfər pəncərədən göründü. Bədəni çılpaq idi, qurşaqdan yuxarı əynində heç nə yox idi. Araladığı balaca yerdən baxan qadının qıyıq gözü iriləşdi, heyranlıqdan ağzı açıq qalmışdı. “Üzdən ağ adamların bədəni üzündən də ağdır” deyirlər.

Cəfərin bədəni Dilqəmin bədənindən bir az iri idi. Diqqət çəkməyən qarnı, sinəsi ərinin sinəsi kimi boğazacan tüklü deyildi. Göyçək yenə bədəninin istiləndiyini, göbəyindən aşağı yandığını hiss etdi. Offlayıb izolenti yapışdırdı, əli boğazında, mətbəxdən çıxdı. Mətbəxə bitişik hamamın işığını yandırıb qapını örtdü. Bu dəfə, o, xəyallarında Cəfər, başqa gecələr etdiklərini təkrarladı.

Adına yeni sevgilərin “fəsli” deyirlər. Yarpaqları saralıb ayaq altında tikələrə bölünəndə, xoşbəxt qadınların üzündə, şair diliylə desək, çiçəklər açır. Göyçək gecədən sonra yuxudan gümrah oyanmışdı. Dilqəmə bədbəxt qadın kimi baxmırdı, nifrət də etmirdi.
Səhər süfrəsini hazırladı. Dilqəm ikinci qızı on beş yaşlı Səmaya Cəfəri çağırmasını tapşırdı.

Evin on altı yaşlı böyük qızı Gülnar atasına çay süzəndə, anası bacısına süd vermək üçün yataq otağına keçdi. Cəfər Səmayla birlikdə qapıdan içəri girdilər. Cəfərin stəkanına çayı Səma süzdü.
Göyçək yataq otağının qapısını tam örtməmişdi, əriylə mühəndisin söhbətlərini eşidirdi, həmişəki kimi işdən danışırdılar. Qızını doyuzdurandan sonra beşiyinə qoydu. Otaqdan çıxıb Cəfərə:
- Sabahınız xeyir – dedi.
Cəfər “Sabahınız xeyir”, – deyib ayağa qalxdı.
Dilqəm təəccüblə Cəfərə baxdı:
- Nə tez durdun?
Cəfər əlini qarnının üstünə qoydu:
- Doydum, çox sağ ol. Allah artıq eləsin.
- Nə doydum? – Dilqəm Cəfərin qabağındakı stəkanı böyük qızına uzatdı, – Cəfər əminə çay süz. Mən paltarımı dəyişənəcən bir-iki loxma da ye.

Dilqəm yataq otağına keçib qapını örtən kimi iki qızı evdən çıxdılar.
Göyçək Cəfərin yanından pendir qabını götürəndə bilərəkdən qolunu onun qoluna sürtdü. Cəfər ayıq adam idi, qadın hərəkətini ikinci dəfə təkrarlayana qədər ağlına heç nə gətirmədi. Göyçəyin gözlərinə baxdı. Göyçək sol ayağının barmaqlarıyla yoldan çıxarmaq istədiyi kişinin sağ ayağının barmaqlarına toxundurduqdan sonra gözlərinə baxdı. Cəfər onun niyyətini başa düşmüşdü, qəfil gözləmədiyi hərəkətdən udqundu, ayağını ayağından çəkib ayağa qalxdı, qapıya yaxınlaşdı. Göyçək həyasızlıq etmək istəmirdi. Cəfər onun yerinə utananda, onun da qara yanaqları allanmışdı. Sonuncu dəfə gülümsəyib mətbəxə keçdi.
Cəfər cibindən siqaret qutusunu çıxartdı, çəkmək üçün eşiyə çıxdı. Dilqəmin yanına necə gəldiyini də hiss etmədi.
- Mən hazır, gedə bilərik.

Cəfər siqaretindən iki nəfəs aldı, birlikdə dəmir qapıdan küçəyə çıxdılar.

Cəfər işdə Dilqəmin hərəkətlərini izləyirdi. Bir-neçə dəfə arvadını incitməyinin şahidi olmuşdu, fikirləri qarışmışdı. Göyçəkdən səhərki hərəkəti gözləməsə də, haqq da verirdi. Görünür, Dilqəm kişi kimi lazımlı olan diqqəti qadınına ayıra bilmirdi.

Qızları məktəbdə idi. Göyçək körpəsini yatızdırdı, əlində qələm, dəftərin ortasından iki vərəq qopardı. Nə yazacağını əvvəlcədən bilirdi. Abzasdan Cəfərin adını yazdı.

Nahar vaxtı Dilqəm Cəfərə yaxınlaşdı:

- Bir saata gələcəm. Ola bilsin, işim bir az uzandı.

Başqa vaxt olsaydı Dilqəmin hara gedəcəyi Cəfərə maraqlı olmazdı. Onu da bilirdi ki, iş yerinə yaxın üç qadın bir evdə yaşayır və onların əxlaqına burda yaşayanlar bələddirlər. Nahar vaxtı, işdən sonra o qadınlara baş çəkənlər də olurdu:

- Xeyirdimi?

Dilqəm geri, yoldaşlarına tərəf baxdı, iki barmağıyla burnunun ucuna sığal çəkə-çəkə, bir az da utanmış adamlar kimi danışdı:

- Sona xəbər göndərib. Gedim görüm nə deyir.

Cəfər təəccüblə qaşlarını çatdı. İki gün bundan əvvəl Sona onunla birlikdə idi. Hətta sevdiyini də demişdi. Hərçənd Cəfər yaxşı bilirdi, Sona kimilərin ürəyi geniş olur, adını bilmədikləri kişiləri də bir gecəyə sevirlər. Yenə də Sona Cəfərə and içmişdi, nə qədər onunladır, başqa kişiylə olmayacaq. Yaxınlarda maaşının yarısını da xərcləmişdi ona. Bu gün də Sonanın yanına getmək istəyirdi, indi iyrəndiyindən addım da atmazdı:

- Yaxşı, get.
Cəfərin qanı qaramışldı, fahişəyə xərclədiyi pullara heyfi gəldi. Əsəbdən aclığını da hiss etmədi. Nahar vaxtı bitənəcən evə dəydi. Qapını açdı, içəri girəndə stolun üstündə yazılmış vərəq gördü. Stulu altına çəkdi, yazılanları ürəyində oxumağa başladı:

- Cəfər, səhər etdiyim hərəkətləri bilirəm ki, məndən gözləmirdin. Mən əxlaqsız qadın deyiləm. Nəslim də bilir ki, mən bədbəxtəm. Dilqəm ona oğlan vermədiyim üçün aylarca üzümə baxmır, kəlmə də kəsmir. Səndən çox şey istəmirəm. İcazə ver yanına gəlim, danışaq. O biri vərəq boşdur. Cavabını gözləyəcəm”.

Cəfər bir qədər fikirləşdikdən sonra qələmi götürdü və yazdı:

- Sabah nahar vaxtı burda olarsan.

Qapı döyüldü, Cəfər üçün gələnin kim olduğunu bilmək çətin deyildi, qapını açdı, düşündüyü adamı, Göyçəyi qarşısında gördü və təəccübləndi. Altı ayda ilk dəfə başında yaylıq görmədi. Üzdən gözəl olmayan qadının saçları bu qədərmi gözəl olarmış?! Bir-neçə yerdən bəyaz tükləri görməməzlikdən gələndə saçları zil qara idi.
Göyçək gülümsədi:

- Gəldiyini təsadüfən gördüm.

Cəfər Göyçəyin qolundan tutdu, içəri dartdı. Qapını örtdü ki, heç kim görməsin.
Göyçək stola tərəf yaxınlaşdı, vərəqdə ona yazılan cavabı oxudu, yenə gülümsədi:

- Sabah da bu vaxtı gələrəm. İstəsən…

- Nə sabah, nə də o biri gün olmayacaq. Mənə güman olma! – Cəfər hirslə stulu altına çəkib oturdu. Kürəyi qadına tərəf idi. Dirsəyi budlarının üstündə, barmaqlarını bir-birinə dolamışdı.

- Bizimki alınmaz, Göyçək. Mən də ailəliyəm, sən də. Ərini də tanıyıram.
Göyçək düşünmədən, səbirsiz cavab verdi:

- Axı, ərim başqa qadınların yanına gedir.

- O mənim problemim deyil, - Cəfər səsini yüksəltdi, - Mənim sənə qarşı meylim yoxdu. İncimə sözlərimdən, mən özünə baxan qadınları bəyənirəm. Birdə belə şeylər yazma mənə. Mən kişiyəm, ikimiz üçün də yaxşı olmaz. Yaxşı? Sənə hörmətim böyükdür. Səliqənə, evdarlığına söz ola bilməz. Başa düş, olmaz… Niyə susursan?

Cəfərin geri çevrilib baxmağıyla, yerindən dovşan kimi sıçrayıb qalxmağı bir oldu. Göyçək anadangəlmə lüt qarşısındaydı. Yanaqlarında göz yaşları asanlıqla özünə yol açmışdı, süzülə-süzülə döşünün üstündə düşdü və…dayandı.

Cəfər dediyi sözlərin hamısını unutdu. İlahi! Göyçəyin bədəni üzündən tamamilə fərqlənirdi. Neçə ildir bu qadın enli paltarların altında şah əsər gizlədirmiş. Axmaq Dilqəm isə, bu bədəni kişisiz qoymuşdu. Sona kimilərini öpüb-oxşayanda, bu qadının bədəni həsrətlə kişi nəvazişi gözləyirmiş. Bu cür düşüncələrlə Cəfər ağzı açıq, ağır addımlarla Göyçəyə yaxınlaşdı, burun-buruna, göz-gözə gəldilər. Nəfəslərini bir-birilərinin üzündə hiss etdilər.

Qadın gözlərini yumub udqundu:

- Üzümə aldanma. Mən xoşbəxt olmaq istəyirəm.

Cəfər cavab verə bilmirdi. Gözəllik qarşısında mat qalmış gözlərini qadının bədənində gəzdirməyə başladı. Gəzdirdikcə öz bədənindəki dəyişikliyi hiss etdi.

İlk yaxınlıqları Cəfər iki barmağını cütləşdirib, Göyçəyin sinəsinə toxunduranda oldu. Qadının giləsinin ucunda süd vardı. Ovcuyla giləni aram-aram ovuşdurdu. Əli ilk dəfə süd verən döşə dəyirdi. Və bu toxunuş onu daha da ehtiraslandırdı. Cəfər az qala üzündən iyrəndiyi qadının bədəninə vurulmuşdu. Bədən qara deyildi, Göyçəyin bəxtinin qaralığından üzü qaralmışdı. Səhərdən axşamacan işləyirdi, dincliyin nə olduğunu təkcə gecələr bilirdi.

Qadının dodaqlarından üzündən öpmək istəmirdi, öpmədi də…İlk öpüşləri çiynində, əlləri belində gəzdi.
Göyçək gözlərini yummuşdu. Ərini, uşaqlarını unutmaq üçün yummuşdu. İniltili səsiylə həyəcandan qurumuş dodaqlarından iki kəlmə deyə bildi:
- Səni istəyirəm.

Cəfər sərt hərəkətlə Göyçəyi çevirdi, dodaqlarını qadının belində sürüşdürməyə başladı. Göyçəyin ağ dişləri alt dodağını özlərinə əsir etmişdilər. Bir neçə dəqiqədən sonra hər şey bitəcəkdi, təzə kişiyə dözən qadının barmaq izləri isə, stulun başında uzun müddət qalacaqdı.

Dilqəmlə Cəfərin yaxın olduqlarını hamı bilirdi. Və arvadıyla gizli yaşadıqlarından sonra Dilqəmin maaşı artmışdı. Hətta Dilqəm Sonanın yanına gedəndə Cəfər ona əlavə bir saat da vaxt ayırırdı, nahar vaxtı onun evində, onun arvadıyla qızları məktəbdə olanda xoş anlar yaşayırdı.

Üç ay, qışacan münasibətləri davam etdi. Bu gün Cəfər məşuqəsinə alt paltarı da almışdı. Qadında Cəfərin ən çox bəyəndiyi alt paltarlarıydı. Göyçək geyinəndə isə, ona məftun oldu. Şəhvət hisslərini öldürdükdən sonra nadir hallarda söhbət edərdilər. Cəfər ailəsindən çox danışmazdı. Yoldaşı onunla rayona gəlmədiyi üçün bir kəlmə “incimişəm” demişdi. Göyçək də çox suallar verməzdi.

Nahar vaxtının bitməyinə az qalmış, ikisi də paltarlarını geyindi.
Göyçək saçlarını yığanda Cəfər ona yaxınlaşdı:

- Əslində, xasiyyətin çox gözəldir. Heyf ki, Dilqəm kimi kişinin əlinə düşmüsən. Sabah – birisi gün mən gedəcəm. Onda neyliyəcəksən?

- Əvvəl nə edirdimsə, onu.

- Ümid edirəm, bir gün Dilqəm səni görər.

Göyçək köks ötürdü:

- Məndə ona oğul verərəm, – qapıya yaxınlaşdı, cəftəsindən tutub, –Sabahacan. Sağ ol, - dedi.

Cəfər siqareti damağına qoydu.
Göyçək qapını tam örtmədi.
Qonşusu Sənəm, böyük qızı Gülnar dəmir qapıdan içəri girəndə üz-üzə gəldilər. Sənəm ərindən təzə boşanmışdı, Göyçəkdən iki yaş kiçik otuz üç yaşında uşaqsız qadınıydı.
Gülnar bir-neçə addım qabağa gəlib, Sənəmi geridə qoydu, təəccüblə anasına baxdı:

- Sən burda neynirsən?

Cəfər də evdən çıxdı.

Sənəm içini çəkib, əliylə ağzını tutdu. Dəmir qapıdan həyətə necə girmişdisə, elə də çıxdı. Sənəmin getməyini Göyçək hiss etmədi, qızının gözlərinə baxırdı. Utandığından gözləri dolmuşdu.
Gülnar anasıyla aşnasını başdan ayağa süzdü, anasının saçlarına diqqətlə baxdı, göz yaşları pörtmüş yanaqlarından süzülürdü. Həyəcandan sinəsi enib-qalxırdı. Çox söz demək istədi, sözləri boğazında ilişib qaldı. Ağlayaraq evə tərəf qaçdı.

Göyçək tərpənə bilmirdi, elə bil ayaqları yerə yapışmışdı, ona tabe deyildi.

Cəfər qolundan tutub sirkələyənəcən gözlərini yerdən çəkmirdi:

- Nə dayanmısan? Get, qızınla söhbət elə. Başa sal ki, hər şey fikirləşdiyi kimi deyil. Mən də Sənəmlə danışaram - Cəfər qorxduğunu hiss elətdirirdi. Göyçəyin cavab verməməsi onu hövsələdən çıxardı:

- Səninləyəm, özünə gəl! Get! Qızını başa sal! Birazdan ikimizi də zibilə salacaq.

Göyçək aşnası onu yüngül itələyəndən sonra özünə gəldi, diqqətlə bayaq qoynundan çıxdığı kişinin gözlərinə baxdı. Gözlərinin bəbəklərindən qorxusunun bütün bədənini sarsıtdığını gördü. Cəfərin acizliyinə heyfslənib, başını təəssüflə yellədi. İlk dəfə xəyanətinə peşman olmuşdu.
Evinə tərəf qaçdı, qızına toxunmaq istəyirdi, “ Qızım” deyən kimi, qızı üstünə qışqırdı, ağzını açmağa imkan da vermədi:

- Toxunma mənə. Mənim sən adda anam yoxdur. Pozğunsan, pozğun. Atama hər şeyi deyəcəm. Hər şeyi deyəcəm.

Göyçək qışqırdı, əlləriylə üzünü tutdu:

- Yooox! Eləmə belə. Bağışla məni, bir qələtdi eləmişəm, birdə etmərəm.

- Deyəcəm, nə görmüşəmsə, deyəcəm.

- Qurban olum, bağışla. Heç nə demə, yoxsa məni öldürəcək.

- Sənin kimi ana ölsə yaxşıdır. Atamın papağını yerə soxdun. Atama deyəcəm, qoy ikinizi də öldürsün. Oğraş köpəy oğlu…Gülnar qışqıra-qışqıra söyürdü ki, Cəfər eşitsin:

- Çörəyimizi yeyib anamı yoldan çıxartdın. Sənin başını kəsəcək, it balası! Hər şeyi atama deyəcəm!

Həyətin ortasında ana-balanın qışqırığına qulaq verən Cəfər, sarısını udmuşdu. Evdən nəyinsə yerə çırpılıb sındırıldığını eşidib içini çəkdi, ayaqlarının titrədiyini hiss etdi. Daha burda yaşaya bilməzdi. “Lənət şeytana” deyib, iti addımlarla qaldığı evə tərəf getdi. On beş dəqiqə keçmədi, əlində çamadanı evdən çıxdı, qapısını da bağlamadı. Həyətin dəmir qapısına yaxınlaşanda sonuncu dəfə Göyçəkgilin evinə tərəf boylandı. Narahat idi, sirlərini artıq iki nəfər bilirdi. Burda qalmaq ağılsızlıq olardı. Ortada müdafiə ediləsi sevgi də yox idi.

Evli olub kişisiz, qadınsız olanların ehtirasına hələ indiyəcən heç kim tərəfkeşlik etməyib.

Cəfər küçəyə çıxdı. Sənəm iki qeybətcil qonşu arvadıyla Dilqəmgilin qapısına baxırdılar. Qadınlar mühəndisi görən kimi söhbətlərini dayandırdılar. Cəfər getməklə bağlı qərarının düzgün olduğunu indi anlamışdı. Sonuncu dəfə işə getdi, anasının can üstə olmasıyla bağlı yalan uydurub, icazə aldı, rayon taksilərindən birinə oturub, adını olmasa da, canını həmişəlik qurtardı. İnsanları bir-birinə yadlaşdıran böyük şəhərində itməyə getdi.

Dilqəm Cəfərin gedişinə dodaq büzüb məəttəl qalanda, arvadının xəyanət söhbəti evlərdə gəzirdi. Qeybətcil arvadlar gecə fəhlə işləyən ərlərinə, oğlanlarına Göyçəklə Cəfərdən danışdılar. Kişilərdən kimisinin Dilqəmə yazığı gəlirdi, kimisi yad kişini evinə gətirdiyi üçün qınayırdı, kimisi də deyirdi ki, “yaxşı kişinin arvadı gəzməz”.

Hələ son aylar artan maaşını evində arvadına xırdayan kişilər də çox danışacaqdılar. Adam da tapılmırdı Cəfərin qəfil gedişinə cavab tapa bilməyən Dilqəmin üzünə həqiqəti danışsın.

Dilqəm xasiyyəti tünd, bir az da davaya meylli insanıydı. Heç kim ağrımayan başına dəsmal bağlamaq istəmirdi.

Fahişələr də Göyçəyi qınayırdılar. “Yaxşı arvad ərinə xəyanət etməz” –deyirdilər.

Hamısı Dilqəmin üzünü görənəcən danışırdı. Həmişə danışıb-gülən qızı Gülnar da gecələr səssiz yatağında ağlaya-ağlaya atasına deyəcəyi sözləri əzbərləyirdi, gündüzlər bacısına süd verən anasının qızarmış gözlərinə baxanda əzbərlədiklərini unudurdu, mərhəmətli qız olurdu.

Bu dünyanın sirri bu dünyada açılar.

İşdə onunla yaşıd olan Orxanla Dilqəmin iş üstündə sözləri bir-birinə xoş gəlmədi. Orxan bilmədən Dilqəmin ayağının üstünə nə isə tökmüşdü. Dilqəm Orxanı itələyib “ Korsan?” deyəndə, cavabını eşitmək çox çəkmədi:

- Kor özünsən, danışığına fikir ver. Qabağında uşaq-muşaq yoxdur.

- Onda işini düzgün gör! - Dilqəm əmr formasında dedi.

Orxan əsəbləşdi: - Sən kimsən mənə göstəriş verirsən. Get, qeyrətinin dərdini çək!

Söz Dilqəmə güllə kimi dəydi, var gücüylə Orxanın üzünə yumruq vurdu. Orxan da yumruğunu qaytarmaq istəyəndə fəhlə yoldaşları araya girib, hərəsi bir qolundan yapışdılar:
- Nədi? Qeyrət damarın tutdu? Guya bilmirsən arvadın mühəndislə nə hoqqalardan çıxıb?

Bir-iki fəhlə ağız-ağıza verib Orxanı danladılar. Dilqəm nə yerindən tərpənə bilirdi, nə də ağzını açıb bir kəlmə deyə… Ürəyi sıxılırdı, nəfəs almaqda çətinlik çəkdiyini hiss etdi. Yerə yıxılması fəhlə yoldaşlarını qorxutdu, səsləri bir-birinə qarışmışdı.
Maşınla Diqəmi xəstəxanaya apardılar. Əsəbdən təzyiqi qalxmışdı. Təzyiqini həkimlə tibb bacısı iynə-dərmanlarla aşağı salandan sonra özünə gəlmişdi. Həkimin və iş yoldaşı Elmanın təkidlərinə baxmayaraq, xəstəxanada qalmaq istəmədi.

Otaqda Elmanla tək qaldılar. Dilqəm dedi:

- Zatıqırıq itin balası, məni rüsvay elədi. Doğrayacam onu! Tikə-tikə edəcəm!

Elman Dilqəmdən bir-iki yaş böyük idi:

- Lazım deyil. Hələ düz olub-olmamağı sual altındadır.

- Od olmayan yerdən tüstü çıxmaz. İndi başa düşürəm o əclaf niyə qəfildən yoxa çıxıb. Binamus! Oğraş!

Elman Dilqəmi fikrindən daşındırmağa çalışırdı:

- Tutaq ki, öldürdün. Sonra? İndi beynin qandı, sonrasını fikirləşə bilmirsən. Qızlarını fikirləşməlisən. Sən türmədə, anaları torpaqda…Ortalıqda qalacaqlar. Orxan kimiləri istifadə edəcək, korlanacaqlar. İndi hamının yüz dərdi var. Camaat üç gün danışıb susacaqlar. Balalarına yazığın gəlsin.

Dilqəmin Elmana cavab verməyə halı yox idi. Üç kəlmə deyə bildi:

- Məni evə apar.

Elman Dilqəmin qolundan tutub içəri girəndə Göyçək təccüblə onlara yaxınlaşdı, narahat oldu:
- Nə olub?

Dilqəmin rəngi qaçmışdı. Arvadını gördü, əsəbləşdi.

Göyçək onun əlindən tutdu:

- Üzünün rəngi niyə solub?

Dilqəm əliylə arvadının əlini yüngülcə itələdi, suallarını cavabsız qoydu, Elmanın köməkliyi ilə divanda oturdu.

Qızlarının üçü də məktəbdə idi.

Göyçək baxışlarıyla sanki Elmana suallar verirdi.

Elman başıyla ona işarə etdi ki, yola salsın. Üzünü Dilqəmə tutdu:

- Mən gedirəm. Nə lazım olsa, xəbər edərsiz.

Dilqəm başıyla razılığını bildirdi.

Göyçək Elmanı qapının ağzınacan yola saldı. Elman ərinin eşitməyəcəyi tərzdə:

- Nə desə, sus! – deyə bildi və getdi…

Göyçək ərinin yanında divanda oturdu. Dilqəm onun gözlərinə nifrətlə baxırdı, hirsindən ağzından su gəlirdi. Özünü ələ ala bilmədi, arvadının qulağının dibinə var gücüylə şillə vurdu. Qadın oturduğu divandan yerə düşdü, vurulan şillədən hər şeyi başa düşmüşdü. Başını yerdən qaldırıb ərinin gözlərinə baxa bilmədi, sakitcə ağladı.

Dilqəm şəhadət barmağını havada sirkələdi, ağlayırdı:

- Qurban olasan qızlara! … Qurban olasan qızlara! – cümləsini təkrarlaya-təkrarlaya səsini yüksəldirdi: - Qurban olasan qızlarıma, ….
Dilqəm qabarlı əllərini birləşdirib, biganəliyi ucbatından biabır olmuş üzünü ovuclarında gizlətdi, hıçqıra-hıçqıra ağladı.
Göyçək ilk dəfə ərini insaflı tanımış, xəyanətinə ikinci dəfə peşman olmuşdu. Onların qanunlarına görə əri gərək onu öldürəydi. Görünür, kişi qadınıyla qızları arasında qalanda, qızları onları dünyaya gətirən analarından həmişə bir addım qabaqda olur…

23 il keçdi…

Qeybətcil qarılar haqq dünyasına qovuşmuşdu, müharibə başlamışdı, şəhərlərə, rayonlara bir milyon məcburi köçkün yerləşdirilmişdi. Atəşkəs olmuş, Qarabağ ermənilərdə qalmışdı.

Məcburi köçkünlərdən olan yeni qonşuların dərdi-səri köhnə qonşulara köhnə söhbətləri unutdurmuşdu. Artıq Göyçəyin xəyanətini Dilqəmdən başqa heç kim xatırlamırdı. On səkkiz yaşında əmisi oğluna ərə verilmiş Gülnar da anasını bağışlamış, qadın olandan sonra, ərinin evə gəlmədiyi gecələr əzablarını hiss etmişdi. Hər şeyin səbəbkarı kimi atasını günahkar gördü və susdu…

Dilqəm ikinci qızı Səmanı iyirmi yaşında Cəbrayıl rayonundan olan qonşusu dul Cəvahirə, on doqquz yaşında üçüncü qızı Gövhəri Bakıda yaşayan əsgər yoldaşı Akifin oğluna vermişdi. Kiçik, sevimli qızı Zeynəbin isə toyu bir həftə bundan əvvəl Bakıda olmuşdu, Akifin qardaşı oğlu bacısının toyunda qıza vurulmuşdu.

Daha qızlarının namusuna görə narahat olmayan altmış beş yaşlı Dilqəmə neçə ilin əsəbindən əsən bədəni, əsa tutan titrəyən əlləri də mane ola bilmirdi.

Dan ağaranda çay içməmiş evdən çıxdı, azadlığın havasını sonuncu dəfə udmaq üçün rayonun gəzməli yerlərini gəzdi, ona yaxın olan qızlarına baş çəkdi, uşaqlaşıb nəvələriylə oynayıb, onlarla birlikdə əyləndi.

Axşama yaxın Bakıda yaşayan qızlarıyla telefonda danışa-danışa yeyin addımlarla evinə gəldi. Göyçək süfrəni hazırlamışdı, əlində pult televizora baxırdı. Dilqəm qapıdan içəri girəndə qızı Zeynəblə danışırdı:

- Gözlə, “odboy” eləmə, ananla da danış. – telefonu arvadına uzadıb mətbəxə keçdi.
Göyçək qızıyla çox danışmadı. Hal-əhval tutub, hamıya salamlarını çatdırmasını tapşırdı, sağollaşdılar. Telefonu vermək üçün mətbəxə girəndə Dilqəm qapının ağzında bıçağı qəfildən onun ürəyinə sancdı. Göyçəyin gözləri bərəldi, ağzı açıq nəfəs almaq istədi, bacarmadı, telefon əlindən çoxdan düşmüşdü. Ərinin gözlərinə baxdı, nifrətdən başqa heç nə görmədi. İyirmi üç il mərhəmətlə baxan gözlərdəki nifrəti tanımadı.

Dilqəmin həyəcandan sinəsi enib-qalxırdı:

- Daha qızlarına qurban olmaq lazım deyil.

İkinci dəfə bıçağın sapından tutub yenə itələdi. Göyçək kürəyi üstə yerə dəydi, açıq gözlərindən yaş gəlirdi. Dilqəm əsasını yerə vura-vura dərindən nəfəs aldı. İyirmi üç il əvvəl itirilmiş namusunun kinini iyirmi dördüncü ilə saxlamamışdı…

news-inner-user

16543 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bakı caz festivalı yubileyini qeyd edəcək
18:50 25 Sentyabr 2020
Natali Portman kitab yazdı
18:15 25 Sentyabr 2020
AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq
17:30 25 Sentyabr 2020
Məşhur rəssamın tablosu 80 milyon dollara satılır
17:02 25 Sentyabr 2020
Nobel mükafatının məbləği artırılacaq
16:25 25 Sentyabr 2020
Arvadını döyən tənha ata, öz qaynını sevən Həqiqət – Səriyyə xalaya çətin suallar gəldi
15:47 25 Sentyabr 2020
Qardaşlarından küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü…– Maraqlı faktlar
15:08 25 Sentyabr 2020
"Salnaməfilm" Milli Qəhrəmanlar haqqında film çəkir
14:30 25 Sentyabr 2020
"YARAT”da sərgi
13:53 25 Sentyabr 2020
Paşinyanın arvadını neyləyəcəyik? – Sərdarın yazısı
13:10 25 Sentyabr 2020
Senatdan uyğurlarla bağlı şok təklif
12:31 25 Sentyabr 2020
Çingiz Abdullayevin gözə kül üfürməyi – Mirmehdi Ağaoğlu yazır...
11:51 25 Sentyabr 2020
Seymur Baycandan yeni kitab
11:13 25 Sentyabr 2020
Yekə döşlər, iri budlar? – Firuz Mustafa yazır...
10:40 25 Sentyabr 2020
Fəxrəddin Manafov xəstəxanaya aparılıb
10:00 25 Sentyabr 2020
Hər yanımdan məftillər sallanırdı - Bircənin romanı
09:00 25 Sentyabr 2020
“Qara dul qadın” filminin premyerası təxirə salındı
18:41 24 Sentyabr 2020
Bəxtin gətirmirsə, deməli...
18:04 24 Sentyabr 2020
Mən ki Allah deyiləm, uşaqları aldadım... – Yeni imza
17:25 24 Sentyabr 2020
Nərgiz Cəlilovaya yeni vəzifə verildi
16:43 24 Sentyabr 2020