news-inner
clock09:00 calendar-gray 26 May 2020 view-gray1580 dəfə oxunub
view-gray1580 dəfə oxunub

Bağçada uşaq döyən Solmaz - Şahmarın hekayəsi

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı Şahmar Hüseynovu hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Gündə bir buğda boyu”dur.

Saat beşdə Qədirin arvadı Firuzə uşağı bağçadan götürüb evə gələndə, əlində gətirdiyi qəzet bükülüsünü açdı, sarı rəngli, “maxer”dən toxunmuş qəşəng bir jaket çıxartdı, sevinə-sevinə ərinə göstərib soruşdu ki, xoşuna gəlir? Qədir şübhəli-şübhəli jaketə baxdı, “yaxşıdı” dedi və sonra da “sənin jaketin var, axı” – deyə əlavə elədi.

Firuzə də cavabında:

- Ürəyin düşməsin, - dedi. – Tərbiyəçi verdi ki, gör sata bilərsənmi?

- Neçəyə deyir?

- Altmış manata. Ancaq altmış beşə verəcəyəm.

Qədir bir söz demədi, eləcə başını buladı. Jaketi qonşunun gəlini aldı, pulun da yarısını bəri başdan verdi. Üç gündən sonra da jaket əlində gəldi ki, xoşuma gəlmir. Firuzə də dedi ki, bunu əzəl gündən deyəydin da. Qədir gördü xoşagəlməz söz-söhbət olacaq, arvadına gözünü ağartdı, dedi: “Jaketi apar ver yiyəsinə, xalxın da pulunu al, gətir”.

Bu əhvalatdan dörd gün keçdi. Beşinci günün axşamı uşaq öz-özüylə oynadığı yerdə, birdən başını qaldırıb dedi:

- Solmaz xala məni vurdu.

Qədir qəzet oxuyurdu. Uşağın sözlərini eşidən kimi, gözlərini qəzetdən ayırıb ona baxdı:

- Kim?.. Kim vurdu?

- Solmaz xala.

Firuzə mətbəxdəydi, söhbəti eşidib gəldi. Qədir ondan soruşdu ki:

- Kimdi bu Solmaz?

- Tərbiyəçidi.

- Jaketin yiyəsi?

- Həə.

- Niyə vurdu səni? – Qədir mehriban bir səslə soruşdu ki, oğlu qısılmasın, ürəklənib həqiqəti desin.

Arvad da uşağa tərəf əyilib, həmin səslə:

- Nəyin üstündə vurdu, Rəşid? – deyə xəbər aldı.

- Oturub kaşa yeyirdik, ıı... Birdən bu boyda arı, - oğlu əliylə arının böyüklüyünü göstərdi, əlbəttə, arı o boyda ola bilməzdi, - vızz eləyib uçdu, bax, düz burdan, - indi də burnunun ucunu göstərdi: - Mən də qaşıqla belə elədim. – O, əlini yellədi. – Solmaz xala da məni vurdu.

- Yalan demirsən?

- Yox.

- Harandan vurdu? – Qədir gözlərini qırpmadan oğluna baxırdı.

Uşaq əliylə başını göstərdi. Qədirin üzü dəyişdi, gözlərində dözülməz, əsəbi bir ifadə yarandı.

- Ağrıdı?

- Iı.

- Ağladınmı?

- Iı.

Qədir arvadına sarı döndü.

- Bağçada uşaqdan heç nə soruşmadın?

- Yox. Orada mənə bir söz demədi.

- Dedi, demədi, sənin ağlına gəlməz.

- Neynim e, orda mənə desəydi, Solmazdan soruşardım, görüm...

- Soruşmaq yox, onun canını almaq lazımdı ki, niyə vurursan uşağı? Yiyəsizdi?!

Qədir hövsələsizdi, tez hirslənib özündən çıxırdı. İndi də qəzeti kənara itələdi, dodaqlarını sıxıb, əlini uşağın başına çəkdi və birdən orda, bağçada oğlunun hıçqıra-hıçqıra ağladığını, əliylə göz yaşlarını üzünə yaydığını görən təki oldu, ürəyi əsdi.

- Sabah gedib, onun abrını verəcəyəm, görüm uşağı niyə vurub. Biabır eləməsəm, atamın qızı deyiləm. Son vaxtlar ağzını-burnunu çox əyir o. Bayramda bir şey aparmamışam, axı. – Firuzə bərkdən danışır, deyəsən, Qədirin fikrini yayındırmaq, onu arxayın salmaq istəyirdi.

Qədir istehza ilə:

- Bayram məsələsi döyül, - dedi.

- Bə nədi?

“Bə nədi” sualı, arvadının özünə də, onu da uşaq yerinə qoyması Qədiri hirsləndirdi.

- Sənin səfehliyin, ağılsızlığındı! Bunların hamısı jaketin haqq-hesabıdı. Min dəfə demişəm baş qoşma belə işlərə. Yox, gərək bildiyini eləyəsən. Görürsən axırını, görürsən?!

Yenə dava-dalaş qopacaqdı, uşaq ağlayacaq, ər-arvad iki gün, üç gün küsülü qalacaqdılar.

Firuzə sakitlik yaratmaq üçün:

- Aa, gücnən satmayacaqdım ki, - dedi. – Yalvarıb-yaxardı ki, alan olsa sat. Almadılar, mən də qaytardım özünə.

Firuzə bircə şeyi anlamırdı. Qədiri belə sözlərlə, belə səslə inandırmaq çətin məsələydi.

Qədir yenə arvadının üstünə qışqırmaq istəyirdi ki, (qışqırmağın mənasız olduğunu bilə-bilə) birdən gözləri oğluna sataşdı. Uşağın diqqətlə, qorxa-qorxa onlara göz qoymasını görəndə, o hirsini boğdu və sakit səslə:

- Sabah uşağı aparanda o Solmazdı, nədi, danış onunla, - dedi, - başa sal, denən ayıbdı. Yox, başa düşməsə, müdirə şikayət elə. Denən elə eləməsinlər özüm gəlim ora. Vicdan haqqı düz rayispalkoma gedərəm, qəzetə yazaram.

Sonra Qədir oğluna:

- Sən niyə belə ağzı ayrıqsan, ə? – dedi. – Gördün səni söyürlər, vururlar, qorxma, denən, niyə söyürsən, niyə vurursan? Maman gələn kimi də xəbər ver. Bilmirəm bu uşaq kimə oxşayıb? (Bu da Firuzəyə işarəydi ki, yəni uşaq xasiyyətdə siz tərəfə çəkib). Mən belə döyüləm. Kimin nə həddi vardı, deyəydi gözün üstə qaşın var.

***

Ertəsi gün, Qədir işdən gələn kimi (kinostudiyada rejissor köməkçisi işlədiyi üçün evə gah gec gəlirdi, gah da tez) Firuzədən soruşdu ki, necə oldu, nə təhər oldu?

Firuzə hər şeyi yoluna qoymuş adam kimi qımışa-qımışa dedi ki, səhər gedən kimi Solmazdan soruşdum ki, uşağı niyə vurubsan? And içib aman elədi ki, mən sizin uşağı vurub eləməmişəm, mən uşaq vuran deyiləm, nə bilim nə, nə... Elə onun yanındaca Rəşiddən soruşdum: “Rəşid, dünən Solmaz xalan səni vurdu?”. Rəşid də qızıl-qırmızı dedi ki, “hə”. Solmaza elə bil od vurdular, pörtüb tutuldu, qayıdasan ki, “Rəşid, mən səni heç vurmuşam, heç vurmuşam?”

- Bu gün Solmaz xalan – (xalan ha!) – vurmadı səni?

Uşaq başını aşağı salıb dinmədi.

- Rəşid!

- Yox. Amma üstümə qışqırdı.

- Niyə qışqırdı ki?

- Deyir, sən pis uşaqsan, paltarını geyə bilmirsən. Xəbərçisən, - deyir.

Qədir bir dəqiqəyə kimi susdu, sonra Firuzənin gözlərinin içinə baxıb xəbər aldı:

- Müdirin yanına getmişdin?

- Müdir yerində yoxdu.

- Axşam da yoxdu orda?

- Görmədim.

Qədir hiss elədi ki, Firuzə nəsə müdirin yanına getmək istəmir.

- Bəlkə yoxa çıxıb, oğurlayıblar onu?

Firuzə ya həqiqətən incidi, ya da özünü incinmiş tək göstərdi.

- Sən allah, qurtar bu söhbəti.

***

İki gün keçdi, üçüncü günün axşamı Firuzə dedi ki, bu gün Solmaznan dilləşmişəm.

- Niyə?

- Rəşid əvvəllər otağın yuxarı başında yatırdı. Solmaz indi onun yerini dəyişib, çarpayısını gətirib, qoyub qapının yanına. Mənə deyir ki, gec-tez uşağınızı bu bağçadan aparacaqsınız.

- Elə belə də dedi?

- Rəşidin yanında dedi.

Rəşid başını tərpətdi ki, hə.

Ortaya sakitlik çökdü. Bu sakitlikdə üçünün də - Qədirin, Firuzənin, uşağın da beynindən bir sual keçdi. “Bə sonra?” Lakin uşaq, uşaq olduğu üçün dərinə getmədi, darıxdı. Yavaş-yavaş, maşın kimi “rrıı-rrıı” eliyə-eliyə oyuncaqlarına tərəf getdi və oyuncaqlarına çatmamış dönüb dedi:

- Solmaz xala sizi söyürdü.

Qədir oğluna baxsa da, gözləri yol çəkirdi. Elə bil ona çətin bir məsələ vermişdilər və o, indi fikirləşirdi ki, bu məsələni necə həll etsin. Birdən ayılmış kimi:

- Nə deyirdi ki? – deyə soruşdu.

- Deyirdi də. – Uşaq çiyinlərini çəkdi. Qədir gördü ki, oğlu eşitdiklərini demək istəmir. Nəsə bu onda təzə xasiyyətdi.

- Bə necə eşitdin sən?

- Mən yatmışdım. Yatmamışdım e, gözlərimi yummuşdum, gördüm Solmaz xala sizi söyür, hələm məni də söyürdü.

- Yaxşı! – Qədir qətiyyətlə ayağa qalxdı. – Sənin Solmaz xalanı bir Solmaz xala eləyim ki, biri də böyründən çıxsın. Sabah gedirəm müdirnən danışmağa.

***

Səhər üzünü qırxdı, saçını yaxşı-yaxşı daradı. Ütülənmiş şalvarını, ağ köynəyini geyinib, qalstukunu bağladı. Güzgüdə özünə sınayıcı nəzərlərlə baxıb (hər üzünü qırxanda indiki yaşından daha cavan görünürdü) evdən çıxdı. Hava soyuqdu. Həm də kədər gətirən payız yağışı tökürdü. O, köksünü ötürüb düşündü ki, son zamanlar özünü yorğun hiss eləyir və yəqin ona görə də tez-tez əsəbiləşir və fikirləri dolaşır. Ancaq bu gün o, müdirin yanına qəti bir qərarla gedirdi.

İti-iti yeriyib, böyük qastronomu, sonra da univermağın yanından keçdi. Tezliklə ağacların arasındakı bağçanın ikimərtəbəli binası göründü. Ürəyi sakitdi. Axşam arvad, uşaq yatandan sonra o, çox fikirləşmişdi, hətta bir-iki bərkdən öz-özü ilə danışmışdı da.

Bağçanın geniş həyətində heç kəs yoxdu. “Besedka”lar bomboşdu. Qədir divara yaxın yeriyirdi ki, yağış damlaları üstünə düşməsin. İndi sola dönmək lazımdı. Buradı deyəsən. (Firuzə onu başa salmışdı). Ayaqqabılarını yaş əskiyə silib, qapını itələdi. Uzun dəhliz boyu döşəməyə təmiz, sarı rəngli linoleum döşənmişdi. İçəridə südlə bişən xörəklərin, istiliyin, bir də uşaqlara məxsus təmizliyin xoş qoxusu vardı. Qədir müdirin otağına girəndə gördü ki, müdir stolun arxasında əyləşib, pəncərədən çölə baxır. O, kök enlisifət, gözləri eynəkli qadındı. Qədir salam verdi, qadın başını döndərib tez ona baxdı və bu vaxt onun gözləri eynəyin şüşələri arxasından qeyri-adi dərəcədə iri və domba göründü.

Qədir dilxor, fikirli-fikirli (içəri girən kimi üzünün ifadəsi dəyişmişdi) plaşının düymələrini açdı, qadının təəccüblü baxışlarından, divarların təmizliyindən, böyük pəncərədən, ağacların gövdəsini isladıb qaraldan payız yağışından, araya çökən müvəqqəti sükutdan daha vacib bir fikrin təsiri ilə oturdu. Ötəri, hətta elə bir az da heyrətlə stolun üstündəki bir fincan çaya, çayın içinə salınmış iki dilim lumuya baxdı. Çay buğlanırdı.

- Buyurun.

Qədir elə bil qadının dediyi sözü eşitmədi. Sağ əlini qaldırıb alnını ovxaladı və birdən başını arxaya əyib gözlərini yumdu. Rəngi get-gedə ağardı. Qadın səksəndi, stolun üstünə qoyduğu qolunu tez çəkdi. Həm Qədirə, həm qapıya baxa-baxa:

- Buyurun, yoldaş... Siz... Siz...

Qədir gözlərini açıb, əlini stolun üstünə qoydu. Əli əsirdi.

- Oğlum xəstələnib, - dedi. – Gecələr yatmır, huşa gedən kimi qışqırıb ayılır, gözləri az qalır hədəqəsindən çıxsın. Onu sakitləşdirənə, ovundurana kimi bizimki bizə dəyir. Hər gecə... hər gecə bu hal üç-dörd dəfə təkrar olunur. Belə getsə, biz özümüz də xəstələnəcəyik.

Qadın alnında iki dərin qırış olan bu oğlana təəccüblə baxır, bilmirdi ona acığı tutsun, yoxsa yazığı gəlsin.

- Bağışlayın, birinci, bura bağçadı, xəstəxana deyil. İkinci də, siz kimsiniz, axı?

Qədir:

- Mən rejissoram, - dedi. – İşimin xüsusiyyəti elədi ki, tez-tez səfərdə oluram. Problar, çəkilişlər... Eh, - deyə o, əlini yellədi. – Təəssüf ki, məsələdən mən gec xəbər tutmuşam. Burda arvadımın da günahı az deyil...

Qadın dillənmək istəyəndə o:

- Oğlum sizin bağçaya gəlir, - dedi. – Yaşlılar bölməsinə.

- Yaşlılar bölməsinə?

- Bəli. Tərbiyəçisi də Solmaz Məmmədovadı. Əslində mən onun qınamıram, cavandı, təcrübəsi azdı...

Bu dəfə qadının rəngi ağardı.

- Nə olub ki?

Qədir ağzını açmamış fikirləşdi. Elə bil nədən başlayacağını düşünürdü.

- Həmin bu tərbiyəçi Solmaz xanımla mənim beş yaşlı oğlum bir-biriylə düşmən olublar, çəkişirlər.

- Siz nə danışırsınız?

- Məəttəl qalmalı işdi, eləmi? Məəttəl qalmalı nədi, deyərdim ki, lap gülməlidi!

Qədir matı-qutu qurumuş qadına baxaraq:

- Həm də ağlamalıdı, - dedi və dərindən bir ah çəkdi. – Özü də bu çəkişmə, bu ziddiyyət görün nəyin üstündə olub. – Qədir baş vermiş hadisəyə təəssüflənirmiş tək başını yırğaladı.

- Siz bir fikir verin. Tərbiyəçinin özünü müdafiə məqsədilə söylədiyi kiçik yalandan, uşağın isə müəyyən mənada özünə ziyan yetirən bu gərəksiz həqiqətindən sonra (bu fikir vaxtında ağlına gəldiyi üçün, Qədir mütləq Firuzənin yanında özünü öyəcəkdi) əsl çəkişmə başlanır. Tərbiyəçi bir gün uşaqların içində Rəşidə deyir ki, - bəli, oğlumun adı Rəşiddi – sən pis uşaqsan, xəbərçisən. Fikrinə gətirmir ki, bəlkə bu uşaq son dərəcə həssasdı. O biri gün isə o yatan çarpayını gətirib qoyur qapının ağzına, yel çəkən yerə, deyir, indən belə burda yatacaqsan. Özü də bilə-bilə ki, uşaq pis yatır, yuxuda üst-başını açır. Anasına da deyir ki, gec-tez uşağınızı bu bağçadan aparmalı olacaqsınız. İki gündən sonra, yuxu saatında uşaq hələ yatmamış, gözünə yuxu getməmiş, qulağı eşidə-eşidə bu tərbiyəçi onun atasını, anasını, özünü pis-pis sözlərlə söyür. Sizcə, adyalın altında uzanmış uşaq, o sözləri eşidəndə nə düşünə bilər?

Qədir öz-özünə cavab verdi:

- Heç nə. Gözlərini bərk-bərk yumur ki, tərbiyəçi elə bilsin o, yatıb. Hələ o oyuncaq məsələsi...

Müdir qorxmuşdu. Elə bil ona, hələ inanmadığı, yalnız güman elədiyi gizli, sirli bir günahın yiyəsi olduğunu açıb deyirdilər. Ona görə də tələsik:

- Nə oyuncaq? – deyə soruşdu.

- Qıraqdan baxan üçün əhəmiyyətsiz, balaca, kiçik bir şey. Köhnə, sürtülmüş, rəngi getmiş əl boyda bir Buratino kuklası. (Bir il bundan qabaq olmuş kukla əhvalatını Qədir qəsdən indinin ayağına yazırdı). Uşağın anası da bu kuklanı görübmüş. Oğlum bu kuklanı yaman çox istəyirdi. “Mənim Buratinom” sözü evdə də dilindən düşmürdü. Bu kuklanın bir qolu da yoxmuş heç. Sən demə, o, bağçada bu Buratinonu saatlarla əlində saxlayır, əzizləyir, onunla söhbət eləyir, ona baxıb gülürmüş. O, bu Buratinoda kimi görüb, nəyi hiss eləyirmiş, bilmirəm. İndinin özünə kimi bu mənə aydın deyil. Hə, deməli, tərbiyəçi bu Buratinonu oğlumun əlindən alıb, başqa bir uşağa bağışlayır. Bu uşağın da köhnə, şikəst kukladan zəhləsi getdiyi üçün xəlvətə salıb, kuklanı parça-tikə eləyir. İndi də oğlum gecələr “mənim Buratinom” deyə sayıqlayır.

Müdir əlini dizinə çırpdı.

- Gör bir ha, kül ağlına olmuş, uşaqnan uşaqlıq eləyir, ay...

- İndi hər səhər uşağı bağçaya gətirmək bizim üçün zillətdi. Qışqırır, ağlayıb özünü öldürür. “Mən getmirəm, mən getmirəm” – deyir. Buna görə də əvvəlcə sizinlə danışmaq, məsləhətləşmək istədim. Sonra...

- Uşaq indi burdadı?

Qədirin başı sinəsinin üstə düşdü.

- Hələlik burdadı. Hələlik...

Müdir tələsik ayağa durdu. O, hündürboy bir qadındı. Belinə yun şərf dolamışdı, ayağa duranda şərf açılıb düşdü. O, utana-utana əyilib şərfi götürdü...

***

Bir həftə keçdi. Qədir axşamlar oğlundan soruşurdu:

- Səni daha incitmirlər?

Oğlu da:

- Yox, - deyirdi.

- Daha bizi söymürlər?

Uşaq “eh” eləyir: - Elə hər gün soruşursunuz, incitmirlər, söymürlər. Bəsdirin də.

Oğlu bu sözləri deyəndə heç onlara baxmır, daim nə iləsə məşğul olurdu. Ya şəkil çəkir, ya oyuncaqları ilə oynayır, ya da ayağı ilə ehmalca yatmış pişiyin burnuna toxunurdu.

Bir axşam Rəşid xəbər verdi ki, bu gün bağçada şəklimizi çəkdilər. Qədir oğlunun başını sığallaya-sığallaya soruşdu:

- Başını kim daradı bə?

- Heç kim. Solmaz xala uşaqların hamısının başını daradı, amma mənim başımı daramadı.

Birdən o, duruxdu, atasının gözlərinə baxıb tələsik:

- Axı, mənim saçım elə daranmış kimidi, - dedi. – Bax, əlimlə belə elədim, belə, baax...

Qədir oğlunu ilk dəfə görürmüş kimi ona maraqla, gözüdolusu baxdı və onun ipək kimi yumuşaq saçlarından öpüb arvadına dedi:

- Maşallah, oğlumuz böyüyür...

news-inner-user
Şahmar

10 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Səməd Vurğun 50 yaşında ölməyibmiş – Filosof yazır...
08:58 24 Sentyabr 2020
Məmməd Aslana halallıq - Şərif Ağayar yazır...
20:57 23 Sentyabr 2020
"Qəlbimin palitrası"ı təqdim olunacaq
18:51 23 Sentyabr 2020
10 ilə çəkilən film - Video
18:12 23 Sentyabr 2020
Atamın gələ bilmədiyi günlərdən çıx gəl - Fəridədən müharibə şeirləri
17:29 23 Sentyabr 2020
Qəni Camalzadənin sosial-bədii nəsri - Aydın Xan yazır
16:47 23 Sentyabr 2020
“Uliss”in tərcüməçisi dünyasını dəyişdi
16:08 23 Sentyabr 2020
Aqil Abbas: "Dağlıq Qarabağda vətəndaşlığımızı qəbul edən ermənilərlə işimiz yoxdur"
15:30 23 Sentyabr 2020
Şəbnəm Tovuzlunun erotik dərdi
14:49 23 Sentyabr 2020
Lalə Məmmədova həmkarlarını qınadı: "İcra başçılarından qorxurdunuz?"
14:06 23 Sentyabr 2020
Elçin Əfəndiyev: "Çox yaramaz iddiadır" -Məktub
13:29 23 Sentyabr 2020
“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr edildi
12:51 23 Sentyabr 2020
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyamızın banisi haqqında maraqlı faktlar
12:06 23 Sentyabr 2020
“Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabının imza günü olacaq
11:17 23 Sentyabr 2020
İnternet yoxdursa, necə olacaq? – Əyalətin təhsil dərdi
10:45 23 Sentyabr 2020
Nobel mükafatının təqdimat mərasimi təxirə salındı
10:16 23 Sentyabr 2020
Tom Kruzun kosmosa gedəcəyi tarix bəlli oldu
09:44 23 Sentyabr 2020
Ömər Faiqin İngiltərədə yaşayan nəticəsi: "Mirzə Cəlil babamın qollarında can verib" - Müsahibə
09:00 23 Sentyabr 2020
Tanınmış bəstəkara ağır itki üz verdi
18:41 22 Sentyabr 2020
Tarkovski ilə bağlı kadrarxası çəkilişlər hərraca çıxarılacaq
18:04 22 Sentyabr 2020