writer1

Qismət

Məqalə sayı

183
clock12:19 calendar-gray 15 May 2020 view-gray1913 dəfə oxunub
view-gray1913 dəfə oxunub

Mesajınız var!

Kulis.az Qismətin "Mesajınız var!" essesini təqdim edir.

Kimə: [email protected]

Mövzu: Re: re: Mümkünsə, daha yüngül.

Cənab naşir!

Özümü ssenarisini bilmədiyim bir tamaşanın səhnəsini atılmış nabələd aktyor kimi hiss etdiyim bir axşamüstü dostlarla şəhərin mərkəzindəki “Araz” kafesində əyləşmişdik. Həmin gün, bilmirəm necə oldusa, bizim məclisə o günə qədər tanımadığımız gənc bir xanım da qoşuldu. Bu xanım pop ulduzlardan birinin adıyla çıxan məşhur bir maqazin jurnalına rəhbərlik edirdi və özünün dediyinə görə, bizimlə ilk dəfə görüşsə də, “daxilən” bizə çox yaxın idi. Biz xanımın səmimi sözlərinə, ünsiyyət körpüsü qurmaq cəhdlərinə qarşı qətiyyən profesional ədəbiyyatçı eqoizminə qapılmadan, rəncidə olmadan mümkün qədər adekvat reaksiya verdik. Mümkün qədər deyirəm, çünki tanışlığımızın tarixçəsi vur-tut bir neçə saat idi. Söhbət hərlənib-fırlanıb son aylarda kimin hansı kitabı oxumağının üstünə gəldi. Nə gizlədim, şəxsən mən içdən-içə bu mövzunun həmin gün araya gəlməsini ona görə istəyirdim ki, dil-boğaza qoymadan danışan, danışdığı sürətlə də siqaret tüstülədən xanımın maraq dairəsini, zövqünü özüm üçün aydınlaşdırım. Çox keçmədən məlum oldu ki, xanım detektivləri və melodramları sevir, özü də daha çox yerli müəlliflərin yazdıqlarını. Bu, qətiyyən problem deyildi. Önəmli olan öz maraq dairəsini formalaşdırmış, həmin maraq dairəsində daim kitab oxuyan bir oxucu ilə söhbətləşmək idi. Amma mülayim, sakit axarla davam edən söhbətin hansısa məqamında nəsə baş verdi və baş redaktor xanım ciddi cəhdlə gerçək, həqiqi, lazımlı olanın öz oxuduğu kitablar olduğunu bizə, yumşaq desək, təlqin etməyə başladı. Həmin məqamda biz də peşakar heysiyyət duyğusuyla, nəzakət çərçivəsində, deyəsən, bir az da ümidlə xanıma belletristika və böyük ədəbiyyatın fərqini anlatmağa çalışdıq. Yaxşı sitatlar çəkdik, maraqlı improvizələr etdik. Sonda baş redaktor xanım gümüşü alışqanını, nazik, ətirli siqaretini, yaşıla boyanmış uzun dırnaqları ilə söhbət boyu döyəclədiyi ağıllı telefonunu çantasına dürtə-dürtə belə dedi: “Axı siz deyən kitabları heç kim oxumur. Mənim oxuduqlarımı isə milyonlar oxuyur. İndi deyirsiniz, milyonlarla adamın ağlı yoxdur?!”

Cənab naşir!

Çağdaş dünyada molekulyar bölünmə ilə çoxalan fast-foodların idarəçiləri daha çox istehlakçı marağına səbəb olan məmulatlarını – məsələn, buzlu kolanı, şeyki – daha çox reklam edir, hər dəfə ayrı-ayrı modifikasiyada necə təqdim edirsə, bilirəm ki, naşirlər də çox təbii olan pul qazanmaq instinkti ilə bestseller yazanları qabağa verirlər, hətta bəzən kitabı az satılan müəlliflərə reseptlər də təqdim edirlər. Sizə deyim ki, bu məqam bəlkə də yeganə məqamdır ki, kütləvi zövq sahibi oxucularla naşirlərin arzusu üst-üstə düşür. Aydın şəkildə dərk edirəm ki, kitab çapı peşakar industrial məcraya düşməsə, atılan hər addım, reallaşması üçün tər tökülən hər layihə ötəri parıltıdan başqa bir şey olmayacaq. Onu da bilirəm ki, çox satılan yüngül ədəbiyyat nümunələri kitab bazarında katalizator rolu oynamasa, naşirlər, nəşr evləri öz istinad nöqtəsini itirə bilər, sonra isə min Atlas gəlib bu yükün altına çiyin versə də, gec olar. Amma bestsellərlərin virus kimi qarşısıalınmaz kütləviliyi təkcə oxuculara yox, müəlliflərə də yoluxmağa başlayıbsa, onda necə? Özünüqoruma instinkti ilə davaranan, çoxluqdan kənarda qalmaq əndişəsi ilə populyar olana, asan başa gələnə meyl edən müəlliflər sizin üçün bəlkə də qazancdır, ədəbiyyat üçünsə itkidir.

Cənab naşir!

Peşakar, zövqlü oxucu ilə orta statistik oxucu arasında fərq odur ki, ikincilər üçün çap olunan hər şey dəyərlidir. Çünki onların təsəvvüründə müəllif TV-lərdə görünürsə, imza günü keçirirsə, ən nəhayət ümumiyyətlə kitabı çap olunubsa, deməli özü ciddi, kitabı isə qiymətlidir. Orta statistik oxucu özünü həmişə industrial olanla eyniləşdirəndir. Oxucular üçün, olsun ki, bu, normaldır, amma deyəsən sizin də tərəfdarı olduğunuz, ciddi-cəhdlə yazıçılar arasında təbliğ etdiyiniz “yüngül yazmaq” məsələsində vəziyyət başqa cürdür. Həqiqi, böyük ədəbiyyat yaratmaq istəyən hər müəllif çox oxunmaq istəsə də, heç vaxt özünü industrial olanla eyniləşdirmək istəməz. Çünki həqiqi ədəbiyyatın nə olduğunu öz dərisində hiss edən bütün müəlliflər bilirlər ki, böyük ədəbiyyat ictimai əxlaqla yox, individual etika ilə yaranır.

İstəmirəm elə düşünəsiniz ki, həddindən ziyadə idealist tövr sərgiləyib oxucunu qətiyyən eyninə almaq eqoist, yaxud özünü fil dişindən qəsrlərə qapatmış münzəviyəm. On ildən artıqdır ki, hər gün çörək kimi, su kimi, təbii ehtiyaclarımın arasında kitab (minumim 100-150 səhifə) oxumaq da var. Səfərə çıxsam da, toyda-nişanda iştirak etsəm də, yorğun olsam da, sərxoş olsam da, bir şeir, bir esse, sevdiyim romanlardan bir hissə oxumadığım bircə günüm belə olmayıb. Bilirəm, gündə milyonlarla kitab nəşr edilən planetimizdə üç-beş alababat yazı qaralamış bəndənizin böyük ədəbiyyat iddiası ilə danışması, olsun ki, xeyli dərəcədə gülüncdür. Bütün bunları niyə yazıram? İstəyirəm biləsiniz, ən novator, ən iddialı, ən asi yazıçının belə beynində həmişə müəyyən bir oxucu kütləsi profili olur; ehtimal edən bu oxucu kütləsi çox vaxt müəlliflə eyni dövrə düşmür; bəzən o, sadəcə potensial kimi təxəyyüldə mövcud olur, lakin müəlliflər bilirlər ki, reallıqda hələlik rastlaşmadıqları həmin oxucular, əslində, ən həqiqi oxuculardır. Deməli, əslində, hər əsər müəyyən bir uğur, konkret bir məqsəd nəzər alınaraq yaradılır, amma həqiqi uğur yazıçının həmişə yerində sayan kütləvi oxucu profilindən fərqli oxucu kütləsini gün işığına çıxartması, yaxud formalaşdırmasıdır.

Cənab naşir!

Sevərək, dönə-dönə oxuduğum İtalo Kalvino “Kimin üçün yazırsınız? (Ehtimal edilən kitab rəfi)” essesində yazır: “Yazıçı özündən daha az kültürlü oxucunu ehtimal edərək ona qarşı maarifpərvər, pedaqoq kimi davransa, bu davranış fərqliliyi təsdiqləməkdən başqa işə yaramaz; bu vəziyyəti ötəri çözümlərlə (“folklor” ədəbiyyatı kimi) yüngülləşdirməyə yönəlmiş hər bir cəhd irəliyə yox, geriyə atılmış addımdır. Ədəbiyyat məktəb deyil, ədəbiyyat müəllifdən daha kültürlü oxucuları ehtimal etməyə məcburdur; bu oxucunun kütləsinin olub-olmaması önəmli deyil".

Sitat çəkdiyim essedə Kalvino “xəyali kitab rəfi” bənzətməsindən istifadə edir, həmin nöqtədən çıxış edərək davam edim: biz müəlliflər kiminçünsə yazdığımızı düşündüyümüz anlarda gözümüzün qabağına gələn yarımşəffaf, dumanlı görüntülərin arasında heç vaxt tanımadığımız üzlər görmürük. Bu üzlərin içində zövqünə inandığımız azsaylı dost-tanışlardan başqası olmur, vəssalam. Amma əsas məsələ, xəyal quranda, ürəyimizdə özümüzlə danışanda, düşüncə don kixotluğu edəndə, öz yazdıqlarımızı (bəzən hələ yazmadıqlarımızı belə) Kalvinonun dediyi həmin xəyali kitabın rəfindəki hansı kitabların yanında görməyimizdir.

Cənab naşir!

Böyük təəssüf hissi ilə deməliyəm ki, problem təkcə naşir-oxucu müstəvisində deyil, həm də müəlliflərin düşüncəsindədir. Ədəbiyyatı yeni dil və forma eksperimentləri kimi görən, üslub məsələləri haqqında ciddi cəhdlə düşünən, çağdaş istiqamətləri mənimsəyən müəlliflər, demək olar ki, yox dərəcəsindədir; bunun əvəzinə qərb ədəbiyyatşünaslığında adına mainstream deyilən, əsrlər boyu nəsildən nəslə ötürülən ana ədəbi xətdən bir addım belə kənara atmayan, ədəbiyyat açıq, yaxud gizli şəkildə ideologiyanın içində görən, bədii mətni ilk növbədə estetik hadisə kimi yox, ictimai əhəmiyyəti olan vasitə kimi görən köhnə ədəbi düşüncə hələ də çoxluqdadır. Məşhur ədəbiyyatşünas, nəzəriyyəçi Fredrik Ceymisonun “Modernizmin ideologiyası” kitabında yazdıqları, elə bil, yüzdəyüz bizim cəmiyyətimiz, sənət mühitimiz haqqındadır. Ceymison yazır ki, adət-ənənələri, köhnəliyi inadla tənqid atəşinə tutan, yer üzündən silinməsini istəyən və sənətin əsas missiyasının bu olduğuna inananlar pre-modern (modernizmdən əvvəlki) dövrün düşüncə daşıyıcılarıdır, modernizmə qədər hələ arada bir modernite dövrü də olmalıdır və s. Milli ədəbiyyat, milli kino, milli musiqi kimi uzaqdan-yaxından həqiqi, böyük sənətə dəxli olmayan ifadələr də bir ayağı dünəndə olan, amma zamanın sürətilə əlaqədar olaraq bir ayağı da bugündə olan, yəni dünənlə bugün arasında seçim edə bilməyən, tərəddüd içində çırpınanların uydurmasıdır. Köhnəni əldən buraxmamaq, eyni zamanda ona tənqidi yanaşmaq təhlükəsiz ərazidir, yeni isə hələlik qeyri-müəyyən, müəmmalı, sonrası sual altında olandır. Ona görə də bizim kimi cəmiyyətlərdə başqa cəmiyyətlərin keçdikləri həmin tərəddüd erası daha ağrılı və uzun çəkir. Biz xalqı maarifləndirmək eşqi ilə, idealistcəsinə dünəndə olan hər şeyə dünyada çoxdan keçilmiş yollarla hücum etməkdən əl çəkib, nəhayət ki, ciddi dəyərləndirmə, saf-çürük etmə mərhələsinə qədəm qoymasaq, çətin ki, nəyəsə nail ola bilək.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Xalça şərqisi – Rafiq Tağının hekayəsi
15:41 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020
“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi
13:32 05 Avqust 2020
Kamal Abdulladan orijinal layihə - Müsahibə
12:56 05 Avqust 2020
"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020