news-inner
clock09:01 calendar-gray 14 May 2020 view-gray5660 dəfə oxunub
view-gray5660 dəfə oxunub

Sünnət olunmayan ərəb sərkərdəsi ilə Babəkin baş tutmayan ittifaqı

Kulis.az Sərdar Aminin yeni nəşr olunmuş “Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabından parça təqdim edir. Təqdim olunan hissədə məşhur ərəb sərkərdəsi Afşinlə Azərbaycanın xalq qəhrəmanı Babək arasındakı məktublaşma və Ərəb xilafətinə qarşı baş tutmayan ittifaqdan bəhs edilir.

Əksər tarix dərsliklərində bizə Babəkin düşməni və onu məğlub edən türk əsilli sərkərdə kimi təqdim olunan Afşini (Afşin Heydər Kavus oğlu) daha dərin mənbələrdə axtaranda qabağımızı bir sıra paralel həqiqətlər çıxır.
Öncədən onu qeyd edək ki, bizə Afşin kimi təqdim olunan sərkərdənin adı Heydərdir, afşin isə həmin tayfadan olan xilafət sərkərdələrinə verilən ümumi rütbədir. Mətləbə keçməzdən əvvəl onu da bilməliyik ki, əksər mənbələrdə türk kimi təqdim olunan sərkərdə, onun soydaşları (afşinlər) az sonra daha yaxından tanış olacağımız Orta Asiyanın Usruşuna (Əsruşən) ərazisindəndir və xilafətinin coğrafiya genişləndirmə və din yayma prosesində ərəblər bu ərazilərdən olan hər kəsə ümumilikdə “türk” deyirmiş.

Usruşunalılar müxtəlif tarixi mənbələrdə iran-türk olaraq qeyd olunur. Əl-Cahiz isə məsələni ümumiləşdirərək türklər və xorasanlıları mahiyyət olaraq eyni sayır: “eyni xassiyətlərə malikdirlər və bitişik yerlərdə yaşayırlar”.
Afşinin məhkəməsi zamanı səslənən iddiaları oxuduqda onun türk olduğuna dair şübhələr qətiləşir. Çünki iddialarda ona qarşı çıxa bilən qüvvələri sadalayarkən ərəb döyüşçülərinə “köpək”, türklərə “iblis övladları” dediyinin şahidi oluruq.

Afşin Heydər ibn Kavus haqqında araşdırmalar zamanı aydın olur ki, o, atəşpərəstdir, fərqli dini var, üzdə İslamı qəbul etdiyini desə də, içində öz inancına sadiq qalıb.

Azərbaycan tarixində atılmış yanlış addım kimi qiymətləndirə biləcəyimiz məqamlardan biri məhz coğrafiyamızda olduqca dərin iz buraxmış Babəkin Afşin ilə bağlaya biləcəyi ittifaq və birincinin inamsızlığı, bir az da təkəbbürü sayəsində baş tutmayan müttəfiqlikdir.

Afşinin uzun müddət məktublaşdığı və müttəfiqlik təklif etdiyi şəxslərdən biri də Babək olub. Ərəb sərkərdəsinin ifşasından sonra ortaya çıxan faktlardan görünür ki, Babəkin üzərinə Afşin göndərildikdən sonra xürrəmilərin məğlub edilməsi çox çətin olmamalıydı. Çünki məhz həmin andan etibarən Ərəb xilafəti Xürrəmilərin məğlub edilməsini ölkənin bir nömrəli planı kimi işə salmışdı.

Gallery

Təsadüfi deyil ki, bir neçə ərəb tarixçisi – hansı ki, bu tarixçilər demək olar ki, Babəklə eyni dövrdə yaşayıblar - qeyd edir ki, “Babəkin başı ona görə Xorasanda nümayiş edildi ki, burada onun xeyli tərəfdaşları var idi, onlar Babəkə çox inanırdılar. Babək az qalmışdı ki, xilafəti yıxıb yerində yeni dövlət qura”.
Buna görə də yenicə xəlifə olmuş Mötəsim qardaşı və sələfi Məmundan da vəsiyyət aldığı kimi ilk növbədə Babəkə qarşı bütün gücünü səfərbər etdi.

Babəkin Bizans imperatorı Feofilə yazdığı məktubda qeyd olunduğu kimi xəlifə hamını, hətta şəxsi aşbazını və bərbərini də Babəkin üzərinə göndərib. (Qeyd olunanlar Babəkin mübaliğəsidir.)
Belə bir situasiyada Afşinin Babəki ələ keçirməkdə xeyli zaman itirməsinin səbəbinin yalnız Xürrəmilərə qarşı vuruşmaqda əziyyət çəkməsi ilə əlaqələndirmək sadəlövhlük olar. Sonradan da sübut edildiyi kimi Afşin dəfələrlə Babəkə müttəfiqlik təklif etmiş, güclərini birləşdirərək, öz dinlərini, etiqadlarını və mədəniyyətlərini bərpa etməkdə birgə mübarizə aparmaq istəmişdi.

Afşinin məhkəməsi zamanı üzə çıxan ən maraqlı faktları Təbəristan üsyanın başçısı Məzyər səsləndirib. Afin Məzyərə dəstək verdiyini etiraf etməsə də, Məzyər bildirir:

“"Bəli! Onun qardaşı Xaş mənim qardaşım Kuhyara yazırdı: "Həqiqətdə bu Ağ dinə (Atəşpərəstlik olduğu iddia edilir. Lakin bu 3 şəxsiyyətin mənsub olduqları din və adətlərdə olduqca spesifik rituallar var) məndən, səndən və Babəkdən başqa heç kəs kömək etmir. Babəkə gəldikdə, o öz axmaqlığı üzündən özünü həlak etdi. Mən ölümü ondan uzaqlaşdırmaq istəyirdim, lakin o axmaqlığı ucbatından özündən başqa hər hansı bir rəhbərliyi qəbul etməkdən imtina etdi, buna görə də öz ölümünü qarşıladı. Lakin əgər sən üsyan qaldırsan, müsəlmanlar sənə qarşı ancaq məni göndərəcəklər. Mənim atlılarım və cəsur igid adamlarım var, əgər məni sənin üstünə göndərsələr, onda ərəblərdən, məğriblilərdən (qaradərililərdən ibarət muzdlu döyüşçülərin nəzərdə tutulduğu qeyd edilir) və türklərdən - bunların üçündən başqa heç kəs tapılmaz ki, bizimlə müharibə edə bilsin. Ərəblər it kimi həyat sürürlər, mən bu itə bir parça sümük ataram, sonra da başını toppuzla əzərəm. Onlar, yəni məğriblilər milçəkdirlər, onlar da baş yeyirlər, İblis balalarına (türklərə) gəldikdə isə az vaxt lazımdır ki, onların oxları qurtarsın, sonra atlılar onları mühasirəyə alar və hamısını qırar. Bundan sonra din iranlıların dövründə olduğu şəkildə bərpa olunacaqdır".

Bu məsələ ibn İsfəndiyarın məlumatında daha diqqətçəkən formadadır. Bu informasiyada Afşinin Babəkə dəstək verdiyi və müttəfiqliyə çalışdığı aydın görünür. Məzyərin Abdullah ibn Tahirə verdiyi ifadədə belə qeyd olunur:
"Bil ki, mən, Afşin Heydər ibn Kavus və Babək bir-birimizlə uzun müddət danışıq aparmış və bu nəticəyə gəlmişik ki, imperiyanı ərəblərdən alaq və Xosrovun dövründə olduğu şəkildə bərpa edib saxlayaq. Dünən filan yerdə Afşinin qasidi yanıma gəlib qulağıma bir söz dedi".

"Bəs nə dedi?" - deyə Abdullah ibn Tahir soruşdu.

"O, əməliyyat haqqında Afşinin məktubunu gətirdi ki, filan gün, filan saat, o, Mötəsimi, onun oğulları Harun əl-Vasiq ilə Cəfər əl-Mütəvəkkili öldürəcəkdir".

Gallery

Afşin 841-ci ilin may-iyun ayında zindanda acından öldükdən sonra (Afşinin Mötəsimin qardaşı oğlu Abbası öldürdüyü kimi) onun cəsədi İtahın evinə köçürüldü, sonra çarmıxa çəkildi. Bundan sonra meyiti yandırıb, külünü Dəcləyə atdılar. Afşinin sarayında axtarış ediləndə "üzərində ağacdan yonulmuş insan surəti olan dua dəftərçəsi , heykəlciklər, "Zarava" adlı kahinlər kitabı və çoxlu dini kitablar tapdılar; o, həmin kitablar əsasında öz Allahına sitayiş və ibadət edirdi”.
Görkəmli Azərbaycan tarixçisi, akademik Ziya Bünyadov “Azərbaycan tarixi VII-IX əsrlər” kitabında da Afşinin Babəkə olan rəğbətindən söz açır:

“Gördüyümüz kimi, Afşin heç də Babəkin tez darmadağın edilməsini istəmirdi, bütün müharibə ərzində bir neçə dəfə onunla görüşmüşdü və bu görüşlərdə xilafəti özü ilə Babək və Məzyər arasında bölüşdürməyi Babəklə razılaşdırmağa cəhd edirdi, bu şərtlə ki, xəlifə ordularını darmadağın etmək onlara müyəssər olsun. Lakin onlar razılaşa bilmədikdə, Afşin digər sərkərdələrin təzyiqi altında Babəkə qarşı, onsuz da çox uzanan müharibəni qurtarmağa məcbur oldu. Afşin ürəkdən xürrəmilərə meyil göstərirdi, çünki onun sarayında tapılan müxtəlif bütlər Afşinin atəşpərəstliyə - zərdüştiliyə, yəni xürrəmilərin sitayiş etdikləri dinə tərəfdar olduğunu təsdiq edir”.

Azərbaycan tarixində atılan yanlış addımlardan söz açmağa çalışarkən Səmərqəndlə Xocənd arasında - Usruşanada doğulan, şücaətinə görə qısa zamanda Xilafətdə ikinci adama çevrilən Afşin Heydər Kavusun bu coğrafiyadakı əməliyyatları və sonu barədə qeydlər təqdim etməkdə əsas məqsəd Babəkin Afşinin təkliflərini dinləməməsi, onu saymaması nəzərdə tutulur. Yəqin ki, Afşinlə ittifaqa girsəydi, Babək Ərəb Xilafətinə qalib gələcəkdi. Afşinin təqibi ilə isə yəqin ki, artıq mənəvi dəyərini yersəl nemətlərə dəyişməkdə olan Ərəb xilafətini çökdürəcəkdi. Bu ittifaqın baş tutmaması da Azərbaycan tarixində atılmış ən yanlış addımlardan biri kimi qiymətləndirilməlidir.

Babək Azərbaycanın milli qəhrəmanıdırsa, onun səhvi də tariximizdə atılmış yanlış addım sayılmalıdır.

Gallery

Oxşar xəbərlər

Xəbər lenti

Nəbi Xəzrinin sözlərinə bəstələnən mahnıya klip çəkildi
10:40 29 May 2020
Dünyada ən çox satılan bestsellerin müəllifi vəfat etdi
09:49 29 May 2020
Elə bildim cin yığnağına düşmüşəm - Bircənin romanı
08:59 29 May 2020
Qəfəsdəki quşların uçduğu göylər göynər - Şəhriyarın yeni şeirləri
16:45 28 May 2020
Əmi, bəlkə köhnə ayaqqabın ola? - Alikin yeni şeiri
16:00 28 May 2020
Reha Erdemden yeni film
14:45 28 May 2020
Mənim Habil Əliyevim - Şərif Ağayar yazır...
13:33 28 May 2020
Səni unutmarıq biz vətən andımız kimi!
12:50 28 May 2020
Ziyarətçi sayı 71 gündə on milyonu ötdü
11:45 28 May 2020
Məşhur rejissor yeni film çəkdi
10:40 28 May 2020
“Azərbaycan Xalq Cümhuriyyəti” adlı virtual sərgi
09:35 28 May 2020
Sən ey sağa, sola qılınc vuran qol! - Əhməd Cavaddan istiqlal şeirləri
09:25 28 May 2020
O mən idi, mən o deyildim - Şəhla Nihandan yeni hekayə
16:34 27 May 2020
Arxanca gələn tünbətün olsun - Yeni qəzəllər
15:27 27 May 2020
"Peyğəmbəri adam"ın qeydləri - Aydın Talıbzadə yazır...
14:27 27 May 2020
"Harri Potter"in müəllifinin yeni kitabı pulsuz olacaq
13:27 27 May 2020
Dilimizi göyə qaldıran rus yazıçı: "Avropada fransız, Asiyada Azərbaycan dili..." - Maraqlı qeydlər
12:31 27 May 2020
Ögey qızı ilə evli olan məşhur rejissor danşdı: "35 yaş böyük olsam da..."
11:19 27 May 2020
Azərbaycan filmi ABŞ-da qranta layiq görüldü
10:31 27 May 2020
Qatıqsatana qibtə edən, rus qadını heyrətləndirən dahi Azərbaycan şairi – Maraqlı adam
09:30 27 May 2020