Pişiklərin Məryəm anası

Pişiklərin Məryəm anası
8 may 2020
# 15:30

Məhləmizdəki balaca meydançada günün yarıdan çoxunu tənbəl-tənbəl kölgələnən, arabir oyanıb həvəslə pəncəsini yalayan, öz quyruğunu başqa canlı bilib tutmağa çalışan, bığlarının radarından bircə quşun da, siçanın da yan keçmədiyi muncuq gözlü rəngbərəng pişiklər var.

Qəhvəyisi həmişə mürgülüdür, bircə yorğan-döşəyi çatmır; ala-bulası təmizkardır, nə vaxt baxırsan, əl-üzünü yuyur; qonuru oyunbazdır, asfaltda titrəşən ağac kölgəsindən havasını dəyişməyə çıxan nənələrin əl ağaclarına qədər hamıya və hər şeyə dartınır; qarası qarınquludur, gecə-gündüz sərçə güdür. Bu sığalsevənlərin hamısı sevimlidir, hamısında adama rahatlıq verən nəsə var.

Yorğun günəş növbəni axşama ötürməyə hazırlaşanda, yəni günəbaxan tumuyla qeybət qıran rəfiqələr, tərləyən uşağının kürəyinə dəsmal qoyan analar, dabanıyla siqaret söndürən atalar yavaş-yavaş evin yolunu tutmağa başlayanda, qonşu binanın tinindən gün ərzində üçüncü dəfə burulub astagəl addımlarla meydançaya tərəf gələn qadını görən pişiklər atılıb-düşməyə, uzun günün son akkordu kimi, xorla miyoldamağa başlayırlar.

Bu odur – Pişiklərin Məryəm anası!

Bu rus qadının təxminən altmış yaşı olar, amma hələ də qıvraqdır. Əynində həmişə sadə boz köynək, açıq mavi şalvar olur, dümağ saçlarını səliqəylə dümdüz darayır və bu onu orta əsr ikonalarındakı qadınlara bənzədir. Gündə üç dəfə pişiklər üçün yemək gətirir, hamısıyla bir-bir danışır, hamısını əzizləyir, heyvanlar yeməklərini rahat yesinlər deyə orda keşik çəkməyə başlayır. Pişik balaları qırmızımtıl dilləriylə südlərini içə-içə itələşdikcə, bu fərəhli mənzərədən xoşhallanan qadının soyuq çöhrəsinə sevgi dolu bir təbəssüm qonur, gözləri parıldayır.

Pişiklərin Məryəm anası meydançaya qədəmlərini qoyan kimi pişiklər sevinsə də, rişxənd etməyə mövzu gəzənlərin arasına pıçapıç düşür: “Necə də iyrənmir ey... Ona bax, heç öz balasına belə qulluq etməz... Qorxmur ki, düşər-düşməzi olar...”

Tək-tənha yaşayan bu qadın qulağının dibində milçək kimi vızıldaşan qara-qara sözlərə fikir vermir, illərdir havanın necəliyinə baxmadan, övliya səbriylə öz şəfqət cədvəlinə sədaqət göstərir, meditasiya edir.

Karantin günlərində onu marketdə gördüm, ağzını göy maskayla örtmüşdü, pişik yemi alıb, məhləyə üz tutdu. Xeyirxah bir vərdişi ibadət səviyyəsinə qaldıran bu qadını bir az uzaqdan izlədim, kimsəsiz meydançanın ortasındakı skamyada oturdu, pişiklər hamısı Məryəm analarının başına toplaşdı və o, bu dünyaya aid olmayan bir dildə, qaydalarını ancaq özünün bildiyi formada dünyanı gözəlləşdirməyə başladı.

# 3695 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #