Kafka nişanlısını nəyə görə sevirdi? – Milena yazıçının qeyri-adi xasiyyətindən yazır

Kafka nişanlısını nəyə görə sevirdi? – Milena yazıçının qeyri-adi xasiyyətindən yazır
30 aprel 2020
# 09:01

Kulis.az görkəmi tərcüməçi Vilayət Hacıyevin tərcüməsində sevgilisi Milenanın Kafka haqqında yazdığı xatirəni təqdim edir.

Çex jurnalisti, yazıçı, tərcüməçi Milena Yesenska Praqada anadan olub. Ərə gedəndən sonra Vyanaya köçüb, çex dili müəllimi, tərcüməçi kimi fəaliyyət göstərib. 1919-cu ildə Kafkanın “Ocaqçı” hekayəsini, sonralar da başqa əsərlərini çex dilinə çevirib. Aralarında yaranan dostluq münasibəti sonralar iztirablarla dolu nakam məhəbbətə çevrilib. Az-az görüşsələr də, bir-birinə çoxlu məktub yazıblar. Villi Haas həmin məktubları “adamı yerindən oynadan məhəbbət romanı” adlandırıb.

Kafka haqqında

Sizin məktubunuza gecə-gündüz cavab yaza bilərəm. Deyirsiniz, necə olur ki, Frans məhəbbətdən qorxur, ancaq həyatdan qorxmur? Ancaq mənə elə gəlir, belə deyil. Bizlərdən fərqli olaraq, o, həyata başqa cür baxır, hər şeydən əvvəl də pul, birja, valyutadəyişmə məntəqəsi, yazı makinası onun üçün mistik məna daşıyır (əslində, hamısı, doğrudan da, elədir, ancaq biz onlara elə baxmırıq), onların hamısı Kafka üçün müəmmalarla dolu tapmacadır, onların heç birinə bizim kimi yanaşmır.

Məgər o, məmur peşəsinə hansısa bir xidməti vəzifəni yerinə yetirmək kimi baxır? Onun üçün bütün idarələr, o cümlədən özünün işlədiyi idarə sirli bir aləmdir, balaca uşaq parovoza necə heyranlıqla tamaşa edirsə, o da bunlara elə baxır.

Həyatdakı ən adi şeyləri də başa düşmür. Siz onunla poçtda olmusunuz? Heç görmüsünüz, necə qısa teleqram mətni tərtib edir, sonra da başını bulaya-bulaya xoşuna gələn pəncərə axtarır? Ancaq nə axtardığını özü də bilmir, istədiyini tapana qədər bir pəncərədən o birinə gedir, teleqramın haqqını ödəyir, pulun qalığını sayır, elə bilir, ona bir kron artıq veriblər, həmin bir kronu pəncərənin arxasında oturan qıza qaytarır, sonra yavaş-yavaş oradan aralanır, pulu təzədən sayır, axırıncı pilləkəni düşəndə məlum olur ki, qaytardığı pul özünün imiş.

Belə anda nə edəcəyinizi bilməyib yanında dayanırsınız, o isə ayağının birini götürüb, o birini qoyur, çıxış yolu axtarır. Geri qayıtmaq olmaz, çünki orada basabasdır. Deyirəm ki, eybi yox, qoy qalsın... Dəhşətlə üzümə baxır: bu, necə ola bilər? Yox, məsələ bir kronda deyil, ancaq yaxşı alınmır...

Deməli, pul bir kron azalır. Kim belə iş tutardı? Çox deyinir, məndən də narazı qalır. Bütün mağazalarda, restoranlarda, dilənçilərə pul verəndə bu hadisə müxtəlif variantlarda təkrar olunurdu. Bir dəfə dilənçiyə ikikronluq verdi və dedi ki, bir kronunu qaytarsın. Dilənçi and-aman elədi ki, pulu yoxdur. İki dəqiqədən çox orada dayanıb nə edəcəyimizi fikirləşdik. Birdən ağlına gəldi ki, iki kronun hamısını dilənçiyə verə bilər və ikicə-üçcə addım aralanandan sonra qaşqabağını salladı...

Ancaq həmin bu adam, məlum məsələ idi ki, böyük məmnuniyyətlə, sevinə-sevinə mənə iyirmi min kron verərdi. Əgər iyirmi min bir kron istəsəydim, gərək onda puldəyişmə məntəqəsinə gedəydik, onun da harada olduğunu bilmirdik və beləliklə, xeyli baş sındıracaqdı ki, mənə qıymadığı bir kronu versin, ya verməsin.

Pul məsələsində nə qədər ehtiyatlı idisə, qadınlara münasibətində də elə idi. İdarələrdən qorxması da buna bənzəyirdi. Bir dəfə ona teleqram vurdum, zəng etdim, məktub yazdım, Allaha and verdim ki, bircə günlüyə yanıma gəlsin. Onda mənə çox lazım idi. Ona əbədi lənət oxudum. Gecələr gözünə yuxu getmədi, özünə çox əzab verdi, məktublarında özünü amansızlıqla söydü, ancaq gəlmədi ki, gəlmədi. Niyə?

Çünki işdən icazə ala bilmədi. Axı makinada sürətlə yazdığına görə bütün varlığı ilə heyran olduğu (doğrudan da, elə idi!) direktora deyə bilməzdi ki, mənim yanıma gəlir! Başqa şey tapıb deyəydi? Elə şey olardı? Yalan danışaydı? Direktora yalan desin? Ola bilməzdi! Ondan soruşsanız ki, birinci nişanlısını nəyə görə sevirmiş, belə cavab verəcək: “O, alış-veriş işində çox bacarıqlı idi”. Və gözləri də ehtiram hissi ilə parıldayacaq!

Yox, bu dünya onun üçün başdan-ayağa tapmaca olub və olmaqda da davam edir. Bu dünya Frans üçün mistik bir aləmdir... Elə bil onunla bacarmır, ancaq ürəkləri riqqətə gətirən bir sadəlövhlüklə tərifini göylərə qaldırır, çünki “alış-veriş işində bacarıqlıdır”.

İldə yüz dəfə mənə xəyanət edən, mənimlə bərabər neçə-neçə qadını da, necə deyərlər, öz sehrinə salan ərimdən ona danışanda, direktorunun, birinci nişanlısının adı gələndə sifəti necə ehtiram hissi ilə alışıb-yanırdısa, indi də elə alışıb-yandı. Direktor makinada sürətlə yazdığına görə hamıdan yaxşı adam idi! Nişanlısı da “alış-veriş işində çox bacarıqlı” idi!

Bütün bunların hamısı ona qəribə görünürdü. Makinada sürətlə yazan adam, dörd sevgilisi olan kimsə onun üçün poçtdakı bir kron, eləcə də dilənçiyə qalan bir kron kimi anlaşılmazdır. Ona görə anlaşılmazdır ki, bunların hamısı canlıdır. Ancaq Frans özü canlı ola bilməz! Fransda yaşamaq qabiliyyəti yoxdur. Frans heç vaxt sağalmayacaq. Frans tezliklə öləcək...

"Xəzər" jurnalı, 2017/4

# 2786 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #