news-inner
clock15:07 calendar-gray 16 Aprel 2020 view-gray42563 dəfə oxunub
view-gray42563 dəfə oxunub

16 yaşda qız qaçıran, haqqında çoxlu eşq şayiələri dolaşan, gülə-gülə ölən prokuror-bəstəkar - Maraqlı faktlar

Bu gün bəstəkar Ələkbər Tağıyevin anım günüdür. Kulis.az bu münasibətlə bəstəkar haqqında maraqlı faktları təqdim edir.

Ələkbər Tağıyev 1924-cü il aprelin 28-də Gəncədə kasıb ailədə anadan olub. İlk təhsilini Gəncədə alan Ələkbər 1938-ci ildə Şəhər Xalq Məhkəməsində işləməyə başlayıb. Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirəndən sonra 1974-cü ilə qədər təxminən 36 ilə yaxın prokurorluq orqanlarında çalışıb.

***

Ailədə beş qardaş, bir bacı olublar. Sadə kəndli ailəsindən olduğu üçün maddi imkanları məhdud olub. Elə buna görə də uşaqlıqdan musiqiyə həvəsi olsa da, məşğul ola bilməyib. Orta məktəbin yuxarı sinfində oxuyanda yaşını iki il artırıb ki, məhkəmədə kuryer vəzifəsinə işə düzəlsin. Ələkbər Tağıyev çox erkən, 16 yaşında ailə qurub. Həyat yoldaşı Almaz xanımı qaçırdıb.

Gallery

Oğlu Akifdə anadangəlmə astma var imiş, 7-8 yaşına çatanda xəstəlik kəskinləşib, o, dünyasını dəyişib. İlk övladının belə acı taleyi ona çox pis təsir edib. Ondan sonra iki qız övladı da doğulub. O, qızlarının adını Akifin adına uyğunlaşdıraraq Akifə ilə Arifə qoyub. Bu qızlardan sonra bəstəkarın bir qızı da anadan olur, lakin o da tezliklə dünyasını dəyişir.

***

Anası Münəvvər xanım seyid nəslindən olub. O, Ələkbərə öz atasının adını qoyubmuş. O, görüb ki, oğlu daha bir övladının vəfatından sonra özünə yer tapa bilmir, deyir ki, gəl kitab açdıraq, görək, sənin taleyin haqqında orda nə yazılıb. İmamzadəyə gedirlər, orada bir adam Ələkbərə deyir ki, sənin bir oğlun da olacaq, onun adını gərək Xaliq qoyasan, bu uşaq dünyaya gələndən sonra sənə vəhy gələcək, özün də məşhurlaşıb varlanacaqsan. Belə də olur. Oğlu doğulanda onun adı Xaliq qoyulur. Uşağın qırx günü tamam olmamış Ələkbər Tağıyev ilk mahnısını, "Qonşu qız"ı bəstələyir.

Gallery

Həmin vaxtlar Ələkbər Tağıyev yazdığı mahnıları ilk olaraq, musiqiçi, eyni zamanda yaxın dostu Akif Bakıxanova göstərir və onunla məsləhətləşirdi. "Qonşu qız" mahnısının qazandığı uğurdan ruhlanan bəstəkar qısa müddətdə "Şirin arzular", "Sən gəlməz oldun", "Dinə bilmədim", "Bakı gecələri", "Azərbaycanım mənim", "Axtarma məni", "Sənə qurban", "Sədaqətim var", "Təki sən səslə məni", "Mənim dünyam", "Xızı dağları" kimi mahnılar bəstələyib.

***

Ələkbər Tağıyev peşəkar musiqi təhsili almaq üçün 1962-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin nəzdindəki bəstəkarlıq kursuna daxil olur, 1964-cü ildə təhsilini müvəffəqiyyətlə bitirir, ardınca isə SSRİ Musiqi Fondunun üzvü seçilir.

Gallery

Mahnılarının ilk ifaçısı Zeynəb Xanlarova olub. Onunla on ildən artıq əməkdaşlıq ediblər. Sonra Nisə Qasımova, Məmmədbağır Bağırzadə ilə sıx əməkdaşlıq edib. Bu müğənnilərin hər birinin səhnə obrazının, repertuarının formalaşmağında bəstəkarın böyük rolu olub. O, onlar üçün həm imicmeyker idi, həm menecer idi, həm də prodüser. Bu gün, ən müasir texnologiyalar, ən geniş imkanlar dövründə müğənni üçün çoxlarının eləyə bilmədiklərini o, təkbaşına, öz gücünə edib. İlk duetləri yaradanlardan biri də o olub.

Gallery

Zeynəb Xamlarova ilə iş birliyindən sonra Nisə Qasımova ilə çalışıb. Bəstəkar Nisə Qasımovanı “Lalə” qızlar ansamblında “Sədaqətim var” mahnısını oxuyanda dinləyir və səsini çox bəyənir. Bir gün Zeynəb xanımla məşq edəndə Ələkbər Tağıyev deyir ki, bu qızın səsindən xoşum gəlir. Zeynəb xanım anasamblın rəhbəri Ceyran Haşımovaya zəng edir. Deyir, Ələkbər Tağıyev Nisə Qasımovanı yanına çağırır. Nisə xanımı bəstəkarın yanına Zeynəb Xanlarovanın özü gətirir. Deyilənlərə görə bundan sonra Ələkbər Tağıyev və Zeynəb xanım arasında inciklik başlanır. Bəstəkar ancaq Nisə xanımla işləməyə başlayır.

Gallery

Nisə Qasımova 1972-ci ildən 1981-ci ilə qədər Ələkbər Tağıyevin mahnılarını oxuyub. O, bəstəkarı xatırlayarkən deyir. O zamana görə kraliçalar kimi yaşayan, dolanan bir sənətçi idim: “O vaxt haqqımda az qala rəvayətlər dolaşırdı. O qədər əzizlənirdim ki, biri alman gəlinciyi, biri “ukraynka”, biri kraliça deyirdi mənə. Bir sözlə “pəmbə dövrü” yaşayırdım. Sonra tək qaldım. Nağıl bitdi. Mənim “pəmbə” dövrüm bitdi yəni. Və sonunda mən tək qaldım. Ağır olanı bu idi. O zaman dərdimdən ölənlər, mənə ailə qurmaq təklifi edənlər, filanlar birdən yoxa çıxdılar. Ələkbər Tağıyev öləndən sonra. Təsəvvür edin ki, bəstəkarlara müraciət edirdim, mənə mahnı belə vermirdilər. Adlarını çəkmək istəmirəm amma soruşmayın. Səbəbi zamanında ancaq Ələkbər Tağıyevlə işləməyim idi. Deyirdilər, onunla oxuyanda bizi saymırdın. Onun ölümündən sonra siqaret mənim aksesuarlarımdan birinə çevrildi. Bu ölüm mənim siqaretə başlamağım üçün ciddi səbəblərimdən biri idi”.

Gallery

Səliqəli və gözəl geyinməyi sevib. O vaxt ilk dəbdə olan geyimləri onun əynində görmək olardı. Klassik geyimlərə. Qalstukları, kostyumları brend olurdu. Özünün şəxsi hesabı vardı və çox məşhur olan brend mağazalardan alış-veriş edərdi. Elə işlədiyi müğənnilərə də geyimləri özü alıb gətirərdi. Çox şəstlə yeriməyi vardı və həqiqətən də yaraşıqlı kişi idi. Xanımlar ona valeh olurdular.

***

Dövrünün ən məşhur qadın müğənniləri ilə işləyən bəstəkar haqqında müxtəlif məhəbbət şaiyələri də səngimək bilmirmiş. Onun işbirliyində olduğu müğənnilərin bir neçəsi ilə adı hallanırmış. Bu barədə oğlu Xaliq müsahibələrinin birində belə deyir: “Bu sualınızın cavab hissəsinə üç nöqtə qoyaq…”.

Gallery

Tofiq Quliyevlə, Nəriman Həsənzadəylə, Hafiz Baxışla yaxın dost olub. O vaxt Bəstəkarlar İttifaqının sədri Qara Qarayev idi. Oğlu Xaliqin dediyinə görə onunla münasibətləri üzdə yaxşı olsa da, Qarayev ona qarşı çox haqsızlıqlar edib. Bundan aldığı zərbə isə infark olub. Ard-arda beş, altı mahnını birdən yazırmış. Heç kim qısa vaxt ərzində onun bu qədər mahnı yazacağına inanmayıb. Buna görə də mahnılarının bədii şuradan keçməsində problemlər yaşayıb. Sonralar məcbur qalıb bir çox mahnılarını xalq mahnısı adı altında bədii şuradan keçirib.


***

Ələkbər Tağıyevin prokurorluq sahəsindəki vəzifəsindən ayrılıb özünü bütünlüklə musiqiyə həsr etməsi həmişə çox maraqlı, çox duyğusal bir insanın addımı kimi qeyd olunur. O, bəstəkar kimi tanınmağa başlayandan bəri həm hüquq sahəsindəki, həm də musiqi sahəsindəki adamlar tərəfindən özünə qarşı qısqanclıqlar görüb. Çünki həmin illərdə o prokuror kimi çoxlu cinayət işi açmışdı. Amma buna baxmayaraq, 70-ci illərin əvvəllərində o, qərara alır ki, prokurorluqdan getsin.

Gallery

Təbiət, gül-çiçək aşiqi olub. Nardarandakı bağında 2 mindən çox gül əkib. Bağbanı olsa da, gülləri özü sulayıb, baxıb. Sübh vaxtı yuxudan durub, o gülləri qoxulayandan sonra melodiyalar bəstələyir, zümzümə edir və dərhal da maqnitafona köçürürmüş.

***

Tələbkar bəstəkar olub. Müğənnilərin geyimindən tutmuş əl hərəkətlərinə qədər nəzarət edirmiş. Hətta güzgü qarşısında dayanıb, onlara necə səhnədə dayanmağı, oxumağı, əl hərəkətlərini göstərib.

Gallery

Türkiyədə Ələkbər Tağıyevin mahnılarının bir çoxunun təqdimatından "anonim" sözünün götürülməsində oğlu Xaliq Ələkbərovun çox böyük rolu olub. O, hüquqşünas olduğu üçün bu məsələni hüquqi yollarla həll edə bilib.

***

Məmmədbağır Bağırzadənin oğlunun dediyinə görə atası ilə Ələkbər Tağıyevin 70-ci illərdə ciddi konfliktləri olub. Hətta bəstəkar Məmmədbağırın efirə çıxmasına müəyyən əngəllər yaradıb, “Kirpi” jurnalında “Məmmədbağır, bir də bağır” başlığı ilə karikaturalar verilməsində əli olub. Səbəb isə çox sadə olub. Bəstəkar istəyirmiş ki, Məmmədbağır onun da mahnılarını ifa etsin. Bir gün isə özü müğənninin evinə gələrək ona yaradıcı iş birliyi təklif edib və müğənnini razı sala bilib.

Gallery

"Sən gəlməz oldun” mahnısının sözləri Mədinə Gülgünə, musiqisi isə Ələkbər Tağıyevə aiddir. Bu mahnını Ələkbərin qardaşı oğlunun həyat yoldaşına həsr olunub. Qardaşı oğlunun həyat yoldaşı Sevda çox gözəl qadın olub. Uşağı olandan sonra gənc yaşda xərçəng xəstəliyinə düçar olub. Övladının heç bir yaşı olmamış dünyasını dəyişir. Bəstəkar həmin dəfn mərasimindən evə gələn kimi bu mahnını bəstələyir. "Sən gəlməz oldun” mahnısı həmin gəlinə ithaf olunub.

Gallery

Bəstəkarın ölümü də möcüzəli olub. Ələkbər Tağıyev yaz fəslini çox sevirmiş. İlin ən gözəl vaxtında, aprelin tən ortasında səhər erkəndən oyanıb bağa getməyə hazırlaşan bəstəkarın halı birdən pisləşib. Oğlu Xaliq müsahibələrinin birində həmin günü belə xatırlayır. Ürəyi xəstə idi, amma xəstə yatmadı. Nardaranda bağda gül əkəcəkdi, anam dedi ki, halın yaxşı deyil, getmə. Dedi yox, getməliyəm. Nisə xanım da bizdə idi. Qəfildən halı pisləşdi, həkim çağırdıq. Hər kəsi otaqdan çıxardı, həkimlərə də dedi ki, mənə iynə vurmayın, onsuz da beş dəqiqəyə bu dünyadan köçəcəm. Yalnız qardaşımı yanına buraxdı. Beş dəqiqədən sonra kəlmeyi-şəhadətini oxuyub, gülə-gülə gözlərini yumdu. Qardaşıma deyib ki, məndən sonra evin böyüyü sənsən, onara böyüklük elə. Bir də Nisə Qasımovanı ona tapşırıb, deyib ki, o qızdan muğayat ol. Nisəni qızı kimi çox istəyirdi. Sonra deyib ki, otaqdan çıx, iki dəqiqəyə gələrsiniz. İki dəqiqədən sonra Nisə qapını açıb otağa girəndə nalə çəkdi. Atam divanda uzanıb, gülə-gülə dünyadan köçmüşdü. Allah adamı idi, ölümünü də hiss eləmişdi. O dünyasını dəyişən kimi yeni aldığı güllər də solmuşdu. Dərhal da yağış yağmağa başladı.

Ələkbər Tağıyev doğum gününə 12 gün qalmış, 1981-ci il aprelin 16-da dünyasını dəyişir. Maştağada "Seyidlər” qəbiristanlığında torpağa tapşırılır. Sağlığında özünə ayırdığı yerdə. Başdaşına isə Hafiz Baxışın sözlərinə bəstələdiyi "Mənim dünyam” mahnısından bir parça yazılır: "Mən də sənə bir qonağam, mənim dünyam, mənim dünyam...”.

news-inner-user

16478 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020
İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir? – Mütəxəssis rəyi
13:39 18 Sentyabr 2020
Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"
13:10 18 Sentyabr 2020
Şabanın adı filmlərinin çəkildiyi küçəyə verilib
12:47 18 Sentyabr 2020
Pula görə təhsilini yarımçıq qoydu, repressiyadan təsadüfən xilas oldu, xanımı başqa qadınla evlənməsini istədi – Üzeyir bəydən maraqlı faktlar
12:08 18 Sentyabr 2020
Müəlliməni intihara aparan səbəb
11:36 18 Sentyabr 2020
Musiqi Günü ilə bağlı elektron baza hazırlanıb - Link
11:02 18 Sentyabr 2020
Tanınmış yazıçı vəfat etdi
10:33 18 Sentyabr 2020
27 yaşda intihar edən müəlliməyə gecikmiş təsəlli
10:04 18 Sentyabr 2020
Bəy!
09:36 18 Sentyabr 2020
Qanı gördükcə qorxudan titrəyirdim - Bircənin romanı
09:00 18 Sentyabr 2020
Xalq artisti qonşusunu məhkəməyə verdi
19:05 17 Sentyabr 2020