Oğulu öldürən Şərq, atanı öldürən Qərb

Oğulu öldürən Şərq, atanı öldürən Qərb
12 aprel 2020
# 08:30

Kulis.az Qismət Rüstəmovun “Qocalara yer varmı” essesini təqdim edir.

Ötən gün çağdaş Amerika yazıçısı Kormak Makkartinin “Burda qocalara yer yoxdur” romanı əsasında Koen qardaşlarının neo-vestern janrında çəkdikləri eyniadlı filmə baxanda, çoxdan fikrimdə olan bir mövzuda yazmaq qərarına gəldim. Romanın adı görkəmli irland şairi Vilyam Batler Yeytsin “Bizansa səyahət” şeirinin ilk misrasıdır: “Qocalara yer yoxdur bu ölkədə. Cavanlar qol-boyun, quşlar öz nəğməsində…”

Yeytsin şeiri həyatdan əl-ayağını çəkmiş bir qocanın ölümdən sonrakı həyatın necə olacağı haqqında düşüncələridir, amma romanın da, filmin də mövzusu birbaşa qocalıqla bağlı deyil. Burda daha çox günü-gündən dəyişən, mutasiyaya uğrayan şərin ağlasığmaz “yeniliyi” qarşısında köhnə dövrü təmsil edənlərin çarəsiz çaş-başlığından söhbət gedir. Bu mənada filmdə açıq olmasa da, dolayı yolla, altdan-alta nəsillərarası konflikt, “atalar-oğullar” problemi də hərəkət etməkdədir. Mənə isə problemin yeni əsrdə aktuallaşan başqa təzahürləri maraqlı gəlir: gerontokratiya – qocaların hakimiyyətieycizm (ageism) – yaş ayrı-seçkiliyi.

XIX əsrdə Jan Jak Fazzi mühafizəkar və qocalardan ibarət Fransa parlamentini ələ salmaq üçün gerontokratiya sözündən istifadə edib. XX əsrin modernist hərəkatlarıyla birlikdə aradan çıxacağı, öz qınına çəkiləcəyi düşünülən qocaların idarəçiliyi yoxa çıxmadı, əksinə, yeni-yeni metodlarla kök saldı. Bu, anaxronik düşüncə bu gün də müxtəlif inkişaf səviyyələrində olan ölkələrdə özünü göstərir. Bizim kültürdə “Allahsız yerdə otur, böyüksüz yerdə oturma” kimi atalar sözlərində, “ərki çatmaq” kimi gündəlik həyatda qarşımıza çıxan ifadələrdə, “hələ cavansan bilməzsən, bizim vaxtımızda…” ilə başlayan nostalgik cümlələrin arxasındakı psixoloji motivasiyada özünü göstərən ağsaqqala, ağbirçəyə hörmət kultu ənənədən aldığı güclə cəmiyyətdəki bütün sferalarda gənclərin qabağına “həmişəyaşıl” şlaqbaumlar kimi çıxır. Qocalar – ənənə estafetinin layiqli təmsilçisi, yaşa dolduğu üçün avtomatik şəkildə nəslin bütün qərarlarında söz sahibinə çevrilən personalardır; elə bu düşüncənin proyeksiyası kimi ailədən qəbiləyə, klana, dövlətə qədər uzanan tarixi prosesdə qocalar görüb-götürmüş, hikmət və təcrübə sahibi kimi vəzifəyə, idarəçiləyə ən layiqli yeganə namizəd sayılırlar. Qocalıqla idarəçiliyi eyniləşdirən düşüncənin yeganə arqumenti təcrübəylə bağlı deyil. Bu fikrə görə, ənənə mütləq qorunmalı, ötürülməli bir nəsnədir və bu simvolik sərmayəni öz muzey-yaddaşlarında ən yaxşı qocalar mühafizə edə, gələcək nəsillərə ötürə bilərlər. Törə, ənənə davam etməlidir, çünki o artefaktdır, lap imperatorun nuhdanqalma gümüş qarşokunu geri gətirmək üçün bütün dünyanı şillə-təpik altına salan Ceki Çan filmlərindəki kimi.

Qocalığa bu cür imtiyaz verən model bu gün də xeyli ölkədə senatlarda (senat – latınca “yaşlanmaq” deməkdir), papalıq institunda, Yaponiyada Genro (qocalar məclisi) kultunda yaşayır. Yaponiyada Genroya iki dəfə baş nazir postunda olmuş qocalar seçilir və bu ağsaqqallar məclisi yeni dövlətin qurulmasında imperatora məsləhət verirlər. Genronun yaranma fəlsəfəsi belədir ki, ənənəyə görə, imperator qoca adamın üzünə qayıtmaz.

Gerontokratiya anlayışını nəzəri olaraq ilk dəfə araşdıran Maks Veber olub. Veber “İqtisadiyyat və cəmiyyət” adlı əsərində bu anlayışı ənənəvi idarəetmənin (patriarxalizm, feodalizm) bir modeli kimi dərindən araşdırıb. Veberin şərhində gerontokratiya ənənəni fetişləşdirən və bunu edərkən başqa bir mühafizəkar institut olan dinə apelyasiya edən konservativ cəmiyyətlərdə ictimai strukturdakı yeniləşmənin astagəl, ləng olmasına gətirib çıxarır. Gələcəyi qurmaq üçün keçmişin heç nəyindən vaz keçə bilməyən, “həm o olsun, həm bu” deviziyliyə öz həris illüziyasına məğlub olan bu cür cəmiyyətlərdə cavanlar öz sırasının gəlməsi üçün qocalmalıdır. Bizim kültürdə rəmzi mənada “hörmət” əlaməti sayılsa da, əslində, dərin qatlarda cavanlıq arzularından könüllü imtina etməyi ifadə edən “əl öpmək” ənənəsi, məsləhət ünvanının ağsaçlı qoca Dədə Qorqud olması, uşağa ölmüş atanın, ananın, nənənin, babanın adı qoymaqla doğulan kimi onun müstəqil kimliyinin yarısını ənənəyə qurban verən adətlərin hələ də yaşaması gerontokratiyanın işığında təhlil oluna bilər.

Həmvətənlərimizin çeynəyə-çeynəyə düşüncə horrasına çevirdiyi “Avropanın yaxşı tərəflərini götürək” ifadəsindən hələ də sonuncu nicat yeri kimi yapışan adamlar xoşbəxtliyi həqiqətdən qaçmaqda görürlər: həqiqət isə budur ki, “gavur” avropalılar ənənə qovluğu içində müəyyənləşdirilən hər şeylə haqq-hesablarını çürütməyə 5-6 əsr bundan qabaq başlayıblar.

İndi gəlin, baxaq, görək, 5-6 əsr bundan qabaq, tutalım, Osmanlı imperiyasında vəziyyət necə idi? Böyük türk tarixçisi Halil İnalcıq yazır ki, XVI əsrin axırlarında Osmanlıda qəbul edilən “əkbəriyyət” prinsipiylə birlikdə mövcud sultan öləndən sonra hakimiyyətin avtomatik olaraq sultanlıqdakı ən yaşlı üzvə keçməsi ənənəsi oturuşdu.

Qocalığın mötəbər olmasına, ağsaqqallığın fetişləşdirildiyinə görə, dünyadakı bütün yeni fikir cərəyanları, müasir tendensiyalar bizə qocalandan sonra gəlir, cəmiyyət bu ideyaları öz vaxtında yaxına buraxmaq istəmir, qocalıb, heydən düşüb, aktuallığını itirəndən sonra onu qəbul edir. Bu düşüncə silsiləsinin davamı özünü başqa yerlərdə də göstərir: öz keçmişiylə haqq-hesab çəkməmiş cəmiyyətlərdə idarəetmə yox, nəzarət olur, məncə, buna görə də bütün dünyada, tutalım, katastrofik vəziyyətlərə “böhranın idarə olunması” deyirlər, bizdə “böhrana nəzarət.”

Bu problem təkcə bizə məxsus deyil, əslində, dünyanın istənilən qitəsində bu məsələ müxtəlif səviyyələrdə mövcuddur. Amma vacib fərqlər, nüanslar var. Bizim kimi modernizm qızılcasını vaxtında keçirmədiyi üçün haldan-hala düşən cəmiyyətlərdə qocalarla bağlı problemlər ayrı cür təzahür edir, bu mərhələni çoxdan keçmiş, tamam başqa intellektual müstəviyə çatmış, rifah səviyyəsinə yüksəlmiş cəmiyyətlərdə başqa cür. Bunları qarışdırmaq olmaz. Yığcam bir misalla izah etməyə çalışım: Orxan Pamuk hələlik sonuncu romanı “Qırmızı saçlı qadın”da iki mifoloji motivi qarşılaşdırır – Atasını öldürən Edipin əhvalatı və oğlu Söhrabı öldürən Rüstəmin əhvalatı. Biri rəmzi mənada bugünkü Avropanı doğuran cavanlığın qalib gəlməsidir, o biri Şərqi təmsil edən atanın oğulu öldürməsi, təzənin köhnəyə məğlub olması.

1969-cu ildə Amerikanın məşhur Kolumbiya Universitetində çalışan psixiatr Robert Batler əmlak birjasında maraqlı bir tendensiya görür. Müşahidə edir ki, qocaların çox yaşadığı yerlərdəki evlərin kirayə haqqı ümumi nisbətdə başqa yerlərdən daha ucuzdur. Batler araşdırır ki, cavanlar qocaların çox olduğu yerlərdəki evləri kirayə götürmək, satın almaq istəmirlər və alim bu tendensiyanı “eycizm” – yaş ayrı-seçkiliyi adlandırır. Çağdaş dövrdə isə Linda Vulf ( Linda Woolf) “Eycizmin nəzəri əsasları” (Ageism: The Therotical basis of ageism) adlı kitabında bu anlayışın XXI əsrdəki təzahürlərini araşdırıb. Vulfun fikrincə, ölümlə eyniləşdirilən yaşlılıq, qocalıq düşüncə qəlibinin əks qütbündə cavanlıq kultunun hədsiz şişirdilməsi durur. İstehlak cəmiyyətində daha çox gəncliyin, cavanlığın ön plana çıxarılması, bədii ədəbiyyatda, televiziya proqramlarında, kinoda fasiləsiz şəkildə fiziki gözəllik ilə arıq, fit olmaq arasında əlaqə qurulması eycizmin arxa planındakı səbəblərdən bəziləridir. İnsanlar özlərini fiziki görkəmləri, zahiri komponentləriylə ifadə etməyə başladıqları üçün yaş keçdikcə fiziki görkəmləri dəyişən qocalar ölümü, xəstəliyi yada salan subyektlərə çevrilirlər ki, bu da ayrı-seçkilikdir. Eycizm irqçilikdən və cinsiyyətçilikdən sonra üçüncü ən böyük və yaxın gələcək üçün hələ aktual olacaq ayrı-seçkilik hesab edilir.

Ümumdünya Səhiyyə Təşkilatının mövzuyla bağlı 2012-ci ildə yaydığı hesabatda deyilir ki, XXI əsrdə qloballaşma nəticəsində daha çox insan şəhərlərdə yaşamağa başlayıb və ənənəvi ailə strukturu, yaşayış formaları çox dəyişib. ÜST-ün fikrincə, bu dəyişmələrin arasında ən tragik olanı əhalinin qocalmasıdır. Çox yaxın gələcəkdə bəşər tarixində ilk dəfə qocaların sayı uşaqların sayından daha çox olacaq. Bu hesabatdan artıq səkkiz il keçib, proqnoz artıq özünü doğruldub və bu gün Avropa sosialoqlarının, futuroloqların ən çox müzakirə etdiyi mövzulardan biri elə budur. Rifah səviyyəsi yüksələn, inkişaf etmiş səhiyyə sistemi yaradan qabaqcıl Avropa ölkələrində bir yandan insanın ömrü uzanır, yəni avtomatik şəkildə qocalar çoxalır, digər tərəfdən dünyaya uşaq gətirmək istəyənlərin sayı azalır. Beləcə, qəribə bir vəziyyət yaranıb və göründüyü kimi, bu problematika bizdəki məsələdən çox fərqlidir.

Eycizmin, əslində, iki qütbü var: əgər bir tərəfi “sən artıq qocasan, yararsızsan” deyərək qocalara qarşı olan ayrı-seçkilikdirsə, digər qütbü “sən hələ cavansan, bilməzsən” deyərək cavanlara qarşı olan diskriminasiyadır.

Sərlövhədə qoyulan sualın cavabına gəlincə, qocalara həmişə yer olmalıdır, amma gərək həmin yer bacarıqlı və layiqli cavanların haqqını tapdamaq hesabına başa gəlməsin.

azlogos.eu

# 3623 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #