Koronavirus dünyanı necə dəyişəcək: ağlagəlməz ehtimallar

Koronavirus dünyanı necə dəyişəcək: ağlagəlməz ehtimallar
30 mart 2020
# 15:59

Kulis.az Simran Qədimin “Təhlükə: COVID-19” essesini təqdim edir.

Hər kəsin evdə qaldığı, daha dəqiqi, mütləq evdə qalmalı olduğu bu günlərdə zamanı dəyərləndirməyin bir çox üsulu var. Nəzərə alsaq ki, indiki dövrdə demək olar, hamı kabel televiziyalarıyla yüzlərlə kanalı izləmək imkanına malikdir, dünyada minlərlə baxmağa dəyərli film, serial çəkilib, sonsuz sayda oxunmalı kitablar, izlənilməli verilişlər, dinlənilməli musiqilər var, darıxmaq üçün əsas tapa bilmirsən.

Üstəgəl, müasir texnologiyaların - internetin, sosial şəbəkələrin, smartfonların və smart televizorların, planşetlərin, kompüterlərin olduğu bir dövrdə yaşayırıq. Belə şəraitdə, ümumiyyətlə, boş qalmaq, hələ bir bekarçılıqdan sıxılmaq nə deməkdir? Əksinə, aşıb-daşan bu bolluqda çaşıb qalmamaq olmur, Krılovun təmsilindəki kimi, elə bil adamın beynini eyni andaca neçə yerə dartıb-çəkirlər. Kitab oxuyanda filmə baxmaq, filmə baxanda musiqi dinləmək istəyirsən. Evimizin içindəki, əlimizin altındakı bu sonsuz böyük çərçivədə öz kiçik guşəmizi yaratmaq təkcə özümüzdən asılıdır.

Bədii kitabların və filmlərin alternativ gerçəkliklər yaratması, obrazlarla birlikdə bizə fərqli-fərqli dünyalara yollanıb səyahət etmək şansını tanıması indiki durumda əvəzedilməzdir. Monotonluqdan, can sıxıntısından qurtulub özümüzü zənginləşdirmək, təxəyyülün sərhədlərini genişləndirib həm nəsə öyrənmək, həm də vaxtı maraqlı keçirmək üçün daha nə lazımdır ki? Digər yandan, məhz bugünkü gündəmə uyğun əsərlər, yazılar tapıb oxuya, sənədli və bədii filmlərə baxa bilərik. İçinə düşdüyümüz situasiyanı daha yaxşı dərk etmək, dünyanın üzləşdiyi reallığı daha dərindən qavramaq üçün.

Elm adına tez-tez sosial şəbəkələrdə, hətta ənənəvi media orqanlarında iki şeylə qarşılaşırıq: Ciddi, dəqiq, dünya alimləri tərəfindən yekdilliklə qəbul edilən araşdırmalar və müəyyən maraq dairələrinin yaydığı saxta, əsassız - psevdoelmi nəzəriyyələr... Bunları mütləq bir-birindən ayırıb, etibarlı mənbələrə üz tutmaq, doğru-düzgün informasiyalar almaq lazımdır. Yalnız bu təqdirdə həqiqətən maariflənmiş və təhlükəsizliyimizi təmin etmiş olarıq.

İnsan həyata həmişə bəlli bir “eynəyin” arxasından baxır. Dünyagörüşü, savad səviyyəsi, xarakter, tərbiyə, həyat təcrübəsi kimi bir sıra faktorlar bu eynəyin şüşəsini dəyişib formalaşdırır. Onu çıxarıb obyektiv reallığı görmək şansımız isə demək olar ki, sıfıra bərabərdir. Bədənimizin içində həbsdə olduğumuz kimi, gerçəklikləri qavramaqdan ötrü tək vasitə olan beynimizin sərhədlərindən də kənarlaşa bilmirik. Yeganə çıxış yolu yeni-yeni informasiyalar, bilgilər almaq, mütəmadi olaraq şüurumuzu təzələməkdir. Belədə, həmin o eynəyin şüşəsi şəffaflaşıb aydınlanmağa, dolayısıyla bizi aydınlatmağa başlayar.

Ölümün soyuq nəfəsini boynumuzun ardında duyduğumuz, əcəlin insanlığı qarabaqara izlədiyi bu dönəmlərdə ağlı başında biri qətiyyən evdən bayıra çıxmaq, vətəndaş məsuliyyətsizliyi sərgiləmək istəməz. Tək özünün yox, həm də ailəsinin, doğmalarının, başqa-başqa insanların həyatını risk altına atmaqdan çəkinər. Virusa yoluxub ölümlə üz-üzə dayanmağı, xəstəliyin ağrı-acılarını, əzablarını çəkməyi kim arzulayar ki? Əsas odur, panikaya, bədbinliyə, nihilizmə qapılmadan səbrlə böhranın bitməsini gözləyəsən, ümidlə, nikbin ruhda gələcəyə baxıb təmkinini qoruyasan.

Tarixə nəzər yetirəndə görürük ki, indiyəcən bəşəriyyət dəfələrlə bundan da ağır – yüz milyonlarla insanın ölümünə səbəb olan bir çox xəstəliklərlə, pandemiyalarla üzləşib: vəba, çiçək, xolera, yatalaq, ispan qripi və s. Günümüzün bəlası olan koronavirus pandemiyası da, şübhəsiz, yaxın gələcəkdə tarixin dərinliklərinə qovuşub, heç olmamış kimi yoxa çıxacaq. Ancaq bəşəriyyətin bundan hansı ölçüdə zərər görməsi və nə qədər insanın virusa yoluxub tələf olması böyük bir sual altındadır. Bu qasırğadan kimlər özünü qoruyub sağ-salamat qurtulacaq, kimlər virusun cəngindən yaxa qurtara bilməyib dünyasını dəyişəcək, bilinmir.

Dünya şöhrətli tarixçi-yazar Yuval Noah Harari deyir ki, indi bəşəriyyət iki seçim qarşısındadır. Birinci – totalitar nəzarətlə azadlıqlar, ikinci - milli təcridlə dünyəvi həmrəylik arasındakı seçim. Bəlkə də, tezliklə dövlətlər hərarətimizi, təzyiqimizi nəzarətdə saxlayan biometrik qolbaqlar tətbiq etməyə başladı, daimi müşahidə altına alındıq. Hər an, hər saniyə nəyə, necə reaksiya verməyimiz, məsələn, eşitdiyimiz hansı xəbərə sevinib, nələrə ağız büzməyimiz qeydə alındı. Bəs bunu birmənalı qarşılaya biləcəyikmi? Nəticədə, həlli müşkül, qəliz bir dilemma yaranacaq: Konfidensiallıqla, şəxsi həyatımızla sağlamlıq arasındakı ziddiyyəti necə təmin etməli?

Postkoronavirus dönəmində dünya əmələ gələn fəsadları aradan qaldırmağa çalışacaq: iqtisadi, siyasi, sosial və psixoloji fəsadları... Sözsüz, hər şey dərhal əvvəlki kimi olmayacaq, həyatın asanca axarına düşəcəyini gözləyə bilmərik. Hətta fərziyyələrə görə, qloballaşmanın bitmə ehtimalı da var. Futuroloqların fikrincə, onlayn rejimə keçiləcək, canlı ünsiyyət lap azalacaq, insanlar bu günlərin təsirindən çıxmaqda çətinlik çəkəcəklər. Toplum arasına qarışmamaq, əl verib görüşməmək, absessiv-kompulsiv pozuntu həddində gigiyena qaydalarını gözləmək - bunlar hamısı uzun illər canımızda qalacaq.

Qorxu hissi adamı təhlükələrdən qoruyan, həyəcan siqnalı kimi səslənib özünü oda-közə atmaqdan, yersiz cəsarətdən, qəhrəmanlıqlardan çəkindirən bir hissdir. Həmişə xaosdan özünə harmoniya qurmağa çalışan insanlıq, bu gün əsl xaosla, qorxuyla üz-üzə dayanıb. Bu durumda hər kəsin etməli olduğu yeganə şey vəziyyətin daha da nəzarətdən çıxıb, geri dönüşü olmayan bir hal almaması, tarixi faciəyə, fəlakətə, Hollivud filmlərindəki apokalipsisə çevrilməməsi üçün evdən çıxmamaqdır.

“Bütləri qırın, stereotipləri dağıdın, arxetipləri unudun, klişelərdən qaçın – ortaya sağlam düşüncə çıxacaq.” Sağlam düşüncə, normal zəka, rasional təfəkkür isə insanlığı həmişəki kimi yalnız və yalnız xilasa aparacaq.

#evdəqal #evdəkitaboxu

# 4275 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
#
#
# # #