Mükafatların qənimi olan “Parazitlər” filminin sirri

Mükafatların qənimi olan “Parazitlər” filminin sirri
30 mart 2020
# 14:11

2019-cu il istehsalı olan bu Cənubi Koreya filmi, bildiyimiz kimi, Kann Film Festivalının ali mükafatı olan “Qızıl palma budağı”nı, “Qızıl Qlobus” mükaatını və bir neçə nominasiyada “Oskar” mükafatını qazandı.

Pon Çjun Honun 13 milyon dollarlıq büdcəylə çəkilmiş 132 dəqiqəlik "Parzitlər" filmi “Oskar tarixində ilkə imza atdı: “Parazitlər” ingilis dilində çəkilmədiyi halda “Ən yaxşı bədii film” nominasiyasında “Oskar” qazanan ilk film oldu. Bundan əlavə eyni müsabiqədə “Əcnəbi dildə çəkilən ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən orijinal ssenari” kimi əsas mükafatları qazanmağı da bacardı.

Gallery

Bir film eyni anda bu qədər mükafatı necə qazana bilir? “Parzitlər”in sirri nədir?

Öncə onu qeyd edim ki, “Parazitlər” təkcə aldığı önəmli mükafatların sayına görə deyil, rəqib təşkilatçıların ortaq nöqtəsi kimi də diqqət çəkir. Biz adətən (son illər siyəsət etibarilə fərqlənməsə də) Akademiya Mükafatlarının seçimi ilə Kann festivalının dəyərləndirməsi arasında yetərincə fərq görürdük. "Oskar" alan filmlər “Qızıl Palma Budağı” qazanan filmlərdən kəskin seçilirdi, hər qütbün öz dəyərləri və seçimləri onları kənardan rəqib kimi göstərirdi.
Bu mövsüm isə əksinə oldu...

Gallery

Adından göründüyü kimi filmdə söhbət parazit səciyyə daşıyan bir ailədən gedir. Amma bu ailənin qidalandığı, yəni ona parazit olmağa şərait yaradan harınlamış bir ailə də var. Bu tandem həm də onu göstərir ki, paraziti yaradan bir subyekt var. Harınlamış bir müstəvi mövcud olmasa, parazit də yaranmaz. Parazit həmişə bir canlının artığını yeyir, parazit varı istehlakından çox-çox artıq olan və bu artığı normal yerə yönəldə bilməyən subyektlərdə yaranır - bizim dildə desək, harınlamış canlılarda.

Burada da qarşı tərəfdəki pullu, dəbdəbəli, lakin axmaqlıq səviyyəsində saf və harınlamış Pak ailəsi olmasaydı, qəhrəmanımız Kim ailəsi öz ayaqlarını yerə basar, öz “kökü” üstündə qidalanardı - hər halda rejissor belə təqdim edir.

Gallery

Bu proses iki ailənin bir-birinə təsiri deyil, siniflərin yaranması problemidir; “Olmasaydı cahanda sarsaqlar, yəqin ki ac qalardı yaltaqlar”.

Bu paradoksal situasiyanı inkişaf etdirmədən əvvəl keçək rejissorun bu iki ailəyə münasibətinə...
Filmin özəlliklərindən biri müəllifin “parazit” adı verdiyi ailənin yanında olmasıdır. Sənətdə sarsılmaz özəyini Dostoyevskidə tarazlayan şərə, qaranlığa fərqli yanaşma – Ardınca Platonovda, Nitşedə təşəkkül tapan “şər haqqının verilməsi” bu gün bir çox filmlərdə başqa adlarla tendensiya halını almaqdadır. Mişel Uelbek deyir, “şair müqəddəs parazitdir. O, əxlaqsızlığa düçar olmuş varlı cəmiyyətin bədənində nicat tapa bilər. Amma onun eyni zamanda güclü və tərki-dünya cəmiyyətin ürəyində də yeri var”.

Gallery

Pon Çjun Honun bizə təqdim etdiyi ailə, elə təxminən, Uelbekin şairidir. Rejissor onu əxlaqsızlığa düçar olmuş varlı ailənin göbəyinə əkir. Zəngin ailənin içinə saxta sənədlə düşən Kim ailəsinin oğlu Ki Un ingilis dili müəllimi adı ilə varlı ailənin qızına dərs deyir, sonra ailənin balaca oğluna rəsm və psixologiya dərsi keçmək üçün bacısı Ki Conu başqa adla (Cessika adı ilə) ailəyə çəkir. Kasıb, “Allahın vay-fayı” da olmayan, zirzəmidə yaşayan bu ailə saxta bir sima alaraq, müxtəlif adlar altında – sürücü, xidmətçi və s. kimi varlı ailənin evinə yerləşirlər. Evin sahiblərinin isə bu insanların əslində bir ailə olduğundan xəbərsizdir.

3 itinin hərəsinə ayrı adda yemək alan varlı Pakın isə diqqətini çəkən ən ciddi qüsurlardan biri əvvəlki xidmətçisinin çox yemək yeməsidir. Rejissor bir neçə detal ilə diqqətli tamaşaçılara ilk baxışdan səliqəli görünən zəngin Pak ailəsinin əndazəni aşdığını, ifrata getdiyini, dəyərlərinin aşındığını göstərir, içi çürümüş bir orqanizmə döndüyünü nümayiş edir. Onların ayaqda durması üçün çürüməkdə olan bətnlərinə parazit daxil edilməlidir ki, bu ifratı tənzimləsin.

Gallery

Varlı ailə yeni sürücülərindən (sürücü parazit ailənin başıçısıdır) gələn nəm qoxusundan narahatdır. (zirzəmi qoxusu) Metroya minən bütün insanlardan bu qoxunun gəldiyini deyirlər. Sevgi fantaziyaları tükənib; imarətləri olan ər arvad divanda uzanaraq “bir-birinə ""mastrubasiya"” edir, arvadı ərini maşından tapdıqları, sürücüsünün sevgilisinə məxsus olduğunu güman etdikləri alt paltarını geyinərək ehtirasa gətirə bilir...

Parazit ailəyə tezliklə məlum olur ki, işdən çıxarılan xidmətçi, sən demə, ərini 4 ildir ki, imarətin girişi içəridən olan zirzəmisində saxlayır. Bundan sonra zəngin Pak ailəsi ayrı müstəviyə keçir, iki parazit ailə arasında qanlı dava başlayır. Film daha dramatik hal alır və evin kiçik uşağının doğum günü münasibətilə hazırlanan “piknik”də kuliminasiya nöqtəsinə çatır.

Gallery

Piknikdə ailəyə müəllimə kimi gələn parazit qız Ki Con tortla səhnəyə daxil olmalı, bu zaman əvvəlcədən hindu paltarı geyinmiş zəngin ata və parazit ata tortla gələn qıza hücum etməli, ailənin nevroz uşağı olan səbəbkar da kənardan çıxaraq “hinduları məhv edərək” tortu əldə etməlidir.

Lakin rejissor bu yerdə hinduların tarixi qisasını alır. Ağdərili uşaq bu dəfə torta yetişə bilmir. Qız şən musiqinin sədaları altında tortla səhnyə daxil olduğu an zirzəmidə arvadı öldürülən, qolları, ağzı bağlanan, digər parazit ailənin 4 il gün üzü görməyən kişisi Kim ailəsindn qisas eşqi ilə zirzəmidən çıxır. Üzü-gözü qan içində olan bədheybət mətbəx bıçağını götürərək karnavala daxil olur. O, səhnəyə girənə qədər heç kəs qanlı varlığa fikir vermir. Əsl hindu (haqqı tapdalanan, əzilən, məzlumların obrazı) odur və yenə də yanlış olaraq qisasını digər parazit ailədən almaq istəyir. Əlindəki bıçağı parazit ailənin ən hoqqabaz üzvü olan Ki Conun - qızın ürəyinə sancır.

Gallery

Bu yerdə gedişata fasilə verib rejissorun qurbanına diqqət çəkmək istəyirəm. Az əvvəl qeyd etdiyim kimi, “parazit ailənin ən hoqqabaz üzvü”nün ölümü təsadüfi deyil, çünki o bu ailənin ən günahkar adamı idi. Ailənin digər üzvləri başqalarına ziyan vermədən, heç kəsi işindən eləmədən Pak ailəsinə yerləşmişdisə, Ki Con hiyləgərliyi ilə bir neçə şəxsə böhtan atmış, insanları işindən qovdurmuşdu...

Kamam Abdulla “Kitabi-Dədə Qorqud” dastanında ölən yeganə müsbət qəhrəmanın Beyrək olmasını da məhz bu məqamla əlaqələndirir; Beyrək gavur qızına dönəcəyi ilə bağlı SÖZ vermişdi. O, dastanda sözə xilaf çıxan yeganə qəhrəman idi və o ölməli idi. “Parazitlər” arasında da Ki Con ölməli idi.

Faciə zamanı diqqət çəkən daha bir məqam isə Pak ailəsinin başıçısının qanlı karnavaldan qaçmaq üçün maşının açarını axtararkən zirzəmidən çıxmış bədheybətin meyitindən gələn həmin qoxudan üzünü turşutmasıdır. Film boyu danışılan zirzəmi, metro qoxusu parazitlərlə yanaşı aşağı sinfin qoxusudur. Harınlamış sinif isə gec tez düzəni pozmaq zorunda qalır; onların bütün var dövləti insafsızca özününküləşdirməsi nəticəsində pulsuz qalmış, çarəsizlikdən zirzəmilərdə yaşayan, ömrünün böyük hissəsini metrolarda keçirən bu adamların halına yanmamaqları bir yana, onlardan gələn bu nəm qoxusuna tab gətirə bilmirlər. Bu isə partlayış üçün ilahi məqamdır. Məzlumların qisası üçün mütləq yetişmiş işarə olmalıdır. Elə bir məqam ki, bu situasiya ilahi müstəvidə biçilir. Varlı ailənin başçısının o qanlı səhnədə belə zirzəmi qoxusuna ağız büzməsi can verən qızının yarasını sıxıb duran parazit ailənin başçısı Kimə olduqca ağır təsir edir. O, bütün yersiz təhqir olunmuşların qisasını alırmışcasına bıçağı bu günə qədər onunla çox normal davranan varlı ailənin başıçısının qəlbinə saplayır.

Gallery

Təbii ki, ardınca da gedib malikanənin zirzəmisinə yerləşir. Ondan əvvəl 4 il zirzəmidə yaşayan digər kişi artıq ölüb, onun zirzəmidə qurduğu şərait isə qalmaqdadır. Məşum etafed Kimə keçir. Kimin zirzəmidə olduğunu isə kimsə bilmir...

Uzun müddət sonra atasının zirzəmindən çölə “işıq dili” ilə ötürdüyü mesaj sayəsində oğlu Kimin həmin malikanənin zirzəmisində yaşadığını öyrənir. O, oğluna Morze əlifbası ilə məktublar yazır, gecələr evin zirzəmisindən çıxaraq soyuducudan qida oğurladığını, beləcə yaşadığını deyir.

Gallery

Filmin sonu isə tükürpədən bir arzu ilə bitir. Parazit ailənin oğlu pul yığıb həmin malikanəni alacağını planlayır: “Atama isə bircə kəlmə deyəcəm ki, zirzəmidən çıx, ev artıq sənindir”. Oğlanın arzusunu lentə alan rejissorun təqdimatında qaranlıq zirzəmi qapsından asta-asta çıxan, malikanəyə içindən sahib olan atanı görürük. O, qaranlıqdan evə boylanır, sonra astanada onu gözləyən oğlu ilə qucaqlaşır.

Pon Çjun Honun həmyerlisi və həmkarı Kim Ki Dukun son əsərlərindən olan “İnsan, kainat, zaman, insan” (2018) filmində yeni “Nuhun gəmisi”ndə “Nuh” toxumlu torpağı gəmidə ölən onlarla adamın ağzına, göbəyinə, qulağına, qasığına doldrur. Çox keçmir çürüməkdə olan meyitlərin ağzından, qasığından faraş pomidor, qarğıdalı, xiyar "fışqırır".

Pon Çjun Ho da eynən, parazitlərin başqa bir ailənin göbəyində fışqırmasndan həzz alır, başqa bir yaşam tərzinin mövcudluğundan danışır və bir daha qeyd edim ki, əksər sələflərindən fərqli olaraq Ho parazitlərin yanındadır.

Gallery

Bu yanaşma ayrı bir müstəvidə rus rejissor Andrey Zvyaqintsevin “Yelena” filmində həllini tapır. Orda da rejissor evin varlı, qoca sahibini gözəl sevgilisi tərəfindən öldürtdürür. Çünki şol malikanəyə bu qoca, qurumuş milyonerdənsə, gözəl qadının oğlu, onun ailəsi, körpə nəvəsi daha çox yaraşır. Malikanədə qoca yaşayarkən futbol meydançası qədər geniş zal, dəbdəli otaqlar bom-boş qalır, miskin bir mənzərə yaradırdı, o, öldükdən sonra bu evə yerləşən sözügedən ailənin isə malikanə sanki əyninə biçilir, yeni ailə bütün otaqları “ağzına qədər doldurur”, eyvanda siqaret çəkən oğlan villanın uzun illər yumulu qalan gözlərini açır, geniş taxtda tərsinə yatan körpə isə rejissorun bu ideyaya möhürüdür.

"Parazitlər"in əvvəlindən sonuna qədər bütün ailə üzvləri başçıdan planının nə oldğunu soruşur. O da ən ağır məqamlarda ailəni sakitləşdirir, deyir, narahat olmayın, planım var. Sona yaxın isə bu planı açıqlayır. Onun açıqlamasını parazitlərin yaşam idealı, yaxud filmin görünən qatının qayəsi də saymaq olar: Ən gözəl plan plan qurmamaqdır. Çünki həyatda vahid bir plan qurulur, sənin qurduğun plan isə heç vaxt həmin planla üst-üstə düşməyəcək, belə olduğu halda sənin planların yalnız özünə maneə yaradır”.

Gallery

Məziyyətləri ilə yanaşı "Parazitlər"in ciddi qüsurları da yox deyil. Hekayəni sərgiləyən nəticlərə dürüst, inandırıcı səbəblər göstərilmir. Rejissor bir neçə səhnədə özünə nəticə lazımdır deyə, yalnız nəticəyə köklənir, səbəbləri düzgün cücürətmir, nəhayət əsl kinomanların “Hollivudsayağı” adlandırdığı naqolay, süni səhnələr üzə çıxır.
Məsələn, zirzəmi səhnəsində ailə üzvlərinin hamısının bir yerdə pilləkəndən zirzəmiyə yuvarlanma səhnəsi... Digər qüsur o boyda malikanənin heç bir yerində ev sahibinin nəzarət kamerası quraşdırmamasıdır. Daha doğrusu, rejissorun məsələni belə həll etməsi yanlışdır. Bu tip qüsurları sırlamaq olar, lakin bu nöqsanlar "Parazitlər" filminin dünya kino tarixinə vurduğu möhürün qanuniliyinə təsir etmir.

# 5241 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #