writer1

Mehman Qaraxanoğlu

Məqalə sayı

45
clock17:33 calendar-gray 28 Mart 2020 view-gray1348 dəfə oxunub
view-gray1348 dəfə oxunub

Pandemiya günlərinin Təpəgözü

Kulis.as tənqidçi Mehman Qaraxanoğlunun “Pandemiya günlərində ədəbi sezintilər” seriyasından “Təpəgöz: cəza kultu” essesini təqdim edir.

Minillik poeziyamız gəlib Əli Şirin Şükürlüdə “itir”. Vaxtilə Nizamidə, Füzulidə, Əli Kərimdə, Ramiz Rövşəndə... də poeziyamızın necə “yoxa çıxdığı”nın şahidi olmuşuq. Bu, mifik epos və nağıl qəhrəmanlarının - şahlar, əyanlar, xaqanlar, ordu sərkərdələri, xalq içərisindən çıxan fədakar aşiqlərin və sairənin rastlarına “təsadüfən” çıxan ceyranı qova-qova gəlib iri bir vahədə itirmələri kimi bir şeydir. Necə ki, həmin ceyran öz cildini dəyişib tamam tanınmaz başqa bir şəklə düşür, Əli Şirin Şükürlüyə yetişən poeziya da öz rəngini, dadını, tamını dəyişir və fərqli bir biçimdə “zühur” edir. “Zühur” sözündən qorxmamalıyıq. Biz bu halı 90-ci illərdən üzübəri Salamda, Baharda, Aqşin Yeniseydə, Orxan Bahadırsoyda, Hədiyyə Şəfaqətdə... görmüşük. (Sıralanmanı üç nöqtə ilə açıq qoyduq, başqalarını da əlavə edə bilərsiniz) Ceyran həmin ceyrandı. Amma o, quş cildinə də, qız və digər başqa varlıqlar cildinə də girə bilər. Cildin dəyişilməsi üslub və mahiyyət məsələsidir...

Bəs Əli Şirin Şükürlüdə poeziya necə görünür? Biz deyərdik ki, quş şəklində. Siz bilirsinizmi ki, quşların sümüklərinin içi boşdur və bədənlərində hava kisələri vardır? Bu da onların rahat uçuşlarını təmin edir. Əli Şirin bəyin şeirləri də eyzən belədir. Şeirlərindəki hava bolluğu onların quş xislətli olmasından dolayı bir nəsnə. Misralar çox elastikdir, yüpyüngüldür, onları istənilən səmtə “əymək” olar. Həm də bu şeirlər irəlicədən cizgilənmiş bir uçuş “məkanı” və texnikasına malikdirlər.

Bu məqamda məsələnin elmiliyi barmağını uzadıb göz deşir. Bildiyimiz qədəri, Əli Şirin Şükürlü dəqiq elmlərlə məşğul olan bir alimdir. Zənnimizcə, o, dahi azərbaycanlı Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsini də əla bilir. Şeirlərinin nəzəri konsepsiyasını hazırlayıb ədəbi cameəyə təqdim edən nadir bir sənət adamıdır. İntellektual poeziya - “Ədəbi suprematizm” haqda nəzəriyyənin müəllifidir.

Bilirik, səbrimiz çatmayacaq, qoy elə indidən deyək: Sənətkarın öz-özünü hansısa bir “izm”ə müncər etməsini heç cür həzm edə bilmirik. Həmçinin, Əli Şirin Şükürlünün “Ədəbi suprematizm”ini də! Başqaları ilə işim yoxdur, subyektiv fikirlərimdir.

Polyak əsilli məşhur rus avanqard rəssamı Kazimir Maleviç (1897-1935) rəssamlıqda yeni bir cərəyan – suprematizmi yaratdı. Bütün cərəyanların bir-birinin içərisindən çıxdığını nəzərə alsaq, əslində, bu da abstraktizmin və ya müxtəlif cərəyanların sintezinin başqa bir təzahürü idi. (“Bu köhnə göy qübbəsinin altında heç nə yeni deyildir”) Biz bu qənaətdəyik ki, hər hansı bir cərəyanın manifesti onun yaranışından çox-çox sonralar meydana gəlir. Yəni, əvvəl cərəyan işləyir, sonra manifest doğulur. Maleviçin metafizik “Qara kvadrat”ını da suprematizmin “rəngli” manifesti hesab etmək olar.

Bunları yazmaqda məqsədimiz odur deyək ki, bütün başqa ədəbi cərəyanlar kimi, suprematizm də natamamdır, onda da də nəsə çatmır. Amma Əli Şirin Şükürlünün şeirlərində dünyanın “fərqli-fərqli” poetik təmayüllərinin sintezindən çox şey vardır; başlıcası, burada bənzərsiz nəfəs genliyi mövcuddur, ziqzaqlı düşüncələr selinin qarşısını çəpərləyən bəndlər (həm həqiqi, həm də məcazi anlamda) yoxdur, hislər durmadan sağa, sola, aşağı, yuxarı, dərinliyə, dayazlığa, göyə, qısası, sonsuzluğacan axır. Təbiətin özü kimi zahirən sistemsiz, daxilən nizamlıdır hər şey.

Gözünüzü yumun və xəyalınızda səhraya yaxın olan bir yaşayış məntəqəsi, ondan da yaxın olan bir məktəb canlandırın. Küləyin yalayıb hamarladığı qumsallığa hərəkət troyektoriyası dəqiq məlum olmayan uşaqların ayaq izlərinin gözəl mozaikasını, misilsiz xaosunu görürsününzmü?!

...Sonsuz aralıqlarda sonsuz rəngli gəmilər üzür...

***

Bilmirik, niyə pandemiya günlərində Təpəgöz yadımıza düşdü?! Onun həyat hekayəsinə yenidən nəzər salanda çaşıb qaldıq: Əcaba, indi sizə söyləyəcəyim sosial-mənəvi və ədəbi-fəlsəfi faktın üstündən Qorqudşünaslarımız sükutlamı keçiblər, yoxsa mətndəki bu semantik boşluğa münasibət bildiriblər?

Ağlımıza ilk gələn əziz dostumuz Kamal Abdulla oldu. Onun bizə bağışladığı “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud” kitabının yenidən işlənmiş son variantını həyəcanla vərəqləməyə başladıq.

Oxuculara aydın olsun deyə məlum hadisəni xatırladırıq: “KitabiDədə Qorqud”da Sarı çoban kimsəsiz yerdə bir pəri qıza rast gəlir, ona təcavüz edir. Bunun nəticəsində qəddar Təpəgöz doğulur, saatla, günlə böyüyən qeyri-normal məxluq el içində yağ-balla bəslənməsinə baxmayaraq, insanlara - öz qan qohumlarına qənim kəsilir, say-seçmə igidlərin ölümünə bais olur”.

Bizi ilgiləndirən soruları az qala qışqırtı ilə sormaq istəyirik: Kimdir Sarı çoban və nə haqla, hansı etik-əxlaqi meyarlar və mental dəyərlərdən çıxış edərək kimsəsiz bir yerdə köməksiz, yalqız pəriyə təcavüz edir? Bəlkə, qızın pəri olduğunu bilmir? Yox, Sarı çoban onların qanad-qanada uçduğunu, yəni, pəri olduğunu bilsə də, bu namussuz addımı atır. Üstəgəl, pəri çobana xəbərdarlıq da edir: “Çoban, il tamam olanda məndəki əmanəti gəl, al. Amma oğuzların başına bəla gətirdin!” Aruz Təpəgözü evdən qovandan sonra ana-pərinin ürəyi narahat olur, həm də qəzəb-qisas hissi ilə gəlib oğlunun – Təpəgözün barmağına bir üzük də taxır: “Oğul, sənə ox batmasın, qılınc kəsməsin”.

İkincisi, Mif niyə Sarı çobanı cəzasız buraxır?! Aha, cəza var, o, məhz Təpəgözlə zühur edir. Özü də təkcə Sarı çobana qarşı yox, o arealda yaşayan qanı və canı Sarı çobandan olan bütün həmcinslərinə qarşı. Bu, Təpəgözün bəşəri missiyasıdır. Mif sonradan uydurduğu Basatı insani bicliklərlə namərdcəsinə silahlandıraraq Təpəgözün üstünə göndərir...

Dünya mifoloji mətnlərində cəzasız qalan belə şərəfsizlik və namussuzluğun mövcudluğundan xəbərimiz yoxdur. Biz, gör, nəylə öyünmüşük: Basatın Təpəgözü öldürməsi ilə. Əslində, Təpəgözə şans yaratmalıydıq ki, məhz Sarı çobanın qan qardaşlarını - bu əxlaqsız qövmü yer üzündən silsin. Basatı qəhrəman kimi təqdim etmək nə qədər doğrudur? Basat nə qədər qəhrəmandırsa, Təpəgöz də bir o qədər insani günahlarımızın qəddar, amansız mücəssəməsi, bir qisasçı-qəhrəmandır!

Əsəblərimizi cilovlayıb kitabı vərəqləməyə davam edirik. 289-cu səhifədə “Mifin cəzaları” yarımfəslini acgözlüklə oxuyuruq.

“Dastanda bir qayda olaraq cəzalar görk olaraq verilir. Bəzən cəmiyyət üzvlərinin əxlaqi sifətini “təftiş” etmək məqsədilə cəza verilir. Beləliklə, cəza kabusu (kultu?) önəmli tərbiyə vasitəsinə çevrilir”. Tam razıyam! Bəs Sarı çobanın cəzası harada qaldı?! Tez beynimdən “Yarımçıq əlyazma”nı keçirirəm. Amma...

Yenə də təsəllim müəllifin bu sözləri olur: “Yəqin ki, bununla da “Dədə Qorqud” dastanlarının gizli və sirriçində dünyasına səyahət başa çatmış sayılmayacaq. Mənimki indilik bu qədərdir!”.

Amma yenə də boş qalmış semantik kahalar sanki bizi udmaq istəyir: Qızların pəri olduğunu bilə-bilə, hətta onlardan birini zorlayan Sarı çobanın buna qədər belə şərəfsiz “cinayətlər” törətmədiyini kim söyləyə bilər?! Bəs bundan sonra? Cəzasızlıq onu başqa bu tip alçaq əməllərə sövq etməzmi?!

Axı, Mifin buna cavabı haradasa olmalıdır?! Cavab: Qaraca çobandır. Mif Sarıya – freydist xəstəyə qarşı öz Qarasını – böyük sədaqət simvolu Qaraca çobanını qoyur...

Son olaraq deyirik: Təpəgöz bağışlanmaz günahlarımızın ən “şirin” və ən heybətli bir meyvəsi və ya bəşəri suçlarımızın ümumiləşdirilmiş bir məhsulu - obrazıdır. Və günlərin bir günü nəhəng cəza maşını kimi üstümüzə gəlməyi gözlənilən idi. Biz Basatı çox yanlış olaraq onun üstünə göndərdik. Qorxumuzu göz altına almadan, onu Cəza kultu kimi dipdiri saxlayıb, sonrakı nəsillərə ötürməli idik...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məmməd Aslana halallıq - Şərif Ağayar yazır...
20:57 23 Sentyabr 2020
"Qəlbimin palitrası"ı təqdim olunacaq
18:51 23 Sentyabr 2020
10 ilə çəkilən film - Video
18:12 23 Sentyabr 2020
Atamın gələ bilmədiyi günlərdən çıx gəl - Fəridədən müharibə şeirləri
17:29 23 Sentyabr 2020
Qəni Camalzadənin sosial-bədii nəsri - Aydın Xan yazır
16:47 23 Sentyabr 2020
“Uliss”in tərcüməçisi dünyasını dəyişdi
16:08 23 Sentyabr 2020
Aqil Abbas: "Dağlıq Qarabağda vətəndaşlığımızı qəbul edən ermənilərlə işimiz yoxdur"
15:30 23 Sentyabr 2020
Şəbnəm Tovuzlunun erotik dərdi
14:49 23 Sentyabr 2020
Lalə Məmmədova həmkarlarını qınadı: "İcra başçılarından qorxurdunuz?"
14:06 23 Sentyabr 2020
Elçin Əfəndiyev: "Çox yaramaz iddiadır" -Məktub
13:29 23 Sentyabr 2020
“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr edildi
12:51 23 Sentyabr 2020
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyamızın banisi haqqında maraqlı faktlar
12:06 23 Sentyabr 2020
“Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabının imza günü olacaq
11:17 23 Sentyabr 2020
İnternet yoxdursa, necə olacaq? – Əyalətin təhsil dərdi
10:45 23 Sentyabr 2020
Nobel mükafatının təqdimat mərasimi təxirə salındı
10:16 23 Sentyabr 2020
Tom Kruzun kosmosa gedəcəyi tarix bəlli oldu
09:44 23 Sentyabr 2020
Ömər Faiqin İngiltərədə yaşayan nəticəsi: "Mirzə Cəlil babamın qollarında can verib" - Müsahibə
09:00 23 Sentyabr 2020
Tanınmış bəstəkara ağır itki üz verdi
18:41 22 Sentyabr 2020
Tarkovski ilə bağlı kadrarxası çəkilişlər hərraca çıxarılacaq
18:04 22 Sentyabr 2020
Sən ağlama, bulaq səslim – Qismət Məsimin yeni şeirləri
17:15 22 Sentyabr 2020