Ömründə bircə dəfə ağlayan gənc - Narıngül Nadirdən yeni hekayə

Ömründə bircə dəfə ağlayan gənc - Narıngül Nadirdən yeni hekayə
3 mart 2020
# 17:52

Kulis.az Narıngül Nadirin “Qara” hekayəsini təqdim edir.

Dünyaya gələndən eləcə rəngi qaraydı, anası onu qara doğmuşdu. Gəlişiylə dünyadakı ağlı-qaralı uşaqların sayını bir nəfər də çoxaltmışdı.

Bu o gün idi ki, yaz təzəcə açılırdı. Ağaclar xırda-xırda tumurcuqlayır, torpaq xımır-xımır qızır, kənddə-kəsəkdə adda-budda yaz çiçəkləri gözə dəyirdi.

Uşağı tutan qadın körpəni havada yelləyib, yanını şappıldadıb üslufca anasının qucağına qoydu:

- Qaradır e... Qapqara, yupyumru uşaqdır, al əmizdir!

- Təki bəxti ağ olsun! - anası üzündəki zəif təbəssümünü boğub uşağı qucağına aldı, əzizlədi, sığalladı sonra nimdaş əsgiyə bükdü. Uşağın əzizlənməyi, sığallanmağı burdaca bitdi. Sonralar onu sığallamaq, əzizləmək anasının heç yadına da düşmədi, daha doğrusu, başı qarışdı, vaxtı olmadı. Uşaq da adam balası kimi birdəfəlik başa düşdü ki, bu əzizlənmək, sığallanmaq - filan onluq deyil, o da o biri bacı-qardaşları kimi eləcə aralıqda böyüdü, iriləndi, dəyişdi. Bir də baxdılar həyət-bacada o tərəf-bu tərəfə qaçır, tozla-torpaqla oynayır. Uşağın adı da elə xəstəxanada çağırdıqları kimi Qara qaldı. İş elə gətirdi ki, Qaranın sir-sifətinin qara olması bir yana, gözləri də yumrulanıb iriləndi, hələ bu azmış kimi üstdən “itdişləri” deyilən ikimərtəbəli dişləri də çıxdı. Düzdü, deyirdilər üstdən çıxan dişləri sim salmaqla, nə bilim nəyləsə müalicə edib düzəltmək olardı. Amma anasının vaxtı hardandı Qaranın dişləri ilə də maraqlansın?.. Gecə-gündüz təkbaşına çalışıb dörd uşağa baxırdı. Əsas olan o idi ki, uşaqların qarınları doysun, ac qalmasınlar, ac qalmasalar necə olsa, böyüyəcəkdilər. Həm də anasına görə Qara elə əyri dişləriylə də şirindi, gözəgəlimliydi. Hərdənbir, vaxt tapanda, Qaranı hamama salıb üz-gözünü kisəylə bərk-bərk sürtərdi. Qara da təbii ki, ağarmazdı, sürtülməkdən üz-gözü acışar, hirslənib anasının qolunu çimdikləyər, bəzən sabunlu-sabunlu hamamdan çıxıb küçəyə qaçardı.

Qara bir göz qırpımında böyüdü, küçəyə-bayıra ayaq açdı. O gün gəldi ki, evlərinin yanındakı dayanacaqda dayanıb köhnə avtobusları izlədi. Elə həmin gün onun rəngsiz dünyasına sanki böyük bir fırça ilə rəngli boya çəkdilər. Bəlkə də, heç çəkmədilər, dünyada həmin rənglər vardı, sadəcə uşaq həmin gün rəngləri duyub dərk etməyə başladı. Birdən-birə həvəsləndi, ürəyi uçundu, oturub saatlarla, günlərlə sürücülərə, tısbağa yerişli köhnə avtobuslara tamaşa etdi. Sonra sürücülər Qaranı ora-bura buyurdular, siqaret, su dalınca dükana göndərdilər. İnsaflı sürücülərdən biri “kişilik” edib bir gün onu avtobusun qabağında əyləşdirdi. Qara sərnişinlərdən pul yığdı, qapını açıb bağladı. Axşam “insaflı” sürücü onun ovcuna bir neçə qəpik basdı. Qara sevinə-sevinə pulları anasına göstərdi. Anası razılıqla gülümsündü, onu sinəsinə sıxıb saçını sığalladı. Qara daha da ürəkləndi, dünya gözündə böyüdü. Bir müddət sürücülərin yanında “malış” işlədi. Üzləri tüklü, yorğun sürücülər onunla məzələndilər, kefləri yuxarı olanda ərklə sataşdılar, əsəbiləşəndə onu söyüb hirslərini yatırdılar. Əvvəllər Qara eşitdiyi söyüşləri havadaca tutub ürəyində özü bildiyi şəkildə cavablarını verirdi. Həm də cavablarını elə verirdi ki, eşitsələr yeddi qatlarından keçərdi. Amma sonralar öyrəşdi, daha fikir vermədi. Daha heç kimdən də küsüb incimədi, eləcə əyri dişlərini göstərib hırıldadı. Sürücülərin ərk yerinə, zarafat yerinə çevrildi Qara. Üzü bərkidi, daşlaşdı, bir də hiss elədi ki, elə daşlaşıb ki, heç ağlaya da bilmir. Uşaqlı-böyüklü məqamı gələn kimi zırhazır ağlayan adamları görüb başa düşdü ki, bu ağlamaq deyilən nə şeydirsə onda yerli-dibli yoxdur. Sanki insanın gözündən ifraz olunan gözyaşı deyilən su yerli-dibli Qarada yoxdu. Anası əminliklə bildirdi ki, əgər Qara ağlasa, o gün göydən yerə yekə-yekə daşlar yağacaq. Anasının sözlərinə əməlli-başlı inandı Qara.

Məktəb yaşı çatanda, daha doğrusu, yaşı iki il ötəndən sonra, anası ona ucuz, ağ rəngli məktəbli köynəyi aldı. Qardaşının iki ölçü böyük olan şalvarının balağını qatlayıb əyninə geyindirdi, sevinə-sevinə məktəbə apardı. Anasının üzündəki sevinci görüb Qara da istədi sevinsin, hay-küylə, itələşə-itələşə siniflərə doluşan uşaqlara qoşulsun, amma alınmadı. Buralar ona yad göründü, sanki ürəyinə pərçim edilmiş bir burğu onu aram-aram sıxmağa, boğmağa başladı. İlk dəfə hiss elədi ki, adamın içində özündən başqa bir kəs də var ki, əlini uzatdığı şeylərə mane olur, onu özündən azdırır. Beləcə, Qara cəmi iki gün dərsdə otura bildi. Elə hey fikri o baş-bu başa şütüyən avtobusların yanında qaldı, sürücülərin lağ-lağı söhbətləri, söyüşləri üçün burnunun ucu göynədi. Dərsdən qaçıb çantasını evin bir küncünə tulladı, özünü dayanacağa çatdırdı. Bir daha məktəbə getmədi.

Sürücülər də bir aləmdilər... Hay-küyləri macəraya bənzəyən əhvalatları, səsləri dünyanı götürürdü. Yanlarından keçəmməzdin, səslərindən qulaq tutulurdu. Hərdən xəlvəti getdikləri “levi” yerlərdən, orda baş verən intim hadisələrdən Qaranın yanında söz açır, sonra göz vurub məzələnirdilər. Bəzən elə şeylər danışırdılar ki, Qaranın təpədən dırnağacan bütün bədəni gizildəyirdi. Yaşının və dünyasının elə vaxtlarıydı ki, o, ürəyinin səsini aydın şəkildə eşidirdi. Sürücülərin dediyi “levi” yerlərə, orda təsəvvür etdiyi ağ, hamar dərili qadınlara ürəyində özünə də hələ tam aydın olmayan bir həvəs yaranırdı, bütün bədəni alışıb yanırdı. Bir də ki, sürücülərə həsəd aparırdı, onlara əlçatmaz varlıq kimi baxırdı. Ürəyində cürbəcür, rəngli istəklər doğurdu: böyüyüb mən də belə avtobus sürəcəm, əlimə pul gələndə mənim də sevgilim olacaq. O günlərə anasından əmdiyi süd kimi inanırdı Qara. Hələliksə yalnız avtobusun qapısının ağzında durmaq hüququ vardı.

Sonra Qara böyüdü, bığ yerləri tərlədi, əsgərliyə getdi. Əsgərlikdə də onu ora-bura qovdular. Orda da heç kimi yarıtmadı. Sağ deyiləndə sola döndü, sol deyiləndə sağa döndü, bəzən əsgər yoldaşlarının lağ yerinə çevrildi. Qulluğunun yarısını komandirin həyətində həyət-baca işləri görməklə, tikintidə fəhləlik etməklə birtəhər başa vurdu. Və nəhayət ki, yenidən öz sürücü dostlarının yanına döndü.

Gün gəldi Qara “malış”lıqdan çıxıb sürücü oldu. “Malış” işlədiyi köhnə marşrutların birini sürməyə başladı. Hətta, iş elə gətirdi ki, bir vaxt sürücülərin nağıl kimi danışdıqları o “levi” yerlərdə də dəfələrlə oldu. Düzdür, yenə də sürücülərin zarafatına, lağlağısına tuş gəlirdi, necə deyərlər, onlar üçün hələ yarı “malış”, yarı sürücü idi. Amma Qara yenə də əvvəlki Qaraydı, zarafatlardan incimirdi, taleyindən narazı deyildi. Taleyi də elə böyük tale deyildi... ovuc içi kimiydi, ən uzaq istəyi sürücülük idi, ona da çatmışdı. Ola bilər, başqaları üçün burdan o tərəflərdə də müxtəlif istiqamətlərə uzanan böyük-böyük yollar vardı. Amma Qara üçün dünyanın burdan o tərəfi bağlı qutu idi.

Bir gün anası Qaranı özündən bir neçə yaş böyük qızla evləndirdi. Qız anasının qohumlarındadı və Qara qızı görərkən qəti şəkildə evlənməkdən imtina etdi. Qızın üzü bir qədər uzunsovdu, onu görən kimi kənddə gördüyü at gəlib dayandı gözünün qarşısında. Həm də, qız çox kökdü, bir sözlə, onun zövqündə deyildi. Amma anası da dirənmişdi:

- Əlin çörəyə çatıb, daha evlənmək vaxtındı. Bu gün sabah ölüb gedəcəm, bircə sən ortalıqda qalacaqsan. Özün də elə dünya gözəli deyilsən!

Anasının sözlərindən sonra Qara təsadüfi hallarda, ayda-ildə bir dəfə, yalnız xeyirə-şərə gedərkən baxdığı güzgünün qarşısında uzun-uzadı dayandı, özünə tamaşa etdi və nə fikirləşdisə evlənməyə razılıq verdi. Beləcə, gözünü yumub açınca qızı Qaranın evinə gətirdilər. Anası da elə özünün dediyi kimi, az keçmiş dünyadan köçdü. Ölümüylə Qaranı bir qədər çıxılmaza da saldı. Anasının yasında hamı hönkürüb ağlayarkən Qara nə illah elədisə gözündən yaş gəlmədi. Yasa gələnlərin gözlərini ona zillədiyini görüb ağlamaq istədi, amma alınmadı, o bir damla su gözünü yaşartmadı ki, yaşartmadı. Olan-olmazları, pis hadisələri kino lenti kimi beynində o tərəf bu tərəf fırlatdı, anası ilə bağlı xatirələrini çək-çevir etdi, amma gözündən yaş gəlmədi ki, gəlmədi. Beləcə yasa gələnlərin Qaranın gözlərində yaş görmək arzuları ürəklərində qaldı.

Ailə-uşaq sahibi olandan sonra elə oldu ki, Qaranın sevgilisi də peyda oldu. Sevgilisi deyəndə bir az böyük alınır... Eləcə üz-gözündən kasıblıq yağan, nimdaş geyimli, arıq, solğun bənizli gənc qadındı. Səhərlər eyni dayanacaqda avtobusa minib harasa gedir, günbatanda geri qayıdırdı. Özü də həmişə Qaranın avtobusuna minir, eyni oturacaqda əyləşir, gözlərini yola zilləyirdi. Qara da onun görkəminə baxıb kasıb olduğunu hiss eləmişdi, odur ki, qadından yolpulu almazdı. İş elə gətirdi ki, Qara ehtiyac içində yaşayan bu qadına əl tutdu, hərdənbir bazarlıq elədi, imkan olanda azdan-çoxdan ovcuna pul basdı, uşağına əyin-baş aldı. Uşaq da ona öyrəşdi, avtobusa minən kimi gəlib ərklə Qaranın yanında dayandı, ona sifarişlər verdi. Qadın getdikcə onu ehtiyacın girdabından çıxartmağa çalışan bu qara, sir-sifətdən bir qədər kələməkötür oğlana arxa-dayaq kimi baxdı, ona ərk elədi, isinişdi. Ehtiyacı, əyər-əksiyi olanda ona yaxınlaşdı, sözünü-sovunu, dərdini ona söylədi. Qara da bacardığı qədər ona kömək elədi, himayəsini əsirgəmədi. Sürücülərin lağ yerinə çevrilən bu qara oğlan qadının gözlərində dağları yaran Fərhada, Koroğluya, nə bilim qadınların sevimlisi Alen Delona çevrildi. Qarayla qadın bir-birlərinə öyrəşdilər, bağlandılar. Hərdənbir xəlvətliyə düşəndə eləcə avtobusda görüşdülər, uşağın başını qatıb avtobusun arxasına keçib ötəri də olsa eşq yaşadılar, sevişdilər. Bu sevdadan sürücülər də xəbər tutdular. Bir az Qarayla məzələndilər, deyib-güldülər, sonra özlərini yığışdırdılar. Nə qədər olmasa, ortada qadın vardı. Əlbəttə, lağlağı edən sürücülər-filan Qaranın vecinə deyildi, kişi kimi öz bildiyi şəkildə yolunu gedirdi, Allah verən ömürdü yaşayırdı.

Bir gün Qara bir zənbil bazarlıq elədi, bu dəfə zənbili daha həvəslə doldurdu, bir neçə dəfə o əlindən-bu əlinə ötürüb gülümsündü, üzü-gözü işıqlandı. Dayanacaqda dolu zənbili qadının əlinə verdi:

- Apar evə, gözəl bir süfrə aç, sizə gələcəm. Bəlkə, gecəni də sizdə qaldım. Qadın zənbili sevinclə götürüb quş kimi süzdü, xəlvətə salıb Qaranın yanağından bir öpüş də götürdü.

Səhəri gün hava qaralanda Qara son dayanacaqda sərnişinləri düşürüb, qadının yaşadığı ucqar qəsəbəyə yollandı. Qapını döymədən ərklə özünə doğru çəkdi, onsuz da bilirdi ki, qapı açıqdı. Qadın doğrudan da gözəl bir süfrə açmışdı. Qazanda qaynayan bozbaşın iyi hər yana yayılmışdı. Qaranı görən qadının yanaqları allandı, nəvazişlə xoşgəldin elədi, əliylə xalatının açıq qalmış yaxasını dartışdırdı. Qara onu ehtirasla sinəsinə sıxdı, pişik kimi sığalladı, üz-gözündən öpdü, sonra evin küncündəki divana tərəf çəkdi. Qadın göz-qaşla bir küncdə dayanıb maddım-maddım onları süzən uşağa işarə elədi. Qaranı masada əyləşdirdi. Ortaya yemək gəldi. Qara kasanın içərisinə iri loxmaları doğrayaraq iştahla bozbaşa girişdi. Uşaqlıqdan adətiydi sulu yeməyə çörək doğrayıb yeyərdi. Qadın heyranlıqla ona tamaşa edirdi. Özü də xeyli gözəlləşmişdi. Xalatının açıq yaxasından görünən qabarıq sinəsi həyəcanla titrəyirdi. Qadını gözaltı süzən Qara onunla birgə keçirəcəyi uzun gecəni xəyalında canlandırıb gülümsündü, ilk dəfə ağlına gəldi ki, deyəsən bu şairlərin qırıldatdıqları xoşbəxtlik deyilən şey doğrudan da varmış. Boş yerə yazmırlarmış... “Bilmək olmaz hələ, bəlkə, birini də mən yazdım...” - ağlına gələn sevgiyə aid sözləri bir-birinə uyğunlaşdırıb ard-arda düzməyə çalışdı.

Qapıya dəyən ağır zərbədən masanın üstündəki qablar cingildədi. Qapı yay kimi bir neçə dəfə irəli geri qayıtdı, dəmir çərçivənin ortasındakı boşluqda dayandı. Gözləri qızarmış, boynunun damarları çıxmış, üzü tüklü bir kişi içəri girdi. Qaranın ürəyi qırıldı. Dərhal anladı ki, gələn qadının keçmiş əridir. Özünü oğurluq üstündə yaxalanmış cani kimi hiss elədi. Doğrudur, qadının söylədiyinə görə, bu kişi çoxdan ondan ayrılmışdı, onunla əlaqəsi yoxdu, bir illik həbsdən sonra itib haralarasa getmişdi. Amma nə qədər olmasa, yenə bu qadının üstündə adı vardı. Hiss elədi ki, indicə həngamə qopacaq! Açıq qapıya baxdı. Çıxıb qaçmaq da kişilikdən deyildi.

Kişi birbaşa Qaranın üstünə gəldi:

- Ə, adama oxşamaz, sən mənim ailəmə sataşırsan?

Qara qaşığı yerə qoydu, ağzındakı loxmanı udub udqundu. Qulağının dibinə dəyən yumruqdan səndələsə də yıxılmadı. Kişi onun cavabını gözləməyib qadının üzərinə yeridi.

- Az, sən bununla mənə xəyanət edirsən? Elə hesab edirsən ki, çıxıb getmişəmsə, deməli ölmüşəm?! Daha qayıtmayacam bu xarabaya?

Qadın kəkələdi. Kişi ona zərblə bir sillə çəkdi. Qadın səndələyib döşəməyə yıxıldı. Sonra kişi əlini cibinə apardı, parpar parıldayan bıçağı çıxardıb, qadının boğazına dirədi.

“Öldürəcək, bu saat öldürəcək”. Qaranın beynindən ildırım sürətiylə bu fikir keçdi. Düşündü ki, qadını qorumaq lazımdı, nəsə etməlidir. Kişinin əlində bıçaq olmasaydı, üstünə atılıb qolunu burardı. Amma indi bu mümkün deyildi, qeyri-ixtiyari ətrafa boylandı. Əlinə zərbə vurmağa tutarlı bir şey keçmədi. Dəmir ayaqlı stula gözü sataşdı, stulu götürüb arxadan kişinin başına çırpdı. Kişinin başından qan açıldı, səndələyərək arxaya əyildi, əlindəki bıçaq yerə düşdü. Qara əyilib cəld bıçağı götürdü, var gücüylə açıq qapıdan çölə atdı, onsuz da kişinin bıçaq götürməyə heyi qalmamışdı, yerə sərilib çabalayırdı.

Bir qədər keçmiş həyətdə polis maşını dayandı, ardınca təcili yardım maşını qapının ağzında göründü. Evin ətrafına adamlar yığışdı. Danışıq səsləri, hay-küy bir-birinə qarışdı. İki nəfər polis işçisi Qaranın qolunu buraraq qandalladı, həyətdəki polis maşınına tərəf apardı. Həyətə çıxandan sonra Qaranın birdən-birə keyi açıldı. Bir an öncə baş verənləri vahiməli yuxu kimi xatırladı. Göyə boylandı. Gözəl bir payız günəşi elə bil sevincək olmuş, hər tərəfi qıpqırmızı şüalarla işıqlandırmışdı. Yer-göy işığın içindəydi. Günəşin nə vecinəydi Qara adlı adam var, yoxsa yox. Deyəsən, heç qoca dünyanın da vecinə deyildi, dünya o tərəf-bu tərəfə nə qədər Qaralar ötürmüşdü...

Qara ömründə ilk dəfə günəşi belə yaxından duydu, ona xeyli tamaşa elədi, sonra gözləri həyətin küncündə ağaca söykənib ağlayan qadına sataşdı. Dünyanın vecinə olmasa da, Qaranın vəziyyəti qadının vecinəydi, özü də lap çox vecinəydi. Qadın çiynini çəkə-çəkə ağlayırdı, çiynindən bədbəxtlik yağırdı. Qaraya elə gəldi ki, qadının çiyinəri, əlləri, üzü gözü elə anadangəlmə bədbəxtdi. Lap elə bədbəxtliyin heykəlidir qadın. Deyəsən, heç Qara özü də xoşbəxt deyildi...

Hiss elədi ki, tüklü üzündən aşağı nə isə yuvarlanır, üzünü qıdıqlayır. Əlini üzünə apardı, əli islandı. Baş verən hadisəyə özü də inanmadı, Qara ağlayırdı, ömründə ilk dəfə ağlayırdı, gözlərindən yaş süzülürdü.

Amma göydən daş yağmırdı, anasının dediyi o daş məsələsi yoxdu!

Anası onu aldatmışdı.

# 3890 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #