writer1

Rəvan Cavid

Məqalə sayı

33
clock18:17 calendar-gray 02 Mart 2020 view-gray1647 dəfə oxunub
view-gray1647 dəfə oxunub

“Joker”, yoxsa “Parazitlər”?

Kulis.az Rəvan Cavidin “Joker”, yoxsa “Parazitlər”?" yazısını təqdim edir.

“Joker”in problemaktikası

Ötən ilin son aylarında təqdim olunan “Joker” təkcə rejissor Tod Flipsin deyil, həm də kino tarixinin ən uğurlu filmlərindən biri kimi qiymətləndirildi. Bəzi səhnələrdə nə qədər Hollivud filmlərini xatırlatsa da, məğzi etibarilə rejissorun əsl sənət işi yaratdığını deyə bilərəm. Super-qəhrəman filmlərindən və sələflərindən fərqli olaraq “Joker” travmatik bir hadisəni izah edir. Çoxunun depressiv film kimi qiymətləndirdiyi ekran işi, əslində, nəyi göstərir? Joker cəmiyyətə uduzmuş, xaotik sistemin qəhrəmanıdırmı təkcə?

Bu abzasda bir xəstəlik haqqında danışıb filmə geri dönəcəm. Psedobulbar təsiri və ya tibbdə qısaca PBA adlandırılan psixoloji travma. Nə qədər depressiyaya bənzəsə də ondan incə nüansları ilə fərqlənən bu xəstəlik ciddi bir travmanın, şəxsiyyət ikiləşməsinin və beyin xərçənginin formalaşmamış hüceyrələrinin nəticəsidir. Beynin soğana bənzər hissəsində yaranan (psedo-yalan, bulbar-soğan; xəstəliyin adı buradan gəlir) və gülməyimizə səbəb olan kortizol, adrenalin, dopamin və bu kimi digər hormonların anormal şəkildə qarışığından meydana gələn psedobulbar effekt (fransızca pseudobulbar effet) gərəksiz yerə qəhqəhə çəkməyimizə, özümüzdən xəbərsiz məkandan və zamandan asılı olmayaraq gülməyimizə səbəb olur. Nə qədər karizmatik bir xəstəlik kimi görünsə də, çox ciddi nəticələri (hətta ölümlə nəticələnə bilər) var. Yeni tanış olduğumuz adamlarla ünsiyyət qurmaqda bəzən çətinlik çəkirik. Onlarla necə davranacağımızı bilmirik. Bəzən yersiz yerə gülürük, bəzən reaksiya vermirik. Bu kimi hallar da PBA-nın sindromlarındandır, ancaq tam diaqnoz deyil. Psedobulbar təsir asosiallığa gətirib çıxarır. Ətrafdakı adamların narazı baxışları həmin xəstəlikdən əziyyət çəkənləri sıxmağa başlayır. Bu da bəzən intiharla nəticələnir. Bunu çıxış yolu görməyənlər isə başqa şeylərlə kompensasiya edirlər. Məsələn, narkotik, uğurlu olmaq cəhdləri, qumar və filmdə gördüyümüz qatil şəkli. PBA-dan əziyyət çəkən xəstələr xüsusi şəraitdə saxlanılmalıdır. Və təəssüf ki, bu psixoloji xəstəliyin müalicəsi yoxdur.

Film “Betmən” komiksində tanış olduğumuz, daha sonralar sərbəst komiks kimi işlənən Joker obrazının necə qatilə çevrildiyini danışır. Lakin ögey atası ilə görüş səhnəsindəki uşaqla qısaca görüntüsü, əslində, bu Jokerin bildiyimiz Joker olmadığını deməyə də şərait yaradır. “Betmən” seriyasındakı Joker Betmənlə təxminən eyni yaşdadır, Tod Flipsin ekran işində isə yaş fərqi ata və oğlun yaş fərqi qədərdi. Bu da Joker obrazının bir xarakter üzərində yox, ümumiləşdirilmiş personaj halında təsviri kimi izah oluna bilər. Film komiks deyil. Dram janrındadır. Sosial bərabərsizliyin nəticəsi olaraq uydurulmuş Qotem şəhərində anarxistlər üsyan qaldırır. Və örnək götürdükləri adam Artur Flekdir (bizim Joker). Xoakin Feniksin ustalıqla yaratdığı obraz stəndapçı olmaq istəyir, lakin səhnədəki uğursuzluğunu görürük. Metro səhnəsində, anası ilə olan səhnələrdə, filmdə bir qədər həlli verilməyən qonşu qadınla olan münasibətlər, nəhayət, TV proqramlarından birinə dəvət alan Arturun aparıcının kinayəsinə, sarkazmına dözə bilməməsi, qonaqları öldürməsi Joker olmaq yolundakı ilk “işləridir”. Rejissorun təxəyyülüncə şəhəri filmin final səhnəsindəki xaosdan qurtarmaq üçün Betmən gələcək və Jokerlə savaşacaq. Filmi komiks olmaqdan qurtaran heç bir super-qəhrəmanın hadisələrə müdaxilə etməməsidir.

Sənətin əsl məğzini açıqlamaq həmişə çətindir. Yunqun sənət və psixologiya haqqında mühazirələrində sənətçinin nə ifadə etmək istədiyi ancaq təxmin edə biləcəyimizdən danışır. Bəzən müəllif özü də yaratdığı haqqında konkret fikirdə olmaya bilər.

Oskar mükafatının təqdim olunmasına bir-iki həftə qalmış rejissor Tod Flips belə bir açıqlama vermişdi:

Artur bəlkə də heç Joker deyil. Xəstəxanada Joker olmağı fikirləşən bir ruhi xəstədir...

Sələflərindən həm janr, həm də ssenari baxımından fərqlənən, eyni zamanda daha çox sosial mətbəxi olan film haqqında ən yaxşı analiz bu ola bilər.

Image result for oscar 2020

Karl Maksın “Sənət orta sinif üçündür” şərti, görünür, hələ də aktualdır. Filmin final səhnəsində olan iğtişaş kadrları boğaza yığılmış əhalinin üsyanıdır. Bərabərsizliyin olmadığı cəmiyyətdə inqilab effektiv çıxış yolu ola bilər.

“Joker” insanın alt şüurundan çıxış edir, depressiya və asosiallıq haqqında bir film deyil. Toplumun yeyib-bitirdiyi insanların gələ biləcəyi son həddir. Bizim kimi cəmiyyətlərdə bu cür hadisələrin proyeksiyası çox aydındır. Ötən günlərdə Oskar almış filmlərin nə qədər ictimai xarakter daşıdığı haqqında “Nyu-York Times”da bir məqalə dərc olundu. Məqalədə daha çox “Parazitlər” təhlil olunsa da, düşünürəm ki, son illərin, son dövrlərin bütün çılpaqlıqlarını heç bir pafos olmadan, sakitcə, obrazlı ifadə edən ən yaxşı film elə “Joker”in özüdür. Hamımız müəyyən mənada Jokerik.

Filmin estetik tərəflərinə gəldikdə isə... Musiqilərdən tutmuş rəngləndirməyə, aktyor oyunundan səhnə dekorasiyasına qədər, ssenaridən rejissor işinə kimi hər şey sahmanda idi.

“Parazitlər”in şablon ssenarisi

Bu ilə qədər heç bir Koreya filmi Oskara qədər gəlib çıxmamışdı. İlk vurğulamalı olduğum uğur yəqin ki budur. Həm də dörd nominasiyada mükafatı qazanması filmi bir qədər də xüsusi edir. Koreya filmlərinə xas olan sahibsiz ev detalı, qan-qadalı final və şiddətli kasıblıq bu ekran işində də var. Kasıb ailəni təmsil edən Kimlər və zəngin ailəni xarakterizə edən Parklardan əlavə kinonun əsas məğzini açan evin keçmiş sahibəsinin və həyat yoldaşının tragedik əhvalatı mərkəzdədir.

Koreyalılara məxsus zarafatlar və adətləri bəlkə də anlaya bilmirik, amma filmin janr olaraq komediya və dram olması məlumdur. Təxminən bir saatdan artıq Kimlərin Park ailəsinə nüfuzu, qurduqları oyun (öncə qardaş, sonra bacı, sonra ata, sonra ana bir-birini tanımırmış kimi davranmaları, Parkların ailə konteksi və s.) komediya janrını andırır. Bununla belə səhifələrlə yaza biləcəyimiz digər detallar. Keçmiş xidmətçinin qovulması, daha sonra əri üçün geri qayıtması filmin qayəsini ortaya çıxarmağa başlayır. Bu yerdən sonra həm də aşağı təbəqənin bir-birinə olan qəzəbi, rəqabəti, varlı ailəni ovlamaq cəhdləri sistemin nə qədər ədalətsiz davranmasını xatırladır. Park ailəsi öz evlərində qonaqdır. Evin əsas sahibi, əslində, xidmətçinin həyat yoldaşıdır. Rejissor bu mənzərəni bir neçə detalla açıqlayır. Ev sahibi parkın hər dəfə evə daxil olması ilə yanıb-sönən sensorlu lampalar (ki onların da sensorlu olmadığını öyrənirik), ev sahibəsi xanımın hər dəfə çox lüzumsuz kadrlarla göstərilməsi, övladlarının evdən çıxmaq istəyi və sair kadrlar. Komediya və faciənin iç-içə keçdiyi filmin məcrası izlədiyimiz vaxt ərzində məchul qalsa da, son yarım saatda hər şeyi təxmin etmək mümkün olur. Sanki ssenarist də orijinal ssenari yazmaqdan yorulur və bütün Koreya filmlərində olduğu kimi bir final səhnəsi hazırlayır.

İzləyiciləri təsirləndirən əgər sosial bərabərsizlikdirsə, “Joker”də bu daha təsirli, daha ağır idi. Aktyor oyunu, rejissor işi idisə, yenə “Joker” daha üstün idi. Qurğusallıq məsələsidirsə, “Joker”in estetik göndərmələri, axıcılığı, eyni zamanda əvvəlki mətnlərlə səsləşməsi daha aydın idi. Oskarın jest edərək həm ən yaxşı əcnəbi dildə film, həm də ən yaxşı film mükafatını “Parazitlər”ə verməsinin səbəbi çoxuna müəmmalı gəldi. Və onu da qeyd edim ki, Ponk Jon Honun da hələ püxtələşməmiş işi Oskarın bir qədər ədalətsiz qərar verməsini deməyə imkan yaradır. Yaxşı filmdir, ancaq “Joker” daha yaxşı idi sanki. Adı daha çox hallanan “1917” filminin, “Netflix”in işlərinin də göz ardı edilməsi heç xoş hadisə kimi qarşılanmadı.

“Parazitlər”in ssenarisi adət etdiyimiz, bizi təəccübləndirməyən bir mətn idi. Onunla razıyam ki, filmin axarını müəyyən etmək çətin idi. Məsələn, Kimlərin oğlunun Parkların qızı ilə evlənmək istəyinin, daha sonra bir-birinə yad adam kimi rəftarının davamlı olacağını deməsi hardasa izləyicini çaşdırır. Kasıb təbəqənin qərəzi və rəqabəti ortaya çıxanda isə hər şey məlum olur.

Belə... Bir izləyici kimi ekrana kilidləyən və xüsusi zövq verən film “Joker”in ən yaxşı aktyor və ən yaxşı musiqi nominasiyasında qalib olması şübhə doğurmurdu. Ancaq “Parazitlər” ən yaxşı film mükafatını qazanması bir qədər ədalətsiz qərar kimi göründü. Təbii zövqlər fərqli və nisbidir.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Tanrının İtaliyaya bəxş etdiyi böyük sərvət: Ennio Morrikone
21:01 06 İyul 2020
Xalq artisti oğlundan yazanları hədələdi
20:40 06 İyul 2020
Kukla Teatrında uşaqlar üçün onlayn tamaşa
18:39 06 İyul 2020
Cənubi Koreya musiqi qrupu dünya rekordu qırdı
18:00 06 İyul 2020
Azərbaycanda pandemiyadan film çəkildi – Video
17:15 06 İyul 2020
Yaşından otuz il qoca görünən, qurultayda bircə səs qazanan, AYB-nin qarşısında dünyasını dəyişən məşhur şairimiz – Maraqlı faktlar
16:33 06 İyul 2020
Luvr muzeyi açıldı
15:49 06 İyul 2020
Hamilə qalmaq üçün daş oyuğuna salınan gəlin – Güneydən hekayə
15:11 06 İyul 2020
İlin ən yaxşı internet serialı - "Şəxsiyyət"
14:28 06 İyul 2020
İsa Məshinin lezbiyan obrazına dindarlardan etiraz
13:45 06 İyul 2020
Əlini iki dəfə tərpətdi... - Mahmudun dəfnindən gecikmiş reportaj
13:02 06 İyul 2020
Mirşahin Ağayev koronavirusa yoluxdu
12:33 06 İyul 2020
Azərbaycanın Prustu – Şərif Ağayar yazır...
12:01 06 İyul 2020
Bəhram Bağırzadədən xoş xəbər
11:56 06 İyul 2020
Villalara sığmayan karantin ərköyünləri
11:30 06 İyul 2020
Dünya şöhrətli bəstəkar vəfat etdi
11:07 06 İyul 2020
Karantin qaydalarını pozan azərbaycanlı aktrisa işdən çıxarıldı
10:58 06 İyul 2020
Məşhur aktyor vəfat etdi
10:25 06 İyul 2020
Röya "Altın kelebek"in qalibi oldu
09:56 06 İyul 2020
Ərinin başını qırxan kim, ad günü keçirən kim, rayonları gəzən kim... - Şou əhli karantində - Fotolar
08:58 06 İyul 2020