Ölüləri qəbiristanda basdırın - İsmayıl Şıxlının hekayəsi

Ölüləri qəbiristanda basdırın - İsmayıl Şıxlının hekayəsi
12 fevral 2020
# 21:00

Kulis.az İsmayıl Şıxlının “Ölüləri qəbiristanda basdırın” hekayəsini təqdim edir.

Şəhərin mərkəzindəki bağ Rəşidin ürəyinə hər yerdən çox yatırdı. Dörd yolun kəsişdiyi və bütün küçələrin birləşdiyi bu bağda həmişə qış-yay adam olurdu. İsti günlərdə ağacların kölgəsində sərinləməyə bura gəlir, soyuq havada evdə darıxan yaşlılar özlərinə həmsöhbət tapmaq üçün yenə buraya çayxanaya toplaşırdılar.

Elə cavanların çoxu da burada görüşürdülər. Rəşidə şəhərin kənarında, çay sahilində güllü-çiçəkli bağlarda yer təklif etmişdilər, amma razı olmamışdı.

Keçmiş təcrübəsindən bilirdi ki, belə yerlərə yaz-yay aylarında müştəri çox gəlsə də, hava soyuyub göyün üzü bozaran kimi seyrəlirdi. İki-üç saatdan bir altında maşın olan kefi kök adamlar görünür, onlar da bir-iki saat oturub gedirdilər.

Sonra sükutdan qulaq cingildəyirdi. Amma Rəşid istəyirdi ki, hamıya qulluq eləsin, atlıya da, piyadaya da. Dəqiq bilirdi: kooperativ restoran şəhərin mərkəzində olsa, bütün fəsillərdə hamı axışıb bura gələcəkdi, heç bircə saat da müştərisiz qalmayacaqdı. Fikrini rayonun rəhbər işçilərinə də demişdi, razı olmuşdular. Üstəlik də söz vermişdilər ki, əllərindən gələni əsirgəməyəcəklər.

Rəşid özünə köməkçilər tapmış və hər şeyi ölçüb-biçmişdi. Restoran ikimərtəbə olacaqdı. Ümumi salonu, ayrıca otaqları xüsusi planda tikiləcəkdi. Onun fikri bu idi ki, həm də yeməkxana açsın, orada nisbətən ucuz xörəklər satsın. Tənəffüsə çıxanlar, işə tələsənlər, yol adamları vaxt itirmədən nahar etsinlər. İkinci mərtəbədə xüsusi kabinələrdə isə ayrı dəmdəsgah olsun. Hətta rayonlarına yeni bir dəb də salmaq istəyirdi. Arvad-uşaqları ilə gələnlərə gözdən uzaq yerdə ayrıca otaqlar düzəldəcəkdi. İçərisini lap ev kimi sahmana salacaqdı. Hər şey ölçülüb-biçilmişdi: restoranın yanında çayxana düzəldəcəkdi. Özü də çayı bütün dəmdəsgahı ilə verəcəkdi. Səhər-səhər bal, yağ, qaymaq salma çayla. Mixəyi, darçını, kəkotusu, löyün-löyün mürəbbələri də böyründə. Elə eləyəcəkdi ki, şəhərdəki bütün çayxanalar bağlanacaq, kişilərin çoxu səhər yeməyini evdə yox, Rəşidin çayxanasında yeyəcəkdilər. Amma bir məsələ qanını yaman qaraltmışdı.

Bağın ortasında köhnə bir qəbir vardı. Görünür vaxtilə bu qəbrin ətrafına dəmir mühəccər çəkiblərmiş. Sonradan paslanıb çürümüş, yağışın-qarın altında qalıb ovxalanmış, bağ-bəndi qırılıb yerə tökülmüşdü. O da hiss olunurdu ki, qəbrin dörd yanında qızılgül kolları əkilibmiş. İllər keçdikcə baxımsızlıqdan quruyub solmuş, tapdalanmış və yerlə yeksan edilmişdi. Kolların kökü çürümüşdü. Amma hərdən torpaq şirələnib bahar havası ilə nəfəs alanda çürümüş kotüklərin ora-burası cücərir, tezcə də solurdu. Qəbrin özü də dağılmışdı. Nə sinədaşı vardı, nə də başdaşı. Suvağı tökülmüş, ağ daşları isə quzulayıb ovxalanmışdı. Bir-iki il də keçsəydi, bu sahibsiz qəbir torpağın altında qalıb tamam itəcəkdi. Bağa gəlib-gedən qocalardan, saymazyana, bu qəbrin kimin olduğunu soruşmuşdu. Amma düzəməlli cavab verən olmamışdı. Hamı çiynini çəkib uzaqlaşmışdı. Rəşid niyyətini heç kəsə açmadan beş-on gün sual-cavab apardı, axırda yəqin etdi ki, qəbrin sahibi yoxdur.

Restoranın himini qoyanda qəbri dövrəyə alıb, səssiz-səmirsiz, döşəmənin altına salar, beləliklə də hər şey bitər, nə dil bilər, nə də dodaq. Amma ürəyində bir səksəkə vardı. Bilirdi ki, şəhərlərdə, xüsusən də rayon mərkəzlərində, hər adamı bağda basdırmırlar...

Onun on doqquz yaşı vardı, şıvırtı bir oğlandı. Qaşları çatraa, gözləri ala, kürəyi enli bu cavan yolnan gedəndə çəpərlərin dibindən boylanan qızların sayı artırdı. Hərdən o elə bil kürəyində gizilti hiss edir və dönüb geri baxanda çəpərin dibinə sinənlərin kəlağayından başqa heç nə görmürdü. O hiss edirdi ki, doqqazlarda çiyni sənəkli qızlarla qarşılaşanda qan üzünə vurur, qızlar da pul kimi qızarıb başlarını aşağı salır, kəlağayılarını çəkib üzlərini gizlətməyə çalışırlar. Özü də hiss etmədən əyin-başına sığal verir, quşburun çarıqlarını səliqə ilə geyinir, dolağını kip dolayır, sallamalı gümüş kəmərini şəstlə koynəyinin üstündən belinə bağlayırdı. Toyda-mağarda kənarda qalmırdı. Qara zurnada güləşhəngi çalınan kimi meydana atılırdı. Bircə cıdıra çıxanlara qoşula bilmirdi. Atı yox idi.

* * *

Bir gün kəndin qurtaracağındakı dəyirmanın üst tərəfinə çəmənliyə getmişdi. Ot qurşağa çıxırdı. Qovaq ağaclarının ağ, qu kimi ləçəkləri havada uçuşur, çəmənlikdəki çiçəklərin üstünə qonurdu. Haradasa qumru quşları oxuyurdu. İydə çiçəklərinin ətri havaya elə hopmuşdu ki, nəfəs aldıqca adam bihuş olurdu. Onun başı bu məstlikdən gicəlləndiyindən harada olduğunu unutmuşdu.

Birdən at fınxırdı. Başını qaldıranda qurşağa çıxan otu ortadan biçən cığırda yedəyində yəhərli-yüyənli atla dayanan qızı gördü. Baxışları toqquşanda elə bil şimşək çaxdı, qıpqırmızı oldu, dili-dodağı təpidi. Qız isə boynunu yana əyib gözünü ona zillədi.

- Bıy, ciyərin yansın, ədə, tula qovmuş dovşan kimi qabağıma hardan çıxdın?

Qızın səsi onu özünə gətirdi. Elə bil gözünün önündən duman çəkildi. Ürəyinin döyüntüsü, qulaqlarının güyültüsü azaldı.

- Mənə niyə qarğayırsan, sənə nə pisllik eləmişəm?

- Bundan artıq nə pislik eləyəcəksən, neçə vaxtdır ciyərimi yandırırsan.

Çəpərin dalından boyuna baxmaqdan boynum uzana qalıb.

- Axı, nə sən mənim üzümü görübsən, nə də mən sənin.

- Üzünü görməsəm də sorağını almışam. Adın xoşuma gəlirdi. İndi dəözünü görüb bəyəndim. Adın da Cavanşirdi, özün də. Lap cavan şirə oxşayırsan.

Düz sözümdü, meylim sənə yaman qondu.

Cavanşir başa düşdü ki, onun qarşısında dayanan adını eşidib üzünü görmədiyi Həcərdi, Şəmistan ağanın qızı Həcər. Özünü ələ aldı. Sözün düzü bu tayfadan qorxurdu. Eşitmişdi ki, onların qızları da, kişiləri də qan çanağıdır. Onlara yaxınlaşan da peşman olur, uzaqlaşan da. Onu da eşitmişdi ki, bu tayfanın adamlarının gözü bir şeyi tutdumu, əl çəkən deyillər. Ona görə də cığırdan çıxıb aralanmaq istədi. Amma qız yolu kəsdi.

- Əlimə yenicə keçibsən, məsələni dağ eləməmiş buraxan deyiləm.

Cavanşir özünü tamamilə itirdi. "Bu qız deyəsən, lap gerçəklədi" - deyə xəyalından keçirdi. Amma özünü sındırmadı.

- Sonra peşman olarsan.

- Bax, bu oldu kişi söhbəti.

Cavanşir udqundu. O görmüşdü ki, kəndlərindəki qızlar kişi səsi eşidəndə, kişi papağı görəndə qaçıb gizlənir, qəfil qabaqlaşanda isə ayaqları dolaşa-dolaşa başlarını aşağı salıb aralanırlar və dalda yer axtarırlar ki, gizlənsinlər. Amma bu, yolu Ərəbzəngi kimi kəsmişdi.

Cavanşir belə bir qızın qabağından qaçmağı kişiliyinə sığışdırmadı. Ehtiyatı, utanmağı buraxdı və qızı təpədən dırnağa süzdü. Onun başında yaşıl yelənli ağ kəlağayı vardı. Zil qara saçlarını ortadan tən ayırmışdı. Qulağına yumru qızılsırğa taxmışdı. Cığaları qıvrım idi, qulağının üstünə düşmüşdü, özü burmamışdı.

Boynunda iki qatar mərcan muncuq vardı. Dərisinin ağlığı mərcanda əks edirdi. Çənəsinin altında güclə seçiləcək buxaq vardı. Dodağı elə bil qaymaq idi. Nəfəs aldıqca titrəyən burnunun sol yanındakı qara xal sifətini daha da gözəlləşdirirdi.

Cavanşir onun qabarıq sinəsinə, yaxası açıq atlas koftasına, belinə kip bağladığı gümüş kəmərinə, qırçınlı ipək güllü donuna baxdı və astadan köksünü ötürüb gözünü qızın gözünə zilləmək istədi, bacarmadı.

Qızın adamı nizə kimi deşən baxışları onu yenə sarsıtdı. Əyri ucları ilan kimi qıvrılan qaşları altında oyur-oyur oynayan qara gözlərə baxmaq çox çətin idi. Cavanşir təntidi. "Zalım qızı az qalır adamı gözləri ilə yesin" – deyə xəyalından keçirdi və baxışını yayındırıb Həcərin çiyninin üstündən ata baxdı. Gümüş sinəbəndli at yüyəni çeynəyirdi.

- Nə oldu, baxıb qurtardın?

Cavanşir özünə toxtaxlıq vcrdi.

- Qurtardım.

- Bəyəndin?

- Bəyəndim. Atın qəşəngdir, özün də ki, tanrı gözəlisən. Qız qəhqəhəçəkdi.

- Bax, bu oldu kişi söhbəti. Atama deyərəm, toyumuz olanda bu atı mənə

cehiz verər.

- Əvvəl gərək özünü verə, sonra cehizini.

- O, əlimdədir. Kimə barmağımı tuşlasam, mənim olmalıdır. Eşitməyibsənmi ərə gedəndə biz nəslin qızlarını seçmirlər. Biz özümüz oğlanları seçirik.

- Sən də özünə oğlan seçibsənmi?

- Bu günə qədər seçməmişdim, amma indi seçdim.

- Kimi?

- Səni.

- Məni?

Cavanşirin səsi titrədi və bir addım geri çəkildi.

- Olmaya qorxdun? Qorxma, sənə pis arvadlıq eləmərəm. Gecə-gündüz nazını çəkər, erkək at kimi bordayıb tumarlayaram ki, cıdıra çıxanda büdrəməyəsən.

Qızın əvəzinə Cavanşir qızardı. "Bu günü qara nə danışır, deyəsən heç qorxusu-hürküsü yoxdur. Başı batmış utanıb eləmir də. Demirmi birdən beynim qızar. İydələrin də çiçəkləyən vaxtıdı. Gələn yox, gedən yox," - xəyalından keçirdi. Həcər də ciddiləşdi. Oxunu atıb yayını gizlətmək olmazdı. Sözünü axıra çatdırdı.

- Cavanşir, yadında saxla, səni heç kimə verən deyiləm. Gözüm tutub, meylim qonub. Hünərin var, geri dur!

- Mən ki, sənə heç nə deməmişəm.

Bu dəfə Həcər həyəcanlandı. Sinəsi qalxıb endi, dodaqları səyridi:

- Yoxsa ürəyini çalan var, mənə düzünü de?

- Ürəyimi çalmaq istəyən çoxdu, amma hələ heç kəsə meylimi salmamışam.

- Sala da bilməzsən. Çünki mən varam.

Cavanşir gördü ki, qız lap gerçəkləyib. Əslinə baxsan Cavanşir özü də onunsorağını çoxdan almışdı. Qonşularından, xala və bibi qızlarından eşitmişdi ki, Şəmistan ağanın deyib-gülən, at çapan, nazlı-duzlu bir qızı var. Amma anası bir

dəfə sözə qarışmışdı: "A bala, onlar varlı-hallı, arxalı nəsildir, biz onlara tay ola bilmərik". O gündən Cavanşir bu söz-söhbətdən uzaq gəzməyə çalışırdı. İndi isə gözlənilmədən qabaqlaşmışdılar. At yüyəni yeyib kişnədi və şahə qalxıb dartındı. Cavanşir gördü ki, bir az da keçsə xallı göy at yüyəni qızın əlindən qoparıb qaçacaq və onu tutmaq çətin olacaq. At madyan görmüşdü. Sıçrayıb yüyəndən yapışdı və atın yönünü qovaq ağaclarına tərəf çevirdi.

Göy at dartındı, fınxırdı və yüyənin güclü əldə olduğunu görüb sakitləşdi. Cilovu qıza verəndə əlləri bir-birinə toxundu. Diksinib bir-birlərinin üzünə baxdılar. Elə bil qarşısında dayanan qız bayaqkı Həcər deyildi. Birdən cəsarətə gəldi. Qollarını qızın belinə dolayıb sinəsinə sıxdı. Göz-gözə, nəfəs-nəfəsə dayandılar. Cavanşir qızın titrəyən bədəninin təmasından lərzəyə gəldi. Dodaqlarını dodaqlarına yapışdırdı. Qızın təpimiş dodaqları onu yandırdı. Həcər sustaldı, göz qapaqları yumuldu. Cavanşirin isti nəfəsi onun boynunda, sinəsində gəzdi. Bircə an da keçsəydi, oğlan qızı qolları arasına alacaq, cığırdan aralayıb otluğun qalın yerində arxası üstə yıxacaqdı. Ancaq Həcər gözlənilmədən çırpındı və ilan kimi qıvrılıb kənara atıldı. Atılması ilə də Cavanşirə tərs şillə çəkməyi bir oldu.

- Üz verəndə, astar istəmə!

- Özün...

- Behini aldın, elçini göndər!

Həcər atın belinə sıçradı. Göy at götürüldü. Cavanşir qızın dalınca baxa-baxa qaldı.

Yenə havada qovaq ağaclarının ləçəkləri uçuşur, hardasa qumru quşları ötüşürdü...

Həcər çox gözlədi, amma Cavanşir tərpənmədi. Bir gün kənddə toy vardı. Cavanlar cıdıra hazırlaşırdılar. Şəmistan ağa da göy xallı atını minib gəlmişdi. At dəfin səsini eşidəndə oyna mağa başladı. Meydanda - xırman yerində - fırlandı, şahə qalxdı, sonra yorğa yerişlə iki-üç dövrə vurub camaata yaxınlaşdı. Birdən Cavanşirin yanında dayandı, onu imsilədi. Şəmistan ağa təşviş içində cilovu çəkib atdan düşdü.

Gözaltı Cavanşiri süzdü. "Bu at onu hardan tanıyır?" - deyə fikirləşdi və gördü ki, at oxranır, çəçiyini yerə döyür, oğlan isə gözünü atdan çəkmir. Birdən yüyəni Cavanşirə verdi.

- A bala, sıçra atın belinə, göstər hünərini.

Oğlan çaşıb qaldı.

- Di tez ol, sonra dallarından çata bilməzsən.

Ayağını üzəngiyə qoymağı ilə atın belinə qalxmağı bir oldu. Şəmistan ağa bir xeyli, qürurla, atın dalınca baxdı və qanrılıb meydandan aralanmaq istəyəndə qulağına səs gəldi. "İndi atını minməyə verdi, sonra da qızını verəcək". Meydan kişinin başına fırlandı. Özü də hiss etmədən xəncərin dəstəyindən yapışıb yarıyacan siyirdi və dahanı üstə fırlanıb söz deyəni doğramaq istədi. Ancaq necəoldusa əl saxladı. "Lənət sənə, kor şeytan", - dedi və xəncəri qınına saldı.

Ömründə ilk dəfə özünü eşitməzliyə vurdu və barmağını dişlədi. "Demək belə, Həcərin sirri varmış, ona görə gələn elçiləri qapıdan qaytarırmış". Kişi nə cıdıra baxa bildi, nə də deyilənləri eşitdi, nə də Cavanşirin hamıdan qabaq gəlib nəmər aldığını, atin boynunu tumarlaya-tumarlaya ona yaxnlaşdığını gördü. Evə də necə gəldiyindən xəbəri olmadı, qızı ilə dəhlizdə qarşılaşanda bircə anlığına onun gözlərinə baxdı. Qızı suçlu adam kimi başını aşağı salıb geri çəkildi.

Bir həftə evdə heç kəsi dindirmədi, arvad-uşağın üzünə baxmadı. Heç kəs bilməsə də Həcərin ürəyinə damdı ki, atası nəsə eşidib...

Bir axşam Şəmistan ağa arvadını yanına çağırıb, qapını örtdürdü.

- Qızın niyə ipə-sapa yatmır, yoxsa əngəli var?

- Bıy, a kişi, ağlını başına yığ, o nə sözdü, danışırsan?

- Bə, niyə elçi gəlmək istəyənləri doqqazdan yola salır?

- Həlbət ürəyinə yatan yuxdu.

- Yoxdu, yoxsa var?!

Arvad başını aşağı saldı. Əri ilə söz güləşdirmək istəmədi. Anladı ki, kişi deyəsən duyuq düşüb, sözün düzünü deməyi məsləhət bildi.

- Olanda nə olar, yetişmiş qızdı. Özün həmişə demirdinmi ki, kimi istəsə ona verəcəm. Kişi bir az sakitləşən kimi oldu.

- Kimdi, bə, niyə ortalığa çıxmır?

Arvad çiynini çəkdi.

- Nə bilim?

Şəmistan ağa yenidən həyəcanlandı. Ürəyindən nə keçdisə, oturduğu yerdə dikəldi və az qaldı gözü ilə arvadı yesin.

- Yoxsa, o gədədi?

- Kim, Cavanşirmi?

- Demək bilirsən? Bəlkə, xəlvətcə onları görüşdürürsən də?!

- Vallah üzünü də görməmişəm. Bircə dəfə qızın dilindən qaçırıb ki, özümə oğlan tapmışam, adı da Cavanşirdir.

Aralığa sükut çökdü.

Cavanşir bir kişi kimi onun da xoşuna gəlirdi. Boylu-buxunlu, yaraşıqlı bir oğlandı.

- Yəni deyirsən dul arvad oğlundan kişi çıxar?

- Niyə çıxmır? Əlin, gözün üstündə olsa, çıxar.

Bu hadisədən xeyli sonra yaylağa köçdülər. Ordan-burdan qızı yenə istəməyə başladılar. Cavanşirgildən isə səs çıxmadı.

Kəndin kişiləri dəyələrin aşağısındakı çəmənliyə yığışmışdılar. Cavanlar dakənarda dayanmışdılar. Ordan-burdan söhbət edirdilər. Buğaların döyüşündən, kəllə buğanın kəllə-kəlləyə gəlməsindən söz salmışdılar. Hərə bir xatirə, hərə birəhvalat danışırdı. Axırda Şəmistan ağa da söhbətə qarışdı. "Keçmişdə, bildiyiniz kimi, hər naxırın öz buğası olardı. Bizim də iki-üç buğamız vardı, əldən düşmüşdülər. Atam soraqlaşdı, axtardı və bir cins yaza buğa aldı. Çox yaraşıqlıydı, tükləri qızıla çalırdı. Dərisi də elə bil məxmərdi. Naxırı qomarğalayıb qabağına qatırdı. Qoymurdu ki, buğalar yaxın gəlsin. Buynuzu iləyeri eşib onları hürküdürdü. Naxırda inəklər də vardı, düyələr də. Buğaya gəlmək vaxtlarıydı. Elə ki, buğanın biri inəyə, ya da düyəyə yaxınlaşmaq istəyirdi, yaza buğa böyür-böyür böyürür və onların yolunu kəsİrdi.

Amma üzülmüşün özü də düyələrə yaxın gəlmirdi. Atam gördü ki, iş belə getsə mal qısırqalacaq. Yaza buğanı naxırdan aralayıb kəsdi vo alışma elədi".

Kişilər gülüşdülər, yaman gülüşdülər. Cavanşir isə sözü özünə götürüb pul kimi qızardı.

O gecə anası ilə danışdı. El dağdan arana enəndə qıza elçi göndərdilər vənişan taxdılar. Cavanşir toya hazırlaşanda isə onu Qəza Firqə özəyinə çağırdılar və ikiillik firqə məktəbinə oxumağa gündərdilər.

Geri qayıdanda onu tanımaq olmadı. Özü də dəyişmişdi, əyin-başı da. Ayağında uzunboğaz çəkmə, belində aşırmalı enli kəmər vardı. Tünd bənövşəyi rəngli şivyotdan qalife şalvar-köynək geyinmişdi. Kürəyi bir az da enlənmiş, özü bir az da gözəlləşmişdi. O, qarşısına məqsəd qoymuşdu: Qəzada birinci "Kommuna" yaratmaq. Fikrini Firqə özək katibinə də dedi. Bəyəndilər və başa saldılar ki, bunun üçün əvvəlcə qolçomaqları əzmək lazımdır.

Ertəsi günü Şəmistan ağanı idarəyə çağırdı. Bir xeyli sözü nədən başlayacağını bilmədi. Kişi gözləyirdi ki, iki ildən çox onun yolunu gözləyən Həcərdən söz salacaq, toy haqda məsləhətləşəcəkdi. Amma Cavanşir sözünü qəribə başladı.

- Şəmistan əmi, özün bilirsən ki, kəndimizdə səndən varlı adam yoxdu.

- Nə demək istəyirsən?

- Gərək mal-qaranı təhvil verəsən.

- Kimə?

- Kolxoza. Kəndimizdə kommuna quracayıq.

- O nə olan şeydi?

Cavanşir izah elədi. Kişi diqqətlə qulaq asdı və birdən ayağa sıçradı.

- Get özünə peşə tap, bala, mən heç kəsə mal-qara verən deyiləm!

- Verməzsən, zorla alarıq.

- Nə ixtiyarla?

- Qolçomaq olduğuna görə.

Bir həftədən sonra şəhərdən milislər tökülüşüb gəldilər. Şəmistan ağanınevini qomarğaladılar. Kişini tapa bilmədilər. Gecəynən duyuq düşüb, qaçmışdı. Ev-eşiyi bir-birinə qatdılar, arvad-uşağı çölə tökdülər. Yorğan-döşəyi, ələ keçən pal-paltarı bir arabaya doldurub dörd milisin müşayiəti ilə qəza mərkəzinə yolladılar. Oradan da sürgünə...

Əl-ayağa dolaşan utanadığından işi yaxşı getdi. İki iki kəndi sökdü, əyri-üyrü çəpərləri dağıtdı, köhnə evləri uçurtdu və çay kənarında, gözəl, sulu yerdə cərgə ilə yeni evlər tikdirdi. Dəyirman yerində balaca bir elektrik stansiyası da qurdurdu. Evlərə işıq gəldi. Arvadların canı hisli çıraq şüşəsi təmizləməkdən qurtardı. Hər şey onun gözimdə gözəlləşmişdi. Kommunanın balaca "Fordzon"traktoru, taxıldöyəni, otbiçəni vardı. Klubu hər gecə işləyirdi. Belə bir qayda qoymuşdu: kəndə gələn qonaq qohumunun evinə yox, kommunanın qonaq otağına düşməli idi. Qohumlar burada görüşməli, kommunanın hesabına düzələnyemək-içməyi də bir yerdə yeməliydilər. Cavanşirin adı dillərə düşmüşdü. Tez-tez mərkəzdən adamlar gəlir, şəklini çəkir, qəzetlərə məqalələr yazırdılar. Onun başı işə o qədər qarışmışdı ki, çox vaxt evə də gəlmirdi. Elə idarədə divana uzanıb yatir, ya da şinelini üstünə salıb dirsəklənir, bir azca çimir alırdı. Anasının da gecəsi-gündüzü yoxdu. Arvad səksəkə içində səhərəcən, doqqazda, oğlunun yolunu gözləyirdi. Həftədə bir-iki dəfə ancaq görüşürdülər. Görüşəndə arvad kəlağayısının ucu ilə gözünü silə-silə oğlunu danlayırdı:

- A bala. özünü az öldür, vallah qədrini bilən olmayacaq. Eldən ötrü ağlayan kor olar, oğul, bir özünü də fikiriəş, ev-eşik qur, arvad-uşaq sahibi ol, mən də istəyirəm nəvəm olsun.

- Darıxma, ana, hər şey düzələcək. Bir də məsəl var: Balığı burax dəryaya, balıq bilməsə də xaliq bilər. O ki qaldı evlənməyə, hələ vaxt var. Bir dəki, ilk oxum daşa dəydi.

- Təqsır özündə oldu, bala, qızışdın, binəvaları yerindən-yurdundan didərgin saldın. Görəsən yazıqlar indi hardadırlar.

Cavanşir tutuldu. Hardasa, ürəyinin dərinliyində kövrələn kimi oldu.

- Kişi buralarda, dağda-daşda gizlənir. O biriləri uzaqdadır, əlçatmazyerdə.

- Deynən bədbəxtləri gedər-gəlməzə göndəribsən.

- Mən göndərməmişəm, Şura hökuməti göndərib.

- Səndə də taqsır oldu, oğul, Həcər sənin nişanlın idi, istəsən qoymazdın.

- Mən qolçomaq qızını ala bilməzdim!

Arvad gördü ki, oğlu hirslənir, onu sakitləşdirmək istədi.

- Nə deyirəm, bala, özün bilən yaxşıdı. Amma qorxuram. Uzun saçlının ahı yerda qalmır, bir az ehtiyatlı ol. Bu söhbətdən sonra Cavanşir az qala ayağını evdən kəsdi. Bir axşam yenə gecəyarıyacan iclas apardı. Yorulduğundan evə qayıtmadı. Divana uzanıb idarədə yatmağı qərara aldı. O üz-bu üzə çox çevrildi, gözünə yuxu getmədi, arada durub papiros çakəsi oldu. Ürəyi yaman döyünürdü, narahat idi. Gördü ki, yata bilmir, eyvana çıxdı. Məhəccərə söykənməyi və dalbadal atılan güllələrin qulağının dibindən vıyıltı ilə keçməyi bir oldu. Dirəyin dalına mətərislənib naqanını çıxartdı və qarasına iki-üç güllə atdı. Kəndin aşağıtərəfinda it-lər hürüşdü, çataçat güllə açıldı. Birdən göyün üzü qızardı. Cavanşir başa düşdü ki, ot tayaları, tövlə, anbar, evlər yanır. Tez idarəyə girdi, rayona zəng çaldı, köməyə milis çağırdı və kəndin aşağı tərəfıno qaçdı. Camaat səksəkə içində yuxudan ayılmışdı. Tüfəngi olan tüfəng, olmayan balta, yaba götürmüşdü.

Arvad-uşaq bir-birinə qarışmışdı.

Cavanşir özünü yetirəndə artıq evləri yanıb külə dönmüşdü. O, dəli kimioldu. Özünü oda atdı, tüstü-duman içində anasını axtardı. Anası yox idi.

Rayondan atlı milislər gələndə artıq iş-işdən keçmişdi. Qaçaqlar çıxıb getmiş, kəndin yarısı yanıb kül olmuşdu.

Onu evə yaxın qoymadılar. Anasının yanıb kösövə dönmüş cəsədini göstərmədilər. Meyiti qəbrə sallayanda da qolundan tutub kənarda saxladılar.

Düz bir həftə gündüzlər gözə görünmədi. Gecələr isə əlində tüfəng kəndi dolaşdı, yolları, bəndi-bərəni kəsdi, kimi isə gözlədi, gələn olmadı. Səkkizinci gün tezdən durdu, uzünü qırxdı, paltarını səliqə ilə geyindi, naqanı belinə bağladı, beşaçılanı əlinə alıb, atın belinə qalxdı. Düz birbaş Qəza Firqə Özəyinə getdi.

- Mənə otryad verin, qaçaqların üstünə gedəcəm.

İki gündən sonra, gecəyarısı, əlli yaraqlı-yasaqlı atlı ilə birlikdə dağlara qalxdı. İşıqlaşmamış qaçaqların üstünü kəsmək istəyirdi. Ona demişdilər ki, Şəmistan ağanın dəstəsi yaylaqdadır, özü də bu gecə binədə toyda olacaqlar. O,bu yerlərə yaxşı bələddi, bütün keçidləri, cığırları tanıyırdı.

Dan ulduzu doğanda mənzilə çatdılar. Səssiz-səmirsiz binələrin əirafını kəsdilər. Üç tərəf hündür qayalıqdı. Dəyələr isə, aşağıda, talada qurulmuşdu. Qabaq uçurum idi. Bircə yol vardı. O da qayaların arasından keçirdi. Çadırların birindən saz səsi gəlirdi. Deyəsən, aşıq dastan başlamışdı. Cavanşir başa düşdü ki, qaçaqlar bu dəyədədir. Yoldaşlarına xəbər çatdırdıki, tələsməsinlər, elə eləsinlər ki, arvad-uşağa güllə dəyməsin. İşıqlaşana yaxın aşığın səsi kəsdi. Qaçaqlardan iki-üç nəfəri dəyədən çıxıb atların örüyünü dəyişdilər. Bir azdan araya ela bir sükut çökdü ki, dərədəki bulaqların şırıltısı aydınca eşidildi. Cavanşir başa düşdü ki, qaçaqlar yatdılar.

Səhərlə gecənin qovuşduğu mürgü anına qədər gözlədilər. Qaçaqlardan biri alt paltarında dəyənin böyrünə, su üstünə çıxdı. Güllə açıldı.

Kişi yumbalana-yumbalana atlara tərəf dığırlandı. Bu tələsik atəş Cavanşirin qurğusunu pozdu. O, səssizcə dəyəyə hücum etmək və qaçaqları yatdığı yerdə diri tutmaq istəyirdi. Amma indi atışmalı oldular. İşıqlaşana qədər atışdılar. Səhərə yaxın dəyədən səs-səmir gəlmədi.

Nəfəslərini dərib gözlədilər. Birdən dayədən kimsə çıxıb dərəyə doğru qaçdı. Qaçdıqca da qanrılıb geriyə güllə atdı, Cavanşir Şəmistan ağanı tanıdı. Darağı xəzinəyə basdı, gülləni lüləyə verib nişan aldı. Şəmistan ağa nişana gəlmədi. O, ilan kimi qıvrıla-qıvrıla qaçırdı. Cavanşir lap aşağıda, dərənin qaşında, qulaqlarını şəkləyib dayanan atı da gördü. Tanıdı. Xallı göy at idi. Biraz da keçsə Şəmistan ağa atın belinə sıçrayıb, özünü dərəyə sala bilərdi. Gözlədi. Şəmistan ağa ayağını üzəngiyə qoyub, yəhərin üstünə qalxanda, səhərin aydınlığında, kişi nişana gəldi. Cavanşir tətiyi çəkdi. Göy at kişnəyib şahə qalxdı və yəhərdən yıxılmamaq üçün onun boynunu qucaqlayan sahibini də görüb qayalığa doğru çapdı. Cavanşir yolu-izi gözəl tanıyan atın Şəmistan ağanı da götürüb aradan çıxa biləcəyindən ehtiyatlanaraq ayağa durdu. Qalxmağı ilə də güllə açılmağı bir oldu. Onun çiyni alışıb yandı. Yenə tətiyi çəkdi. Atın dayanıb dövrə vurmağından başa düşdü ki, Şəmistan ağa yəhərdə deyil...

Gün xeyli qalxandan sonra aşağı endilər. Yaralıların silahlarını aldılar. Qollarını bağlayıb arabalara mindirdilər. Ölüləri isə atın belinə qoyub yəhərə sarıdılar. Barmaqları tətikdə, dağlardan qəza mərkəzinə endilər.

Bütün şəhər təşviş içindəydi. Qəza mərkəzinin ortasından keçən yeganə küçənin hər iki yanı adamla dolu idi. Çiyni sarıqlı Cavanşir qabaqda, at belində gəlirdi. Onun dalınca yəhərə sarınmış meyitlər, arxada arabalar irəliləyirdi.

Süvari "otryad" dəstəsi yolun sağı və solu ilə cərgələnmişdi. Nal şaqqıltısı divarları titrədirdi. Arvadlar kəlağayılarının ucları ilə gözlərini silib, için-için ağlayırdılar. Evlərin pəncərələrindən boylananlardan üzlərini cırıb, dizlərinə döyənlər də vardı. Heç kəs irəli çıxıb ölüsünə, dirisinə sahib dura bilmirdi. Dəstə meydanın ortasında dayandı. Qəza Firqə özək katibi, fəallar, komsomollar, rayonun rəhbərləri gəldilər. Mitinqə başladılar. Cavanşirin tərifini göylərə qaldırdılar. Pionerlər onun şərəfinə şer də oxudular. Axırda xallı Göy atıona mükafat verdilər: "Apar, min, halalındır'' - dedilər. Əli-qolu bağlı qaçaqları Şəkərin qalasına apardılar. Ölüləri isə gecə qaranlığında xəlvəti haradasa basdırdılar.

Göy at Cavanşiri yaxın qoymadı. Əvvəllər bircə dəfə, Həcərin yanında onugörən at qabaqlaşanda yüyəni çeynəyib dayanar, doğma adam kimi imsiləyərdi. Başa düşürdü ki, sahibi Həcər bu oğlana meylini salıb. Amma indi Cavanşiri görəndə gözləri oynayıb burun pərələri genişlənir, yüyəni çeynəyib irəli atılır, şahə qalxır, çəçiyi ilə onu tapdalamağa çalışırdı. At düşmənini bağışlamaq istəmirdi. Cavanşir hər dəfə atın yanına gedib qayıdanda özünü-sözünü bilmirdi, elə bil peşmanlayırdı. Dilsiz-ağızsız heyvanın hərəkəti onu sarsıdırdı. İşdə də özünə yer tapa bilmirdi.

"Deyəsən, heyvanlar insanlardan yaxşıdır, dönük çıxmırlar, dostu da tanıyırlar, düşməni də. Doğrudan da onlar mənə nə pislik eləmişdilər? Kəndə səs yayılanda ki, Cavanşirin əli Həcərə dəyib, o dişlənmiş tikədir, heç kəs dahayaxın durmaz, Şəmistan ağa onu doğram-doğram eləyərdi, qabağına kim duracaqdı? Amma əl qaldırmadı. İnsaflı adam idi. Doğrudan da o, kənddə kiməpislik eləmişdi, kimin toyuğuna daş atmışdı, nə olar varlı olanda? Diribaş adamdı, özünə var-dövlət düzəltmişdi. Həcərin özü onu nə qədər çox istəyirdi.

Bircə dəfə əli-əlinə, dodağı-dodağına, nəfəsi-nəfəsinə toxunmuşdu deyə oturub illərlə yolunu gözləmişdi". Cavanşir axır vaxtlar hara gedirdisə Həcər yedəyində at qarşısında dayanırdı. Qızin titrəyən bədəninin, təpimiş dodaqlarının təmasını yenidən hiss edirdi. Qumru quşlarının səsi qulaqlarında canlanır, qovaq ağaclarının ləçəkləri gözünün önündə uçuşurdu. Xallı Göy at oxranıb onu imsiləyirdi. Cavanşir bilmirdi neyləsin, hara qaçsın ki, bu düşüncələrdən yaxasını qurtarsin. Anası da gecəli-gündüzlü ondan əl çəkmirdi, səsi qulağında canlanırdi:

"Həcər sənin nişanlın idi, istəsəydin qoymazdın sürgün olunsunlar".

"Mən qolçomaq qızını ala bilməzdim". "Bilmirəm, qolçomaq nədir, amma düzələmədin, bala, sözünə dönük çıxdın. Yadında saxla, uzunsaçlının ahı yerdəqalmaz".

Belə hallarda Cavanşirin gözləri yaşla dolurdu. "Sən düz deyirsənmiş, ana, uzunsaçlının ahı yerdə qalmadı. Onun ahı məni yox, səni tutdu. Amma mən də sənin qanını aldım". Cavanşir elə bilirdi ki, bu sözlərdən sonra anası sakitləşəcək. Amma tərsinə, arvad elə bil dahanları üstündə fırlanıb tərs-tərs oğlunun üzünə baxdı:

"Nə olsun?!". Cavanşir hər dəfə Göy atı görəndə bu cür xəyallar ondan əl çəkmirdi, gecələr də qarmaqarışıq yuxular gorürdü. Ona görədə atı ilxıya qatıb, gözündən uzaq etmək istədi. Bir-iki gün fikirləşdi, sonra qərarını dəyişdi. Görünür nə qədər kədərli, əzablı olsa da, atın yada saldığı xatirələr ona əziz idi. Mehtərə tapşırdı. Tövlədə bordayıb saxladılar. Hətta birgün onu qəzaya çağırıb firqə özəyində işləməyi təklif edəndə, Cavanşir dərhal razılıq verib şəhərə gedəndə belə atdan əl çəkmədi. Özü ilə qəza mərkəzinə apardı. Atın onu yenə yaxın qoymamasına baxmayaraq saxladı. İllər keçdi. O, məşhurlaşdı. Qəzaya gələn ilk minik maşınını ona verdilar. Göy at isə tumarlandı, sığallandı, Cavanşiri görəndə isə dəliyə döndü…

Bir axşam...

Pəncərə açıq idi. Bütün günü qəza mərkəzində, yenicə salınmış bağda, inqilabın ildönümünü bayram etmişdilər. Qara zurnalar səs-səsə vermiş, boynu qalstuklu pionerlər, atlı cavanlar, əli şüarlı insan seli "Yaşasın Bakıdan gələn Şura hökuməti" - deyə-deyə taxtadan yenicə düzəldilmiş "tribunanın" önündən keçmişdilər. Cavanşir iş yoldaşları ilə birlikdə rəsmi keçidi qəbul etmişdi. Boğazı ağrıyanacan şüar demişdi. Təntənə axşamüstü qurtarmışdı. İdarədə balaca bir məclis də düzəltmişdilər. Cavanşir gecədən xeyli keçəndən sonra evə qayıtmışdı.

O həmişə şəhərin qurtaracağındakı evində yatmazdan əvvəl pəncərələrin dal taxtalarını örtərdi. Bu dəfə heç pəncərəni də bağlamadı. Həm hava isti idi, həmdə bir azca içmişdi. Evdə nəfəs almaq olmurdu. Fikirləşdi ki, da paltarlı çarpayıya uzanıb bir azca dincəlsin. Sonra durub həm çay içər, həm də qapıbacanı cağlayıb əməlli-başlı yatar. Amma özünün də xəbəri olmadan uzanan kimi yuxu onu apardı. Ağır, dərin, şirin yuxuya getdi. Xəbəri olmadı ki, pişik kimi ayaqlarını asta basan bir adam pülələri qalxıb pəncərənin önündə dayandı.

Bu Həcər idi. Kişi paltarı geyinmişdi. Başında buxara papaq, əynində çərkəzi paltar, belində xəncər, boynunda başlıq vardı. Beşaçılanı əlində hazır tutmuşdu. Ay işığında xeyli otağa, Cavanşirə baxdı. Kişiləşmişdi. Saçına, gicgahlarına dən düşmüşdü. Həcərin onu son dəfə gördüyündən beş il keçmişdi. Amma Cavanşir elə bil qırx yaşlı kişi idi. Qız diqqətlə baxdı: bığları codlaşmış, sifətinə qırışlar düşmüşdü. Uzanışından görünürdü ki, yaman yorulub. Yuxu elə aparıb ki, heç dünyadan xəbəri yoxdur. Qızın ürəyi titrədi. Bir anlığına hər şeyi unudub pəncərədən içəri düşmək, onun çəkmələrini soyundurmaq istədi. İstədi ki, onun belindən kəmərini açsın, köynəyini, şalvarını soyundurub, başının altına yastıq qoysun, sonra da sinəsinə qısılsın. Bir pişik qılığı, pişik xorultulu nəfəsi ilə ona tumar çəksin, ona layla desin. O, belə anı çox gözləmişdi. Gözləmişdi ki, Cavanşir onun əri olacaq və Həcər ərini ağzında dili kimi saxlayacaq.

Bir pişik astalıği və cəldliyi ilə yüngülcə atılıb pəncərədan içəri düşdü. Cavanşir bir şey hiss etmiş kimi yanı üstə çevrildi. Həcər barmağı tətikdə gözlədi. Amma Cavanşir oyanmadı. Qız elə bil sevindi. Dərindən nəfəs alıb rahatlandı. Əlini uzadıb Cavanşirin belindəki qoburun düyməsini açdı, ehmalca naqanı çıxartdı. Naqanın lüləsinə, topuna baxdı. Güllələr yerindəydi...

Ertəsi günü şəhərə səs yayıldi ki, raykomu vurublar, Göy atı da aparıblar.Dünya axışıb gəldi. Milislər, "QPU" işçiləri tökülüşdülər. İcraiyyə komitəsinin, prokurorluğun adamları gəldilər. Hər yeri ələk-vələk elədilər, iki gilizdən və Cavanşirin gülləsi atılmış naqanından başqa beç nə tapa bilmədilər. Bir gündən sonra xəbər gəldi ki, Göy at özünü yarğandan atıb, amma alnında güllə yeri var.

"Qolçomaqların işidir" - dedilər. Beş-on adam tutdular. Mərkəzdən də adamlar gəldi. Çox məsləhətləşdilər. Axırda qərara aldılar ki, Cavanşiri Şura hökumətinin yolunda canını qurban verən bir adam kimi qəbiristanda yox, bağda dəfn etsinlər. Matəm mitinqi açdılar. Tabutun başının üstündə natiqlər bir-birini əvəz etdilər. Hamı da söz verdi ki, əziz dost, əziz Cavanşir, sən rahat yat, səni unutmayacağıq və bütün yarımçıq qalmış işlərini axıra çatdıracağıq. Çaxmaqlar şaqqıldadı, milislər güllələri lüləyə verdilər, beşaçılanların ağzını göyə tutdular və üç dəfə yaylım atəşi açdılar...

***

...Rəşidin kooperativi iki il idi ki, işləyirdi və bu kooperativin sorağı Bakıya qədər gedib çıxmışdı. Buraya gələn hörmətli qonaqları şəxsən özü qarşılayırdı. Əvvəlcə iş otağına aparır, yumşaq səndəllərdə əyləşdirir, yemək-içmək hazır olana qədər kəkotulu çay gətirdir, video-maqnitofona türk müğənnilərinin lentlərini qoyur, qonaqlar bir stəkan çay içib dincəldikdən sonra qollarından tutub ikinci mərtəbəyə qaldirır, onlar üçün hazırlanmış xüsusi otağa aparırdı. Hər şey qaydasında idi.

O, adəti üzrə bir gün yenə ikinci mərtəbənin dairəvi eyvanında, kölgədə oyulmuş yazı masasının arxasında əyləşib, gəlib-gedən müştərilərə, ağacların kölgəsində çay içənlərə göz qoyurdu ki, narazılıq olmasın. Birdən gözünə saçı ağarmış, beli bükülmüş bir qarı sataşdı. Onun yanında orta yaşlı iki kişi və dörd-beş yaşlı bir oğlan uşağı vardı. Ağacın sərinliyində oturub çay içirdilər. Bura adamlarına oxşamırdılar.

Qarı ayağa durdu, qamətini düzəldib ətrafa boylandı və asta addımlarla restoranın başına dolandı. Rəşid başa düşdü ki, qarı nə isə axtarır, yoxsa tez-tez dayanıb ağaclara baxmaz, irəli-geri addımlayıb təşviş içində dayanmazdı. Rəşiddə təşvişə düşdü. Asta addımlarla pilləkəni aşağı endi və qandan bir az aralı daayaq saxladı.

- Nə axtarırsan, nənə?

Qarı sərt baxışlarını Rəşidin üzünə zillədi.

- Burda bir qəbir vardı.

- Nə qəbir, nənə?

- Adam qəbri.

Rəşid eşitmişdi ki, on, on beş il əvvəl yaşlı bir qadın qəbrin ətrafında gül əkmişdi. Bəlkə bu qarı elə həmin arvad idi? Elə bil ürəyi qopub düşdü. Qarının qəbir sahibi olacağını və haray salacağını ağlına gətirəndə bədənini tər basdı.

Amma özünə toxtaqlıq verdi.

- Bura bağdı, nənə, ölünü qəbiristanda basdırarlar.

Qarının qaşları çatıldı. Dikəldi. Birdən-birə çöhrəsi məhzunlaşdı. Yaşarmış gözlərini əlinin arxası ilə sildi.

- Düz deyirsən, bala, ölünü qəbiristanda basdırarlar.

Uşaq qaça-qaça gəlib qarının ətəyindən yapışdı.

- Həcər nənə, atam çağırır, gedək.

Qarı getdi. Ayaqlarını sürüyə-sürüyə yola çıxdı. Elə bil beli bir az da büküldü.

Restorandan isə müğənninin səsi gəlirdi. Dünya mənim, Dünya sənin, Dünya heç kimin...

İyun, 1990

# 9223 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #