Azərbaycansayağı koronavirus

Azərbaycansayağı koronavirus
3 fevral 2020
# 16:56

Kulis.az İlham Əzizin "Azərbaycansayağı koronavirus" yazısını təqdim edir.

Çinlilər də qiyamət adamlardı! Ay qardaş, siz bəstəboy, üzünə tük çıxmayan, arıq adamlarsız, niyə yarasa tutub yeyirsiz ki, dünyanı da zibilə salırsız?

Bizim ölkəmizdə də uzun zamandı bir virus dolaşmaqdadı, adı da, özü də bizə layiq “lağlağı” virusu. Hər şeyə lağ etmək virusu ilk vaxtlarda özünü lətifə danışmaq işartıları ilə biruzə verir. Məsələn, hiss etdin ki, lətifə danışıb hamını güldürmək istəyirsən, bu hiss səni məcbur edir, bil ki, sən də yoluxmusan.

Bundan sonra xəstəliyin əsas fazası başlayır. Bu da hər şeyə; ana bilmə, ata bilmə, böyük bilmə, kiçik bilmə, müqəddəs bilmə, nə gəldi, necə gəldi lağa qoy və bunu ictimailəşdir ki, desinlər, “xalxın uşağında fərasətə bax, gör necə meymunluq edir!”.

Bütün xalqlarda zarafat var, sözüm o deyil, amma o binəvalar əsasən situasiyaya görə zarafat edirlər. Məsələn elə qripin məskəni olan Çin aktyoru Ceki Çanı götürək; heç görmüsüz ki, çıxa lətifə danışa və ya seçkilər, müharibə, canım sənə desin, hətta canlar alan qripi lağa qoyub gülsün? Lap götürək fransız ünlü komediya aktyoru Pier Rişar, onu necə, dini, kilsəni, İsanı, Musanı lağa qoyan görmüsüz? Siz heç oları ləhcədə hıqqana-hıqqana kimisə güldürməyini görmüsüz? Yox görə bilməzsiz, çünki adamlar məsələni bilir, bilir ki, lağlağı sənət deyil, heç vaxt da olmayacaq. Özünüzə sənət tapın, ay sizə qurban olum. Mən biləni, ucdantutma monoloq kimi gecə-gündüz bilmədən lağlağı eləyən bizdən başqa ikinci millət yoxdur. Bu mənada seçilirik, həmd olsun. Seçki demişkən, ölkə ciddi addım atıb, milli məclis də buna adekvat olaraq özün buraxıb. O gün bu gün qalmışıq bu deputat lağlağılarının əlində. Adamlar zarafat bilmir, tənqid bilmir, təhqir bilmir, sağdan soldan döşəyir. Birinin saçına, birinin bığına, birinin geyiminə, birinin şüarına vedrə qalmır qoşulur, niyə çünki burda lağlağı etməkdə azaddırlar və ondan sui-istifadə edirlər. Amma di gəl, elə ünvanlar var ona bunu edə bilməzsən və ağlının ucundan da keçirə bilmirsən.

Burdan çıxan nəticə odur ki, sənə hələ senzura lazımdı, sənə hələ çox azadlıq vermək tezdi. Ölü kəfən məsələsi... Özü də bu bəla yeni deyil, sadəcə qabaqlar sosial şəbəkə yox idi, hamı özünü bu sahədə ölkə səviyyəsində reallaşdıra bilmirdi. Yadıma gəlir, ermənilər 1988- ci ildə Topxana meşəsini qırırdı, Qarabağı işğal edirdi, bizim isə əsas məsələlərimizdən biri ermənilərin fındığa “pındıq” deməkləri idi.

Bu lağlağılar artıq virus halında hamıya keçir , cavan bilmir, qoca bilmir alim bilmir, nadan bilmir. Virusun ən böyük çətinliyi odur ki, qarşısını heç cür almaq olmur, yayıldıqca yayılıb mutasiya edir. Sabah birigün ölkə müharibəyə başlasa, onda özümüzü necə saxlayacağıq, bəla burasındadır. Çünki bu artıq səndən məndən asılı deyil, biz ondan asılıyıq, amma asıllı olmayanlar da az deyil. Çünki virusun da özünəməxsusluqları var. Ona əsasən immuniteti zəif olan insanlar yoluxur.

# 2716 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #