Onun ölümünü yuxuda görmüşdüm

Onun ölümünü yuxuda görmüşdüm
3 fevral 2020
# 15:44

Mən dünyaya gəlmədən öncə iki yuxu görülüb: biri atamın, o biri anamın yuxusudur.

Atamın yuxusu pozitivdi. İndi xatırlamıram. Daha doğrusu, özü də xatırlaya bilmirdi. Amma əminəm ki, yuxu ona təbəssüm gətirmişdi. Yuxusunu Orxan Fikrətoğluya da danışır. Orxan Fikrətoğlu həmin məqamda namazını təzəcə yekunlaşdırıbmış. Deyir ki, oğlun olacaq, adını Ayxan qoyarsan. Və atamın danışdığına görə qəribə bir fikir də əlavə edib: “Dindar olacaq. İlahiyyatçı”. Yəqin məni Elşad Miri ilə qarışdırıb. Burası təbii ki, zarafatdı.

Mən bunu evdəkilərə (bacımla qardaşım) danışmışdım, inanmamışdılar. Elə oldu ki, Orxan Fikrətoğlu ilə müsahibə alası oldum. Müsahibəmiz yekunlaşanda bu əhvalatı danışdım və Orxan bəy gülümsəyərək “mən öncəgörənəm” dedi. Yaxşı ki, o məni bacımla qardaşımın yanında yalançı olmaq durumundan xilas elədi. Onsuz da danışdıqlarıma inanmırdılar. Barı atamın yuxusuna inanaydılar. Orxan Fikrətoğlunun təsdiqindən sonra bir az inanmışdılar deyəsən. Nə isə, keçək növbəti abzasa, görək başımıza nə gəlir.

Atam yuxunun gətirdiyi pozitiv enerji ilə gedir evə və anama da danışır bu yuxunu. Sən demə, anam artıq hamiləymiş və bunu atamdan gizlədirmiş. Eyni gecə o da yuxu görüb. Bu yuxu isə çox qaramat, bədbin bir yuxuymuş.

Atam öyrənəndə ki, hamilədi, sevinir. Amma anam məni dünyaya gətirmək istəmədiyini deyir. Yuxunun bərk təsirinə düşübmüş. Dava-qırğın, anamın öz dədəsi evinə getməyi, abort masasına əyləşməyi və s. Uzun-uzadı dastan açmadan sizə nəticəni yazıram: ərinin qorxusundan uşağı aldırmaq istəməyib və nəhayət mən dünyaya gəlmək biletini əldə etmişəm.

Yəni məndən əvvəl yuxu gəlib dünyaya. Mən o yuxuların arasında dünyaya gəlmişəm. Dünyaya gəlməyim də böyük bir hadisə olub e...

Gördüyüm yuxular da çox qəribə gəlir mənə. Düzü, elə yuxu görən də deyiləm. Ən dəqiqini deyim: yuxularım planlıdır, qurğusaldır. Bir az oyun kimidir. Mən yuxuya gedəndə gözümün qabağında variantlar gəlir. Eynən sosial şəbəkədəki dostluq təklifləri kimi. Bir neçə adam gözümün qabağında sıralanır. Təbii, bu altşüurumun toz-dumandan çıxdığı andır. Mən yuxuya giriş etməzdən öncə adamları seçirəm. Sonra süjeti seçirəm. Yuxularımın Tanrısı özüm oluram yəni. Mən idarə edirəm o yuxuları. Bəzən buna inanmırlar (təbii ki, yenə yaxınlarımdan söhbət gedir), gülüb keçirlər. Amma doğrudan belədir.

Mən eynən kamera arxasındakı rejissor kimi səhnədəki aktyorlarla işləyirəm. Yuxumdakı adama deyirəm ki, bax, sən bu sözü de, ondan filan şeyi soruş.

İstədiyim adamı yuxumda görə bilərəm. Fərq etməz. Sadəcə o adam mənim beynimin içində bircə dəfə gəzişmiş olsun. Vəssalam. Qalanı hazırdı. Yuxunu başladıram və özüm də oturub seyr edirəm. Öz yuxumun həm rejissoru, həm də tamaşaçısıyam. Düşünürəm ki, intellektual adamların hamısında belədir. Burda istəyirsiniz, gülüş atın, keçək növbəti abzasa...

Çalışdığım qədər yuxumu sadə qururam. Heç vaxt dərinliyə baş vurmuram. Hərdən yuxumun içinə çağrılmamış qonaq kimi dürtülənlər də olur. Onlara da yuxumun digər iştirakçıları vasitəsi ilə təpinirəm, hər şey qaydasına düşür.

O qədər absurd, qeyri-adi, irrosional yuxular görürəm ki, çətin onlar çin olsunlar. Məsələn, yuxumda görürəm (daha doğrusu, özüm qururam) Orxan Pamukla İstanbulda görüşürük, mənə deyir ki, kitablarını ingiliscəyə tərcümə elətdir. Mən də iki saniyənin içində dediyini yerinə yetirirəm. Kitablarım dünyanın hər yerinə yayılır, böyük səs-küy yaranır. Məşhurlaşıram. Saytlar yalvarır ki, müsahibə ver. Hətta pul təklif eləyən də olur. Yuxumu elə gözəl qurmuşam ki, ayılmaq da istəmirəm. Amma qəfil kimsə silkələyir. Ayılıb görürəm, yoldaşım. Və təzədən hər şey öz yerinə qayıdır. Durub əynimi geyinirəm və o yuxunu düşünə-düşünə bir xeyli kef eləyirəm. Bir azdan isə dərin depressiyaya düşürəm.

Bir yuxumu da xatırlayıram, çox əyləncəli gəlmişdi mənə. Gənc yazıçının körpələrlə görüşü idi. Mən də gənc yazıçı kimi dəvət olunmuşdum. Beşikdəki körpələr mənə suallar da verirdi. Necə maraqlı suallar idi, bir eşitsəydiniz.

Başqa birini deyim. Gördüyüm, daha doğrusu, quraşdırdığım yuxu... Deməli, Nobel mükafatının təqdimetmə mərasimidir. Realda bilmirəm necədir. Amma bu mənim yuxumdu. Mənə Nobel verirlər və hər kəs rəqsə çıxır. Hamının tərəf müqabili var, mənimki isə yoxdur. Key-key ortalıqda dolaşıram. “Babıçka”lı adamların yanından keçib gedirəm. Və qəribədi, boşda qalan bircə qadın da yoxdu. Elə təəssüflənirəm ki... Bu dəm qolumdan kimsə tutur. Kim olsa yaxşıdır? Elif Şafak. Gülümsəyə-gülümsəyə məni zalın ortasına gətirir və biz rəqs edirik. Bu gördüyüm ən gözəl yuxu idi (Yoldaşımın qəfil şapalağı ilə oyanıram).

Yuxularımın sahibi mənəm. Amma hərdən süjet mən istəmədiyim axarla davam edir. Bax o zaman mistikanın olduğuna adım kimi əmin oluram. Bəzi hekayələrimi məhz yuxuda yazmışam. Elə hadisələr olub ki, onu əvvəlcə yuxuda görmüşəm. Məsələn, atamın ölümünü. Mən dəqiq bilirəm ki, o ölümü yuxuda görmüşəm. Sadəcə o yuxu çox qarışıq idi. Yas, qara paltarlı adamlar... Kimin adını çəkirdilər bilmirəm. Başıma gələn fəlakətləri yuxuda özümdən asılı olmadan görmüşəm. Gücüm çatmayıb o yuxunu rədd etməyə. Yəqin Borxesin dediyi kimi, biz Tanrının gördüyü yuxuyuq. O da bəzən bu yuxuya müdaxilə edə bilmir. Mən o yuxuda “ölüm” sözünü pozmaq üçün nələr verməzdim. Amma təəssüf. Yuxularımda faciələrin qarşısını ala bilməyəcək qədər acizəm.

Quraşdırdığım yuxulardan deyil bu yuxular. Qaçıb qurtulmaq istədiyim, görmək istəmədiyim adamlar kimidir. Məni bədbəxt edən yuxulardan danışıram sizə. O yuxulardan qorxuram.

Yaşadıqlarımın hamısı onsuz da mənə yuxu kimi gəlir. Qorxulu, pis yuxular...

İndi isə yuxu da görmürəm. Yuxularım qaçaq düşüb. Bəlkə də yuxuları mənə gördürən operatorlar işıqları gətirməyə gediblər...

# 6386 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #