Sevirmiş - bunun özgə adı yoxdur - Nərmin Kamalın yeni şeirləri

Sevirmiş - bunun özgə adı yoxdur - Nərmin Kamalın yeni şeirləri
30 dekabr 2019
# 11:45

Kulis.az Nərmin Kamalın yeni şeirlərini təqdim edir

Həyət

Külək qalxdı, hər nə tapsa barmağına dolayır
Bu həyətdə uşaq yoxdu, elə ancaq yarpaqlardı oynayır
Yarpağın da güclüsü, məzlumu var,
Ayaqsız uşaq kimi burdan bura həyətə
qaça bilməyəni var.
Bu komada çoxdu elə yarpaqlar
Palazda var, yorğanda var, divar kağızında var
Palaz elə köhnədi, tarzən gəlsə iplərində tar çalar
Payız bizim palazdakı yarpaqlara bir üfləsə qaldırar
Divar kağızındakı yarpaqlar yaşıl idi,
Yapışqan saraldıqca yarpaqlar da saraldı
Yorğandakı yarpaqlara ayaq qoyma, elə bil
altı boşdu, xəndək örtüb bir ovçu
İndi külək insan ola, girə bizim komaya
Burdan bir yarpaq götürə, yenə çıxa bayıra
qoşa bizim yarpağı da oynaşan yarpaqlara, -
Deyə: Bu uşaqla da oynayın.

Tənhalıq

İşıqlar söndü, kino kəsildi
yox oldu danışan gülən adamlar,
o adamlar ki, indi burdaydılar,
burda

Çıxdım qaranlığa əlimdə fənər
sanki gəmi batıb mən sağ qalmışam
gördüm səmada çoxlu gəmi,
sayrışırlar uzaqda,
uzaqda

Vurnuxdum, vurnuxdum zülmət içində
kim görər bu zəif, solğun fənəri
hansı gəmi gələr götürər məni
nə vaxt çatar,
çatar

İnək şəkli

Restorandan çıxan şən adamlar
qarnı tox, ağzı qəhvəli adamlar
muncuq kimi şəhərə dağıldılar
addım-addım, maşın-maşın çəkildi adamlar
İnəyi özləriylə apardılar.
İnək dartılıb ayrıldı özündən, bulud kimi seyrəldi
indi yığsa, yığsa, bir uşaq yığar onu yalnız
Qarından qarına xətlər çəkər,
İnəyi tamamlar və rənglər.

Ana və bala

Gərək çıxmayım qarşına olduğum kimi
sənçün də bəzənəm, ana,
çox da ki anamsan, bilirsən məni,
bilirsən harda mən bitirəm, harda başlayır bəzək.

Gərək çıxmayam qarşına olduğum kimi
sənçün də bəzənəm, ana,
gözəl yaratdığın bilməyə
ehtiyac duyur hər rəssam, hər ana.

Deyirsən axşam
bir cüt araq şüşəsi tapmısan
elə gözəlmişlər, elə bəzəkli
əvvəl qucağında evə aparmış
səhərsə tapdığın yerə atmısan

Deyirsən qorxmusan əcəlin gələr
əcəlin ardınca polislər gələr
görərlər evində o şüşələri,
götürüb yazarlar: İçirmiş qarı.
Yazarlar, yazarlar, onlara nə var.

Qorxmusan qızın da buna inanar,
bilməz ki, küçədə getdiyin yerdə
sən aşiq olmusan o gözəlliyə
bilməz diz çökmüsən o gözəlliyə
qəlbində, evində əziz dost kimi
bir az yer vermisən o gözəlliyə...
İnanar polisə və bilməz qızın.

İnanmazdım, ana.
Bilirəm eşq nədir, gözəllik nədir,
durduğun yerdə işə düşmək nədir,
əyilmək nədir,
qoynuna almaq nədir,
alıb aparmaq nədir...
sonra ayılmaq nədir,
ayılıb utanmaq nədir,
utanıb atmaq nədir,
ayrılmaq nədir,
ayrılıb qaçmaq nədir,
qaçıb unutmaq nədir...

gərək sənçün də bəzənəm
araq şüşəsi tək gözəl olam, ana.

Xalça muzeyində gəzən yabançı

Nə qədər naxış var bu xalçalarda
Bəs qəlbimə yatanı niyə yoxdur?
Əllər, gözlər, ömürlər var burada,
Ömür varsa, iztirab niyə yoxdur?
*
Ölməyibmi, itməyibmi bir kəsi
Atası, anası, uşağı, əri
Al, yaşıl, göymü yaşayıb hər biri?
Qəm xalçası toxuyan niyə yoxdur?
*
Bu öküz buynuzu – güc, qüvvət rəmzi,
Bu çay motividi – hə, bahar gəlib
Bu da butalardı – həyat toxumu
Öz gün güzəranı niyə yoxdur?
*
Bir xalça var burda, xəritə kimi
Bu kənddi, bu meşə, bu da tikanlıq
Getsəm bu ünvanla taparam kəndi
Özünü tapmağa bir güman yoxdur
*
Bağçada nə görüb, köçürüb onlar
Səmada nə görüb köçürüb onlar
Yeddibaş əjdaha toxuyub onlar
Bəs qəlbindəkilər niyə yoxdur?
*
Bu vaxt ötüb keçən bir yerlinin səsi turistin qulağına dəyir:

Bizdə də var idi bir belə xalça:
Dimdik-dimdiyə quşlar, ətraf yonca,
Atamla anam onun üstə yaşar
Bəs niyə hey dalaşar, dalaşardı?
*
Toxumağı hörümçəkdən öyrənib
Balıq toru, həsir ilə başlayıb
Axırda Lenini hörüb, maşallah,
Bəs öz dərdi səri niyə yoxdur?
*
Əcəb ağıllıymış bu toxucular
Biri də çeşnidən kənar çıxmayıb.
Hörüb Hafizi də, Nizamini də
Bəs öz ömrü-günü niyə yoxdur?
*
Aha!
Deyəsən tapmışam bir dəlisini
Xalçası həyat kimi, həyat kimi:
Bir-birindən üz çevirmiş iki quş!
Sevirmiş - bunun özgə adı yoxdur.

# 5406 dəfə oxunub

Oxşar xəbərlər

Açıq gözlərini döyür küləklər – Lorka

Açıq gözlərini döyür küləklər – Lorka

18:40 14 may 2024
"Molla Nəsrəddin" filminin heyəti Özbəkistanda

"Molla Nəsrəddin" filminin heyəti Özbəkistanda

18:00 14 may 2024
Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib - Əməliyyat olunacaq

Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib - Əməliyyat olunacaq

17:39 14 may 2024
Azərbaycan Beynəlxalq Şekspir Festivalında  təmsil olunacaq

Azərbaycan Beynəlxalq Şekspir Festivalında təmsil olunacaq

17:21 14 may 2024
"Alatava"nın heyətindən film - "Qapı"

"Alatava"nın heyətindən film - "Qapı"

17:00 14 may 2024
Bir şairi öldürdülər – Eldar Baxış

Bir şairi öldürdülər – Eldar Baxış

16:30 14 may 2024
# # #