news-inner
clock16:07 calendar-gray 25 Dekabr 2019 view-gray1140 dəfə oxunub
view-gray1140 dəfə oxunub

Tanrı - Yeni Hekayə

Kulis.az Anar Şamilin “Tanrı” hekayəsini təqdim edir.

- Sənə yenidən həyat verəcəm, əvvəlki Tanrının verdiyi həyatdan fərqli bir həyat, sənə alnına yazılan taleyi tam yaşamaq üçün şans verəcəm. Gəl mənimlə gedək...

- İstəmirəm, Tanrı mənə artıq bir dəfə həyat verib, ölməsəm mənim nələr yaşayacağımı bilsəydin məni yenidən həyata qaytarmaq istəməzdin. Mən səninlə gəlməyəcəm.

Ona cavab verməyə çalışdım, səs çıxartmaq üçün xeyli gücəndim, amma səsim gəlmədi. Danışa bilməyəcəyimi görüb əllərimlə izah etmək istədim. Əlim tərpənmirdi, sanki, beynimdən başqa bədənim digər üzvləri donmuşdu. Bu zaman qarşımda dayanıb mənimlə danışan balaca, ağ gəlinlikli qız məndən uzaqlaşaraq, ağacın yanına yaxınlaşdı. Ağaca söykənən kürəyi götürərək dibindəki qəbri qazmağa başladı. Bütün gücümlə silkələnib tərpənməyə çalışdım, lakin tərpənmək əvəzinə birdən oyandım. Gözlərimi açdıqda qaranlığa bürünmüş otaqda tək idim. Pəncərə açıq olduğundan otaq bir az soyuq idi. Pərdələr küçədəki gecə quşunun çıxardığı avaza uyğun tərpənirdi. Anamgilin otağına doğru baxdım, lakin qapıları bağlı idi. Artıq 7-ci sinifdə oxumağıma rəğmən anamın nəvazişinə və müdafiəsinə daim ehtiyac duyurdum. Yəqin fikirləşirsiniz atam olduğu halda niyə məhz anamın müdafiəsi? Atamı həmişə içkili və gücsüz görmüşəm, anama belə kişi kimi sözünü keçirə bilmədiyindən daim içkili gəlib döyürdü onu. Hərdən gözünə xoş gəlmədiyimdə məni də kötəkləməyə çalışırdı. Məhz belə anlarda anam müdafiə edərdi məni. Atamın hərəkətləri mənim gözümdə bir qorxu yaratmışdı. Dolabın içində ya çarpayının altında yaşayan varlıqları atamın simasında təsəvvür edirdim. Bu səbəbdən anamdan otağımın işığını yanılı, öz otaqlarının qapısını isə açıq qoymalarını xahiş edirdim. Amma bu xahişimə anam da etiraz edər, işığın pul yazacağını, otaqdan çıxan səslərin isə xoşuma gəlməyəcəyini deyərdi. Qapıları bağlı olmağına rəğmən anamın iztirablı səslərini hərdən eşidirdim. Bu axşam isə otaqda çöl quşunun səsindən başqa sadəcə səssizlik var idi. Qaranlıq və gördüyüm qorxulu yuxular məni həmişə öyrəşdiyim otağa yadlaşdırırdı. Oyanandan bir müddət sonra otağın küncündə bir siluet göründü. Bu yuxumdakı qız idi. Dizlərini sinəsinə sıxaraq divara söykənib oturmuşdu. Dünənki hadisədən sonra qız həm yuxuma, həm da otağıma gəlmişdi. Gözümü qırpıb bir az sonra açdıqda isə sadəcə qaranlıq vardı.

Dünən dərs bitdikdən sonra həmişəki kimi sinfin güclü və zarafatcıl oğlanları mənimlə əylənmək istədilər. Mənim qorxaq olduğumu deyərək lağ edir, qızlar isə baxıb hey gülürdülər. Qorxaq olmadığımı dedikdə mənə sübut üçün qəbiristanlığa getməyimi təklif etdilər. Mən də razılaşdım. Biz dəmir darvazadan girdikdə qəbirstanlıqda digər insanlarla, daha dəqiq desəm, canlı insanlarla rastlaşmadıq. Gur səsli bir sükut vardı. Qəbirlər arasında dolaşıb onları yad edən külək öz uğultusu ilə bu sükutu hərdən pozurdu. Uğultu sükutla birləşərək insanları qorxudurdu. Yanımda sinif yoldaşlarım, ya da ən azından qızlar olmasaydı mən qorxmuram sözünü çoxdan burada atıb evə qaçardım, lakin indi buraların yerli sakini olub lovğa ilə gəzişən küləyi də, qorxunu da unudub sinəmdə gizlətmişdim. Mən bunları fikirləşdiyim anda sinif yoldaşlarımın öz aralarında nə isə pıçıldaşdıqlarını gördüm. Onlar gah danışır, gah da gülürdülər. Qızlar bir az sonra sakit dayandılar. Oğlanlar yenidən gülüşməyə başladıqda, qızlar düz eləmirsiniz deyərək kənara çəkilib qorxu ilə mənə baxmağa başladılar. Sanki, körpüdən atılmağa hazırlaşan insanı izləyirdilər. Sonra oğlanlardan biri məni yanına çağırdı:

- Bilirsən, qəbirstanlığa gəlmək sənin qorxmazlığını və ya kişiliyini sübut etmir. Görürsən, səninlə bərabər biz də gəlmişik, hətta qızlar belə burdadırlar. Qorxaq olmadığını sübut etmək istəyirsənsə sənə bir təklifimiz var. Yox, əgər indi qayıtmaq istəyirsənsə öz işindi, amma bizim üçün həmişə qorxaq olaraq qalacaqsan.

Bu sözlər səsləndikdə ortada bir qəribəlik vardı. Həmişə oğlanlar gülürdüsə qızlar da onlara qoşulub gülər və məni məsxərəyə qoyardılar. Mənə edilən təklif yekunlaşdıqda təkcə arxada duran oğlanlar güldülər, qızlar isə sakitcə dayanmışdılar. Sanki, baş verəcək bir şeyi bilir və onun baş verməsini istəmirdilər.

- Qorxaq deyiləm. Nə lazımdısa onu da edərəm. Lakin dediyinizi etdikdən sonra söz verin ki, mənə qorxaq kimi baxmayacaqsınız.

Onlar razılaşdıqlarını bildirdilər. Qəbirstanlığın içinə doğru irəliləyib bir qəbrin yanında dayandıq. Üstünə tökülmüş torpağın görünüşünə baxsan təzə idi. Qəbrin uzunluğu balaca idi. Bu səbəbdən uşaq qəbri olduğunu anladım və verdiyim qərarın yanlış olduğunu düşünməyə başladım. Uşaqlar isə davam etdilər.

-Yuxarı siniflər bir dəfə təzə gələn sinif yoldaşlarını öz qruplarına qatmaq üçün belə bir şey ediblər. Sən bu qəbri qazaraq yatan meyiti çıxardıb bir dəfə qucaqlayacaqsan, sonra isə geriyə qoyub qəbrin üstünü örtəcəksən.

Qızların nədən gülməməsini indi anlamışdım. İki seçim arasında qalmışdım onların dediyini etməyib ya qorxaq qalmaq, ya da qorxaqlığın üstündən xətt çəkib axmaqlığı üzərimə götürmək. Lakin bir də verilən sözü eləməmək vardı.

-Mən razı, lakin bu barədə hazırda yanımızda olanlardan başqa heç kim bilməli deyil!

Hamılıqla razılıq verildikdən sonra qəbri çılpaq əlimlə qazmağa başladım. Torpaq yumşaq olduğundan o qədər də çətin olmurdu. Gec qurtaracağımı fikirləşib uşaqlar da mənə kömək edirdilər. Bir müddət sonra torpağın altından ağ rəngdə parça görünməyə başladı. Uşaqlar bunu gördükdə geri çəkilib kömək etməyəcəklərini dedilər. Ağ parçanın yaydığı qorxu əllərimi titrətməyə başlatdı. Nağıllardan və ya valideynlərimin dediklərindən təkcə qara rəngin özü və aurası barədə mənfi məqamlar eşitmişdim, lakin indi ağ rəng zülmət və qaranlığın yaydığı qorxunu xatırladırdı. Qazmağa davam etdikcə paltarı qədər ağ olan uşağın bədəninin hissələri torpaqdan üzə çıxırdı. Bir müddət sonra saçları da göründü. Qəbirdə basdırılan ağ rəngli gəlinlik paltarında, sarı saçlı, yeddi-səkkiz yaşında balaca bir qız idi. Torpağı təmizlədikdən sonra qızın cəsədini qəbirdən çıxartdım. Cəsəd ağır idi, lakin içimdəki qorxudan irəli gələn, işi tezliklə yekunlaşdırmaq həvəsi mənə güc vermişdi. Qızı qucaqladım. Sanki, soyuq bir daşı sinəmə sıxmışdım. Qucaqladıqda saçından tökülən torpaq köynəyimin boyunluğundan bədənimə səpələndi. Özümü qız qədər soyuq hiss etdim. Tüklərim tikan kimi dikələrək sanki, o soyuq daşın və torpağın bədənimə toxunmağını istəmirdi. Cəsədi yenidən qəbrə uzatdım və üstünü torpaqla örtməyə başladım. Torpaq dolduqca bədənimdə olan qorxu hissinin özümə qarşı ikrahla əvəzləndiyini hiss edirdim.

Qəbirdəki torpaq artıq çoxdan bərkimişdi. Baxmayaraq ki, artıq əvvəlki kimi 13 yaşlı cılız uşaq deyildim, torpağı qazmaq indi daha çətin gəlirdi. O gündən bəri təkrarlanan yuxunu dünən yenə gördüm. Düzdü birinci dəfəki kimi qorxmur, hətta otağın küncündəki qıza da alışmışdım. Həmişəkindən fərqli olaraq bu gün səhər bir şeyi qətiləşdirdim. O qızı hər dəfə yuxuda görməyimin müəyyən bir anlamı var. Anlam çoxdandır beynimdə formalaşan bir ideyam üçün təkan oldu. Bu səbəbdən ilk işim məhz həmin qızın qəbrini qazmaq oldu. Beynimdəki ideya isə universitet illərində formalaşıb. Məktəbi bitirdikdən sonra imtahan verərək yüksək nəticə ilə universitetə daxil olmuşdum. Bunu eşidən valideynlərim çox sevinirdi. Ailədə bir uşaq olduğumdan anam məni çox sevərdi. Lakin sevgi ilə bərabər məni itirmək qorxusu və nəzarətdə saxlamaq istəyi həddindən artıq idi. Dərsdən gəldikdən sonra heç vaxt çölə uşaqlarla oynamağa buraxmazdılar. Anam bazarlığa və ya rəfiqələri ilə gəzməyə getdikdə özü ilə aparardı. Atamla harasa getməyə belə icazə verməzdi. Uşaqlığım anamın dostluğunun əhatəsində keçdi. Universitet illərimin maraqlı keçəcəyini düşünürdüm. Düzdür, universitetin arxeologiya fakültəsinə daxil olmağım, qədim dünya tarixinin qəbirlər üzərindən araşdırılması həm həyatıma rəng qatmış həm də nekrologiya elminə marağımı artırmışdı. Buna görə, dərs saatları mənim üçün maraqlı idi. Lakin illərdir formalaşan xarakterim həyatımda ola biləcək dəyişikliyə imkan vermirdi. Ünsiyyət qurmağa çətinlik çəkirdim. Hər kəsin mənə qayğı göstərəcəyini, yaxınlaşıb mənim əhvalımı soruşacağını, birinci yaxınlaşıb mənimlə maraqlanacaqlarını gözəyirdim. Anam axı belə edərdi. Bu gedişlə Lunadan başqa hamının fikrində mənim haqqımda heç kimə uyuşmayan, qədim qazıntılar və qəbirlərə xüsusi marağı olan bir psixopat obrazı formalaşmışdı.

Səhərdən başladığım işi günortaya yaxın yekunlaşdırdım. Cəsəd birinci dəfəki görünüşündən fərqli idi. Beli kənara qoyub yanında uzandım. İndi mənim üçün cəsəd daha soyuq deyildi. Yanımda canlı bir insan uzanmışdı. Torpağın soyuq və yapışqan olmasına baxmayaraq, qəbirdə xüsusi bir istilik yayılırdı. Sol tərəfə çevrildim, cəsədin üzünü isə sağ tərəfə çevirib, əllərindən, daha dəqiq həmin hissədən nə qalmışdısa ondan tutdum. Xeyli müddət tərpənmədən gözlərimi onun sifətinə zillədim. Balaca qız uşağının bəlkə də böyük gələcəyi, sevdiyi həyat yoldaşı, çoxlu sayda uşaqları, ya da əksinə hər axşam içkili gəlib döyən əri, dünyaya uşaq gətirməyə yararsız olan bətni olacaqdı. Ən azından hansı yolu gedəcəyini seçmək və ya təyin edilən yolu sınamaq haqqı vardı. Lakin Tanrı balaca qızcığazın haqqını əlindən almışdı. İndi qızın hansısa başı xarab alimin yuxularına girməkdən başqa şansı yox idi. Ölümün səssizliyi, qaranlığı, vaxtından əvvəl geri çağıran Allahın yoxluğu onu ümidsiz və kövrək etmişdi. İndi onun yeganə dostu bəlkə də dostdan da artıq biri idi onun üçün. Əllərimi sıxıb, sanki məni canlandır, mən həyatımın davamını yaşamaq istəyirəm, mən kədərlənərək yanağımda göz yaşını, sevilərək dodağımda ilk öpüşü, ilk dərs həyəcanını, valideynlərimin ilk qürurunu görmək istəyirəm deyirdi. Mənim ona kömək edəcəyimə inanırdı.

Təhsilim davam etdikcə ixtisasa daha dərindən yiyələnirdim. Müəllimlərin dediklərindən əlavə özümdə araşdırmalar aparmağa meyilli idim. Getdikcə arxeologiya ilə bərabər nekrologiya elminə, Şamanizm və Tanrısı göydə olmayan qədim dinlərə həvəsim oyanmışdı. Bu dinlər haqqında oxuyur, qəbir daşlarını araşdırırdım. Qədim Misir tarixi və onun tərkib hissəsi olan mumiyalarda marağımı cəlb edən faktlardan idi. Lakin bir nəfər olmasaydı faktlar kitabda qalar, yəni ideyaya çevrilməzdi. Əldə etdiyim faktları onunla bölüşməyi sevərdim. Birgə oturub, mövzular ətrafında mübahisələr edərdik. Onun bu mövzulara vaxt ayırmağını çox qiymətləndirirdim. Çünki faktlar mənim dərs gərəyim olsa da, onun ixtisasına aid deyildilər. Bəzən Lunanın həddindən artıq maraq göstərməsi məni təəccübləndirirdi. Lakin maraqları ürəyimcə idi. Buna görə də, təəccübün arxasındakı şübhənin dalınca düşmək istəməzdim. Belə sevimli şübhələrdən biri də Lunanın universitetdə hamının sevmədiyi birinin yanında olması idi. Bu müəmmanı çox sevirdim. Dəlicəsinə, yəni onun haqqında heç vaxt düşünməzdim onu ya sevər, ya da xatırlayardım. Onu ağlımdan kənara qoymuşdum, ancaq ürəyimdə idi. Universitetdə mənimlə xoş davranan yeganə qız, ya da müəllimləri çıxmaq şərti ilə yeganə insan idi. Nə qrup yoldaşlarım, nə də universitetdə oxuyan digər tələbələr məni ətraflarına belə buraxmazdılar. İlk tanışlığımızda Luna məndən bir kurs yuxarı - ikinci kursda oxuyurdu. Psixososialogiya fakültəsinin tələbəsi idi. Gözləri danışan, sarışın saçlı, ətrafında müsbət enerji gəzdirən bir qız idi. Onunla oturarkən bəzən sözümüz bitər, sükut çökərdi, lakin gözünə baxdıqda söhbətimiz səssizcə davam edərdi. Sanki, onun ürəyi mənim ürəyimi gözlərinə qonaq çağırırdı. Əl-ələ tutub kirpiklərinin üzərində oturar, günəşi seyr edərdilər. Bizim üçün susmaq danışmaqdan daha dəyərli bir vaxt idi. Yeməkxanada ilk tanışlığımız zamanı da belə bir səssizlik var idi. Düzdü onda mənim ürəyim hələ qorxaq idi və onun çağırışlarına cavab vermirdi.

Birinci kursun bitməyinə bir neçə ay qalmışdı. Mən həmişəki kimi yemək masasında tək əyləşmişdim. Orda olan hər kəs ətrafı ilə əyləşib yeməklə bərabər öz aralarında danışır, ya da mənə baxıb gülürdülər. Sakitcə yeməyimi yeyib insanların çox olduğu bu yerdən tez çıxıb getmək istəyirdim. Birdən qarşı tərəfdə oturan 4 qızdan biri qalxaraq mənə doğru yaxınlaşdı. Yad adamla, ələlxüsus da bu qədər insanın içində ünsiyyəti xoşlamadığımdan sərt şəkildə onun üzünə baxdım. Qorxub yaxınlaşmayacağına ümid edirdim. Lakin cavabında gülümsədi və bu, mənə qarşı yönələn digər gülüşlərdən fərqli gülüş idi. Gözlərim özümə qarşı olan bu tip gülüşlə heç qarşılaşmamışdı. Sanki, dodaqla bərabər zorla görünən ağ dişlərin sehrinə düşdüm, lakin sakitcə başımı aşağı salaraq yeməyimə davam etdim. Yanımda əyləşib bir söz belə danışmadan məni izlədi. Sonra birdən əlini əlimə toxundurdu. Əlimi çəkdim və yenidən sərt şəkildə ona baxdım.

- Bilirəm ünsiyyət qurmağı xoşlamırsan, amma mən də hazırda səninlə danışmaq istəmirəm. Çünki yad adamlarla çox kobudsan (gülümsədi), görürsən hamı bizə baxır elə gözləyirlər görək məni öz masandan nə vaxt qovacaqsan. Hər kəs sənin zahirən göstərdiyin pis tərəfini bütünlüklə qəbul edib haqqında daxilən psixi sağlamlığı yerində olmayan biri kimi fikirləşirlər. Lakin mən sənin belə olmadığını düşünürəm. Təbiətdə daxili zərif olan hər bir şeyin o zərifliyi kənar təsirdən qorumaq üçün kobud və möhkəm xarici örtüyü olur, insan da elədi. Daxili zərif və duyğusal olan insanlar zahirən kobud və ünsiyyət qurmağa meyilli olmayan biri olurlar. Onlar kənardakıların anlamadıqları qədər zərif olurlar. Adi görünən istənilən söz və ya hərəkət sizin kimi insanlara pis təsir etdir. Zərifliyinizi zədələnmədən, xarakterinizi ləkələnməkdən qorumağa məcbursunuz. Amma bu gün gəlin onların haqsız olduğunu, bu kobudluğun içində zərif bir insan xarakterinin gizləndiyini göstərək. Artıq hər gün naharda sizinlə bir masada oturacağam. Razılaşaq? (Yenə əlimdən tutaraq)

Bu dəfə əlimi tərpətmədən sakitcə dayanıb dinlədim. Məni hamıdan fərqli görən, kobudluğuma rəğmən mülayim olduğuma inanan birinin yanımda olmasını istəyirdim. Ürəyimdə olan arzuları, maraqlarımı, heyrətlə araşdırma apararkən dərk etdiyim xırda kəşfləri kiminləsə bölüşməyə ehtiyacım vardı. Bu gündən sonra ən azından masa arxasında qarşısında otura biləcəyim biri vardı. Bir neçə gün bu formada, iki nəfərin olduğu səssizliyin içində keçdi. Axşamlar bəzən anamla nahar edərkən qarşımda onun olduğunu təsəvvür edir, anama baxıb gülümsəyirdim. Lakin axşamlar yatağıma uzanarkən onun haqqında olan xoş fikirlər şübhələrimin fonunda itirdi. Heç kimin yanında oturmaq belə istəmədiyi biri ilə belə gözəl xanım niyə ünsiyyət qursun, niyə dost olsun ki? Növbəti nahar zamanı mənimlə niyə oturmaq istədiyini soruşdum.

- Cəmiyyətin saxta ünsiyyətlərindən bezmişəm. Süni gülüşlər, süni dostluqlar. Ətrafında hər kəs pisliyini gizlədib, sosial statusunu itirməmək üçün özünə aid olmayan zərifliyi, gözəlliyi təqdim edir. Hər kəs içində ildırım gizlədən ağ yumşaq buluda bənzəyir. Tanıdıqlarımın arasında tək fərqli insan sənsən. Səni yaxından tanımaq, səninlə dost olmaq istədim. Yalanların içində küncə qısılan həqiqətin yanında olmaq istədim. Heç bir ünsiyyətim olmasa belə, sənin yanında özümü xoşbəxt, anası bazardan gəldikdə bazar çantasını eşərkən istədiyi şirniyyatı tapan uşaq kimi hiss edirəm.

Beləcə aramızdakı səssizlik digərimiz olmadan formalaşan xəyali ünsiyyətə qədər genişləndi. Aramızdakı dostluq isə eşqə qədər. Dəlinin sevməyini təsəvvür edirsiniz? Bircə gözlərimə baxması kifayət idi ki, Heraklın 12 qəhrəmanlığını bir anın içində yerinə yetirim.

Qəbirdə kəllənin içindəki göz boşluğuna baxaraq donub qaldım. Bundan sonra edəcəyim hərəkəti təsəvvür edib, özüm belə heyrətə gəlirdim. Edəcəyim hərəkətin izahını tapsam belə, məni dinləyən ya görən şəxslərin yerində olsaydım, özümü heç vaxt anlamazdım. Məni yaşadığım ərazidə bir elm adamı, nekrologiya və arxeologiya üzrə mütəxəssis, yerli qəzetdə həftəlik məqalələrin müəllifi, ən azından bir universitet müəllimi kimi tanıyırdılar. Həmişəki kimi onları boş versəm belə atamla anama nə deyəcəkdim? Bu qədər statusları saymağıma rəğmən hələ də valideynlərimlə bir yerdə qalırdım. Ayrıca evim yox idi. Qədim latın dili ilə yanaşı, alman və fransız dillərini də mükəmməl bilirdim. Mənim yerimdə başqa biri bu bilgilərlə arzu olunan, zənginliklə əhatəli bir həyat qurmuşdu özü üçün. Mənim üçün isə maddi zənginlik o qədər önəmli deyildi. Pul sağ qalmaq üçün yeyəcək, çılpaq qalmamaq üçün geyinəcək qədər maraqlandırırdı. Görəcəyim işin insanlar üçün verəcəyi fayda qat-qat önəmli idi. Anamla atam təqaüdçü idilər. Yazıqlar bilmirdilər mənimlə fəxr etsinlər, yoxsa mənə görə peşmanlıq çəksinlər. Verdikləri tərbiyənin və həddindən artıq ayırdıqları diqqətin həm yaxşı, həm də pis tərəfləri göz qabağında idi. Qapalı xarakterli, tərbiyəli, iş sahibi, lakin qəpiksiz biri olmuşdum. Heç vaxt zövqlə geyinməyi bacarmayan, amma, gözəlliyə dəyər verən insan idim. Bu səbəbdən yaşım artıq 40-ı keçmişdi. Hələ də bakirliyimi pozmamışdım. Ancaq saf sevgi axtarırdım. Belə öyrətmişdilər məni valideynlərim. Həmişə hər şeyin haqqını qazanmalı, haqq isə təmiz və saf olmalıdır mənə görə. Pulunu verib bakirliyimi pozmaq kimi şansım olsa belə istəməzdim ki, yaşayacağım bu anı özünü satan varlıqla keçirim. Hərdən yuxularımda olur ki, bu yaşımda belə seks həzzini yaşayıram. Gördüyüm bir yuxu isə həmişəlik yaddaşıma həkk edilmişdi. Yaşıl otlardan ibarət bir çəmənlikdə Luna ilə əl-ələ tutaraq gəzirik. Göydən günəş öz şüalarını otların üzərinə saçır, səma açıq, bəzi yerlərdə ağ buludlar görünürdü. Buludlar qaralıb yağmaq üçün öz vaxtlarını gözləyirlər. Biz gəzə-gəzə qədim Roma və Finikiyada baş verən kütləvi seks görüşləri və həmin dövrdəki ənənələrdən danışaraq gülərkən birdən hava tutulur. Bayaqkı ağ buludlar qaralaraq çoxalır. Gur yağış başlayır. Biz geriyə dönüb uzaqda görünən qırmızı rəngli komaya doğru qaçırıq. Yağış bədənimizi tamamilə isladırdı. Onun saçları nəmli halda çiyinlərinə sürtünür . Saçından süzülən damcılar çiyinlərindən sinəsinə doğru süzülərək donun son kərtində yox olurlar. Nəmli don onun bədəninə tamamilə yapışmışdı, bədəni akverellə çəkilmiş çılpaq qadın şəklinə bənzəyirdi. Gilələr isə sinəsindən dikələrək çölə çıxırdı. Don ayaqlarının arasına sıxılmışdı. Luna onun bədəninə baxdığımı sezmişdi. Birdən komaya çatmamış əlimdən dartaraq qarşımızda dayanan ağacın altına çəkdi. Saniyə çəkməmiş gilələr artıq dodağımdan keçərək dişlərim arasında, paltarlarımız isə otların üzərində idi. Nəmli bədənimiz bir-birinə sürtülərək yağış damcılarını qurudurdu. Bu an şimşək çaxmağa başladı. Göydən ayrılan işıqlar qarşımızda görünən qırmızı evi vurdu. Ev dərhal alışaraq yanmağa başladı. Nə yanğın, nə də koma bizim vecimizə deyildi. Biz ildırım, yağış damcıları və yaşıl otlarla yanan evin fonunda öz sevgimizi yaşayırdıq.

Cəsədi qəbirdən çıxarıb kənarda sərdiyim parçanın üzərinə qoyub bükdüm. Sonra qəbrin içinə torpaq töküb ətrafını səliqəyə saldım ki, qazıldığı hiss olunmasın. Cəsədi çiynimə alıb insanların az göründüyü yolla evə doğru getdim. Evə qədər hər hansı çətinlik olmadan, kimsəyə görünmədən çatdım. Qaldı əsas məsələ: evdəki iki nəfərə də görünmədən öz otağıma keçmək. Evə girdikdə atam və anam divanda əyləşərək televizora baxırdılar. Mənim evdə olduğumu eşitdikdə anam yerindən belə tərpənmədən dilləndi: Yenə qəbir daşlarını araşdırırdın? Bezmədin? Sənin yaşında olan kəslər uşaqları ilə gəzməkdən gəlir, sənsə qəbirstanlıqdan. Cəhənnəm yenə gördüyün iş bir az pul gətirsəydi adam kimi yaşayardıq...

Və davam edirdi, lakin onu dinləməyə həvəsim yox idi. Çünki mən onların öz məhsuluyam, verdikləri tərbiyənin lazımsız nəzarətin nəticəsiyəm. Onların üzü televizora doğru olduğundan tez öz otağıma keçdim. Cəsədi bir küncə qoyub bu günə qədər bu iş üçün oxuduğum və öyrəndiyim üsulları tətbiq edərək mumiyalama prosesinə başladım. Gecə yarısına prosesi yekunlaşdırdım. Artıq balaca qız daha canlı və daha qəşəng idi. Gecə ona nağıl danışdıqdan sonra yanımda onu “yatızdırıb” özüm də yuxuya getdim. Səhər oyandıqda ilk işim ona gözəl bir gəlinlik donu almaq oldu. Əvvəlki donuna bənzər bir don seçdim. Evə gəlib geyindirdim, bacardığım qədər onu canlandırdım. Özümlə bərabər yeməklər verir, su içirdirdim. Hər hansı iş üçün kompüter arxasında oturduğum zaman onu da divanın üstünə qoyar, öz fikirlərimlə bölüşürdüm. Bəzən ikimiz bir yerdə cizgi filmi izlərdik. Beləcə bir ay keçdi. Bu müddət ərzində ona çoxlu oyuncaqlar və geyimlər aldım. Onunla bütün sirlərimi bölüşdüm. Hətta Luna ilə yaşadığım anları və bu anlara görə indi çəkdiyim peşmanlığı belə danışmışdım. Çünki ürəkdən inandığım və ünsiyyətindən qorxmadığım ilk insan mənim hisslərimlə oynamış, insanlara qarşı olan cüzi etimadımı puç etmişdi.

Universiteti qurtarmağına az qalmış onunla görüşlərimiz artıq azalmışdı. Hər dəfə diplom işi yazdığını və buna görə vaxtının olmadığını deyirdi. Universitetdə yaxınlaşmaq istədikdə hər dəfə bir bəhanə ilə qaçırdı məndən.

Nə vaxt görsəm Brian müəllimin otağından çıxırdı. Brian Lunanın diplom rəhbəri idi. Münasibətlər soyuyandan bəri Brian özünü mənimlə əvvəlki kimi aparmırdı. Məni gördükdə, sanki, yazıq, balaca uşaq görürmüş kimi davranırdı. Salamlaşıb mülayimcəsinə gülürdü üzümə. Bir gün Lunanı axtarıb aramızda olanları müzakirə etmək istəyirdim. Buna görə, universitetdə dolaşmağa başladım. Ola biləcək bütün yerlərə baxdım amma tapa bilmədim. Sonda Brian müəllimin otağına girib, ya onu orda görmək, ya da Briandan soruşmaq istəyirdim. Qapını döydükdə otaqdan səs gəlmədi. Qapını astaca açıb icazə istədim. Lakin otaqda heç kim yox idi. Çıxmaq istərkən otaqda Lunanın bel çantasını gördüm. Fikirləşdim ki, yəqin unudub və götürmək qərarına gəldim. Masaya yaxınlaşdıqda üzərində Lunanın yekunlaşmış diplom işi gözümə dəydi. Marağımı oyatdı, çünki həmişə deyirdi ki, sənin fikirlərindən diplom işimdə istifadə edəcəm. Sənədi səhifələdikcə öz adıma rast gəldim. Marağım daha da çoxaldı. Başqa otaqda olmağımın fərqinə varmadan oxumağa davam etdim. Luna ilə Brian otağa girənə qədər oxuduğum və dərk elədiyim o oldu ki, mən Luna üçün nə yaxşı insan, nə sevgili, nə də dost olmuşam. Mən sadəcə onun üçün laboratoriya heyvanı olmuşam. Bəli, sözün əsl mənasında, çünki elmi işin adı heyvani instinqlərin insan xarakterində təzahürü idi. Luna otağa gəldikdə diplom işini oxuduğumu görsə də, heç bir reaksiya vermədi. Heç nə olmayıbmış kimi salamlaşdı, diplomunu və çantasını götürüb Brianla sağollaşaraq otaqdan uzaqlaşdı. Heç üzr belə istəmədi. Onun üçün araşdırdığı elmi iş yekunlaşmışdı. Həmin gündən mənim üçün də insanlara qarşı inam tükənmişdi. Luna gedəndən sonra Brian onun yerinə üzr istədiyini bildirdi, amma, mənim üçün onun dediklərinin heç bir əhəmiyyəti yox idi. Otaqdan artıq çıxırdım.

Bütün bunları balaca qız bilirdi. Bu səbəbdən ondan qorxmağa başladım. Valideynlərimin mənim başıma gələn uğursuzluqları bilməsini heç istəmirdim. Eşitdiklərini heç kimə deməsin deyə balaca qızın mumiyasını evdəki zirzəmidə gizlətdim. Açarını isə özümlə götürdüm. Lakin günlər keçdikcə təklikdən darıxmağa başladım. Ünsiyyət qurmağa və etiraz etmədən məni dinləyən birinə ehtiyacım vardı. Bir anlıq onu yenidən otağıma gətirmək istədim, lakin hər şeyi bildiyini xatırlayıb bu fikrimdən əl çəkdim. Günlər keçdikcə öyrəşmədiyim ünsiyyət üçün darıxmağım pik həddə çatdı. Bir gün axşam öz-özümlə danışarkən sabah yenidən qəbirstanlığa getməyi qərara aldım. Hər dəfə bir qız cəsədi qəbirdən çıxarıb evimə gətirməyi fikirləşdim. Onları mumiyalayıb hər birinə can vermək istəyirdim. Mən tam canlandıra bilməsəm də onları mumiyalayıb saxlamış olsam gələcəkdə elm adamlarının onları dirildə biləcəyinə inanırdım. Həm də təklikdən qurtular, özümə dostlar qazanmış olacaqdım.

Bu son cümlələri deyərkən həkim diqqətlə məni izləyir, qapının açıldığının belə fərqinə varmamışdı. Otağa uca boylu, əzələli bədən quruluşuna malik iki tibb qardaşı daxil olmuşdu. Mən danışmağımı dayandırdıqa həkim otağa girənləri fərq etdi. Məni apara biləcəklərini bildirdi. Əlimi sıxıb mənimlə sağollaşdı və gələn həftə yenidən görüşəcəyini dedi

Sən maraqlı insansan. Məncə biz həkimlər yenidən təhlillər aparmalıyıq. Görəsən, bu binanın içindəkilər təhlükəlidir, yoxsa ondan kənarda yaşayanlar? Cəmiyyətin fərdə vurduğu zərər ağırdır, yoxsa fərdin cəmiyyətə vurduğu zərər? Gələn görüşlərədək. (gülümsədi)

Həkim getdikdən sonra məni 33 nömrəli palataya apardılar. Bir neçə dəqiqədən sonra cədvəl üzrə təyin edilən, əhəmiyyətini anlamadığım rəngli dərmanların atma vaxtının gəldiyini dedilər. Psixoloji bərpaetmə mərkəzində hər şeyin cədvəl üzrə bir vaxtı vardı. Dərmanları atıb həvəslə növbəti həftəni gözlədim. Həkimə danışacağım çox şey var idi. Çünki mənim otağımda olan balaca qızlar mənimlə danışmağa başlamışdılar. Onların maraqlı arzuları və yaşamaq istədikləri həyatları vardı.

news-inner-user

15801 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020