Gedən Zeynəb, qayıdan Röya...

Gedən Zeynəb, qayıdan Röya...
18 dekabr 2019
# 12:41

İnsan həyatını musiqisiz təsəvvür etmək çətindir. Janrından və növündən asılı olmayaraq qəlbə yatan hər bir səsin dinləyəni və sevəni mütləq olur. Bir də dövr məsələsi var. Dövr ötdükcə klassikləşən səslər gənc ruhuna o qədər də yaxın düşmür, onların dinləyiciləri də yavaş-yavaş keçmişə qovuşur. Gəncliyin coşqun, ehtiraslı qəlbini dinləndirmək üçün dövrün özünün yetişdirdiyi, çağdaş, müasir ifaçıların olması çox vacibdir.

Keçmiş dövrün xanəndələri, lap bu günümüzə qədər yaşayan Flora Kərimovanın əfsanəvi ifası bugünkü gənc nəslə ağır gəlir. İyirmi yaşlı yeniyetmə Flora Kərimovanın “Baxma, o qatarın dalınca baxma” ifasını dinləyib sevgilisini xatırlamaqda çətinlik çəkər. Bu baxımdan 90-cı illərdən sonra meydana çıxan müasir estrada müğənnilərimiz bu boşluğu doldurmağı bacardılar. Hərçənd, hazırkı musiqi məkanında boşluq yox, tıxanma var. İndi Azərbaycan musiqi sənətində ara itib, məzhəb qarışıb. Amma bu qədər xaosun içərisində uzun illərdir ki, sevilənlər və sevilməyə davam edənlər var. Onlardan biri, həm də birincisi Röyadır.

İllərdir, arda-arda hitə çevirdiyi mahnıları, gündəm yaradan kreativ gedişləri, spontan hərəkətləri ilə diqqət çəkib Röya.

Onu sevənlər şübhəsiz ki, çoxdur. Hətta yaşlı sənətkarlar da Röyaya inanılmaz hörmət bəsləyiblər. Xalq artisti Habil Əliyev Röyanı çox sevirdi. Xalq yazıçısı Sabir Əhmədli Röyanın səsinin və səmimiyyətinin vurğunu idi.

Röyanın sevilməsində səbəb təbii ki, onun istedadı və ifasındakı yanğıdır. Yanğı dediyimiz məsələ isə kənardan dümsükləməklə yaranmır. Mütləq içdən, candan, hətta gendən gəlməlidir.

Əslən qarabağlıdır Röya. Üstəlik kasıb ailədə doğulub. İnsanı insan kimi formalaşdıran ən vacib həyat gerçəklərindən ikisi onun mənəvi dünyasına təsirsiz ötüşməyib. Torpağını itirib, həm də kasıblığın gətirdiyi ağır-acıları yaşayıb.

Bir sənət adamının təqdim etdiyi sənətin sevilməsində onun içinin səsi, nəğməsi, yanğısı mütləq rol oynayır. Falş, imitasiya, yalan heç zaman uzunömürlü olmur.

Röyanın falş olmamasına sübut onun səmimiyyətidir. Ucqar kənddə yaşayan, Qarabağ döyüşləri üçün övlad, nəvə yetişdirən qarı nənənin dadına çatan, harayına yetişən bax o səmimi, ağrı-acısı olan Röyadır.

Çoxumuzun biganə qaldığı bu videoya Röya biganə qalmadı. İçindəki nəğmə bu dəfə onu başqa cür dindirdi. Baş alıb həmin qarının yaşadığı yerə getdi. Onun evinin təmir olunmasını boynuna götürdü.

Əlbəttə, bir çoxları dərhal Röyanın var-dövlətindən, imkanlarından bəhs edə bilər. Hətta əminəm ki, imkanlı olduğu üçün bu işin onun borcu olduğunu deyənlər də tapılar. Amma inanın, bu, qətiyyən belə deyil.

Torpağına ana deyən, yetmiş yeddi ildir köklü ağac kimi yaşadığı yerə bağlanan, öləndə ölüb öz şəhid nəvəsinə qovuşmaq istəyən qarını içində böyük məhəbbəti, həsrəti olan Röya anlaya bilərdi.

Zeynəb Xanlarova vətənin ən uzağına – başqa materikə getdiyi vaxt, Röya vətənin ən yaxınına – sərhədinə, şəhid nənəsinin yanına qayıdır.

Nəğmə də pul çeki kimi bir tədavül vasitəsidir.

Səmimiyyət və sevgi bu tədavül vasitəsinin altındakı qızıla bənzəyir.

Dəyərimizi itirməyək və ona sahib çıxaq!

# 4929 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #