news-inner
clock12:03 calendar-gray 05 Dekabr 2019 view-gray2891 dəfə oxunub
view-gray2891 dəfə oxunub

Hüseyn Cavidlə Şüvəlanda bağ qonşusu idik... – Xatirə

Bu gün dahi Azərbaycan şairi Hüseyn Cavidin anım günüdür. Kulis.az bu münasibətlə Dilbər Axundzadənin “Müşfiqli günlər” kitabından onunla bağlı hissəni təqdim edir.

...Unudulmaz şairimiz Hüseyn Cavidlə şəxsən tanış idim. Onun yazdığı əsərləri çox sevdiyim üçün “İblis”dən, “Şeyx Sənan”dan parçalar əzbərlədim. Hüseyn Cavidlə biz Şüvəlanda bağ qonşusu idik. Biz uşaqlar bağda onun əsərlərindən parçalar əzbərləyib bir-birimizə söylərdik. Ələlxüsus, Hüseyn Cavidin oğlu Ərtoğrulun Şüvəlan bağında özünü iblis qiyafəsinə salıb, atasının “İblis” əsərindən aşağıda deyəcəyim parçanı uşaqlara necə hərarətlə oxuduğu heç yadımdan çıxmır.

Arif! Mana bax, səndəmi övhəmə qapıldın?
Biçarə çocuq, səndəmi İblisə satıldın?
Dahilər, üluləzm nəbilər belə məndən
Heç vəchlə təxlisi-giriban eləməzkən
Daim məni təhqir edərək əyləniyorsun,
Həp söyləniyor, söyləniyor, söyləniyorsun...
Bir gün gəlir, əlbəttə, şu izan ilə sən də
Vaizcə olursun qoca İblisin əlində.
İblis, o böyük qüdrət, o atəşli müəmma
Bir gün səni də kəndinə eylər kölə... amma
Heyhat, olamaz dərdinə bir kimsədən imdad,
İmdadə qoşar, qoşsa, fəqət ah ilə fəryad.

Hörmətli şairimiz gənc nəslin onunla maraqlandığını gördükcə daha artıq ruhlanırdı. Hüseyn Cavid uşaqlara və gənclərə çox həssas və mehribandı. Xüsusən yazdığı əsərlər haqqında fikir söyləyən adamla həmişə hesablaşar, deyiləni diqqətlə dinləyərdi. Yalnız əsər haqqında deyil, müəyyən həyati məsələlər barəsində də uşaqların, gənclərin fikirlərini, rəylərini öyrənməyə çalışardı.

Image result for Hüsyn Cavid

Bağda qonşu olduğumuza görə şairin bəzi xasiyyətlərinə bələddim. Çox vaxt hamı yatandan sonra o durub gəzərdi, öz-özünə danışardı və sonra yazardı. O, yazacağı əsəri haqqında heç vaxt qabaqcadan söyləməyi sevməzdi. Nadir hallarda qələmə aldığı hadisələrdən söhbət salardı. Lakin əsər çap olunduqdan sonra biz şairin əvvəlcədən söyləmiş olduğu bəzi parçaları və şeirləri orada görərdik. Buna misal olaraq “Azər”i göstərmək istəyirəm. “Azər” əsərindən parçalar çapdan çıxdıqdan sonra onu oxuduqda bir çox misralar bizə tanış göründü. Həmin parçalar indi də xatirəmdədir. O deyirdi:

Üsyan
Məbədlərə, kalpaklara, çarşaflara, üsyan!
Şaşğınlığa yox zərrəcə imkan,
Hər fəlsəfə, qanun dəyişirkən,
Bir nöqtədə dursan da, düşünsən
Məqbər yapacaqlar kəmiyindən...

Hüseyn Cavid gənc nəsli, eli, obanı yeni həyata, yeni mədəniyyət uğrunda mübarizəyə səsləyirdi. Gənc nəslin dini əfsanələrdən uzaqlaşmasını, sağlam, möhkəm və şən həyati misallar çəkər və deyərdi: “Gənclər hər şeydən əvvəl öz sağlamlıqlarına fikir verməlidirlər”. Hüseyn Cavid bu məşhur sözləri bizə dönə-dönə xatırladırdı: “Sağlam bədəndə, sağlam ruh olar”.

Sevimli şairimiz bizə sadə dildə başa salırdı ki, bəzi oğlanlarımız, qızlarımız öz sağlamlıqlarını unudurlar. Onlar bahalı parçalardan təzə paltarlar geyməyi sevirlər. Bu yaxşı şeydi, bunu hər kəs sevir, ancaq bəzi gənclərimiz sağlamlığa yox, ziynətə fikir verirlər və nəticədə bədən zəifləyir və xəstələnir, müalicə üçün kurortlara getməyə məcbur olurlar. Belə gənclər məni çox düşündürür, belələri başa düşmür ki, bədən sağlam olanda sadə çit paltar da gözəl görünür. Lakin zəif, xəstə gənc bahalı, yaraşıqlı paltar geyinsə, yenə gözə görümlü olmayacaq.

Image result for Hüsyn Cavid

Həmişə də belə söhbətlərin axırında necə təsir bağışladığını öyrənmək üçün müsahibindən “Öyləmi?” deyə soruşardı. H.Cavid ziynətə yox, biliyə, zəhmətə, təmizliyə fikir verən sadə və şən gəncləri sevərdi. Cavidin həyat, gənclik, gözəllik haqqındakı fikirləri onun bədii yaradıcılığında çox qabarıq surətdə öz ifadəsini tapardı. Bu söhbətlərdən xeyli sonra mən şairin “Qız məktəbində” şeirini oxuyarkən onun bağda bizimlə söhbət edəndə ziynət, bəzək-düzək haqqındakı fikirləri yadıma düşdü.

- Quzum, yavrum! Adın nədir?
- Gülbahar.
- Pəki, sənin anan, baban varmı?
- Var.
- Nasıl, zənginmidir baban?
- Əvət, zəngin, bəyzadə...
- Öyle ise, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma.
- Var, əfəndim, var... Lakin.
Müəllimim hər gün söylər:
“Onların yox qiyməti.
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti”.

Bir dəfə biz yenə şairin başına yığışmışdıq. Onun şirin, hikmətli söhbətini eşitmək çox xoş idi. Cavid deyirdi: “Həyatda gənclər üçün iki əsas şərt var. Əgər bu iki şərti düzgün başa düşsələr, onların quracağı otağın binası möhkəm olar. Birincisi, sənət sahibi olmaq, ali təhsil almaq; ikincisi də sədaqətli olmaq və özünə vəfalı həyat yoldaşı seçmək. Dostu bərkdə-boşda yoxladıqdan sonra onunla ünsiyyətə girmək. Çünki həyatda bəzən insan ağır çətinliklərə rast gəlir, sadiq, vəfalı dost isə bu vaxt adama yaxşı arxa ola bilir və çəkdiyi əzabları yüngülləşdirir”.

H.Cavid gənc nəsli zəhmətə, sənətə çağırır və onların sağlam, şən olmasını arzu edirdi:

Bu gün gəncliyə baxsan,
Bir sel kimi hər an.
Sağlam, yeni məfkurələr izlər.
Onlardakı qüdrət və məharət.
Er-gec verəcək xalqa səadət.
Onlar mədəniyyətlə günəşlər yaxacaqlar.
Keçmişlərə üstdən baxacaqlar.
Onlar güləcək, güldürəcəklər,
Bizdən daha xoş gün görəcəklər.

H.Cavid müasir gənc nəsli həmişə nikbin, şən görmək istəyirdi. Bu, şəxsən mənim özümə də aid idi. Mənim atam, anam Gəncədə olduğundan bəzən onların dərdin çəkir, fikirli olurdum. Sevimli şairimizi mənim bu halım narahat edərdi. O, məni fikirdən uzaqlaşmağa və şən görməyə çalışırdı. O vaxtlar mənim xatirat albomum vardı, təəssüf ki, o albom indi durmur. Həmin albomdan yadımda iki xatirat qalmışdır. Onlardan biri rəsm müəllimim Salam Salamzadənin xatiratıdır. O, mənim albomuma gözəl bir təbiət mənzərəsi çəkmiş və altında da yazmışdı ki, “Qızım, insanın həyatını maraqlı edən, ziynətləndirən rəsm və musiqi kimi incə sənətləri sev və onları öyrənməyə çalış”. İkincisi də H.Cavidin yazdığı şeir idi. Təəssüf ki, həmin şeirin yalnız ikicə misrası yadımda qalmışdır:

Mən gözəllərdə gözəl ruh araram,
Ruhi düşkünləri çirkin sanaram.

Mənim şair Mikayıl Müşfiqlə həyat qurmağım Hüseyn Cavidlə dostluğumuzu daha da möhkəmləndirdi. Bəzən biz onlara gedərdik, onlar da bizə gələrdilər. Müşfiq onu hədsiz sevərdi və tez-tez görməyə çalışardı. Ələlxüsus, onlar bir yerdə olanda sanki şeir deməkdə yarışa girirdilər. Dahi şairimiz Nizamidən, Firdovsidən, başqa klassiklərdən şeirlər oxuyardı. M.Müşfiqin çox qüvvətli hafizəsi vardı. Buna görə də Cavidin sevdiyi şeirlərin bəzi misraları yadından çıxdıqda, Müşfiq onu xatırladırdı. Müşfiqin bu hərəkəti şairi çox sevindirərdi.

Yadımdadır, Müşfiq olmayan vaxtlarda şair həmişə mənə deyərdi: “Qızım, sən bu gənc şairlərə elə-belə baxma, onların gələcəkdə hər biri Azərbaycanda görkəmli bir sima olaraq tanınacaqlar”. Xüsusilə, o deyərdi ki, “Müşfiqə evdə elə şərait yarat ki, o yaradıcılığı üzərində yaxşı çalışıb inkişaf etsin”.

Xatirimdədir ki, “İblis” tamaşasına bizi H.Cavidin özü apardı. Əsər tamaşaçılar tərəfindən o qədər bəyənildi, sevildi ki, onlar səhnədə şairi uzun müddət alqışladılar. O gün H.Cavid çox şad idi. Əsər haqqında o, bizim də rəyimizi soruşdu. Biz isə dedik ki, əsər bir bizim deyil, bütün tamaşaçıların hüsn-rəğbətini qazanmışdır. Əsərin tamaşaçılar tərəfindən yaxşı qarşılanması şairi daha da ruhlandırdı.

Müşfiq Hüseyn Cavidlə tez-tez görüşməyə çalışardı. O, bizə gələndə özünü çox sərbəst hiss edirdi, rəftarı çox səmimi idi. Onun qabağına bir stəkan çay qoyduqda belə, səmimi bir söz söyləməmiş olmazdı. Məsələn, deyərdi: “Deyirəm axı, bu çay niyə belə dadlıdır, çünki buna mənim qızımın əli dəyib”. O, çox az yeyərdi, ev yiyəsinin xətrinə toxunmasın deyə, qabaqcadan: “Xörək çox dadlıdır, lakin həkimin məsləhətinə görə mən az-az və tez-tez yeməliyəm, çünki ürəyim bir qədər zəifdir” - deyərdi.

Mən Müşfiqlə həyat quranda yalnız orta təhsilim var idi. H.Cavid mənim gələcək həyatımla maraqlanıb deyərdi: “Qızım, sənin təhsil haqqında fikrin nədir? Ailə həyatı qurmaqla təhsildən kənar qalmaq olmaz. Qurduğun həyat məni sevindirirsə də, təhsilin haqqında düşünürəm. Sən mütləq ali məktəbə daxil olmalısan”. Onun bu məsləhətləri məni ruhlandırıb Azərbaycan Tibb İnstitutuna daha tez daxil olmağıma səbəb oldu.

H.Cavid dövrünün gənc şairlərinə, o cümlədən M.Müşfiqə əsərlərinin birində bədii cəhətdən daha da qüvvətli, dolğun olması üçün məsləhətlər verərdi. M.Müşfiq də öz sevimli müəllimi və ustadı H.Cavidin yaradıcılığını yüksək qiymətləndirir və böyük şairimizi Azərbaycan xalqının Şekspiri adlandırırdı. Bir dəfə yenə axşamüstü Cavid bizə gəldi. Müşfiq o zaman “Duyğu yarpaqları” adlı əsəri üzərində işləyirdi. Onlar çox mehriban görüşdülər. Həmişəki kimi yenə sənətdən, ədəbiyyatdan söz düşdü. Müşfiq yenə əsərinin özünə xoş gələn parçalarından oxumağa başladı.

H.Cavid diqqətlə qulaq asır, arabir Müşfiqi saxlayıb qüsurlu misralara nəzəri cəlb edir, gözəl parçaları təkrar-təkrar oxutdurub ürəkdən fərəhlənirdi. Uzun söhbətdən sonra mən ondan soruşdum:

- Cavid müəllim, siz hansı əsər üzərində işləyirsiniz?

O dedi:

- Bu saat mən külliyyatımı toplamaq fikrindəyəm. Redaktorluğunu da, Müşfiq, sənə tapşıracağam.

Müşfiq gülümsündü:

- Yox, - dedi, - mən hələ gəncəm, sizin əsərlərinizin redaktorluğuna gücüm çatmaz. Bəlkə gələcəkdə o mərtəbəyə çatam.

Mən diqqətlə qulaq asırdım. Elə bildim ki, Müşfiq bu sözləri zarafatla deyir. Ancaq H.Cavid gedəndən sonra öyrəndim ki, Müşfiq həmin fikri özünü ustadına təvazökar göstərmək üçün deməyib, bu, onun həqiqi ürək sözləri imiş...

Lakin əfsus ki, nə sevimli şairimiz və nə də ona hədsiz məhəbbət bəsləyən Müşfiq öz sağlıqlarında bu arzularına çata bilmədilər.

news-inner-user

15755 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tanrının İtaliyaya bəxş etdiyi böyük sərvət: Ennio Morrikone
21:01 06 İyul 2020
Xalq artisti oğlundan yazanları hədələdi
20:40 06 İyul 2020
Kukla Teatrında uşaqlar üçün onlayn tamaşa
18:39 06 İyul 2020
Cənubi Koreya musiqi qrupu dünya rekordu qırdı
18:00 06 İyul 2020
Azərbaycanda pandemiyadan film çəkildi – Video
17:15 06 İyul 2020
Yaşından otuz il qoca görünən, qurultayda bircə səs qazanan, AYB-nin qarşısında dünyasını dəyişən məşhur şairimiz – Maraqlı faktlar
16:33 06 İyul 2020
Luvr muzeyi açıldı
15:49 06 İyul 2020
Hamilə qalmaq üçün daş oyuğuna salınan gəlin – Güneydən hekayə
15:11 06 İyul 2020
İlin ən yaxşı internet serialı - "Şəxsiyyət"
14:28 06 İyul 2020
İsa Məshinin lezbiyan obrazına dindarlardan etiraz
13:45 06 İyul 2020
Əlini iki dəfə tərpətdi... - Mahmudun dəfnindən gecikmiş reportaj
13:02 06 İyul 2020
Mirşahin Ağayev koronavirusa yoluxdu
12:33 06 İyul 2020
Azərbaycanın Prustu – Şərif Ağayar yazır...
12:01 06 İyul 2020
Bəhram Bağırzadədən xoş xəbər
11:56 06 İyul 2020
Villalara sığmayan karantin ərköyünləri
11:30 06 İyul 2020
Dünya şöhrətli bəstəkar vəfat etdi
11:07 06 İyul 2020
Karantin qaydalarını pozan azərbaycanlı aktrisa işdən çıxarıldı
10:58 06 İyul 2020
Məşhur aktyor vəfat etdi
10:25 06 İyul 2020
Röya "Altın kelebek"in qalibi oldu
09:56 06 İyul 2020
Ərinin başını qırxan kim, ad günü keçirən kim, rayonları gəzən kim... - Şou əhli karantində - Fotolar
08:58 06 İyul 2020