Qızlarını məktəbə qoymayan, mahnılarına görə həbs edilən, sevdiyi qadının evində ölən Xalq artisti

Qızlarını məktəbə qoymayan, mahnılarına görə həbs edilən, sevdiyi qadının evində ölən Xalq artisti
30 oktyabr 2019
# 12:38

Bu gün Xalq artisti Məmmədbağır Bağırzadənin anım günüdür. Kulis.az bu münasibətlə müğənni ilə bağlı maraqlı faktları təqdim edir.

Məmmədbağır bakılı olsa da onu görənlər deyirdilər ki, bu adamda bakılılara xas xüsusiyyətlər o qədər də nəzərə çarpmır. Evdə daha çox ərəb, türk kanallarına baxırmış. Bir dəfə oğlu ondan bunun səbəbini soruşanda Məmmədbağır belə cavab verib:

“Mən musiqilərimi yazanda, onları ifa edəndə elə bilirəm, Kərkükdəyəm. Orda yaşayan azərbaycanlıların keçirdiyi hissləri keçirirəm”.

Uzun illər oraları görmək xiffəti ilə yaşayıb. Ölümündən sonra oğlu nəsil şəcərəsini araşdırıb, məlum olub ki, atasının Ulu babaları İraqda, Kərkükdə doğulublar.

news-inner

***

Geyiminə və xarici görünüşünə olduqca həssas yanaşırdı. Hər yer üçün ayrıca kostyumları var idi. O qədər səliqəliydi ki, bir dəfə uzaq yoldan qayıdanda dostlardan biri zarafatla deyib:

“Məmmədbağır, bütün yolu deyəsən ayaqüstü gəlmisən, paltarında bircə qırış da yoxdur”.

***

Evdə ərəb, fars mahnılarını çox gözəl ifa edirmiş. Efirdə isə bircə dəfə də oxumadı. Oğlu bir dəfə deyir ki, bu mahnıları efirdə, səsyazma studiyalarında ifa et.

Məmmədbağır deyir:

- Sən nə danışırsan? Adamlar var, gözləyirlər ki, mən İran musiqiləri ifa edim, ondan sonra məni topa tutsunlar.

***

1973-cü ildə Məmmədbağır yaradıcılığının zirvəsini yaşayırdı. O vaxtın çörək satıcıları kaset satıcılarına deyirmişlər, Məmmədbağırın valları o qədər çox satılır ki, biz o qədər çörək satmırıq.

***

Hər dəfə toylardan qanıqara gəlirdi. Onun səsini yazmaqdan ötrü toyda adamlar bir-biri ilə dava edirmişlər, toy çadırını dağıdırmışlar ki, ağacların başından Məmmədbağırı görə bilsinlər.

***

1975-76-cı illərdə Məmmədbağır ölkənin ən məşhur müğənnisi hesab olunurdu. Həmin dövrdə “Kirpi” jurnalında “Məmmədbağır, bir də bağır” başlıqlı yazılarla onu tənqid eləməyə başlayırlar. Deyilənə görə, bunu ovaxtkı bədii şura qəsdən elətdirirmiş. Ələkbər Tağıyev də o dövrdə həm bədii şuranın üzvlərindən biri, həm də vaxtıyla prokuror olduğu üçün hər şeyə gücü çatırmış. Oğlunun dediyinə görə, Məmmədbağıra mane olan insanlardan birincisi Ələkbər Tağıyev olmuşdu. Səbəbini isə bu cür izah edir: “Atamın gecə toylarda oxuduğu mahnıların səhər bütün ölkəyə, hətta İrana, orta Asiya ölkələrinə qədər yayılması... Ələkbər Tağıyev görür ki, onun mahnılarını nə qədər məşhur müğənnilər oxusa da, Məmmədbağırın şöhrətini ötüb keçmir. Mahnıları o qədər məşhurluq qazanmır. Belə olan halda o, atama xəbər göndərir ki, onun bəstələrinə də müraciət eləsin. Atam isə onun təklifindən imtina edir. Deyir, mən ancaq öz mahnılarımı oxuyuram. Ələkbər müəllim də deyir ki, mən nə qədər sağam, Məmmədbağır nə radioya çıxa biləcək, də efirə.”

***

Elə bir vaxt gəlib çatır ki, Məmmədbağırın getdiyi kişi toylarında davalar çoxalır, adamlar yaralanır və s. Hətta Məmmədbağır sosializmə zidd mahnılar oxuduğu üçün üç günlük həbs olunur. Qəribədir ki, Ələkbər Tağıyevin vasitəçiliyi ilə Məmmədbağır həbsdən azad olunur. 1977-ci ildən sonra Məmmədbağır artıq kişi toylarını tərgidir, ancaq kompaniyalara gedir. Ələkbər Tağıyev onunla görüşür və deyir ki, sən hər gün toylarda oxuyursan, bu sənə nöqsan tutulacaq. Deyir, sən uçuruma doğru gedirsən. Əgər mənim mahnılarımı oxumaq istəmirsənsə, onda başqa böyük bəstəkarların mahnılarını oxu. Məmmədbağır bu sözdən sonra yumşalır və ilk dəfə Ələkbər Tağıyevin “Azərbaycan oğluyam” mahnısı ilə efirə çıxır. Bir sözlə, Ələkbər Tağıyev onun istedadının toylarda itməsinin qarşısını alır. Deyilənə görə, ölənə qədər Məmmədbağırın dilindən Ələkbər Tağıyevin adı düşmür.

***

İki qızı vardı. Hər iki qızını 8-ci sinifdən çıxartmışdı, oxumağa qoymamışdı. Həddindən artıq qısqanc adam imiş. Üstəlik cəmiyyətin içində gördüklərindən qorxuya düşmüşdü. Bu səbəbdən də hər iki qızını oxutmaqdan əl çəkmişdi.

***

Həddindən artıq kövrək adamıydı. Hərdən ailəlikcə süfrə arxasında əyləşib televiziya kanallarında gedən musiqilərə qulaq asırlarmış. Hansısa musiqi və ya bir alətin səsi onun ürəyinə toxunanda ev əhli görürmüş ki, ağlayır.

***

Yoldaşını xərçəng xəstəliyindən təzəcə itirmişdi. Qızı ondan xahiş edib ki, gələndə dondurma alsın. Məmmədbağır bir neçə “karobka” cürbəcür dondurma alıb gətirir və qızına deyir ki, ürəyin nə qədər istəyir ye. Və özü də başlayır yeməyə. Onda hamı məəttəl qalır. Çünki Məmmədbağır heç vaxt soyuq şey yeməz, içməzdi. İlk dəfə, həmin gün 51 yaşında dondurma yemişdi. Hamının başı dondurma yeməyə qarışanda hıçqırıq səsi eşidilir: çönüb baxanda Məmmədbağırın ağladığını görürlər. Qızı ondan ağlamağının səbəbini soruşanda Məmmədbağır onun başını sığallayıb deyir: “Mən siz yaşda olanda pulum yox idi dondurma almağa, sonralar da sənətim imkan vermədi”.

***

Bu xatirəni də oğlu danışır:

“Anamın axırıncı cümə axşamında mənim qızım dünyaya gəldi. Atam ağlaya-ağlaya ona anamın adını qoydu, amma hamımızdan xahiş elədi ki, heç vaxt onun yanında qızımı öz adı ilə çağırmayaq”.

***

Həyat yoldaşının ölümü ona çox təsir etmişdi. Tez-tez deyirmiş ki, özümü öldürəcəm, gedim görüm o dünyada Naibə (xanımı – red) neynir. Psixoloji vəziyyəti yaxşı deyildi, intihara cəhd edir, ölümü arzulayırdı.

***

Zöhrə Abdullayeva ilə sevgili olması söhbəti dildən-dilə, ağızdan-ağıza yayılmışdı. Ölümündən sonra verilişlərin birində Zöhrə xanım yayılan şaiyələri təkzib etdi. Hətta yoldaşının sağlığında Məmmədbağırın başqa bir qadınla uzun illik münasibəti olduğunu dilə gətirdi. Bu sözləri oğlu da təsdiqləmişdi. Məmmədbağırın həyat yoldaşı da onun başqa qadınla yaşamasına bir söz demir, bununla razılaşırdı. “O, atamla bağlı hər şeyə qatlaşıb. Həm də bilirsiniz, o dövrdə gücü, imkanı olan kişilər üçün iki ailə saxlamaq qəbahət hesab olunmurdu. Əsas o idi ki, kişi öz ailəsinə yaxşı baxsın” – oğlunun müsahibəsindəki sözləri...

***

Mədəsində problemlər yaranmağa başlamışdı. Deyilənə görə, arada kömür yeyib sakitləşirmiş. Amma daxildə xəstəlik öz işini görürdü. Sən demə, mədəaltı vəzi zədələnib bədəni zəhərləyirmiş.

***

Zöhrə Abdullayeva ilə bir yerdə toy aparırmışlar. Toydan sonra Zöhrə xanım ağlaya-ağlaya onun yaxınlarına deyib ki, mən Məmmədbağırı bu günə qədər elə görməmişdim. Sən demə toyun sonuna qədər stoldan yapışıb oxuyubmuş. Toydan sonra Zöhrə xanım və Məmmədbağırın yaxınları onu xəstəxanaya aparırlar.

***

Səhərisi oğluna zəng vurub deyib ki, ağzımdan köpük gəlir. Oğlu onda ilk dəfə Məmmədbağırın yaşadığı qadının evinə gedir. Məmmədbağır oğlunu görən kimi ağlamağa başlayır. Artıq son günlərini yaşamaqdaydı. Əməliyyat olundu, ancaq bu da bir fayda vermədi. Aparatın gücünə yaşayırmış. Yaxınlarının heç biri də onu aparatdan ayırmağa razı ola bilmirdi. Həkimlər vəziyyətin yaxşı olmadığını, aparatın heç bir işə yaramadığını deyəndə çarəsiz oğlu razılaşmalı olur.

***

Oğlunun müsahibəsində dediyinə görə Məmmədbağır öləcəyi günü yuxuda görübmüş:

“Atam oktyabrın 30-da rəhmətə gedəcəyini yuxuda görmüşdü. Həmişə də bu tarixdən qorxurdu. Elə oktyabrın 30-da da dəfn olundu”.

# 7216 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #