Qənirə Şəmmədqızının Elçin Əlibəylidən və Zaur Kamaldan üstünlüyü

Qənirə Şəmmədqızının Elçin Əlibəylidən və Zaur Kamaldan üstünlüyü
9 oktyabr 2019
# 11:20

Kulis.az Sevda Sultanovanın "Qənirə" yazısını təqdim edir.

Bir ara sosial şəbəkələrdə AYTV1 internet televiziyasında yayımlanan “Qızıl səslər” verilişinin aparıcısı Qənirə Şəmmədqızı müzakirə mövzusuna çevrilmişdi. Personası, aparıcılığı, ləhcəsi istehzaya qoyulan Qənirə xanımın bir neçə verilişinə baxdım.

“Qızıl səslər” verilişi format olaraq şübhəsiz ki, sıradandır, aparıcının intellektual bazası aşağıdır, fakturası efirə uyğun gəlmir, nitqində sorunlar var. Ancaq bu tənqidin özü sual doğrurur ki, bizim telekanallarda aparıcıların neçə faizi efir standartlarına uyğundur, Azərbaycan dilində normal danışa bilir və s.

İlk dəqiqələrdə Qənirə Şəmmədqızı mənə Ksavye Canollinin “Marqarita” filminin qəhrəmanını xatırlatdı. Real hadisələr əsasında çəkilən filmin qəhrəmanı orta yaşlı, aristokrat qadın Marqarita klassik musiqi həvəskarıdır. Evində müxtəlif tədbirlər keçirən qadın yüksək təbəqənin nümayəndələri üçün ariyalar ifa edir. Marqaritanın səsi olmasa da, ona elə gəlir ki, yaxşı oxuyur. Onu dinləyən qonaqlar isə qadına nəsə demirlər, əksinə təmkinlə onu dinləyib alqışlayırlar. İlk epizodlarda qadının var-dövləti, nüfuzu hesabına özünü opera müğənnisi kimi sırımaq cəhdi gülüş doğurur. Əhvalatın gedişatında isə Marqaritanın davranışı mərhəmət, sevgi yaradır. Çünki o, səmimi şəkildə istedadına inanır və xaraktercə səxavətli, mərhəmətlidir. Və musiqi onun üçün özünü realizədir.

Bu mənada məndə də Qənirə xanımın aparıcılığı əvvəlcə gülüş doğurdu. Ancaq deyim ki, qüsurları olsa da, Qənirə Şəmmədqızı bir tamaşaçı kimi mənim üçün Zaur Kamaldan, Nanə Ağamalıyevadan, Zaur Baxşəliyevdən, Elçin Əlibəylidən maraqlıdır, səmimidir, onu izləmək xoş emosiyalar ötürür və hətta adını çəkdiyim aparıcılar səviyyəsinə, etik davranışına, söz bazasına görə ona uduzur. Qənirə Şəmmədqızı özünü qonaqlarıyla təkəbbürlü aparmır, təhqiramiz davranmır, eqosunu onlardan yüksəkdə qoymur.

Bir verilişində o, qonaq qismində aktyor Əjdər Həmidovu dəvət eləmişdi, kino sənəti haqda normal söhbət qurdu. Yaxud başqa verilişində qonaq olan saat ustasının öz təcrübəsindən maraqlı əhvalatlar danışması, koloriti zövqverici idi. İstəyirsiz, sizi bir az da təəccübləndirim: studiyadakı fonları ara-sıra dəyişən aparıcının bir neçə verilişində arxa planda kitablar qoyulmuşdu. Onun sayəsində rus yazıçısı, ədəbiyyatşünası Qriqori Danilevskini tanıdım. Danilevski XIX əsrdə yazdığı “Yüz il sonrakı həyat” fantastik hekayəsində 1968-ci ili təsvir edir: şəhərlərin su, elektrik, isitlik sistemi ilə təchizatı mərkəzləşdirilib, telefonla tamaşalar yayımlanır, İngiltərə və Fransa arasında yeraltı dəmiryolu, Böyük Səhrada süni dəniz salınır...

Hətta bir sıra hallarda Qənirə xanımın bəsitliyi, “Antonio, qırmızı geyinmisən” kimi yersiz zarafatları, “düşünləşirəm” kimi “yeni söz kəşfləri” qıcıq yox, xoş gülüş doğurur. Sonradan onu da fərq elədim ki, Qənirə xanım bir çox məşhur aparıcılardan fərqli olaraq özünəxasdır: geyimi, maneraları, danışıq tərzi (hətta ləhcə ilə danışsa da) səliqəsiz, kobud makiyajı, orta statistik sovet qadınlarına məxsus üslubda sadə, ciddi geyimi. Üstəlik, o, açıq etraf edir ki, verilişə dəvət elədiyi qonaqlardan ödəniş almır. Əksinə, özü onlara verilişinə gəlməsi üçün ödəniş edir. Ki, normalda telekanallar bu üsulla işləməlidir. Qənirə xanım pozitivdir, efirdən sevgi saçır, başqa aparıcılar kimi mənəvi terror eləmir. Özü də baxdığım verilişlərdə Qənirə xanım yüngül mahnılar oxumur. O, Rauf Hacıyevin yaradıcılığına, Zeynəb Xanlarovanın repertuarına müraciət edir.

Ola bilsin, Qənirə xanım peşəkar prodüserlərlə işləsə, yeni teleobraza, trendə çevrilə bilər .

# 6544 dəfə oxunub

Oxşar xəbərlər

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

15:00 25 aprel 2024
# # #