news-inner
clock15:54 calendar-gray 30 Sentyabr 2019 view-gray1315 dəfə oxunub
view-gray1315 dəfə oxunub

Qəbiristanlıqda – Seymur Baycanın hekayəsi

Kulis.az Seymur Baycanın “Qəbiristanlıqda” hekayəsini təqdim edir.

(Gi de Mopassanın əziz xatirəsinə ithaf olunur)

Əminə hər şənbə günü bazara gedib bir dəstə təzə gül alırdı. Yenə şənbə günü idi. O, bazara gəlmişdi. Gül satılan cərgədə gəzib piştaxta üstünə yığılmış güllərə baxırdı. Böyük bir gül dəstəsi qızın xoşuna gəldi. Ayaq saxladı, qiymətini soruşdu. Heyf ki, gül dəstəsi çox baha idi. Əminə çox pul xərcləyə bilməzdi. Pula qənaət etməliydi. O, gözü böyük gül dəstəsində qala-qala, daha ucuz olan başqa gül dəstəsini almağa məcbur oldu və xoşuna gələn gül dəstəsini ala bilmədiyinə görə kəskin şəkildə kədərlənmiş halda bazardan çıxıb avtobus dayanacağına getdi. İndi o, avtobus dayanacağında dayanmışdı. Qoca, çox da uca olmayan, budaqları pırtlaşıq, növü naməlum bir ağacın cadar-cadar gövdəsinə söykənmiş cavan bir oğlan diqqətlə Əminəyə baxırdı. 67 nömrəli, göy rəngli, LAZ markalı avtobus dayanacaqda dayandı. Əminə avtobusa arxa qapıdan mindi, oğlan da onun dalınca. Oğlan onun yaxınlığında mövqe tutub nələrsə deyərək tanış olmağa can atdı.

Əminə ona heç gözünün ucu ilə də baxmadı. Qızın ifrat laqeydliyi oğlanı tamam həvəsdən saldı. O, daha heç nə demədi. Növbəti dayanacaqda düşüb getdi.

Bəhramın qəbri qəbiristanlığın qurtaracağında balaca təpənin üstündə idi. Təpədən on-on beş metr aralıda dərə başlanırdı. Qəbiristanlıqda səssizlik hökm sürürdü, yalnız orda-burda üç-dörd adam görünürdü. Qalın bığlı, seyrəlmiş tüklərinin arasından başının dərisi görünən qoca bir kişi cavan bir qızın qəbrinin dəmir çəpərinə sarı rəng çəkirdi. Onun üst dodağı qalın bığları ilə birlikdə alt dodağının üstünə minmişdi. Qara geyinmiş arıq bir qoca arvad isə qəbrin böyründə dayanıb səs çıxartmadan göz yaşı axıdırdı. O, ürəkdən ağlayır, axıtdığı göz yaşlarını dayandırmağa çalışmırdı. Qəbrin başdaşına iki misra şeir yazılmışdı:

Ey yolçu, öyünmə burdan keçəndə,

Mən öz evimdəyəm, sənsə qonaqsan.

Bəhramın qəbrinin yaxınlığında köhnə və təzə qəbirlərin arasında zövqlə geyinmiş cavan bir qadın gəzinirdi. Onun hərəkətlərində həyəcan və narahatlıq hiss olunurdu. Əminə Bəhramın qəbrinə yaxınlaşdıqca qadının həyəcanı və narahatlığı daha da artırdı. Belə həyəcanın və narahatlığın səbəbi nə ola bilər? Öz dünyasında olan Əminə qadına o qədər də əhəmiyyət verməyərək kədərli, qısa addımlarla gəlib Bəhramın qəbrinin yanında dayandı. Qəbrin üstündəki güllər quruyub saralmış, bir neçəsi daha güclü çıxaraq rəngini tam itirməmişdi. Əminə gətirdiyi gül dəstəsini qəbrin üstünə qoydu. Bəhramın qara mərmər üstünə döyülmüş yaraşıqlı şəklinə baxdı. Utancaq təbəssümü ilə Bəhram elə bil ölməyə məcbur olduğu üçün qəbrini ziyarət edənlərdən üzr istəyirdi: "Sən mənim ömrümü təzələdin. Həyatımı mənalandırdın. Mən səni sevəndən sonra həyata, insanlara, ağaclara tamamilə başqa gözlə baxmağa başladım. Bunun üçün sənə minnətdaram. Günlər keçdikcə sənə olan sevgim daha da dərinləşir. İndi sənin ən adi sözlərin mənə şeir kimi xoş gəlir. İstəyirəm hər şeyi unudum, ancaq bacarmıram. Axı niyə belə oldu? Bütün dünya gözümdən düşüb. Bilmirəm tale niyə məni belə çətin imtahana çəkdi? Mən hələ də sənin ölümünə inana bilmirəm. O vaxt hardan bilə bilərdim ki, sən bir daha geri qayıtmayacaqsan, bu bizim son görüşümüz olacaq. Əgər onda bu ayrılığın əbədi olduğunu bilsəydim, səni bağrıma basıb qollarımın arasında gizlədərdim, ölümü uzaqlara qovardım. Səni yaxından tanıdıqca sənə daha artıq bağlanırdım. Bizim düşüncələrimizdə, arzularımızda nə qədər oxşarlıq vardı. İndiyəcən heç kəs, hətta ən yaxın rəfiqəm belə məni sənin qədər başa düşməyib…”. Göz yaşları Əminənin gözünün qabağını örtdü. Qız başını əyib iştahla ağladı.

Qəbirlərin arasında gəzən qadın diqqətlə Əminənin hərəkətlərini izləyirdi. Hətta bir dəfə lap Bəhramın qəbrinin yaxınlığına qədər gəldi, qəbirə bir neçə addım qalmış dayandı və geri döndü. Əminənin başı ağlamağa qarışdığından qadının qəbrə yaxınlaşmağını hiss etmədi.

Qəbiristanlığa dəfn karvanı gəldi. Adam çox olanda Əminə rahat ağlaya bilmirdi. "Bunlar da vaxt tapdılar gəlməyə!" - deyərək kənarları krujevalı, ağ rəngli balaca dəsmalla gözlərini quruladı. Çantasından ovcunun içinə rahat sığışan, ürək biçimli güzgüsünü çıxarıb üz-gözünü cəld, ustacasına qaydaya saldı. Özünü qaydaya salmaq üçün ona çox az vaxt lazım oldu. Bu arada həm də bir neçə təbəssüm növünü sınaqdan keçirdi. Üstünə ətir çilədi. Gümrah addımlarla, fiziki və mənəvi cəhətdən yüngülləşmiş vəziyyətdə darvazaya sarı gedəndə arxadan səs eşitdi:

- Xanım, zəhmət olmasa, bircə dəqiqə dayanın, sizə sözüm var.

Əminə dayandı. Zövqlə geyinmiş qadın qıza yaxınlaşdı. Onun yumru, ağ üzü, iri, qara gözləri vardı. Üzünün ağlığı gözlərinin qaralığını, gözlərinin qaralığı isə üzünün ağlığını daha da artırırdı.

- Buyurun, sizi eşidirəm.

- Burada yox, qəbiristanlıqdan çıxaq, - qadının sözləri əmr kimi səsləndi.

Qadın darvazaya sarı addımladı. Əminə də onun dalınca getdi. Darvazanın ətrafında meyit basdırmağa gəlmiş müxtəlif yaş təbəqələrinə mənsub çoxlu adamlar vardı. Ölən, deyəsən, çox yaşlı adam idi, ola bilsin, uzun müddət xəstə yatıb adamları yormuşdu. Nədən ki, onu basdırmağa gəlmiş adamlar sakit, rahat görünürdülər, elə bil bu günə çoxdan hazırlaşmışdılar. Son dərəcə saf, təmiz ağ buludlar mavi səmanın qoynuna toplanmışdı. Bu buludlardan ağ mələklər yerə ensəydi, heç də təəccüblü olmazdı.

Əminə və qadın qəbiristanlıqdan çıxdılar. Asfalt yolu keçib uzaqdan, yaxından, hardan baxılsaydı köhnəliyi dərhal nəzə çarpan "Son dayanacaq" kafesinin yanında, söyüd ağaclarının altında dayandılar. Kafenin qarşısında dayanmış, qırmızı xalatlı yaşlı bir qadın qəbiristanlığın darvazası tərəfə baxırdı. Yuyulmaqdan bozarmış, üstündəki gülləri güclə seçilən yaylığını qaşlarına kimi çəkmişdi. Külək əsməsə də, xalatının ətəklərini dizlərinin arasına sıxmışdı. O, bir növ elə bil darvazanın yanında yığışmış adamların arasında tanış adam axtarırdı. Sağ əlində başı təzə kəsilmiş toyuq tutmuşdu və toyuğun boynundan arada bir yerə qan damcılayırdı. O, Böyük Vətən Müharibəsi illərində divarlara yapışdırılan “Ana vətən səni səsləyir” plakatındakı qadına oxşayırdı.

- Burada rahat danışa bilərik. Vaxtınızı çox almayacam. Mənə xəbər verdilər ki, bir qız hər şənbə əlində gül dəstəsi Bəhramın qəbri üstünə gəlib ağlayır. Bunu eşidəndə bir o qədər də inanmadım. Nəhayət, bu gün deyilənlərin doğru olub-olmadığını yoxlamaq qərarına gəldim. Gördüm ki, düz deyirmişlər - qadın danışarkən uzun, oynaq qaşları onun çöhrəsini daha da cazibədar edirdi - İstəyirəm biz heç nədən çəkinməyək, açıq danışaq, birdəfəlik həqiqəti aydınlaşdıraq.

Bu sözləri deyib qadın düz Əminənin gözlərinin içinə baxdı. Elə bil bu baxışla qızın gücünü sınamaq istəyirdi. Qadının baxışları möhkəm və arxayın, Əminənin baxışları isə qeyri-müəyyən və sürüşkən idi.

- Sizə bunu kim deyib?

- Kimin deməyi o qədər də əhəmiyyətli deyil.

- Siz kimsiniz?

- Mən Bəhramın arvadıyam. Bəs siz kimsiniz?

- Düzü, heç bilmirəm, sizə necə cavab verim.

- Mən eşitmişdim ki, Bəhram cavan bir qızla görüşürmüş. Təsadüfən həmin qız siz deyilsiniz?

- Yox, mən Bəhramla heç vaxt görüşməmişəm.

- Əgər elədirsə, onda siz niyə Bəhramın qəbri üstə gəlib göz yaşı axıdırsınız?

- Bu, mənim şəxsi işimdir. Sizə heç dəxli yoxdu.

Qadının iri, qara gözlərindən qəzəb qığılcımları saçıldı. Özü də gözlərinin ikisi birdən deyil, gah biri, gah da digəri qığılcım saçmağa başladı. O, istədi, Əminənin saçından tutub söyüd ağaclarının altında sağa-sola sürüsün, çətin də olsa özünü saxlamağa məcbur etdi.

- Necə yəni sizə heç dəxli yoxdu? Bu nə sözdür? Siz kimsiniz? Mənim ərimin qəbri üstündə nə işiniz var?

- ...

- Adınız nədir?

- Əminə.

- Əminə xanım, mən təmiz Azərbaycan dilində sizdən soruşuram. Siz kimsiniz? Mənim ərimin qəbri üstündə niyə ağlayırsınız? Onu hardan tanıyırdınız?

- Mən Bəhramı tanımamışam.

- Tutaq ki, belədir, bəs onda Bəhramın qəbri üstündə nə işiniz var? Niyə onun qəbri üstünə gül gətirirsiniz?

- Xahiş edirəm, səsinizi qaldırmayın. Mən dava-dalaşdan uzaq adamam. Yüksək səslə danışmağı sevmirəm. Adamlar yüksək səslə danışanda onları diqqətlə dinləyə bilmirəm. Fikrim dağılır.

- Belə anlarda yüksək səslə danışmamaq mümkün deyil. Gördüyünüz kimi bir az həyəcanlıyam.

- Sizi yaxşı başa düşürəm. Daha doğrusu, sizi başa düşməkdən daha çox sizi hiss edirəm. Sizin yerinizə kim olsa, həyəcanlanar. Mən də ərimin qəbri üstündə tanımadığım bir qızın ağladığını görsəydim, həyəcanlanardım. Sizə etiraf edim ki, səbrli insansınız.

- Təşəkkür edirəm.

- Biz istəsək bir-birimizi asanlıqla başa düşərik…

Qadın, Əminənin mətləbi uzatmasından xoşlanmayaraq onun sözünü kəsdi:

- Bunlar aydındır, mətləbə keçin.

- Sizə doğrusunu deyəcəm. İnanıb-inanmamaq öz işinizdir. Ümid edirəm, məni düzgün başa düşəcəksiniz. İnsanlar müxtəlif olur. Hər bir insanın özünəməxsus qəribəlikləri var. Mən lap əvvəldən qəribə qız olmuşam. Hələ orta məktəbin birinci sinfində oxuyanda ibtidai sinif müəlliməmiz həmişə deyərdi ki, Əminə, sən çox qəribə qızsan. Sonralar mən bu sözü müxtəlif adamların dilindən tez-tez eşitdim. Orta məktəbi bitirəndə, elə son zəng çalınan anda mənim ürəyimdə qəribə bir istək, qəribə bir ehtiyac yarandı. İstədim ki, yaraşıqlı bir sevgilim olsun. Bir gün o qəflətən ölsün və mən hər həftə onun qəbrini ziyarət edim. Hər həftə onun qəbrinin üstünə təzə gül dəstəsi qoyum və doyunca ağlayım. Günlər keçdikcə bu istək daha da güclənirdi. Lakin mən öz istəyimi həyata keçirə bilmirdim. Əvvəla mənlə maraqlanan oğlanlar yaraşıqlı deyildilər. İkincisi, onlardan heç biri qəflətən ölənə oxşamırdı. Daha bu istəyin qarşısında dayanmağa gücüm qalmamışdı. Bir gün heç cürə dözə bilmədim. Qəbirstanlığa gəldim. Cavan ölmüş, yaraşıqlı adam qəbri axtardım. Çox axtarandan sonra Bəhramın qəbrini seçdim. Sizə əminliklə deyirəm - Bəhram bu qəbirstanlığın ən yaraşıqlı sakinidir.

Bəhramdan bir qram da narahat olmayın. Yəqin ki, onun həyatda görüşdüyü başqa qadın olmayıb. Onun sizə xəyanət edəcəyinə inanmıram. Sizin kimi bir qadına necə xəyanət etmək olar?

- Qulağınızı açın, məni yaxşıca eşidin. Sizə ərimin qəbri üstünə gəlməyi qadağan edirəm. Eşidirsiniz? Qəti qadağan edirəm! Bəhram mənimdir! Onu heç kimlə paylaşa bilmərəm. Zəhmət çəkib özünüzə başqa qəbir tapın. Qəbirstanlıqlar cavan adamların qəbirləriylə doludur. Sizdən yaşda böyüyəm. Yəqin ki, həyat təcrübəm də sizin həyat təcrübənizdən çoxdur. Məndən sizə məsləhət, səbrli olun, ruhdan düşməyin. Davamiyyət, ardıcıllıq – budur uğurun sadə və sarsılmaz resepti. Axtarışınızı davam etdirin. Nə yolla olursa olsun özünüzə yaraşıqlı bir oğlan tapın. Onu hansısa formada öldürün. Sonra da qəbrinin üstündə ürəyiniz istəyən qədər ağlayın. Bax o zaman siz həyatın əsl mənasını dərk edəcəksiniz. Başqasının sevgilisinin qəbri üstünə gül dəstəsi qoymaqla, ağlayıb-sızlamaqla siz heç cürə həyatın əsl mənasını dərk edə bilməzsiniz. Sizin hərəkətinizi ancaq həyatı dərk etməyin miskin imitasiyası adlandırmaq olar. Nə demək istədiyimi başa düşürsünüz?

- Təxminən.

- Məni həmişə ümid yaşadıb. Bəzən insan həyatının ən böhranlı çağında deyir ki, mənim işim daha bitdi. Ancaq sonra hər şey dəyişir, hər şeyi yenidən başlayır. Odur ki, səbrli və dözümlü adamlar həmişə həyatda qalib gəlirlər. Mən nə vaxt cəsarət göstərmişəm, onda udmuşam. Mən sizi öz həyat fəlsəfəmlə tanış etdim. İndi isə siz məni öz həyat fəlsəfənizlə tanış edin.

Əminə yerə baxdı və böyük bir qarışqa yuvası gördü. Zəhmətsevər canlıların sayı-hesabı yox idi. Onlar yuvalarına azuqə daşıyırdılar. Əminə dizlərində elə bir zəiflik duydu ki, az qala yuvalarına azuqə daşıyan qarışqaların üstünə yıxılacaqdı.

- Axı mən həyatda nə görmüşəm ki? Başıma sizin kimi macəralar gəlməyib.

- Hər ürəyin öz tarixçəsi olmalıdı. Başqasının ürək tarixçəsinə şərik çıxmaq qeyri-etik hərəkət sayılır. Bu açıq-aşkar mənəvi qəsbkarlıqdır. Mənim ərimin qəbri ilə işiniz olmasın. Əgər bir daha ərimin qəbrinə gül qoysanız, qəbrin başında durub ağlasanız, özünüzdən küsün! Mən başqa cür hərəkət etməli olacam. Eşitdiniz?

- Axı niyə? Məgər Bəhramın qəbri üstünə gül qoymağımın sizə ziyanı var? Niyə paxıllıq edirsiniz?

- Dedim ki, olmaz. Mən Bəhramı heç kimlə paylaşa bilmərəm. Nə ölüsünü, nə də dirisini!

Qadın yenə nələrsə dedi. Ancaq Əminə daha heç nə eşitmədi. O, ağlaya-ağlaya xırda, lakin iti addımlarla avtobus dayanacağına tərəf getdi. Bəhramın arvadı isə bir az peşman olmuş halda Əminənin arxasınca baxdı.

news-inner-user
Seymur Baycan

108 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Atamın həyat yoldaşı... - Şəhriyar del Gerani yazır
21:00 05 Dekabr 2019
Bakıda klassik vokal festivalı keçiriləcək - İlk dəfə
18:53 05 Dekabr 2019
Bakı Uşaq Teatrı premyeraya hazırlaşır
18:47 05 Dekabr 2019
Edqar Ponun hekayəsi: Kütlə adamı - Dilimizdə ilk dəfə
18:11 05 Dekabr 2019
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - Sərəncam
17:22 05 Dekabr 2019
“Şairə ithaf” müsabiqəsinin vaxtı uzadıldı
16:52 05 Dekabr 2019
Türkoloq-alimin 120 illiyi keçiriləcək
16:15 05 Dekabr 2019
“Ustad” dərgisinin 32-ci sayı yeni formatda
15:40 05 Dekabr 2019
Dünyamızı gözləyən fəlakət: Robotlar azadlıq istəyir!
15:01 05 Dekabr 2019
Kulis 2019-cu ilin yazıçısını, şairini, tənqidçisini seçəcək
14:21 05 Dekabr 2019
“Yeddi nar çubuğu” səhnəyə gəlir
13:52 05 Dekabr 2019
Nejat İşler Zeki Demirkubuzun layihəsində
13:11 05 Dekabr 2019
Qədir Rüstəmovun xatirəsi yad ediləcək
12:31 05 Dekabr 2019
Hüseyn Cavidlə Şüvəlanda bağ qonşusu idik... – Xatirə
12:03 05 Dekabr 2019
Cəlil Cavanşirin yeni romanı oğurluqdurmu? - Müəllif ittihamlara cavab verir
11:27 05 Dekabr 2019
Qış ruhu
11:01 05 Dekabr 2019
Dahi rejissor 2019-un üç ən yaxşı filmini seçdi - Siyahı
10:30 05 Dekabr 2019
Nəbi Xəzrinin 95 illiyinə həsr olunmuş gecə keçirilib
09:42 05 Dekabr 2019
Qarabağ haqda zəif filmə baxmaq ikiqat ağırdır
09:01 05 Dekabr 2019
Tanınmış yazıçının nəvəsi vəfat etdi
18:40 04 Dekabr 2019