Ərə getmək istəyənlər haqda Azərbaycan filmi

Ərə getmək istəyənlər haqda Azərbaycan filmi
26 sentyabr 2019
# 09:01

Kulis.az Sevda Sultanovanın “Yeni filmlərimiz” layihəsində “Ər quyusu” bədii filmini təqdim edir.

Süjet: Hadisələr 1990-cı illərin əvvəllərində Azərbaycanın kəndlərdən birində baş verir. Sadə bir ailədə altı qız böyüyür. Qızlardan böyüyü Gülşahın (Ülviyyə Əliyeva) 25 yaşı var. Ortancıl bacı Gülnaz (Könül Şahbazova) da yetkinlik yaşına çatıb. Valideynlərin ən böyük arzusu onları ərə verməkdir. Ana (Rəsmiyyə Nurməmmədova) düşünür ki, böyük qızları ərə getmək üçün artıq geçikir. Qonşuluqda yaşayan, təzəcə nişanlanmış Lalə (Hüsniyyə Əhmədova) bacılara qara eşşəyə minəndən sonra bəxtinin açıldığını deyir. Gülşah qonşusunun (Elxan İsmayılov) qara eşşəyinə minmək üçün fürsət gözləyir. Və onun planı bədbəxt hadisə ilə nəticələnir...

Rejissor Saida Haqverdiyevanın 2017-ci ildə ekranlara çıxan “Ər quyusu” filmi janrına görə tragikomediyadır. Bu ekran işinin bir neçə önəmli cəhəti var. Öncə ondan başlayım ki, kommersiya kinomuzda qadın məsələsinə demək olar ki, yer verilmir. Ümumən isə milli kinematoqrafiyamızda qadın mövzusu diqqətdən kənardır və mərkəzində qadın qəhrəmanların dayandığı filmlər sayca azdır. “Ər quyusu” cəmiyyətdə, özəlliklə əyalətlərdə aktual olan problemdən danışır: alternativ seçimi olmayan qadınların həyatının tək mənasını ailə qurmasında görməsini, valideynlərinin onları məcburən ərə getməyə təhrik etməsi, ərə gedə bilməyəcəyi təqdirdə bunu faciə səviyyəsinə qaldırması. “Ər quyusu”unda rejissor göstərir ki, gənc qızlar seçimsizliyinə etiraz eləmir, əksinə bunu qanunauyğunluq kimi qəbul edirlər. Yəni sovet hakimiyyəti illərində belə qadına hüquqlar, təhsil haqqı tanınmasına rəğmən, bu, patriarxal düşüncə sarsılmayıb. Filmin başqa bir üstünlüyü qəhrəmanların qadın olmasıdır. Kinomuzda demək olar ki, toxunulmayan bir motivi, müəllif dramaturji dərinliklə olmasa da işləyib: ananın qızları ilə münasibətində rəqabət hissi və bundan doğan konflikt. Ana eqoistidir, yaşlanmasını qəbul etmir, qızlarının gəncliyinə həsəd aparır, onlardan yaraşıqlı və seksual görünmək istəyir, ən böyük arzusu isə ərinə oğlan doğmaqdır. Bu mənada ananın qızları ilə qadın kimi gizli, bəlkə də şüuraltı rəqabəti kinomuzda ilk sayıla bilər. Amma daha yaxşı olardı ki, rejissor ümumən filmini ancaq qeyd etdiyim xətt üzərində qurardı. Ata obrazı (Məhərrəm Qurbanov) isə əksinə qayğıkeş, həssas göstərilib.

Bununla belə, “Ər quyusu”nun kinematoqrafik cəhətdən müəyyən qüsurları yox deyil. 90 dəqiqəlik filmdə bəzi epizodların qayçılanması bədii yığcamlıq üçün vacib idi. Misalçün, toy, ananın falçıya getməsi səhnəsindəki müəyyən replikaların və kadrların çıxarılmasına zərurət vardı. Atanın səhvən bazara satmağa apardığı toyuğa, ip əvəzinə büstqalter bağlaması səhnəsi mahiyyətcə koloritlidi. Amma həmin epizod filmin kompozisiyasında orqanik həllini tapmayıb.

O dövrdə dəbdə olan kustar gözəllik vasitələri, geyimlər, dekorasiya, interyer (rəssam İqbal Əliyev) 1990-cı illərin atmosferini yaradır. Amma əhvalatın psixoloji qatını aça bilən, təsvirlər, rakurslar (operator Rəşad Qarayev) yaxşı işlənməyib.

Əhvalat Saida Haqverdiyevanın anasının xatirələri əsasına çəkilib. Bu səbəbdən digər kommersiya filmlərinin əksərindən fərqli olaraq, əhvalatda həyatilik duyulur. Bacıların “Santa-Barbara” serialına baxanda aktrisaların qiyafətinə həsədi, öpüşmə kadrları zamanı ehtiraslanması əslində kədərli epizodlarındandır. Ortancıl bacılardan biri Gülxarın (Səbinə Haqverdiyeva) kitaba meylliliyi onunla ailəsi arasında konflikt situasiyalar yaradır.

Ülviyyə Əliyeva istisna olmaqla rejissor məşhur sima arxasınca qaçmayıb. Aktrisa Könül Şahbazovanın, Kukla Teatrının aktyoru Cavid Telmanın, gənc aktrisa Səbinə Haqverdiyevanın oyunu təbii, səmimidir. Bizim rejissorlar adətən uşaqlarla daha məsuliyyətlə işləyir. Bu mənada digər bacıları ifa edən balacalar- Selcan Xatunun, Vüsalə Bəkirzadənin, Nuray Rəhmanın oyununda saxtalıq hiss olunmur. Uşaqlar əksinə kamera ilə böyüklərdən fərqli olaraq, daha yaxşı kontakt qurur. Ülviyyə Əliyevanın oyununda müəyyən klişelər olsa da, “Ər quyusu” onun dramatik aktrisa potensialını göstərdi.

Onu da qeyd edək ki, “Ər quyusu” filmini rejissor öz vəsaiti hesabına çəkib.

# 6467 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #