AYB sədri olmaq istəyən istedadsız gənclər

AYB sədri olmaq istəyən istedadsız gənclər
5 sentyabr 2019
# 14:12

Kulis.az gənc yazar Orxan Saffarinin "AYB-nin istedadsız namizədləri" yazısını təqdim edir.

Son günlər AYB-nin qurultayı ilə bağlı xəbərlərdə məni güldürən və bir az da qıcıqlandıran proseslər oldu. Oldu deyəndə, elə indi də var.

Yəqin ki, nə demək istədiyim aydındır. Üç nəfər ciddi-cəhdlə şeir yazmağa çalışan "muşketyor" dostlar deyib ki, bəs, biz AYB sədri olacağıq, çəkilin qırağa. Qıraqdan baxan da elə bilər, Anarın üstünə “İrasim” gəlir. Allah köməkləri olsun! Avazları gözəldi, oxuduqları və yazdıqları şeir olsa. Fəqət, burda bir sıra məsələlər də var. Gəlin, onları birlikdə aydınlaşdıraq.

Bir vaxtlar deyilən, mənim indi eşitdiyim bir ifadəni bərabər oxuyaq:

"Bizə istedadlı yox, sadiq adamlar lazımdır"

Bunu AYB rəhbərliyindən demişdilər. Düzü, bu açıqlama məni açmamışdı. Amma indi buna başqa müstəvidən baxaq.

Dediyim kimi, üç nəfər boy-buxunlu, yarrı-yaraşıqlı, çiçəyi burnunda, şeirləri qoltuğunda olan gənc AYB-yə sədr olmaq üçün namizədlik irəli sürmək istəyiblər. Həmvətənimizin belə yerdə yaxşı bir sözü var:

- Sür, əmioğlu, sür, sən yaxşı oğlansan.

Yazının bu yerində bir zamanlar məşhur meyxananın qafiyəsi də yadıma düşdü:

"Asta sür maşını amandı sürcü

Göz gözü görməyir, dumandı sürcü"

Təsəvvür edin, ilin-günün bu vaxtı üç nəfər belə saf adam var. Əvvəla, təklif edərdim ki, bu gəncləri öldürək, mumiyalayaq. Bir də hardan tapacağıq Anara rəqib olmaq istəyən adamı? Özü də bu şəkildə. Heyrət, ey büt!

Hazırki əsas şəkil

Açığı, baxan kimi bilirsən ki, Fuad Cəfərli də, Tural Turan da, Emil Rasimoğlu da xal qazanmaq istəyir. Başqa heç nə. Çünki onlar da adları kimi əmindirlər ki, heç vaxt Anarın yerinə gələ bilməzlər. Buna kimdir imkan verən? Əgər AYB-yə başqa sədr lazımdırsa, bunun üçün orada məsul şəxslər var. Çingiz Abdullayevi, Qulu Ağsəsi, Rəşad Məcidi, Fikrət Qocası, Elçin Huseynbəylisi, vallah, dirənən yeri Dayandur Sevgini var. Heç kimin oxumadığı və ciddi qəbul etmədiyi, idarəetmə qabiliyyəti olmayan bu gənclərin sədr olmasına kim rəvac verər ki?

Məsələn, mən əminəm ki, dünyanın 8-ci möcüzəsi baş versə, onlardan hansısa sədr olsa, başlayacaqlar Turan belə gəldi, türk belə getdi, “salam, əfəndim”, “sağ olun, əfəndim” və s. və. i.a. Yəni heç birinin qəti şəkildə idarəçilik qabiliyyəti belə yoxdur. Belə adamların seçilməyindənsə, mən Anarın bir 32 il də sədrliyinə razı olaram.

Yaxınlarda feysbukda belə bir yazışma oxudum və hələ də yadıma düşəndə gülürəm.

Tural Turan rəylərin birində Rəşad Məcidə istehza ilə yazmışdı ki, mən sizin istədiyiniz kimi gənc olmadım. Yəni bu istedadlıymış, amma sadiq olmayıb. Özünü bu kateqoriyaya aid etməyib. Rəşad Məcidin verdiyi bu cavabı məncə, Tural Turan bütün məclislərdə desin ki, bəlkə ədəbiyyatda elə qaldı.

Bu da Rəşad Məcidin cavabı:

- Sən 3-cü kateqoriyaya aidsən, həm istedadsız, həm etibarsız!

Yaxınlarda Qan Turalı ilə Tural Turanın canlı yayımda debatına baxdım. İlahi, Tural necə də hiss eləmirdi ki, Qan Turalı onunla məzələnir. Görəsən, bu gənclər həqiqətən də özlərini ciddi bir zad hesab edir? Bu beyinlə sədr olmaq istəyir? Vallah, AYB-nin qarşısındakı "parkovşik" oğlan pulunu qazana-qazana ədəbiyyata daha çox xidmət edir, nəinki bu gənclər. Həmin canlı yayıma baxsanız, gedib Anara təşəkkür edərsiniz.

Bu üç gənci heç bir şair və yazıçı qəbul eləmir. Hansı məclisdə adları çəkilirsə, ancaq gülürlər. Onların dediyi sözlərə və şeirlərinə.

Məsələn, baxın bu cümləyə, görün, gülməlidir, ya yox:

“AYB-nin sədrlik postuna namizədliyimiz təsdiqlənərsə, mübarizə aparacağım ciddi rəqib Anar deyil, Fuad Cəfərli və Emil Rasimoğlu olacaq!” - Tural Turan.

Bunu mənə bir yazıçı dostum göstərdi və o ki var güldük. Amma bu dostlar elə bilir ki, ciddi bir söz deyiblər. Əslində, xəbərləri olmadan özləri özlərinə ironiya edirlər, ironiya nədir, heç onu da eləmirlər, sadəcə və sadəcə özlərini biabır eləməklə məşğuldurlar.

Burdan-bura hələ sədrliyə namizədliyi təsdiqlənməyib, hələ bir də gördün AYB-nin beyni çöndü, onları üzvlükdən də çıxartdı, bu da deyir, rəqibim Anar deyil. Bəs, kimdir, Alış, mənim Ziyad dayım?

Yenə də deyirəm, heç kimin tanımadığı, tanıyanların da ciddi qəbul etmədiyi, daim güldüyü, lağ etdiyi biriləri necə ola bilər ki, AYB-yə sədr olsun? Amma iddiaları o qədər böyükdür ki, deyərsən, bundan yoxdur.

Tam səmimi deyirəm, əgər bu gənclərin yerinə başqa bir gənc(lər) olsaydı, AYB ilə heç bir problemim olmasa belə dəstəkləyərdim. Bu, mənim içimdən gələn bir hissdir. Gəncliyə nə olur olsun dəstək olmaq və nələrəsə etiraz etmək. Amma belə gənclərə yox!

Bir daha deyirəm, bu gənclər özləri də bilir ki, onlar heç vaxt sədr ola bilməyəcəklər. Burada iki məsələ qalır; ya kiminsə küyünə gedirlər, ya da xal qazanırlar! Amma təəssüf ki, bu, xal qazanmaqdan keçib. Onlarınkı biabırçılıqdır. Sadəcə, camaatı özlərinə güldürürlər. Nə deyirəm, qoy proses davam etsin. Onlar onsuz da istədiklərinə nail ola bilməyəcəklər və yəqin sonda "əsas iştirak eləməkdir" deyib gülüş hədəfinə çevriləcəklər. Necə ki indidən çevriliblər.

# 2547 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #