news-inner
clock16:14 calendar-gray 28 Avqust 2019 view-gray520 dəfə oxunub
view-gray520 dəfə oxunub

Nəsiminin dərisini niyə soydular?

Kulis.az Fəxrəddin Salimin "Nəsiminin dərisini niyə soydular?" essesini təqdim edir.

Yerə-göyə sığmayanlar bir ocağa, bir qucağa, hətta bir bucağa sığındılar. Sığmazlıq masivaya münasibətdədir. Masiva isə Allahdan başqa hər şeydir. Allahdan başqa heç nə olmadığına görə, hər şeyə sığındı Allahdan başqa heç nəyi olmayanlar.

Sığınmaq qurtulmaqdır. Nədən? Dünyanın əzabındanmı, fələyin çərxindənmi, ömrün gətirdiyi bəlalardanmı? Əlbəttə, bunların hamısı var. Əslində isə, bunların heç biri yoxdur. Təkcə sən varsan. Sən səndən qurtulmalısan. Bunları sənin başına gətirən sənsən. O ocaqdan, o qucaqdan, o bucaqdan ayrı qaldığın müddətcə, dünya da fələk də ömür də başına, bəla olacaq.

Olacaqlar... yəni qəzavü-qədər, bəxt, tale, alın yazısı. Bunlar hamısı var. Əslində bunların heç biri yoxdur. Çünki bunlar da masivadır, yəni Allahdan başqasıdır. Allahdan başqası varmı? Üstəlik, bunlar güc sahibi olanlardır. Allahdan başqa güc və qüdrət sahibi varmı?

Nədir güc, nədir qüvvət? Əlbəttə ki, nəticədə qalib olanlar. Əgər o qələbə çalmırsa, o zaman gücsüzdür və ya güc və qüdrət qarşı tərəfdədir. Qarşı tərəf kimdir? Sənsən! Qəzavü-qədər, bəxt, tale, alın yazısı o zaman güc və qüdrət sahibidir ki, sənə qalib gəlir. Sən isə o zaman məğlub olursan ki, masivadan birisən. Masivada isə fələkdən güclü heç nə yoxdur. Fələk vurur. Yəni qəzavü-qədər insanın başına çox şey gətirir. Bu zərbələrə dayananlar qarşı tərəfə qalib gələnlərdir. Bəs necə dayanmaq olar fələyin vurduqları qarşısında? Səbirləmi? Rizaylamı? İmanlamı? Xeyr. Bunlar da masivadır. Masivanın qarşısına masivayla çıxmaq olmaz. Səndəki silahdan qarşı tərəfdə çoxdan var. Masivanın qarşısına masiva olmayanla çıxmaq olar. Əgər Allahdan başqa hər şey masivadırsa, deməli, masiva olmayan hər şey Allahdır!

Necə ayırd etmək olar masivanı Allahdan? Axı masiva yoxdur. Hər şey Allahdır. Bəs masiva hardadır? Ən yaxında olan Allahdırsa, niyə masivadan qurtula bilmirik?

Sığmadı insan. Nəyə? Masivaya. Sığındı insan. Nəyə? Masivadan başqa hər şeyə. Bu, ağıl işi deyil. Məntiq onu deyir ki, idrak görünənlə, duyulanla, hiss edilənlə əmələ gəlir. Əgər beş duyğu yalnız masivanı dərk edirsə, deməli, Allah şüurumuzda deyil. Şuurda olmayana sığınmaq isə, şüursuzluqdur. Daha dərin məntiq isə bunu deyir ki, sığındığımız şeyi əvvəl hiss etməliyik. Ocaq, qucaq, bucaq... hamısı beş duyğunun cazibəsindədir. Duyğunu cəzb edənlər isə, idraka doğru yol açanlardır. Deməli, dərk etmək üçün həm də əvvəlcə yaşamaq lazımdır. Yəqin elə buna görə Həzrət Əli deyirdi ki, mən görmədiyim Allaha ibadət eləmərəm!

Sığınmaq... Diqqət etsək, görərik ki, bu kəlmə "sığmaq" deyil, "sığınmaq"dır. Ayrı-ayrı şeylərdir bunlar. Sığmayan sığa bilməz, yalnız sığına bilər. Onlar Allahı görüb masivaya sığmadılar. Masivaya sığmadılar, ancaq masivadan qaçıb sığındılar. Niyə? Çünki masivadan qaçmaq mümkün deyil. Əgər belə olsaydı, heç ondan qaçmağa gərək də qalmazdı. Çünki, qaçmaq da qovalamaq da əbədidir. Allahdan başını bir anlıq çölə çıxarsan, o başı masiva, yəni qəzavü-qədər yeyəcək. Buna görə də mücadilə əbədidir.

Allahı masivanı öz ziddi olaraq yaratdı və öz ziddini ona görə yaratdı ki, varlığından xəbərdar olsunlar. Ancaq masiva həm də ona görə Allahın ziddidir ki, Allaha sığındığın zaman amandasan. Ancaq masivaya sığdığın zaman, təhlükədəsən. Təhlükə tam olaraq, güvəndiyin yerdən gələcək. Allah isə təhlükə mənbəyi olmadığı üçün, güvənmək gərəkən yalnız Odur!

Olma fani aləmə mail, oyan!

Nəsimi bu bircə misrada nələr deyib! Bu, həm də sualdır. Həqiqətən, nə deyir bu misrada ulu Nəsimi? Yatmaqdan bəhs edir, "oyan" deyir. Fani aləmə, yəni masivaya uymaq, həm də yatmaq mənasına gələn uyumaq deməkdir. Mail olmaq masivaya meyl etməkdir. Yəni, Allahdan başqasına. Çünki bundan əvvəlki misrada deyir ki;

Haqqa gəl kim, Haqq deyil batil, oyan!

Haqq Allahdır. O, batil deyil, yalan deyil. Batil olan, yalan olan Onun ziddidir, yəni fani aləmdir, masivadır. Haqqın batil olmaması bu anlama gəlir ki, batilə yox, haqqa, yəni doğru olana sığınmaq lazımdır. Dördüncü misra həlledicidir:

Mərifətdən nəsnə qıl hasil, oyan!

Mərifət tanımaq deməkdir. Nəsnə isə hər şeydir. Məhz fani olan masivadır. Nəsimi dünyanı mərifətlə tanı deyir. Hasil etdiyin nəsnə mərifət olsun, deyir. Mərifətdən nəsnə hasil etmək, məhz yuxarıda bəhs etdiyimiz şüurdur. Nəsimi deyir, tanımadığın, görmədiyin Haqqa inanma. Burax, Haqq özünü isbat etsin!

Lakin hardadır Haqq!? O, özünü necə sübut edəcək? Necə deyəcək ki, mən varam və burdayam? Bunun cavabı isə, birinci misradadır:

Ey özündən bixəbər qafil, oyan!

Əslində, ustad Nəsimi çözümü əvvəldə gətirib. Heç nəyə, nə o digər üç misraya, nə başqa misralara, nə divanlara, nə kitablara, nə peyğəmbərlərə, nə elmə-filana gərək yox idi. Elə insan özündən xəbər tutsaydı, bütün düyünlər çözüləcəkdi. Necə ki, mənqəbəyə görə, Həzrəti Mövlananın yeni şirazələnmiş "Məsnəviyi-mənəvi"sini Dərviş Yunusa göstərdikləri zaman, miskin ozan belə demişdi: Sağ olsun. Çox böyük zəhmətlə yazılıb. Ancaq mən onun yerində olsaydım, bütün bunların əvəzinə ikicə misra deyərdim:

Ətə, kəmiyə büründüm,

Yunus olub, göründüm.

İnsanın ilk və son qəfləti özündəndir. Sığındığı və sığdığı şeylər də bu qafilliyinin yerini doldurmaq üçündür. Ancaq yuxarıda da deyildiyi kimi, sığmaqla sığınmağın fərqi ondadır ki, dünyaya sığdığın zaman, özündən daha artıq qafil olursan. Lakin Haqqa sığındığın zaman Haqq səni sənə göstərir. Çünki, Haqq başqa yerdə deyil, səndədir!

Bulmuşam Həqqi, "Ənəlhəq" söylərəm,

Həq mənəm, Həq məndədir, Həq söylərəm!

Məlum olduğu üzrə, bu misralar da Nəsiminindir. Dünyaya sığanlar, masivaya güvənənlər Nəsimiyə kafir damğası vurdular. Çünki, həqiqətin açılmasını istəmədilər. Onlar bu gün də var və bəlkə bu gün daha da güclüdürlər. Nə Haqq haqlığından keçər, nə batil batilliyindən! "Ənəlhəq" demək, Allahı axtarmayın, deməkdir! Axtarılası itik sənsən, ey insan! Sən səndən bixəbər olduğun müddətcə, Allah ortaya çıxmayacaq. Allahın varlığı səndən asılıdır. Sən səni bulmayana qədər Allah yoxdur.

Allah səni öz ziddi olaraq yaratdı. Hər şey öz ziddi ilə ortaya çıxdığı üçün, deməli, Allah özü görünmək üçün, səni xəlq etdi. Sənə vəzifə verdi. Buna görə, səni faili-muxtar yapdı. Sənin vəzifən isə, həmin o ziddi tərs üzünə çevirmək, yəni həqiqəti göstərməkdir. Allah hər şeyin üzündədir, amma sənin içindədir. Bir quş, bir daş, bir dəniz soyunmaz, içini göstərməz. Çünki onun nəyi varsa, çölündədir. İnsanın isə nəyi varsa, içindədir. Allah başqa yaranmışlara öz sifətini verdi, ancaq əmanətini vermədi. Bu əmanət Allahın özüdür! Özünü isə düz mütənasib, yox, tərs mütənasib göstərdi. İnsana yüklədiyi məna isə, bu tərsi düzünə çevirmək, yəni batini zahirə döndərməkdir. Nəsimi, Mənsur və digərləri bunu etdilər. Allahı göstərdilər. Allahın diləyini yerinə gətirdilər. Bunun üçün isə dünya dərisi, masiva cildi soyulmalı idi və soyuldu!

Nəsimi, "bülbüli-qüdsi" ifadəsini işlədir. Yəni "müqəddəslik bülbülü". Yəni, Allah adına ötən quş. Məqsəd din və dinin anlatdıqlarıdır. Nəsimi buna "qəfəs" deyir. Bülbül isə qəfəsdə olduğu zaman, öz nəğməsini yox, başqalarının ona öyrətdiyini oxuyacaq. Nəsiminin tələb etdiyi gülüstan isə, bülbülün öz məkanı, yəni Haqqı daşıyan insanın özündən xəbər tutmasıdır. Bəli, insanın hürriyyəti yalnız özünüdərklə mümkündür. Bizə öyrədilənlər bizim bildiklərimizi unutdurmaq üçündür. Hər kəs xatırlasın, adətlər, inanclar, qorxular, qanunlar nə zaman və hansı şəraitdə bizim içimizə doldu? Onları bizmi çağırdıq, özlərimi gəldi? Bizmi istədik dindar olaq, yoxsa istədilər biz dindar olaq? Haramızda yazıldı bizim hansı dinə mənsub olduğumuz? Fərdlərlə işləmək, milyonlarla işləməkdən asan deyilmi? Nədən güc sahibləri asanı buraxıb çətinin dalınca belə asanlıqla getdilər? Bunu heç düşünən oldumu? Niyə "düşün" demədilər, "düşünək" dedilər? Niyə "dərk edin" demədilər, "inanın" dedilər. Axı inanmaq dərk etməkdən çox-çox çətindir. Daha doğrusu, dərk etdiyini qəbul etmək, inandığını qəbul etməkdən çox-çox asandır. İndi bildinizmi, Nəsiminin dərisini niyə soydular?! Bir şair xilafətin nəyinə lazım idi? Şeytana daş atırdın, gedib şairə dəyirdi. O boyda xilafətin, onlarla ağır çəkili, saçı-saqqalı kitabxanalarda ağarmış alimlərin, müctehidlərin nəyinə lazım idi Həllac Mənsurun haqqında fitva çıxarmaq üçün aylarca min fitnəkarlıqdan çıxmaq? Nəsimi şeir yazmaqdan başqa neyləmişdi ki, bu gün Suriyada Allah adına beşikdəki körpələrə "kafir" deyib, süngüyə keçirənlər, 6 əsrdən sonra onun qəbrini dağıtsınlar? Yox, məlum olur ki, Nəsimi sadəcə şeir yazmırmış! Əgər onun qəbrini bu gün dağldırlarsa, deməli, onunla bu gün də savaşırlar. Əgər onunla bu gün də savaşırlarsa, deməli, o, bu gün də yaşayır! Çünki, dediyimiz kimi, masiva hər zaman var. Bu savaş əbədidir. Xeyirlə şər savaşmır. Çünki, nə xeyir var, nə şər. Haqla batil savaşır. Haq xeyir, batil isə şər deyil. Biri Allahın özü, digəri ziddidir. Ariflər tərsi düzünə çevirmək istədikləri üçün masiva dirənir. Savaş bundan çıxır. Yoxsa, Allahdan başqa heç nəyin olmadığı aləmdə hansı şərdən, hansı qaranlıqdan söhbət gedə bilər? Xeyirin var olması üçün, onun ziddi olan şərin var olması lazımdır. Şər isə, ümumiyyətlə olmadığı üçün, xeyir də mövcud deyil. Məsələ xeyrin, şərin üzərində deyil. Məsələ xeyir sifətində görünən özünüdərkin, şər sifətində görünən özündən bixəbərliyin üzərindədir. Xeyir də şər də həqiqətin təzahürləridir. Dörd mərhələ kimi əzbərə dönən ürfani qəliblərin birində deyilir:

Şəriət – Allahdan insanlara gedişdir

Təriqət – İnsanlardan Allaha gedişdir

Mərifət – Allahdan insanlara gedişdir (bu səfər başqa anlamlarda)

Həqiqət – Allahdan Allaha gedişdir.

Masivanın olmadığı yeganə yerdir Haqq dərgahı. Lakin bu dərgahın harada, kimin iddiası altında olması, doğru və yaxud aldanış olduğunu təyin edən bircə fürqan var. Onun da adı eşqdir! Yalnız eşq masivanın rəngini silə bilər. Din qüsurludur. Çünki insan qüsurludur. Eşq isə insanı Allah etdiyi üçün onun qüsuru olmaz. Qüsur masivanın qarışığından törəyən məhluldur. İnsan masivanın parçası olduğu müddətcə qüsurlu qalacaq. Masivadan sıyrılmaq isə, özünü kəşf etməklə nəticələnir ki, bu da İlahi meyin həm bəhrəsi, həm də o meylə mükafatlandırılmaqdır.

Dünyaya ona görə sığmadıq ki, Allaha sığınaq. Əgər dünyaya sığsaydıq, dünya bizi içində gizlədəcəkdi. Hansı cismimizi, hansı ruhumuzu Həzrəti Pirin qapısına gətirəcəkdik? Çox şükür! Çox şükür ki, bir dünyamız yoxdur! Çox şükür ki, masivanın bir parçası deyilik.

Xilqət bizdən başladı, Xaliq də bizdədir!

Ərş ilə fərş "kafü nun", məndə bulundu cümləcun,

Kəs sözünü və əbkəm ol, şərhü bəyanə sığmazam!

P.S. Elə səsimizi, sözümüzü kəsən də bütün bu deyilənlərin özünün bir masiva olduğunu deyən də yenə Nəsimi oldu. /artkaspi.az/

news-inner-user

16507 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Nаmiq Аbdullаyеvin ахırı – Portret-hekayə
21:00 22 Sentyabr 2020
Tanınmış bəstəkara ağır itki üz verdi
18:41 22 Sentyabr 2020
Tarkovski ilə bağlı kadrarxası çəkilişlər hərraca çıxarılacaq
18:04 22 Sentyabr 2020
Sən ağlama, bulaq səslim – Qismət Məsimin yeni şeirləri
17:15 22 Sentyabr 2020
Haqverdiyevlə Üzeyir bəyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
16:29 22 Sentyabr 2020
Azərbaycanlı reper qəza keçirtdi
15:41 22 Sentyabr 2020
Nişanlısının yaylığı ilə ölümdən qurtuldu, “vətən xaini” idi Sovet İttifaqı Qəhrəmanı oldu - Fransa prezidentinin Brejnyevdən tələb etdiyi azərbaycanlı
15:02 22 Sentyabr 2020
Şəhid oğlunun fotosu və Beynəlxalq Sülh Günü
14:24 22 Sentyabr 2020
Peterburqda susan Azərbaycan tarı: Onun məzar yerini unutmayın!
13:41 22 Sentyabr 2020
Məmur özbaşınalığından serial çəkilir - Azərbaycanda ilk
12:55 22 Sentyabr 2020
Hərbi təlimə gedən dostlarımızın avtobus pəncərəsindən dedikləri - Sərdar Amin yazır…
12:15 22 Sentyabr 2020
Azərbaycan Kiyevdə etnomədəni festivalda - Foto
11:58 22 Sentyabr 2020
Azərbaycanlı yazıçının kitabı rus dilində nəşr olundu
11:10 22 Sentyabr 2020
Nələr görmür gözümüz, nələr çəkmir başımız? – Günün şeiri
10:36 22 Sentyabr 2020
Stalloneyə ağır itki üz verdi
10:25 22 Sentyabr 2020
Norveçdə Nizami məktəbi fəaliyyətə başlayıb
09:53 22 Sentyabr 2020
Biz tərəflər – Şərif Ağayardan yeni hekayə
09:01 22 Sentyabr 2020
Rejissorumuzun filmi Moskva festivalının əsas proqramında
18:57 21 Sentyabr 2020
Notr-Dam kilsəsinin muzeyi işə başladı
18:34 21 Sentyabr 2020
Ayağı kəsilmiş sevgilisini tərk edən Ceyran – Sara İbrahimin hekayəsi
17:48 21 Sentyabr 2020