Qadından doymağın sirri – Səfər Alışarlının 65 yaşına...

Qadından doymağın sirri – Səfər Alışarlının 65 yaşına...
12 avqust 2019
# 11:14

“Bu gün çağdaş nəsrimizin sütunlarından olan Səfər Alışarlının doğum günüdür. Mən Səfər müəllimi ədəbiyyatımızın yiyələrindən biri hesab edirəm. Biz yazanda həm də Səfər Alışarlı üçün yazırıq. O oxusun, o baxsın gör necədir deyə...

İstənilən gözəl mətn üçün müəlliflə bir yerdə Səfər Alışarlını da təbrik etmək gəlir içimdən. O, ədəbiyyatla xoşbəxt etməyi və xoşbəxt olmağı bacaran biridir. Bu qədər böyük və şanslıdır yəni...

Doğum günün mübarək, Maestro!

Sənə görə Tanrıya minnətdaram!”

İki il öncə Səfər Alışarlının doğum gününə yazmışdım. Bu iki ildə fikrim dəyişibmi? Dəyişməyib. Əksinə, daha da dolğunlaşıb.

Bu gün doğrudan da çağdaş nəsrimizin sütunlarından olan Səfər Alşarlının – Bizim Səfərin 65 yaşı tamam olur.

Adam inana bilmir. Həm yazıdakı, həm həyatdakı sanbalına baxmayaraq, Səfəri həmişə gənc xəyal eləmişəm. Bu gün də mənə elə gəlir, biz daha cavanıq, Səfər müəllimsə 40 yaşlarındadır. Bəlkə onu bu yaşlardan tanımışam, ona görə...

Yadımdadır, ədəbiyyatın tamamilə dalana dirənən vaxtları idi, heç kim sözdən söhbət açmırdı. Ədəbiyyat həvəskarları və gənclər daha çox şeirlə uğraşırdılar. Nəsr təkcə unudulmamışdı, həm də bunun çox normal olduğunu düşünürdülər. Şəxsən mənə elə gəlirdi, bir daha heç kim proza yazmayacaq. Heç buna gərək də yoxdur!

Həmin vaxtlarda “Azərbaycan” jurnalında Səfər Alışarlının “Gavur” povesti çap olundu. Mən jurnalı ədəbiyyat fədaisi Mehdi Bayazidin əlində gördüm. Səfərin povesti olan səhifələr əzilmiş, qaralmış, cümlələrin altından çoxlu xətlər çəkilmişdi. Povesti oxumamışdılar, sorub şəhd-şəkərini çıxarmışdılar. Mehdi adamları saxlayıb cümlələr oxuyur, ehtizazla başını bulayırdı. Mən onda Səfərin yerində olmaq istədim. Çünki Mehdini tanıyırdım, onu bu cür heyrətləndirmək mümkün deyildi.

Sonra “Maestro” gəldi və romanın uğuru nəsri bir janr kimi sanki yada saldı.

Hələ Səfər Alışarlı ilə şəxsən tanış olmamış bir gün onun müsahibəsində öz adıma rast gəldim. O, “əli qələm tutan” gənc yazıçı kimi məndən danışmışdı... Həyatımda çox az sevincli günlərim olub, bu, onlardan biri idi!

Sonralar Səfərdə təkcə mənə qarşı yox, hər kəsə və hamıya qarşı ədalət gördüm. Yaxşı mətn onu sevindirib həmişə. Bu hiss hər adamda olmur. Xüsusən o, yazıçıdırsa və özünün ədəbiyyat iddiaları varsa...

Səfəri hər zaman usta oldu.

Təbəssümündən tutmuş, adi replikasına, zarafatına qədər onluqdan vurdu həmişə.

Bir yazıçı üçün nə lazımdır? İstedad, həyat təcrübəsi, təhsil, özünü yazıda realizə etmək imkanı və tanınmaq. Səfər Alışarlıda bu nüansların hamısı yerli yerindədir, birindən başqa.

Onu təbiət yazıçı yaradıb. Buna şübhə eləmək olmaz. Kənddə doğulub, şəhərdə yaşayıb, bu vəsilə ilə cürbəcür, rəngarəng insanlar, mühitlər görüb. Vəzifədə işləyib. Həmişə demişəm, insanların qövsü-qüzehlərində elə rənglər var ki, onları görmək üçün mütləq vəzifədə işləməlisən. Yaxşı təhsil alıb. Təhsil barədə Səfəri bəxti gətirmiş saymaq olar: onu M.Qorki adına ədəbiyyat institutuna oxumağa göndəriblər, o da çoxundan fərqli olaraq sözün həqiqi mənasında oxuyub!

Səfər Alışarlı Moskvadan Azərbaycana master kimi qayıtdı. O, həm də yeni insanlar, xüsusən qadınlar görmüşdü. Azərbaycan ədəbiyyatının və ədəbi mühitinin bir axsayan tərəfi də qadınlardır. Qapalı cəmiyyət olduğumuzdan onlarla yetərincə yoldaşlıq edə, sevgili ola, həyat yaşaya bilmirik. Ona görə, yaxından tanımırıq. Bizdə universal qadın obrazlarının yaranmamsının əsas səbəblərindən biri də budur.

O, həm də qadını tanıyan, onunla yazıçı kimi rəftar etməyi bacaran azsaylı yazıçılarımızdandır. Bunun sirrini isə özü açdı bir dəfə: “Qadını tanımaq üçün ondan doymaq lazımdır!”

Səfər Alışarlı 60-cılardan sonra böyük yazıçı yoxdur iddialarını utandıran şəxsiyyətdir.

Kimsə bunu bilmir, anlamırsa, problem onun özündədir.

Bəs çatışmayan nədir?

Tanınmaq!

Ərz edirəm ki, Səfər müəllim nəinki yaxın-uzaq ölkələrdə, Azərbaycanın özündə, hətta ədəbi mühitdə kifayət qədər tanınmır. Adamlar kiminlə müasir olduğunun fərqində deyillər. Və mən az qala hər bir gəncin yaradıcılığında Səfər Alışarlını tanınmamağın, onu yaxşı-yaxşı oxumamağın izlərini görürəm. Bu çatışmazlıq daha çox dillə rəftarda ortaya çıxır.

Səfər bizə sözdən cümləyə, cümlədən abzasa, abzasdan mətnə keçməyin sirlərini öyrədir. Onun yazılarında sadaladığım prosedurlar bir-birini elə üzvi şəkildə əvəz edir ki, yazı oxuduğunun fərqinə varmırsan, sözlərin, cümlələrin zahiri görünüşü unudulur və mətn səni öz qoynuna alır. Mənə elə gəlir, o, yazanda sözü barmağının ucunda plastilin kimi oynadıb qoyduğu yerə uyğunlaşdırır, sonra üstündən sığal çəkir. Qəribədir, Səfər təkbaşına işlənəndə “çığıran” sözləri də çəkinmədən işlədir və bu “nadinc” sözlər onun sehrli əllərinin ovsununda mağıllayır. Səfərin nəsri sakit su misallıdır. Nəhəng daşları, qayaları gətirəndə də qırçınını, naxışını itirmir.

Şübhə etmirəm ki, Səfər bir ispan, bir ingilis, hətta bir fars, bəlkə bir gürcü olsaydı bundan qat-qat çox tanınar, üstəlik çox yazıb-yaradardı.

Səfər Alışarlının indiyədək yazdıqlarına görə onun fədakarlığına minnətdarıq, yazmadıqlarının günahkarı isə Azərbaycandakı bərbad yaradıcı mühitdir.

Ən məhsuldar dövrləri milli azadlıq hərəkatına düşdü. O zaman mübarizəni qoyub yazmaq heç kəsin ağlına gəlmirdi. Məsələn, mən deyirəm, kaş Səfər heç nəyə fikir vermədən sadəcə yazaydı. Çünki, meydanlarda “Azadlıq!” hayqıran çox idi, Səfər Alışarlı tək idi. Özü belə düşünmür amma. Azadlıq mücadiləsində iştirak etməsindən həmişə qürur duyur. Moskvada oxuyan, müxtəlif millətlərin içərisində olan biri kimi müstəqilliyin nə olduğunu hamımızdan daha yaxşı bilir.

Sonra müharibə...

Dağıntılar...

Keçid dövrünün problemləri...

Və hələ də - azadlığımızın 28-ci ildönümündə də normal ədəbiyyat mühitinin olmaması...

Amma sevindirici bir hal da var: o, məhsuldar yaradıcılıqla məşğuldur. Dalbadal bir neçə kitabı işıq üzü gördü. Hətta, aramızda qalsın, bir romanı da var.

Bu, bizi çox sevindirir!

Oxucularımız onun bədii və publisistik yazılarını Kulis.az-da mütəmadi oxuyurlar.

Gənc yaşında ustadlıq mərtəbəsinə qalxan, 65 yaşında gənc qalan Səfər Alışarlını yubiley münasibəti ilə təbrik edirəm!

Və bir daha yazımın əvvəlindəki təbrik mətninin son cümləsinə qayıdıram:

Sənə görə Tanrıya minnətdarıq!

# 3059 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

12:30 26 aprel 2024
Farabi Film Festivalı  keçiriləcək

Farabi Film Festivalı keçiriləcək

12:25 26 aprel 2024
Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

12:18 26 aprel 2024
"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
Musiqi və incəsənət məktəblərinə qəbul elektron qaydada aparılacaq

Musiqi və incəsənət məktəblərinə qəbul elektron qaydada aparılacaq

12:00 26 aprel 2024
"Puma x Fenty" brendinin yeni siması - Foto

"Puma x Fenty" brendinin yeni siması - Foto

11:30 26 aprel 2024
# # #