news-inner
clock12:59 calendar-gray 26 İyun 2019 view-gray809 dəfə oxunub
view-gray809 dəfə oxunub

O qadına mütləq cavab verin... - Esselər

Kulis.az Hədiyyə Şəfaqətin "Kərpic evlər, kərpic divarlar" yazısını təqdim edir.

Daşınmı yaddaşı dərindir, torpağınmı?

Bəlkə də daşların. Daşlar yaddaşı içinə alıb gizlədir. Daşların sərtliyi yaddaşına həkk olunmuş hər şeyi bir sərtliklə qoruyur, daşlar elə daş kimi susur, nə zərrələnib havaya, nə əriyib suya qarışır...

Torpaq...

Torpaq bitirəndir, torpaq yuva, torpaq can verəndir. Kim bilir, kökləri torpağın dərinlərinə gedən ağaclar, üzdə qalan otlar, kövrək çiçəklər yaddaşın hansı qatından nələri götürüb özüylə aparır...

Amma bir gün hər şey yenidən qayıdır...

Torpaqdan başlayan hər şey özündə daha zəngin, daha kövrək, daha qəribə bir yaddaş daşıyır... Yaddaş cana çevrilir. Yaddaş canla qarışır. Yaddaş bir candan başqa cana keçir... Yaddaşa yaddaş qarışır. Yaddaş yaddaşa qarışır, yaddaş keçmişi ən gözəl halına salır-əridir, həll edir, yenidən bitirir.

Torpaq ancaq gözəl şeylər bitirməyə qadirdir...

Bəlkə də bizə dəyən daşlar içində saxladığı yaddaşın bu torpaqdan süzülməmişliyinə görə bu qədər ağır olur, ağrıdan olur... Torpaq dəyir, dağılır, əriyir, dəyişir – onun qalıcı qəzəbindən söhbət gedə bilməz. Torpaq bağışlayandır, çünki o bizdən ibarətdir...

***

Görəsən torpaqdan kərpic kəsmək ilk dəfə kimin ağlına gəlib? Görəsən dünyanın ilk kərpici hansı evin divarına hörülüb, görəsən ilk torpaq yoğurub qəlibləyən usta indi haralardadır? Görəsən ilk kərpic kəsən, kərpic hörən, kərpic qəlibləyən insanlar dünyanın gediş-gəlişi, dövranı, bitməzliyi, tükənməzliyi, yaddaşın canlılığı barədə nə isə düşünüblərmi? Bəlkə də özlərindən xəbərsiz, Tanrıya məlum, qeybdən gələn bir çağırışla bizə faniliyi və bu faniliyin içindəki yaddaşın haldan-hala keçə-keçə süzülüb təmizləndiyini bir yolla göstəriblər...

Daşla daşın arasına torpaq qarışıb. Üst-üstə yığılan daşlar bina olub...

***

Deyirdilər, Ordubad Şəkiyə bənzəyir. Taa uzaqlardan həmişə bir Ordubad yaxınlığı, bir Təbriz yaxınlığı inamıyla yaşamışıq. Naxçıvanda şəkili olduğumu bilənlərin hamısı: “Ordubada gedin, Şəkiyə çox bənzəyir”- demişdi...

Bir gün getdim...

Bizi Ordubadda nə gözləyir? Zəngin mədəniyyət, zəngin irs, zəngin tarix, zəngin folklor, zəngin etnoqrafiya, muzeylər, inanc yerləri, sənətkarlıq, qədimilik, özünəməxsus ab-hava-Ordubad bunların hamısına malikdir...

Amma yenə nə isə, bir nöqtə, bir səs, bir hekayə var... Lakin onu heç bir yolçu başqa yolçuya soraq verə bilməz. Heç bir bələdçi sizi o nöqtənin üstünə aparıb çıxara, heç bir dost sizin eşitdiyiniz səsin eynisini eşidə bilməz... Bir çox yerlər kimi, Ordubadı da təkbaşına dolaşmaq, həm dünyaya nabələd, həm qərib, həm hər yerli adam kimi baxmaq, toxunmaq, dinləmək lazımdır...

***

Şəhərlərin heç biri başqasına bənzəmir. Şəhərlərin hər biri içində, özəyində ancaq özünə xas, ancaq özünə məxsus, ancaq öz səsinə səs verən, ancaq öz sirrinə xəzinədarlıq edən bir ruh bəsləyir...

Şəhərləri dağıtmaq olar-o ruh qalacaq, o ruh heç zaman olduğu yeri tərk edib başqa, sağ şəhərlərin ruhuna qarışmayacaq...

Şəhərləri yenidən qurmaq olar- O ruh yenə də həminkidir...

Şəhərlərin ruhunu insanların ayağına bağlamaq, İnsanların əməlində axtarmaq... bəlkə də doğru deyil. Məncə insanlar şəhərlərin deyil, şəhərlər insanların taleyində daha mühüm rol alır...

O şəhərlərin küçələrində ki kərpicdən tikilmiş evlərə, kərpic hasarlara toxuna bilirsiniz-O ruhu duymusunuz... Çünki torpaq ötürücü missiyasına heç zaman ara vermir, çünki torpaq həmişə dövr edərək, nəfəsimizə, qanımıza, canımıza nüfuz edir. Biz o yaddaşı qəlbimizdə hiss edirik...

Bəlkə anlaşılmaz bir havayla, bəlkə xəbərsiz olduğumuz xatirələrimiz, ağlımıza gəlməyən arzularımızla...

Ordubadın küçələrində yaddaşın qəribə bir dincliyi, qəribə bir sakitliyi, qəribə bir susqunluğu var. Ordubadın kərpic evləri, kərpic hasarları təmənnasız, bəzək-düzəksiz, layla kimi, nəğmə kimidir... Ordubadın küçələrində dolaşarkən ayaq səslərinin xırçıltısında istər-istəməz nə isə pıçıldamalı olursan. Bir də baxırsan, düşüncələrin astaca bir sızıltıya, astaca bir səsə çevrilir. Bir də baxırsan o kərpic divarlara nə isə ötürürsən...

İnsanlar gəldi-gedərdirlər...

İnsanlar gəldi-gedərdirlər...

Məsələ şəhərlərdə, məsələ bu küçələrdə, məsələ bu evlərdə, məsələ bu divarlardadır... Bu evlərin, bu divarların havasıyla nəfəs almaq bu şəhərin nəfəsinə qarışmaqdır...

Sonra çıxıb gedirsən. Hamı çıxıb gedir, yolu düşən yolçular da, kökləri bu şəhərə bağlı insanlar da... Heç kim heç yerdən heç nə qoparmır, amma eyni zamanda da hamı hər yerdən nə isə aparır. Hamı hər əli toxunan yerə nə isə qoyur, nə isə verir, nə isə ötürür... Bilsə də, bilməsə də...

***

Ordubadın küçələrində qarşınıza çıxanların heç biri salamsız ötüb keçməyəcək... Bəzən dayanıb sizdən salam verməyinizi gözləyə bilərlər, amma salamınız heç zaman cavabsız qalmayacaq... Ordubadda yadlıq, özgəlik hiss etməyəcəksiniz, bu şəhərin ruhu bütün kiçik, qədim, oturuşmuş xarakterə məxsus şəhərlərdə olduğu kimi heç kimə özgə gözlə baxmaz... Heç zaman qəlbinizin dərinliyindəki sevgiyə yox deməz, sizi heç tanımadığınız döngələrdə yad olduğunuzu hiss etdirməz... Siz sanki öz evinizdə, öz küçənizdə, öz yerinizdəsiniz. Sanki nə zamansa buralarda yaşamışınız...

Sonra kərpic olmuşunuz və sizi bir gün bu evlərdən, bu hasarlardan hansınasa hörüblər. Hörüldüyünüz divarlarda yaddaşınızı içinizə çəkib öz yolunuzu gözləmisiniz...

***

...O gənc qadınla qayıdanbaş Sərşəhər meydanında, məscidin qarşısında rastlaşdım.

-Sənin adın nədir?

Üzünə baxıram. Gözlərinin dərinliyində dünyanın ən təmiz təbəssümü... Cavab verirəm.

-Haradan gəlmisən?

Haradan gəldiyimi deyirəm. Başini yelləyir, bilmirəm, tanıyır, ya tanımır. Yaşımı soruşur, deyirəm, sonra uşaqlarım olub – olmadığını öyrənir. Bu dəfə onların yaşlarını xəbər alır. O, nə soruşursa cavab verirəm, yanımca gedir, addımlarımızı qəribə şəkildə bir-birimizə uyğunlaşdırmışıq. Nə o məni saxlayır, nə mən onu tələsdirirəm. Meydandan bir az aralıda qəfil dayanır:

-Burdan o yana özün get. Get, Allah yardımçın olsun!

Bir gün yolunuz Ordubada, Sərşəhər meydanına düşsə, o gənc qadın sizə yaxınlaşsa bütün suallarına cavab verin. Bütün suallarına...

***

Hər bir insan nə zamansa hər yerdə yaşayıb. Hər bir insanın bir zərrəsi haralardasa heç olmadığı yerlərdədir...

Biz özümüz həmişə özümüzlə olduğumuz, keçdiyimiz şəhərlərin bir zərrəsini aparıb gedirik...

Şəhərlərdə həmişə əlinizi ağaclara, hasarlara, qapılara uzadın. Toxunun, siz heç zaman daş olmayacaqsınız. Amma mütləq bir gün torpaq olacaqsınız...

Oxşar xəbərlər

Xəbər lenti

Qızının cəsədinə sarılan atanın fəryadı
14:15 29 Oktyabr 2020
Jerar Depardye Fransa prezidentini homoseksual adlandırdı
13:36 29 Oktyabr 2020
Dünya yazıçıları Gəncə və Bərdə terroru ilə bağlı bəyanat yaydı
12:45 29 Oktyabr 2020
Türkiyədə yazı taxtasına yazdığım “Azərbaycan” sözü – Şərif Ağayar yazır...
11:40 29 Oktyabr 2020
Düşmənin başına daş salan Əbabil quşları: “Bayraktar”
11:01 29 Oktyabr 2020
Bu mahnı səslənəndə düşmən də atəşi saxlayırdı - Ən məşhur müharibə nəğmələri - Video
09:01 29 Oktyabr 2020
Anar Kərimov: "Dəyərli xalçalarımızı hərraclarda tapmışıq"
18:58 28 Oktyabr 2020
Əməkdar rəssam vəfat edib
18:23 28 Oktyabr 2020
Oljas Süleyemenov Minsk qrupunu tənqid etdi
17:45 28 Oktyabr 2020
Əfsanələr taleyimizi dəyişə bilərmi? - Təbrizdən polemik yazı
17:10 28 Oktyabr 2020
Arif Məlikov haqqında kitab çap olundu
16:25 28 Oktyabr 2020
Böyümür ölü uşaqlar - Günün şeiri
15:12 28 Oktyabr 2020
Teatrşünas alim maaşını orduya köçürdü
14:55 28 Oktyabr 2020
Xalq artisti: "Artıq real film qəhrəmanlarımız var"
14:30 28 Oktyabr 2020
Fransız tərcüməçi Azərbaycan romanından yazdı: “Ona hirslənirdim”
13:44 28 Oktyabr 2020
Uşaqlığımın yay ayları – Pərvanə Bəkirqızı Qarabağdan yazır...
13:01 28 Oktyabr 2020
Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi – Mirzə İbrahimovdan 10 inanılmaz fakt
12:18 28 Oktyabr 2020
85 yaşlı erməninin söylədiyi böyük həqiqət
11:46 28 Oktyabr 2020
Gənc yazar işğaldan azad olunan kəndlərindən danışdı: “Yuxu kimidir!”
11:01 28 Oktyabr 2020
Tanınmış uşaq yazıçısı vəfat etdi
10:10 28 Oktyabr 2020