news-inner
clock15:31 calendar-gray 25 İyun 2019 view-gray1302 dəfə oxunub
view-gray1302 dəfə oxunub

Kimsə tabutla danışırdı – Şirməmməd Hüseynovun vida mərasimindən reportaj

Kulis.az tədqiqatçı-alim Şirməmməd Hüseynovun vida mərasimindən reportajı təqdim edir.

Bakı Dövlət Universitetinin qabağında maşınlardan çələnglər daşınır. Zalda adamların səsi bir-birinə qarışıb. Səhnədə Şirməmməd Hüseynovun böyük fotosu bizlərə tamaşa edir. Bu gün böyük alimlə vida günüdür.

Vida mərasiminin keçirildiyi akt zalına Təhsil Nazirliyi, Mədəniyyət və İncəsənət Universiteti və BDU-nun kollektivi adından əklillər və gül çələngi düzülür.

Tanınmış baş redaktorlar, yazarlar, jurnalistlər, tələbələr, elm adamları, yaxınları, qızları - bir sözləhər kəs burdadır. Həzin, klassik musiqi sədaları altında çələnglər səhnəyə düzülür. Zaldan qərənfil qoxusu duyulur... Fondakı ağır ahəngli musiqi adamı istər-istəməz kədərləndirir.

- Xahiş edirəm, xahiş edirəm, xahiş edirəm... – Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev riqqətlə danışır.

Jurnalistlər qarışqa kimi bir yerə toplaşıb. Səhnəyə Şirməmməd Hüseynovun tabutu gəlir. Fondakı həzin musiqi daha da gur eşidilir. Tabutun üzərinə qərənfillər səpələnir. Zal dərin bir sükuta qərq olub. Kiminsə hıçqırığı eşidilir. Jurnalistlər təzəcə zala ayaq basmış tanınmış ziyalıların ətrafını kəsdirir, sorğu-suala tuturlar.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, “Ombudsman” Elmira Süleymanova, təhsil naziri Ceyhun Bayramov, səhiyyə naziri Oqtay Şirəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, AYB-nin katibi Rəşad Məcid, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, BDU-nun sabiq rektoru Abel Məhərrəmov, alimin tələbələri, ictimaiyyət nümayəndələri iştirak edirlər. Amma bununla kifayətlənməyəcək yəqin. Şirməmməd müəllimi sevənlər çoxdur. Zal getdikcə dolur. Gələnlər çox qalmır, əvəzində mərhum alimi sevən növbəti insanlar gəlir.

Daha sonra dörd-dörd tanınmış ziyalılar tabutun yanında səssiz-səmirsiz sayğı duruşuna dayanırlar. Əflatun Amaşov, Rəşad Məcid gözümə dəyir...

Mərasim bir müddət beləcə davam edir.

Yanıma bir tələbə gəlir. Hüznlü olduğu gözlərindən oxunur.

- Siz də Şirməmməd müəllimin tələbəsi olmusunuz?

- Bəli

- Son dəfə nə vaxt görmüşdünüz?

- Ötən həftə. Yaxşı görünmürdü. O, hamımızın müəllimi idi – ah çəkir - Yeri həmişə görünəcək.

Fondakı qəmgin musiqi adamın ürəyinə toxunur. Şirməmməd müəllimin qızı Fərəh Əliyevaya diqqət kəsilərəm. Gözləri dolur... Hıçqırmamaq üçün özünü ələ almağa çalışır. Tez-tez ayağa qalxıb, qonaqlarla salamlaşır, başsağlıqlarını qəbul edir.

Düşünürəm, heç kim ürək sözünü deməyəcək? Hamı Şirməmməd Hüseynovla səssiz-səmirsiz vidalaşacaq? Axı onu sevən nə qədər insan var. İmkan yaratsalar hamı saatlarla xatirə danışar.

Qəfil jurnalistlər ayaqlanır. Görən nə oldu? Kim gəldi? Zalın qapısında Xalq yazıçısı Anar və Xalq şairi Fikrət Qoca görünür. Ağır-ağır yerlərinə keçirlər. Jurnalistlər onlara imkan vermirlər. Mən də onların arasına dürtülürəm. Anar müəllim danışır:

“Şirməmməd Hüseynov mənim uşaqlıq dostum idi. Onun ölümünə çox kədərlənirəm”.

Daha heç nə əlavə etmir. Fikrət Qocadan heç kim heç nə soruşmur.

BDU-nun rektoru Elçin Babayev səhnəyə çıxır. Nəhayət ürək sözləri deyiləcək - deyə düşünürəm.

Elçin müəllim Şirməmməd Hüseynovu dərin hörmətlə və hüznlə yada salır:

“Azərbaycançılıq ideologiyasının alovlu tədqiqatçısı olan Şirməmməd Hüseynov gənclərin milli ləyaqətli jurnalist kimi yetişdirilməsində, onlarda milli təəssübkeşlik, azadfikirlilik, yaradıcılıqda obyektivlik kimi keyfiyyətlərin formalaşmasında əvəzsiz rol oynayıb. O, Azərbaycan jurnalistikasının milli xüsusiyyətlərini özünəməxsus şəkildə tədqiq və təbliğ edirdi.

Bir az ara verib davam edir:

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının fəaliyyətini məqalələrində, monoqrafiyalarında yorulmadan tədqiq edirdi. Dövlətimiz hər zaman Şirməmməd müəllimin əməyini yüksək qiymətləndirib. O, 2005-ci ildən prezident təqaüdçüsüdür, 2014-cü ildən isə ölkəmizin ən yüksək mükafatı olan “Şərəf” ordeninə layiq görülüb. O, ustad idi və qəlbində böyük vətən sevgisi yaşadırdı. O çox arzulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini keçirsin və bunu gördü. BDU-nun 100 illiyini qeyd edə bilməsə də, UNESCO-da keçirildiyinin şahidi oldu”.

Elçin müəllim sözünü bitirib səhnəyə BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Əliyevi dəvət edir.

“Əbədiyyət məhz belə şəxsiyyətlərin ona qovuşması ilə təşəkkül tapır. Şirməmməd müəllim bir araşdırmaçı olmaqla yanaşı, bir vicdanlı müəllim kimi də tələbələrinin yetişməsi üçün özünü şam kimi yandırırdı. O, hər məqaləsi çıxanda bizə zəng edib onu oxuyub-oxumadığımızla maraqlanırdı. Sanki istəyirdi ki, hər zaman öyrənək. Biz onun məktəbinin davamçısı olaraq, bu yolda şərəflə addımlayacağıq”.

Sonra səhnəyə BDU-nun jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli çağırılır.

“Mən özüm də o məktəbin nümayəndəsiyəm. Şirməmməd Hüseynov məktəbinin nümayəndələri bütöv Azərbaycan jurnalistləridir. O, bizə Azərbaycançılığı, Məmməd Əmin Rəsulzadə məktəbini öyrətdi.”

Cahangir müəllimin səsi titrəyir, qüssə onu boğur. Sözlərinə güclə davam edir:

“O məktəb elm tarixində yaşayacaq. Bu gün mən ikinci dəfə atamı itirdim. Allah ona rəhmət eləsin.”

Səhnədə “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov görünür.

“1971-ci ildə Şirməmməd Hüseynov jurnalistika fakültəsində dekan olduqdan sonra onunla daim təmasda olmuşam. Sovet dövründə sözü açıq demək mümkün deyildi. Amma o, siyasi icmallarda, iclaslarda sözü məharətlə deməyi bacarırdı. O, oxumayan tələbələrə qiymət yazmırdı, halal insan idi, öz nümunəsi ilə bunu hamıya aşılayırdı. O, özündən sonra böyük irs qoyub getdi.”

BDU-nun rektoru Elçin müəllim sanki hamını tələsdirir. Bir-bir səhnəyə dəvət etdiyi adamları çağırır. Bu dəfə səhnəyə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov təşrif buyurur.

“Şirməmməd Hüseynovda həyat eşqi çox idi. O, yaşasaydı, daha çox kitabları, əsərləri işıq üzü görərdi. Şirməmməd müəllim Azərbaycan mətbuatının sonuncu mogikanı idi. O, zirvə idi, dərs dediyi tələbələri üçün nümunə idi”.

Fon musiqisi zəifləyir, araya bir neçə dəqiqəlik sükut çökür, hamı bir-birinə baxır.

Arxadan müəllimlərdən birinin səsini eşidirəm.

“Mənim tələbələrim heyf ki, kəndə gediblər. Heç kim burda yoxdu...” Qanrılıb ona sarı baxıram. Telefonda kiməsə nəyisə başa salmağa çalışır.

“Vallah, müəllim, bilmirdim. Şirməmməd bizim atamız idi, müəllimimiz idi. Ona böyük hörmətim var...”

Elçin müəllimin hüznlü səsi eşidilir. Səhnəyə Şirməmməd müəllimin qızı Fərəh Əliyevanı dəvət edir. Fərəh xanımın üzündə, gözündə, yerişində belə hüzn hiss olunur.

“Vida mərasiminə gələn bütün insanlara təşəkkür edirəm. Atam Bakı Dövlət Universitetini özünün birinci evi hesab edirdi. O, 60 il bura gəlib-gedib. Atam şərəfli ömür yaşayıb. Bu ömür yolunda da ləyaqətli miras qoyub. Bu miras onun təmiz adı idi. Biz hələ uşaq ikən onun arzusu bu idi ki, Azərbaycan dövləti müstəqil olsun. Çoxlarına əlçatmaz yuxu kimi görünəndə atam buna inanırdı. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi keçiriləndə atam ən əziz övladının xoş günü kimi sevinirdi...”

Elçin müəllim mərasimin başa çatdığını və Fəxri Xiyabana gedəcəklərini elan edir. Hər kəs ayaqlanır. Fondakı musiqi də səsini yüksəldir. Hamı zalı tərk etməyə başlayır. Şirməmməd müəllimin yaxınları, qohumları onunla vidalaşır. Tabutun ətrafında qızı, nəvələri, yaxınları görünür...

Son epizod yaddaşıma ilişib qalır; kimsə tabutla danışır, sanki ondan halallıq istəyir...

news-inner-user
Oğuz Ayvaz

52 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti